Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Azad olunmuş şəhərlərin baş planları hazırlanıb"

14
Azərbaycan Prezidenti: "Biz dost ölkə olan Britaniya şirkətləri ilə əməkdaşlığı genişləndirmək istəyirik".

BAKI, 21 may — Sputnik. "Sizin bildiyiniz kimi, həm BP, həm də Azərbaycan bərpa olunan enerji mənbələri üzərində fəal çalışırlar. Bu yaxınlarda nazirimiz mənə məlumat verib ki, işğaldan azad olunmuş ərazilərdə günəş enerjisinin istehsalına investisiya yatırmaq planı var".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edərkən səsləndirib.

"Xüsusilə Qarabağın işğaldan azad olunmuş ərazilərini "yaşıl zona" və "ağıllı şəhər" elan etdiyimizi nəzərə alsaq, bu, bizim üçün çox faydalı olacaqdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində bizimlə işləmək üçün ilk əcnəbi şirkətlər sırasında Britaniya şirkətlərini də tərəfdaşlarımız qismində dəvət etmişik və bu proses artıq başlayıb.

Artıq şəhərlərin baş planları hazırlanmışdır və biz çox fəal fazadayıq. Biz dost ölkə olan Britaniya şirkətləri ilə əməkdaşlığı genişləndirmək istəyirik. Əminəm ki, komissiyanın iclası zamanı bu məsələ də müzakirə olunacaqdır. Beləliklə, bizim ikitərəfli əməkdaşlığımızın həqiqətən də geniş gündəliyi var. Bir daha Azərbaycana xoş gəlmisiniz", - deyə İlham Əliyev bildirib.

14

Zaxarova: "Minalı ərazilərin xəritələrinin verilməsi məsələlərinin həlli vacibdir"

163
(Yenilənib 08:47 18.06.2021)
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə Qarabağ, minalanmış sahələr barədə də danışıb.

BAKI, 18 iyun — Sputnik. “Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün vasitəçilik səylərini fəal şəkildə davam etdirir. Bakı və Yerevanla XİN, MN, sərhəd xidmətləri xəttilə yaxından təmaslarımız qurulub. Son həftədə gərginliyi azalda bilmişik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi həftəlik brifinqdə bildirib.

“Bu problemin davamlı və uzunmüddətli həlli üçün iki ölkə arasındakı sərhədin delimitasiyasını tez bir zamanda başlayıb, daha sonra demarkasiyasını həyata keçirməyin vacib olduğu qənaətindəyik. Bu işlərə dəstək verməyə hazır olduğumuzu bir daha bildiririk” – deyə rusiyalı rəsmi qeyd edib.

Lavrovla Şmidin danışıqları

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də Moskvada ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.

“Təhlükəsizliyin 3 istiqaməti – hərbi-siyasi, iqtisadi-ekoloji və insan hüquqları üzrə ATƏT-in fəaliyyətinin geniş spektrli məsələləri müzakirə ediləcək. Regional münaqişələrin həllində bu təşkilatın rolunun müzakirə edilməsi gözlənilir. Tərəflər Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı vəziyyət haqqında fikir mübadiləsi aparırlar. Rusiya ATƏT-in nüfuzunun və səmərəliliyinin artırılmasına tərəfdardır”, - M.Zaxarova qeyd edib.

Rusiyanın Bakı-Yerevan-Ankara dialoqlarına münasibəti

“Rusiya Bakı ilə Yerevan arasında, Yerevan və Ankara arasında dialoqların normallaşmasına yönələn addımları qətiyyətlə dəstəkləyir”.

“Cənubi Qafqazdakı qarşılıqlı münasibətlər regiondakı bütün ölkələr nəzərə alınmaqla və balanslı şəkildə, mehriban qonşuluq prinsipləri əsasında inkişaf etməlidir”, - o əlavə edib.

M.Zaxarova həmçinin Rusiyanın Azərbaycan tərəfinin iyunun 12-də 15 erməni hərbçini Ermənistana qaytarmasını alqışladığını da vurğulayıb: “Eyni zamanda, digər humanitar məsələlərin, o cümlədən də minaların təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin həll olunmasının vacib olduğunu düşünürük”.

 

163
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden-in Cenevrədəki Villa La Grangedəki görüşü, 16 iyun 2021-ci il

Başlanğıc çox şey vəd edir: Putin-Bayden görüşündən sonra dünya siyasətində dəyişəcək

1242
(Yenilənib 23:27 17.06.2021)
Ekspertlərin fikrincə, Putin və Baydenin görüşündən sonra Avropa üçün Rusiya ilə dostluq etmək daha asan olacaq.

