Baş nazir Əli Əsədov, arxiv şəkli

Əli Əsədov Minskdə Azərbaycanın prinsipial mövqeyini nümayiş etdirib

1355
(Yenilənib 19:41 29.05.2021)
Baş nazir MDB Hökumət başçıları şurasının üzvlərinin diqqətini İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geoiqtisadi reallıqlara yönəldib.

BAKI, 29 may - Sputnik. Azərbaycan Ermənistanın bircə qarış belə torpağına iddia etmir, lakin özünün də bircə qarış belə torpağını heç kəsə verməyəcək. Bu, bizim prinsipial mövqeyimizdir. Minskdə Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında çıxış edən Azərbaycanın Baş naziri Əli Əsədov belə bir bəyanat səsləndirib.

Həm bölgə, həm də MDB üçün böyük perspektivlər

Ə.Əsədov iclasın gündəliyinə aid məruzə ilə çıxış edib. O qeyd edib ki, sosial-iqtisadi və humanitar sahələrdə qarşılıqlı əlaqələrin möhkəmlənməsi bundan sonra da MDB məkanında əməkdaşlığın hərtərəfli inkişafına şərait yaradacaq. Baş nazir Azərbaycanda koronavuris infeksiyasının yayılmasının qarşısını almaq və pandemiyanın iqtisadiyyata mənfi təsirini aradan qaldırmaq üçün görülən təxirəsalınmaz tədbirlər barədə məlumat verib.

Ə.Əsədov Şura üzvlərinin diqqətini Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə əlaqədar Cənubi Qafqazda yaranmış yeni geoiqtisadi reallığa cəlb edib. Qeyd olunub ki, nəqliyyat yollarının açılması və kommunikasiya arteriyaları şəbəkəsinin yaradılması Cənubi Qafqazın nəqliyyat və iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq, həm regionda, həm də bütün Birlik məkanında inkişaf üçün böyük perspektivlər yaradacaq.

Erməni nümayəndə heyətinin hücumlarına cavab

Azərbaycan hökumətinin başçısından sonra çıxış edən Ermənistan baş nazirinin müavini vəzifəsini icra edön Mger Qriqoryan Azərbaycana qarşı əsassız ittihamlar səsləndirərək onu Ermənistan Respublikasının ərazi bütövlüyünü və suverenliyini pozmaqda, həmçinin mayın 27-də altı erməni hərbçisini əsir götürərək saxlamaqda günahlandırıb.

Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının sədrinə müraciət edərək erməni tərəfin yalan və böhtanla dolu ittihamlarına cavab verib. Əli Əsədov hələ 2020-ci il noyabrın 6-da MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında keçirilmiş iclasındakı çıxışında Azərbaycanın heç vaxt başqasının bircə qarış belə torpağına iddia etmədiyini bildirməsini xatırladıb.

Azərbaycanın Baş naziri deyib: “Bu gün həmin tezisi bir daha təsdiq edə bilərəm. Biz Ermənistan Respublikasının bircə qarış belə torpağına iddia etmirik, lakin özümüzün də bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik. Bu, bizim prinsipial mövqeyimizdir”.

Qeyd edilib ki, Azərbaycan 2020-ci il noyabrın 20-də, yəni Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən hərbi əməliyyatlar dayandırılandan sonra əllərində silah olduğu halda Azərbaycan ərazisinə keçmiş və dörd nəfəri, o cümlədən üç dinc sakini qətlə yetirmiş erməni hərbçilərini hərbi əsir hesab etmir.

Gecənin qaranlığında minalama

Baş nazir mayın 27-də baş vermiş insidentə toxunaraq bildirib ki, Ermənistandan olan bir qrup silahlı şəxs Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərib, nəticədə altı nəfər erməni hərbçisi tərksilah edilib və saxlanılıb.

Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinə müraciətlə deyib: “Hörmətli həmkarlar, mənim Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxsə və Sizə sualım var: Ermənistan hərbçilərinin mayın 27-də gecə saat 3-də Azərbaycan Respublikası Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində nə işləri vardı? Onlar bizim ərazini niyə minalayırdılar?”.

