Rusiya XİN-nin binası, arxiv şəkli

Azərbaycan-Ermənistan sərhədində insidentin səbəbi Rusiya XİN-in gözü ilə

1630
Mariya Zaxarova Azərbaycanla Ermənistanın sərhədində baş verən olaylara münasibət bildirib, Paşinyan isə KTMT-nin fəaliyyətinin Yerevanı qane etmədiyini deyib.

BAKI, 26 may - Sputnik. Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrin Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur. Sputnik Azərbaycan bildirir ki, bunu ənənəvi brifinqdə Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.

Rusiya sərhəddəki insidentin həllinə qoşulub

Zaxarovanın sözlərinə görə, bu insidentin əsas səbəbi hələ sovet dövründən qaynaqlanır ki, o da sərhədlərin müəyyənləşdirilməsinin beynəlxalq hüquqi əsasının olmamasıdır. 

"Hesab edirik ki, bu problem sırf sülh, danışıqlar yolu ilə həll edilməlidir", - deyən XİN rəsmisi əlavə edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesində kömək etməyə hazırdır.

Rusiya tərəfi sərhəddəki insidentin həllinə qoşulub və gərginliyin azalmasına çalışır. Moskva müntəzəm olaraq Bakı və Yerevanla yüksək səviyyədə danışıqlar aparır, Zaxarova deyib. O həmçinin qeyd edib ki, Rusiya iki ölkə arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi, onun çiçəklənən bölgəyə çevrilməsi üçün aktiv vasitəçilik edir.

Ermənistan isə KTMT-dən narazıdır

Rusiya XİN sözçüsünün dedikləri ondan öncə digər Rusiya nümayəndələrinin, eləcə də xarici diplomatiya idarəsinin rəsmilərinin sözləri ilə üst-üstə düşürsə, Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan təəccübləndirməkdə davam edir. 

Bu gün Ermənistan parlamentinin hökumət saatında çıxış edərkən Paşinyan bəyan edib ki, "KTMT-nin fəaliyyətinin sürəti Ermənistanı qane etmir. Onun sözlərinə görə, KTMT alətləri və ya Birləşmiş Rusiya-Ermənistan qruplaşmasının fəaliyyəti vəziyyəti yoluna qoymaq üçün kifayət etməzsə, Yerevan  BMT Təhlükəzislik Şurasına müraciət edə bilər. 

"İndiyədək KTMT dəqiq mövqe sərgiləməyib, deməyib ki, Azərbaycan öz qoşunlarını Ermənistan ərazisindən çıxarmalıdır. İşçi səviyyədə belə mövqe səsləndirilib, rəsmi şəkildə isə yox", - Paşinyan deyib.

Ermənistan lideri iddia edir ki, KTMT-yə müraciət olunmasına səbəb Azərbaycan tərəfinin sərhəddəki fəaliyyəti olub. Ancaq təşkilatda Ermənistana hərbi əməliyyatlara əl atmaq tövsiyə edilməyib. O şikayətlənib ki, indi Ermənistan hökuməti tənqid olunur, çünki KTMT-yə müraciət edilməsini çoxları səhv addım hesab edirlər.

Paşinyan hesab edir ki, "Azərbaycan hərbçiləri Ermənistan ərazisinə giriblər ki, hərbi əməliyyatlara təhrik edərək Zəngəzur dəhlizini ələ keçirsinlər". Üstəlik, Bakının bu işdə tək olmadığını deyib və Türkiyəyə eyham vurub.

Azərbaycanla imzalanacaq yeni sənədə gəlincə, Paşinyan deyib ki, Azərbaycan qoşunları ərazidən çıxmayınca hökumət onu imzalamayacaq. O həmçinin qeyd edib ki, sərhəddəki vəziyyətə görə hərbi vəziyyət elan edilməsinə lüzum görmür.

Bakı və Yerevandan qarşılıqlı təkziblər

Paşinyan özünün sərt bəyanatlarını, o cümlədən KTMT-dən narazılığını Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın Qarabağ üzrə üçtərəfli bəyanatın şərtlərini pozması barədə açıqlamasından sonra səsləndirib.

Qurumun açıqlamasında deyilir ki, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.

Ermənistanın Müdafiə Nazirliyi isə Bakının bəyanatını təkzib edərək, onu "erməni hərbçisinin öldürülməsi faktının və son günlər sərhəddə təxribatların ört-basdır edilməsi cəhdləri" adlandırıb. 