BAKI, 17 iyun — Sputnik. Sputnik, Nikita Çikunov. Dünən Rusiya və ABŞ prezidentlərinin Cenevrədə görüşü keçirilib. Hər iki lider görüşün nəticələrindən razı qalıblar. Bəs, danışıqlar ölkələr arasında yaxınlaşmaya və sanksiyaların yumşaldılmasına gətiribmi? İki liderin söhbəti Rusiyanın Avropa ilə münasibətlərinə necə təsir edəcək? Bu barədə Sputnik-in materialında.

Gələcəyə hesablanmış nəticələr

İyunun 16-da Cenevrədə Vladimir Putin və Co Bayden arasında keçirilmiş görüş iki ölkə arasındakı münasibətlərdə inqilabi dəyişikliklərə gətirmədi, lakin danışıqlar tam və dolğun dialoqun başlanğıcını qoya bilər. "Rissiya Seqodnya" BİA beynəlxalq multimedia mərkəzində sammitin nəticələrinə həsr olunmuş müzakirədə iştirak edən ekspertlər bu fikirdədilər.

Rusiya beynəlxalq məsələlər üzrə Şurasının (RBMŞ) baş direktoru Andrey Kortunovun fikrincə, prezidentlərin görüşünün vacib nəticəsi Rusiya və ABŞ-ın strateji silahlara nəzarətə sadiq olmaları barədə birgə bəyanatın olub.

"Strateji hücum silahları – 3" müqaviləsinin müddəti daha beş il uzadılmasına rəğmən, vaxt o qədər də çox deyil. Çox istərdik ki, tərəflər silahlara nəzarətə dair yeni model barədə razılığa gəlsinlər", — deyə o bildirib.

Ekspert onu da əlavə edib ki, ABŞ-ın qarşılıqlı məsləhətləşmələrin mövzuları sırasına kibertəhlükəsizlik problemini daxil etməsi də kifayət qədər əhəmiyyətli görünür. Əvvəllər bu cür fikirlərə Amerika tərəfi mənfi münasibət bəsləyirdi və Moskvanı heç bir sübut olmadan haker hücumlarında ittiham etməyə üstünlük verirdi.

Daha sonra Kortunov deyib ki, səfirlərin qarşılıqlı surətdə Moskva və Vaşinqtona qaytarılması da müəyyən nikbinlik doğurur. Lakin ekspert onu da qeyd edib ki, diplomatik münasibətlərin tam bərpası üçün bu kifayət deyil.

"Səfirlər bir növ "general"lardır. Amma istənilən generalların "ordusu" olmalıdır. Bu o deməkdir ki, hər halda səfirliklərin işini tam həcmdə bərpa etmək, diplomatları, konsulluq xidmətlərini qaytarmaq lazımdır", — deyə mütəxəssis bildirir.

Rusiya elmlər akademiyası ABŞ və Kanada İnstitutunun direktoru Valeri Qarbuzov hesab edir ki, Rusiya-ABŞ münasibətlərində çoxlu problem qalaqlanaraq qalıb və onlar elə ilk görüşdən sonra yoxa çıxmayacaq.

"Zirvə görüşü məsləhətləşmələrə, danışıqlara start verməlidir. Əgər işçi qruplar formalaşdırılsa, görüşlər başlasa və bütün bunları dövlət başçılarının telefon danışıqları və əyani görüşləri tamamlasa, o zaman dialoq bərpa olunacaq. Nəticələri artıq yaxın həftələr ərzində görəcəyik", — deyə ekspert proqoz verib.

Trampın getdiyi yolu təkrar etməmək

Qarbuzov hesab edir ki, Cenevrə sammiti qeyri-iradi olaraq Vladimir Putinlə Donald Tramp arasında 2018-ci ilin iyulunda – demək olar ki üç il əvvəl Helsinkidə keçirilən görüşlə müqayisə olunur.

"Trampla danışıqlardan da hamının çoxlu gözləntiləri vardı. Bəziləri bu görüşü hətta tarixi görüş hesab edirdilər. Söhbət xoş keçmişdi, hamının üzündə təbəssüm vardı. Nəticədə isə hər şey "qum dəryasında batdı". Cenevrədəki zirvə görüşü barədə də gələcəkdə eynilə bu cür danışmağı istəməzdim", — deyə ekspert fikirlərini bölüşüb.

