İlham Əliyevlə Sergey Lavrov nələri müzakirə etdilər - FOTO

164
(Yenilənib 10:02 11.05.2021)
Rusiya Xarici işlər naziri Sergey Lavrov Bakıya rəsmi səfərə gəlib. O, artıq Azərbaycan Respublikasının Prezidenti ilə görüşüb.

BAKI, 11 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı
© Official website of President of Azerbaijan Republic

-Hörmətli Sergey Viktoroviç, sizi Bakıda yenidən salamlamağa şadam. Sizin bu səfəriniz ərəfəsində mən bundan əvvəlki görüşümüzü xatırladım. Şadam ki, sizin Bakıya sonuncu səfərinizdən yarım il sonra biz münasibətlərimizdə müsbət dinamikanın davam etməsini məmnuniyyətlə qeyd edə bilərik. Elə bu gün mənim Vladimir Vladimiroviç Putin ilə telefon söhbətim olub. Biz bir-birimizi ümumi Qələbəmiz münasibətilə, faşizm üzərində Qələbə münasibətilə şəxsən təbrik etdik və faşistlərin, faşist əlaltılarının qəhrəmanlaşdırılması cəhdləri ilə əlaqədar yanaşmalarımızın vahid olduğunu bir daha bildirdik, dünyanı faşizmdən xilas etməyə imkan vermiş, Avropanın və dünyanın bir çox xalqlarını azad etmiş bu böyük Qələbəyə əcdadlarımızın töhfəsini qeyd etdik.

Sizin bildiyiniz kimi, Vladimir Vladimiroviç ilə biz daim dialoq aparır, müntəzəm əlaqə saxlayırıq. Biz həm ikitərəfli gündəlik çərçivəsində, həm də bizim regionda münaqişədən sonrakı inkişafla bağlı vəziyyət çərçivəsində çox fəal qarşılıqlı əlaqə saxlayırıq.

Deməliyəm ki, əlbəttə, indiki vəziyyət, münaqişədən sonrakı vəziyyət bütün səviyyələrdə daha sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir. Mən onu da bilirəm ki, siz azərbaycanlı həmkarınızla çox sıx əlaqə saxlayırsınız. Bütün bunlar ona gətirib çıxarır ki, biz müsbət inkişafı, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsini, hərbi əməliyyatların yenidən başlanması risklərinin minimallaşdırılmasını və tariximizin bu qara səhifəsini çevirmək istəyini müşahidə edirik. Hər halda, Azərbaycan buna hazırdır.

Yüksək səviyyədə dəfələrlə səslənmiş bəyanatlar kommunikasiya layihələrinin inkişafı məsələsində bizim mövqeyimizə dəlalət edir. Bu barədə noyabrda müharibənin yekunları üzrə Bəyanatda da deyilib və bu istiqamətdə çox fəal iş aparılır. Bildiyiniz kimi, bu yaxınlarda - iki həftə bundan əvvəl Moskvada geniş ikitərəfli gündəlik üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası, habelə üç ölkənin Baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib. Mənim fikrimcə, həmin görüşdə birgə Bəyanatın mühüm bəndinin – nəqliyyat dəhlizlərinin açılması bəndinin reallaşması üzrə önəmli addımlar atılıb. Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq.

Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir. Deməliyəm ki, hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik. 

Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub. Bildiyiniz kimi, biz hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistan Respublikasının işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, bu gün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur. Bu da Azərbaycan tərəfinin xoş məramının təzahürüdür. Bildiyiniz kimi, Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən uzun müddət, mənim fikrimcə, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Belə nümunələr çoxdur. Bunları sadalamaqla vaxtınızı çox almaq istəmirəm. Sadəcə, demək istərdim ki, biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin.

Bununla bərabər, Ermənistanda baş verən hadisələrlə, məhz artmaqda olan azərbaycanofobiya meyilləri ilə əlaqədar öz mövqeyimi bildirmək istərdim. Mənim fikrimcə, bu meyillər Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir. Anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq.

Mənim misal gətirdiyim, regionda baş vermiş bəzi faktlar bizim niyyətimizə, səhifəni çevirmək niyyətimizə dəlalət edir, hərçənd sırf emosional və psixoloji baxımdan bunu etmək asan deyil. İşğaldan azad edilmiş ərazilərdə praktiki olaraq hər şey dağıdılıb. Beynəlxalq ekspertlər və jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhərində bircə salamat bina belə yoxdur. Azad edilmiş ərazilərdə olarkən oraların tamamilə dağıdıldığını görmək olar. Azad edilmiş ərazilərdə işğal dövründə evlər, ictimai binalar, dini abidələr, 60-dan çox məscid, qəbiristanlıqlar və sair dağıdılıb. Ona görə də işğalın bizim hətta güman edə bilməyəcəyimiz, - çünki biz həmin ərazilərə gedə bilmirdik, - dağıdıcı nəticələrinə baxmayaraq, Azərbaycan sağlam düşüncə və gələcək barədə fikirləşməyin zəruri olduğunu nümayiş etdirir. Ona görə də Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir. 

Ona görə ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi. Buna görə biz Rusiya ilə - bizim strateji tərəfdaşımızla bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik. Hərbi baxımdan biz vəziyyəti artıq normallaşmış hesab edə bilərik, lakin siyasi, iqtisadi, nəqliyyat və gələcək qarşılıqlı fəaliyyətin başqa aspektləri baxımından, əlbəttə, hələ çox iş görülməlidir. Təbii ki, biz ümid edirik, Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq.