Ermənistan MN-in rəhbəri Vaqarşak Arutyunyan hökumət saatında bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı komandanlığı ilə əlaqə saxlayıb, onlar isə Şuşadakı Azərbaycan postlarının ermənilər tərəfdən atəşə tutulmasını təsdiq etməyiblər.

Analoji vəziyyət bu yaxınlarda da olmuşdu: Yerevan Azərbaycanla sərhəddə insident olduğunu demiş, Azərbaycan SQ-nin açdığı atəş nəticəsində erməni hərbçinin öldüyünü bəyan etmişdi.

Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti isə Ermənistanın sərhəddə silahlı insident barədə bəyanatını yalanlamışdılar. Qurumlardan bildirilmişdi ki, Azərbaycan hərbçiləri qarşı tərəfə atəş açmayıblar, erməni əsgər isə bədbəxt hadisə nəticəsində ölüb. 

Bundan əlavə, Bakı bildirmişdi ki, Ermənistanla sərhəd barədə bütün məsələləri Azərbaycan Rusiya ilə, konstruktiv məcrada həll edir. 

Elə həmin vaxt Azərbaycan XİN Yerevanı vəziyyəti yalançı bəyanatlarla qəlizləşdirməməyə və konstruktiv danışıqlar aparmağa səsləmişdi. "Rəsmi Yerevanın yaydığı növbəti yalan erməni hərbçiləri arasında baş verən insidentdən sərhəd məntəqəsində gərginliyi artırmaq üçün istifadə cəhdidir", - Azərbaycan XİN-in bəyanatında deyilib.

"Ermənistan SQ-nin sıralarında müşahidə olunan itkilərin artması, o cümlədən bunun qeyri-döyüş şəraitində baş verməsi erməni ordusunda müvafiq araşdırma aparılmasının vacibliyindən xəbər verir", - qurumdan vurğulayıblar.

Hazırda sərhəddə vəziyyət stabildir və Azərbaycan SQ-nin nəzarəti altındadır.

Eləcə də oxuyun:

* Paşinyanın bu sözləri aləmi qatacaq: Azərbaycan-Rusiya sərhədində də...

* MN: Ermənistan Kəlbəcər, Gədəbəy və Şuşa istiqamətində atəşkəsi pozub

 

* Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan ərazisinə atəş açmayıb - XİN

* Erməni əsgərlərlə dolu yeddi yük maşını sərhədimizə yaxınlaşıb: MN-dən reaksiya

 

 

1630
Teqlər:
Azərbaycan, Ermənistan, Rusiya XİN, Rusiya, insident, sərhəd
Politoloq Elşən Manafov

Politoloq: “Bu məsələlərin həllinin Rusiya ilə razılaşdırılmasına ehtiyac var”

11
(Yenilənib 14:45 24.06.2021)
Politoloq Elşən Manafov deyir ki, danışıqlardakı mövzular da bölgədə təhlükəsizlik, inteqrasiya imkanlarının genişləndirilməsi ilə bağlı problemlərin həllini özündə ehtiva edir
Elşən Manafov: “Ermənistan da Rusiyanın bölgədəki maraqlarını nəzərə alacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib.

Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a deyir ki, bir qayda olaraq prezidentlərin telefon danışıqlarında ikitərəfli maraq doğuran məsələlər müzakirə edilir: “Bu gün danışıqlardakı mövzular da bölgədə təhlükəsizlik, inteqrasiya imkanlarının genişləndirilməsi ilə bağlı problemlərin həllini özündə ehtiva edir. Rusiyanın moderaotlruğu ilə qəbul edilmiş bəyanatlar bölgədə nəqliyyat kommunikasiya xətlərinin bərpası və Azərbaycan-Ermənistan arasında uzun müddətli sülh müqaviləsinin imzalanmasını ehtiva etməlidir. Bu məsələlərin həllinin Rusiya ilə razılaşdırılmasına ehtiyac var. Güman edirəm ki, Ermənistan da Rusiyanın bölgədəki maraqlarını nəzərə alacaq”.

Elşən Manafovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

11
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Moskvaya nümayəndə heyəti göndərir Rusiya bazasına görə

1867
(Yenilənib 14:17 24.06.2021)
İclas zamanı Rusiyanın Ermənistandakı Hərbi Bazasının fəaliyyəti və funksionallığı üçün Rusiya tərəfinə torpaq sahələrinin və daşınmaz əmlakın verilməsi məsələləri nəzərdən keçiriləcək.

BAKI, 24 iyun — Sputnik. Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu ölkədə olan Rusiya bazasının fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün Moskvaya hökumət nümayəndə heyətinin göndərilməsi barədə sərəncam imzalayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumatda qeyd olunur ki, nümayəndə heyəti iyunun 26-sı Moskvaya gedəcək və iyulun 1-i geri qayıdacaq. Moskvada Ermənistan – Rusiya Hökumətlərarası Komissiyanın 13-cü iclası baş tutacaq.