Azərbaycanın Baş naziri xüsusi vurğulayıb ki, Azərbaycan tərəfi insident baş verən ərazi barədə bütün məlumatlara, o cümlədən həmin yerin coğrafi koordinatlarına (en və uzunluq dairələri, saniyə dəqiqliyi ilə) malikdir.

Ə.Əsədov iclas iştirakçılarının diqqətini Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxsin və bu ölkənin baş qərargah rəisinin müavininin insident barədə bəyanatlarındakı ciddi uyğunsuzluqlara cəlb edib. Qeyd edilib ki, Ermənistan bu məsələni hər vasitə ilə beynəlmiləlləşdirməyə cəhd edir və həmişəki kimi, başqa ölkələri bu məsələyə cəlb etməyə çalışır.

Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə edəndən sonra həmhüdud dövlətlərlə, o cümlədən Rusiya, İran və Gürcüstanla sərhədlərinin beynəlxalq hüquq normalarına uyğun şəkildə delimitasiya və demarkasiyasını həyata keçirib.

Baş nazir deyib: “Ermənistan ilə sərhədin delimitasiya və demarkasiyasını həyata keçirmək isə mümkün deyildi, çünki Azərbaycan Respublikasının ərazisinin bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi”.

Bildirilib ki, indi, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan öz sərhəd infrastrukturunu müəyyən etməyə başlayıb və Ermənistan ilə sərhəd xətləri məsələsini konstruktiv şəkildə həll etməyə tam hazırdır.

Azərbaycana bölgədə sülh lazımdır

Ə.Əsədov deyib ki, bununla əlaqədar Azərbaycan Rusiya tərəfinin Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini dəstəkləyib. Qeyd edilib ki, sərhəd xətlərinin müəyyən edilməsi texniki prosesdir və bu prosesin ciddi beynəlxalq hüquqi əsası olmalıdır.

Baş nazir bildirib ki, Azərbaycan regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, o cümlədən münaqişədən sonrakı vəziyyətin normallaşdırılması prosesinə və bütün fikir ayrılıqlarının 2020-ci il 9/10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların müddəalarının vicdanla yerinə yetirilməsi kontekstində diplomatik vasitələrlə həll edilməsinə tərəfdardır.

Mayın 28-də Minskdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib. Azərbaycanı iclasda Baş nazir Əli Əsədov təmsil edib.

İclasda nümayəndə heyətlərinin rəhbərləri MDB ölkələrində və dünyada epidemioloji vəziyyət nəzərə alınmaqla MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. 

İclasda MDB üzv ölkələrində dövlət maddi ehtiyatlarını idarə edən dövlət hakimiyyəti (icra hakimiyyəti) orqanlarının 2030-cu ilədək Əməkdaşlıq Konsepsiyası və onun icrasına dair Əsas Tədbirlər Planı təsdiq edilib.

Qırğız Respublikasının təklifi ilə MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 12 noyabr 2021-ci il tarixində Bişkek şəhərində keçirilməsinə qərar verilib.

1355
Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri

Səməd Seyidov: “Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti artır”

10
(Yenilənib 16:16 23.06.2021)
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq
Səməd Seyidov: “Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir”

“Azərbaycanla bağlı birbaşa məsələlər olmasa da, nümayəndə heyəti ölkəmizin inkişafı, eləcə də regionda baş verən hadisələr, xüsusilə yenicə imzalanmış Şuşa Bəyannaməsi haqqında AŞPA üzvlərini məlumatlandıracaq”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Şuşa Bəyannaməsi misilsiz əhəmiyyətə malik tarixi sənəddir. Regional əhəmiyyət daşımaqla bərabər, bu sənədin beynəlxalq əhəmiyyəti artır. Şuşa Bəyannaməsi ilə yeni geosiyasi vəziyyət formalaşır. Sessiya çərçivəsində Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq. Mina xəritələri ilə bağlı məsələnin həlli vacibdir. Hətta xəritələr verilsə də, onların nə dərəcədə etibarlı olması, reallığı nə qədər düzgün əks etdirməsi kimi məsələlər sual altındadır. Regionda sülhün bərqərar olması, erməni tərəfinin bu məsələyə nə dərəcədə səmimi yanaşması məsələləri müzakirə olunacaq. Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir. Bu məsələyə xüsusi toxunulacaq”, - deyə S. Seyidov diqqətə çatdırıb.