Kortunov bildirir ki, bununla yanaşı, Putunlə görüşün kifayət qədər tez təşkil olunması Baydenin xeyrinədir. ABŞ-ın əvvəlki prezidenti Donald Trampa Rusiya lideri ilə ilk və son ayrıca görüşün keçirilməsi üçün il yarım vaxt lazım olmuşdu.

Qarbuzovun qənaətinə görə, daha bir fərq isə Bayden və Tramp administrasiyalarının Rusiya-ABŞ münasibətlərini müxtəlif cür qəbul etməsindədir.

"Ağ Evin hazırkı rəhbərliyi Rusiyaya qarşı "yeni" adlandırılan münasibətdən – seçmə əməkdaşlıqdan danışır. Bu ilişmək üçün çox yaxşı bir səbəbdir. Gələcək əməkdaşlığın əsas xətti silahlara nəzarət, strateji təhlükəsizlik problemləri ola bilər. Gələcəkdə gündəliyi genişləndirmək olar. Görüşün nəticələri əsasında tərəflərin imzaladığı bəyannamə çox şey vəd edən bir başlanğıcdır", — deyə ekspert bildirib.

Avropa, sanksiyalar və Ukrayna

Valeri Qarbuzovun fikrincə, ABŞ-Rusiya münasibətlərində hətta kiçik bir "istiləşmə" Vaşinqtonun avropalı müttəfiqlərinin anti-Rusiya ritorikasının zəifləməsini qaçılmaz edəcək. Odur ki, sammitin müsbət nəticələnməsi geosiyasi cəhətdən Moskva üçün sərfəlidir.

"Artıq Brüsseldə Rusiya ilə əməkdaşlıq tərəfdarları üçün bir qədər rahat olacaq. Çünki Aİ-nin nəzərləri istənilən halda Vaşinqtona yönəlir. Onlar ABŞ-ın Rusiyaya münasibətdə mövqeyini nəzərə alırlar. Hesab edirəm ki, Almaniya, İtaliya və Fransadakı həmkarlarımız üçün yeni təşəbbüslər irəli sürmək, Moskva ilə qarşılıqlı fəaliyyətə dair yeni formatlar təklif etmək Cenevrədəki görüşdən əvvəlkinə nisbətən daha asan olacaq", — deyə Kortunov həmsöhbəti ilə razılaşıb.

Ekspert həmçinin danışıqların işi 2014-cü ilin aprelində dayandırılmış Rusiya-NATO Şurasının işinin bərpa edilməsinə kömək edəcəyini də istisna etmir. Əlaqələrin bərpası Avropada təhlükəsizliyin möhkəmləndirilməsi üçün əlavə imkanlar yarada bilərdi.

RBMŞ-nin proqram direktoru İvan Timofeyev hesab edir ki, Rusiyaya qarşı Qərb sanksiyaları məsələsində heç bir dəyişiklik baş verməyəcək.

"ABŞ-ın heç bir sanksiyası yaxın vaxtlarda ləğv olunmayacaq. Bunun üçün zəmin yoxdur. Bir sıra sanksiyalar ABŞ qanunvericiliyində təsbit olunub. Bayden yalnız onların təsirini dayandıra bilər, necə ki, "Şimal axını-2" ilə bağlı oldu. Lakin ləğv edə bilməz. Düşünürəm ki, sanksiyalar yumşalmayacaq da. Amma yeni "əjdaha" tədbirlərin olacağını da gözləmək lazım deyil", — deyə o bildirib.

Kortunov isə bildirib ki, iki ölkənin liderləri yenə də bəzi vacib məsələlərə dair qarşılıqlı anlaşmaya nail ola bilmədilər. Ekspertin fikrincə, bu cür problemli mövzulardan biri Ukraynadır. Bu məsələdə tərəflərin baxışları ciddi şəkildə fərqlənir – hələ ki, tərəflərin mövqelərinin vəhdətinə ümid etmək mümkün deyil.

"Hər iki prezident bu mövzuya toxunub, lakin heç bir razılığa gəlmədilər. Ümumi bir anlaşma var ki, Minsk razılaşmalarına riayət olunmalıdır. Problem ondadır ki, həmin razılaşmalara riayət olunması Rusiya və ABŞ tərəfindən fərqli başa düşülür. Düstur təkrar olundu, lakin hər kəs öz fikrində qaldı. Ukrayna məsələsi qaldırılırdı, lakin bu istiqamətdə irəliləyiş əldə olunmadı", — deyə İvan Timofeyev fikrini tamamlayıb.

1242
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

0
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

0