İclas zamanı Rusiyanın Ermənistandakı Hərbi Bazasının fəaliyyəti və funksionallığı üçün Rusiya tərəfinə torpaq sahələrinin və daşınmaz əmlakın verilməsi məsələləri nəzərdən keçiriləcək.

Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu və Vaqarşak Arutyunyan bazar ertəsi iyunun 21-də telefonla danışaraq Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Yerevan Moskva ilə telefonla müzakirələr aparıblar

İyunun 17-si və 21-də Ermənistanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Vaqarşak Arutunyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə ediblər.

İyunun 17-də vaş tutmuş söhbət zamanı Arutyunyan Şoyquya erməni tərəfinin mövqeyinin dəyizşməz olduğunuz təsdiqləyib – "Azərbaycan Silahlı Qüvvələri qeyd-şərtsiz Ermənistanın suveren ərazisini tərk etməlidirlər".

Nazirlər həmçinin rusiyalı sərhədçilərin Azərbaycanla həmsərhəd Sünik və Geqarkunik vilayətlərində dislokasiyasını, rusiyalı sülhməramlıların Qarabağda fəaliyyətini, müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığını və regional problemlərlə əlaqədar bir sıra digər məsələləri müzakirə ediblər.

Yerevan və Bakının mövqeyi

Bu gün Moskva və Yerevanın mövqeyində nəyinsə dəyişib-dəyişmədiyi məlum deyil. Lakin Ermənistandakı parlament seçkisindən sonra bu həssas məsələnin müzakirə olunması maraq doğurur.

Analitiklər güman edirlər ki, Ermənistanda Nikol Paşinyanın başçılığı ilə yeni hökumət formalaşandan sonra Yerevan Azərbaycanla sərhədin delimitasiyası məsələsində fikrini müəyyənləşdirməlidir.

Bu arada Bakı son günlər Yerevana daha təkidlə sülh təklif edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ümid etdiyini bildirib ki, yeni hökumət ölkəsindəki siyasi böhranın real nəticələrini düzgün qiymətləndirəcək, anlayacaq və düzgün nəticələr çıxaracaq.

"Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır. Biz elə bunu təklif edirik. Ermənistandan da eyni siyasi iradə və real addımlar gözləyirik”, - nazir vurğulayıb.

Sərhəddə gərginlik

Xatırladaq ki, müntəzəm olaraq iki ölkənin sərhədindən təlaşlı xəbərlər alırıq. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Mayın 24-dən 26-dək Azərbaycan ordusunun mövqeləri üç istiqamətdən atəşə tutulub. 

Bundan üç gün sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalması barədə məlumat yayıb. Məlumata görə, atəş nəticəsində hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub.

İyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan "KamAZ" markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AzTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Eləcə də oxuyun:

1867
Teqlər:
Sergey Şoyqu, Nikol Paşinyan, sərhəd, hərbi baza, Azərbaycan, Rusiya, Ermənistan
Bakubus avtobusu, arxiv şəkli

"BakuBus"ın avtobusu qəzaya düşdü - FOTO

0
Hadisə zamanı ölən olmasa da, bir neçə nəfər xəsarət alıb. Qəza Neftçilər prospektində "Dəniz Mall"ın yanında baş verib.

BAKI, 24 iyun — Sputnik. Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, qəza Əl Oyunları İdman Sarayının qarşısında baş verib. Əldə etdiyimiz məlumata görə, hadisə zamanı iki avtobus toqquşub. 5 saylı avtobus yararsız vəziyyətə düşüb.

Hadisə zamanı ölən olmasa da, bir neçə nəfər xəsarət alıb. Qəza Neftçilər prospektində "Dəniz Mall"ın yanında baş verib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda hadisəylə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək.

Qeyd edək ki, iyunun 17-də daha bir Bakubus-a aid 3 nömrəli xətt üzrə dövlət qeydiyyat nişanı 99 JU 864 olan avtobusun iştirakı İnşaatçılar prospektində yol nəqliyyat hadisəsi baş vermişdi. Hadisə zamanı xəsarət alan və ölüm halı qeydə alınmamışdı.

Eləcə də oxuyun:

  • Yeni çəkilmiş bu yolda qəzaları dəqiqələr ayırır

  •  "Mercedes" markalı yük avtomobili bir bölgənin qaz xəttini sıradan çıxardı

0