Səməd Seyidovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10

Prezident: Ağdamın mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var

2943
(Yenilənib 16:15 23.06.2021)
İlham Əliyev BMT-dən gələn ali qonağa bildirib ki, ermənilər xəritələri Azərbaycana verməkdən imtina edirlər və artıq azərbaycanlılar arasında mina partlaması səbəbindən 100-dən çox ölən və yaralanan olub.

BAKI, 23 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosa Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi barbarlıq aktlarını, dağıntılar və minalanmış ərazilərin xəritəsi barədə məlumat verib.   

"Ölkəmizə, həmçinin işğaldan azad edilmiş ərazilərə səfər etdiyinizə görə təşəkkür edirəm. Siz öz hissləriniz barədə danışdınız. Düşünürəm ki, hər kəs eyni hissləri keçirir. Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə qəmginlik hissi, kədər hissi, eyni zamanda, şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim", - İlham Əliyev iyunun 23-də Migel Anxel Moratinosu qəbul edərkən deyib.

Prezident qonağa 44 günlük müharibə onun acı nəticələrindən bəhs edərkən deyib:

"Yəqin sizə məlumat verilib ki, bir aydan da az vaxtda biz artıq yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb. Eyni zamanda, təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var. Onlar xəritələri bizə verməkdən imtina edirlər və bizdə artıq 100-dən çox ölən və yaralanan oldu. Müharibə başa çatandan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan 30-a yaxın adam həlak oldu, 100-dən çox mülki şəxs yaralandı, o cümlədən bu ayın əvvəlində 2 jurnalist həlak oldu". 

Qarabağı təkcə müharibə dövründə deyil, ondan sonra da dağıdıblar

"Bilirsiniz ki, onlar şəhərləri müharibə zamanı, Birinci Qarabağ müharibəsi zamanı deyiI, ondan sonra dağıdıblar. Onlar bunu Birinci Qarabağ müharibəsi dayanandan sonra demək olar ki, 30 il ərzində sistematik şəkildə bir neçə səbəbdən dağıdıblar", - İlham Əliyev əlavə edib.

O, ermənilərin bu dağıntıları hansı səbəbdən törətdiklərini sadalayaraq deyib: 

"Birincisi, bütün tikinti materiallarını götürmək üçün. Çünki evlər sökülmüş, daşlar aparılmışdır. Bu, oğurluq idi. İkinci səbəb azərbaycanlılara geri qayıtmağa imkan verməmək idi. Çünki onlar düşünürdülər ki, total dağıntıdan sonra heç kim qayıtmayacaq. Təkcə şəhərlərdə deyil, kəndlərdə də - siz digər istiqamətlərə gedəndə, məsələn Cəbrayıla, siz Füzulidə də olmusunuz - Zəngilanda, Qubadlıda vəziyyət eynidir. Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq".

Azərbaycanın dövlət başçısı artıq bütün resursları səfərbər edərək böyük infrastruktur layihələrinə başladıqlarını bildirib.

"Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik", - İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Minalanmış ərazilərin xəritələri

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Həmçinin oxuyun: 

* Ermənistanın mina xəritələrini verməməsi məcburi köçkünlərin qayıdışını ləngidir - XİN

  • Minalanmış ərazilərin xəritəsi: Nə vaxt veriləcək?

  • Beynəlxalq qurumlar mina xəritələrini ermənilərdən tələb etsin - Zamin Zeynal danışır

  • ABŞ rəsmisi Yerevanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırdı

  • Mina qurbanlarının sayı daha da arta bilər - Hafiz Səfixanov

2943
Milli Məclisin

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

0
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyinə 12 məsələ daxil edilib

BAKI, 23 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyi məlum olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, toplantının gündəliyinə 12 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Qeyd edək ki, iyun ayının 22-də Milli Məclisin növbədənkənar iclası keçirilib və 14 məsələ müzakirə edilib.

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.

0