Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində

İlham Əliyev Ağdamın bərpasının təməl daşını qoyub: Ermənistan bayraq qaldırdı

774
(Yenilənib 21:34 28.05.2021)
Prezident: "Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa - alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik".

BAKI, 28 may - Sputnik. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Sputnik Azərbaycan xəbər verir ki, O, əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüş iştirakçılarını və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev ağdamlılar qarşısındakı çıxışında deyib: Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilmişdir. Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək.

Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.

Prezident İlham Əliyevin Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində
© Official website of President of Azerbaijan Republic

Mən Ağdam rayonunda işğal dövründə doqquz dəfə olmuşam. Bildiyiniz kimi, şəhər işğal altında olduğu üçün rayonun mərkəzini biz Quzanlı qəsəbəsində müəyyən etdik. Quzanlı və digər kəndlərdə dəfələrlə olmuşam. Bu ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, bir çox məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edilmişdir və deyə bilərəm ki, ölkə üzrə olan göstəricilərdən daha da yüksək göstəricilər burada var. Qazlaşdırma təxminən 100 faizdir, elektrik enerjisi, su ilə təchizat təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. Çünki mənfur düşmən bu bölgəni sudan da məhrum etmişdi. Bir sözlə, işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözümün təsdiqidir. Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır.

İşğal dövründə Ağdam şəhərinin dağıntılarını, o şəhərin bir hissəsini mən təmas xəttində dəfələrlə olarkən binokl ilə görürdüm. Hər dəfə, bax, təmas xəttində olarkən və bu dağıntıları uzaqdan seyr edərkən öz-özümə deyirdim ki, biz mütləq qayıdacağıq. Nəyin bahasına olursa-olsun qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq.

Çalışırdıq ki, bunu sülh yolu ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Aqressor təbii olaraq, daha da azğınlaşırdı, daha da qudururdu və bu torpaqları əbədi işğal altında saxlamaq istəyirdi və bu, sirr deyil.

Sənaye parkı, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Əgər mən Prezident kimi birinci mərhələdə müəyyən ümidlərlə yaşayırdımsa, son mərhələdə artıq bu ümidlər də aradan qalxdı. Çünki Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Mən bunu açıq-aydın bildirirdim. Bütün danışıqlar dövrü – 2003-cü ildən son hadisələrə qədər hər zaman Azərbaycan xalqına həqiqətləri çatdırırdım. Hər zaman deyirdim ki, biz heç vaxt bizim torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Deyirdim, məsələnin həlli elə olmalıdır ki, bu, yarımçıq həll olmasın. Məhz buna görə bizim mövqeyimiz bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə Ağdam rayonuna binoklla baxarkən, bax, mən bu günü görürdüm və bilirdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi.

Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər.

Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik. Ancaq ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Baxın, görün, Ağdam şəhəri yoxdur, yoxdur. Bir bina da yoxdur. Bir Cümə məscidinin qalıqları qalıb. Onu da mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər.

© Official website of President of Azerbaijan Republic

İndi mən müharibədən sonra Ağdama ikinci dəfə səfər edirəm. Birinci dəfə Ağcabədi istiqamətindən gəldim. Bu dəfə isə Bərdə istiqamətindən gəldim. Hər iki istiqamət üzrə bir neçə müdafiə xətti var, istehkamlar var. Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü. Bunun da bir neçə məqsədi var idi. Birincisi, bizə olan nifrət. İkincisi, Azərbaycan xalqının mədəni irsini bu torpaqlardan silmək məqsədi və əlbəttə ki, gələcəkdə elə bir vəziyyət yaratmaq ki, Azərbaycan əhalisi bu torpaqlara qayıda bilməsin.

Ancaq səhv etdilər. Onlar dərk edə bilmədilər ki, bizim üçün, xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq. Ermənistan isə məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Mən bunu demişəm, bir daha burada Respublika Günündə Ağdam şəhərində demək istəyirəm, bizim müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz faşizm əleyhinə müharibədir. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, bax, ermənilərin aqibətinə bənzər olacaq.

Müharibə ilə bağlı, əlbəttə ki, çox danışmaq olar. Ancaq bu gün biz daha çox gələcəklə bağlı danışmalıyıq. Müharibə tarixdir, şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir və Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir.

Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan. Dırnaqarası qəhrəman erməni əsgərləri bizim əsgərlərimizi görərkən müharibənin artıq ikinci mərhələsində silahları yerə qoyub qaçırdılar, bu gün də qaçırlar.

© Official website of President of Azerbaijan Republic

Bu gün əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Mən bunu bir neçə gün bundan əvvəl mayın 10-da Naxçıvanda olarkən demişdim. Əgər biz görsək ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə varsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular. İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. Yəni, 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi - əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. İndi görün, necə, hansı rüsvayçı durumdadırlar. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar - indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir.

Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, – altı ay artıq keçibdir, - bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir.

Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir. İndi Şuşa şəhərinin Baş Planı hazırlanır, artıq bir müddətdən sonra təsdiqlənəcək. Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin Baş Planları üzrə iş gedir. Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir. Artıq bir neçə tədbir keçirildi. Ağdam şəhəri üçün çox önəmli olan 1 saylı məktəbin təməli qoyuldu. Siz yaxşı bilirsiniz ki, bu məktəbin çox böyük tarixi var, 140 illik tarixi var. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir.

Eyni zamanda, mənim göstərişimlə Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yəni, bu gün bu görüşdən sonra birlikdə bizə bu təqdimat göstəriləcəkdir.

Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik. Bir daha dediyim sözlərə qayıtmaq istəyirəm, mən bu 17 il ərzində - 2003-cü ildən 2020-ci ilə qədər ovaxtkı məcburi köçkünlərlə bir çox görüşlər keçirmişdim və hər zaman onlara deyirdim ki, biz torpaqlara qayıdacağıq, siz torpaqlara qayıdacaqsınız. Ancaq görürdüm ki, son illər onların gözlərində ümidlər azalır. Görürdüm və bu da təbii idi. Çünki 30 ilə yaxın vaxt keçmişdi. Ancaq mən hər zaman əmin idim ki, bu, olacaq. Sadəcə olaraq, deyə bilmirdim. Sadəcə olaraq, deyə bilmirdim ki, nə vaxt olacaq, necə olacaq. Amma bilirdim ki, olacaq.

Bir məqama toxunmaq istəyirəm, bilirəm ki, müharibə dövründə mənim “Twit”lərimi, mənim çıxışlarımı xalqımız səbirsizliklə gözləyirdi. Mən öz çıxışlarımda və bütün “Twit”lərimdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin, ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim.

Amma indi hər kəs bilir nə üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa - alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik.

Çox güman ki, Ermənistan tərəfi də bunu dərk edib və artıq ağ bayraq qaldırmağa məcbur olub, bizim qarşımızda diz çöküb. Otuz il bizə meydan oxuyan, bizim əsəblərimizlə oynayan, xalqımızı təhqir edən, özündən uydurma qəhrəman düzəldən düşmən diz çökdü bizim qabağımızda, ağ bayraq qaldırdı, təslim oldu və kapitulyasiya aktına imza atdı. Biz Ağdamı bir güllə atmadan, bir şəhid vermədən azad etdik və bu gün buradayıq və bundan sonra əbədi burada olacağıq".

İlham Əliyevin çıxışından sonra ölkənin bir sıra mədəniyyət xadimləri və deputatları öz fikirlərini ifadə ediblər.   

Sonra dövlətimizin başçısı şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.

Həmçinin oxuyun:

* İlham Əliyev: Bilmirəm, Paşinyan kapitulyasiya aktını hansı tində imzalayıb

Prezident İlham Əliyev Ağdamda səfərdədir

İlham Əliyev Pənahəli xanın atlarını saxladığı imarət yerinə baş çəkib

774

Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi bölgədə sülhə xidmət edəcək

59
(Yenilənib 11:03 19.06.2021)
Ceyhun Bayramov Türk Şurası tərəfindən Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

BAKI, 19 iyun — Sputnik. Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı Bağdad Amreyev Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini yüksək qiymətləndirib. O, Bəyannamənin bölgədə sülh, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyindən əminliyini vurğulayıb.

Görüş zamanı Türk Şurasının qarşıdan gələn Zirvə görüşünün təfərrüatları, o cümlədən yüksək səviyyəli tədbir çərçivəsində hazırlanacaq sənədlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Türk Şurasının gündəmində olan digər məsələr, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər barədə müzakirələr aparılıb.

Ceyhun Bayramov Türk Şurası tərəfindən Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir bu sənədin imzalanmasının Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlərin nəticəsi olduğunu və əməkdaşlıq və müttəfiqlik nümunəsi olduğunu vurğulayıb.

Şuşa Bəyannaməsi

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanıb. Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imza atıblar. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Bəyannamədə qeyd olunur ki, tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər.

Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.

Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.

Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

59
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə

Azərbaycan haqqında doğru xəbər yayanların hesabları bağlanırdı - Prezidentin köməkçisi

1103
(Yenilənib 23:35 18.06.2021)
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib.

BAKI, 18 iyun - Sputnik. Sosial media saxta xəbərləri böyüdür. Süni intellekt isə bu problemi daha da artırır.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Virtual Dünyada Məlumat Çirkliliyi və Saxta Xəbərlər” adlı sessiyadakı çıxışı zamanı deyib.

“Virtual dünyada saxta xəbərlər” mövzusunda keçirilən paneldə hazırda qlobal problemə çevrilən saxta, uydurma informasiyaların yayılması, onun yaratdığı təhlükələr və vəziyyətdən çıxış yolları müzakirə olunub.

Paneldə münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzinin prezidenti xanım Lulian Cifunun, tanınmış yazıçı, Portuqaliyanın keçmiş Avropa naziri Bruno Macaesin, Qətərin xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin sözçüsü Lolvah Rashid Al-Khaterin çıxışları dilənilib.

Paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizin müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən məqsədli şəkildə yayılan “feyk nyus” hücumlarına məruz qaldığını, hətta bəzi xarici kütləvi informasiya vasitələrinin həqiqətə uyğun olmayan həmin informasiyalara istinad edərək Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdığını bildirib.

Təəssüflə qeyd olunub ki, hətta bəzi hallarda Azərbaycan haqqında həqiqi məlumat yayan şəxslərin sosial media hesablarının bağlanması halları da müşahidə olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, həmçinin səfirlər, deputatlar, digər nüfuzlu şəxslər paneldə iştirak ediblər.

Çıxışlardan sonra suallar cavablandırılıb.

Antalya Diplomatiya Forumu

Bu gün Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayıb.

Tədbir iyunun 18-dən 20-dək davam edəcək. Bu gün, forumun birinci günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açılış nitqləri ilə çıxış ediblər.

Tədbirdə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak edirlər.

 

1103
Приморский парк в Баку

Bazar günü 40 dərəcəyədək isti olacaq

0
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

 

BAKI, 19 iyun — Sputnik. Azərbaycanda iyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-25 isti, gündüz 30-35 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 35-40 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

0