Bizim ikitərəfli münasibətlərimizə gəldikdə isə bir daha deyirəm, mən əminəm ki, Cənubi Qafqazda yaranmış yeni vəziyyət artıq bu gün bizim münasibətlərimizə yeni xüsusiyyətlər verir. Biz yaxın qonşular, mehriban dostlar kimi aktiv fəaliyyət göstəririk və bu sıx əlaqələrimiz, sizin bugünkü səfəriniz buna daha bir sübutdur.

Sizi görməyə çox şadam. Bir daha xoş gəlmisiniz.

X X X

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi:

-Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Məni növbəti dəfə qəbul etdiyinizə görə təşəkkür edirəm. Bu, mənim Azərbaycana səfərlərim zamanı xoş ənənəyə çevrilib. Siz qeyd etdiyiniz kimi, bu səfərlər müntəzəm xarakter alır. Öz növbəmdə, mən də azərbaycanlı həmkarım və dostumu qəbul etməyə hər zaman şadam.

Həqiqətən də, nəinki Qarabağda yaranmış vəziyyət, prinsipcə ümumi regiondakı vəziyyət, bizim ikitərəfli əlaqələrimizdə Sizin Vladimir Vladimiroviç Putinlə birgə qarşımıza qoyduğunuz məqsədlər bütün səviyyələrdə daha müntəzəm təmaslar tələb edir. Sizin Vladimir Vladimiroviçlə müntəzəm təmaslarınız olur. Bu gün növbəti telefon danışığınız baş tutub. Əlbəttə ki, mən bir daha tarixi yaddaşın qorunmasına verdiyimiz əhəmiyyəti qeyd etmək istəyirəm. Belə gətirib ki, mənim Bakıya səfərim Sizin atanız, Azərbaycanın dahi rəhbəri, bütün sovet insanlarının xatirəsində əbədi yaşayan Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 98-ci ildönümünə təsadüf edir. Faşizm üzərində Qələbədən danışsaq, o, nəticə etibarı ilə “qəhvəyi vəba” üzərində qələbəmizə imkan verən bizim o zamankı ümumi vətənimizin potensialının yaradılmasına böyük töhfə vermişdir.

Biz hər zaman Heydər Əlirza oğlunun bu problemlərin həllində və bütövlükdə Sovet İttifaqının sənaye bazasının yaradılmasındakı xidmətlərini xatırlayırıq. Bu günə gəldikdə isə, prezidentlərin müntəzəm təmaslarından əlavə, hökumət başçıları səviyyəsində də işlər aparılır. Biz bu ay Azərbaycan hökuməti başçısının Rusiya Federasiyasına səfərini gözləyirik.

Tez bir zamanda ortaq dil tapan və mənim zənnimcə, koronavirus infeksiyası dövründə bir qədər aşağı düşən əmtəə dövriyyəsinin bərpa olunması üçün gələcək addımları çox səmərəli razılaşdıran Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə dövlətlərarası komissiya fəaliyyət göstərir. Lakin əmtəə dövriyyəsinin praktiki 3 milyard dollar olması sanballı nəticədir.

Bizim hədəfimiz, həmçinin humanitar, təhsil, mədəni layihələri inkişaf etdirməkdir. Şəxsən Sizin Azərbaycanda rus dilinə olan daimi diqqətinizi, Rusiya ali məktəblərinin filiallarının fəaliyyətini, universitetlərimiz arasında, o cümlədən bizim ümumi alma-mater olan MDBMİ-nin iştirakı ilə həyata keçirilən birgə proqramları yüksək qiymətləndiririk. Bu, həqiqətən də çox vacibdir.

Bir daha vurğulamaq istəyirəm, biz koronavirus infeksiyasına qarşı mübarizədə daha səmərəli qarşılıqlı fəaliyyətin təmin olunmasını səmimi qəlbdən arzu edirik. Bu günlərdə Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib. Bu ay daha böyük partiyalar gözlənilir. Bizim müvafiq idarələrimiz Azərbaycanda texnoloji bazanın mövcud olmasını nəzərə alaraq bu vaksinin burada istehsalının nizamlanması barədə konkret söhbət aparırlar.

Politoloq: “Qarabağla bağlı yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir”>>

Sizin kimi biz də Dağlıq Qarabağ münaqişəsinin üç ölkənin liderlərinin 9 noyabr tarixli birgə Bəyanatına və yanvarın 11-də Moskvada Sizin əyani görüşünüzün nəticələrinə müvafiq olaraq nizamlanması barədə razılaşmaların yerinə yetirilməsinə tərəfdarıq. Bizim sülhməramlı kontingentimiz Sizin Rusiya və Ermənistan rəhbərliyi ilə həmin əlaqələrinizin gedişində razılaşdırdığınız vəzifələri yerinə yetirir.

Bizim sülhməramlıların rolunu yüksək qiymətləndirdiyinizə görə Sizə minnətdarıq. Sizin vurğuladığınız kimi, biz hər şeyi edəcəyik ki, hamı münaqişənin hərbi aspektlərinin başa çatmasını əsas götürsün. İndi torpaqda detallarla məşğul olmaq lazımdır. Orada delimitasiya, demarkasiya ilə bağlı məsələlər var. Bu məsələlərin hamısı asan deyil, lakin hamısı həll edilə biləndir. Biz əminik ki, hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı məqbul qərarlar barədə razılığa gələ biləcəklər.

Humanitar Müşahidə Mərkəzi bizim Fövqəladə Hallar Nazirliyi ilə birlikdə işləyir. Onlar Azərbaycandan olan həmkarları ilə birlikdə humanitar məsələlərin həllinə, yaşayış yerlərinin, nəqliyyat infrastrukturunun bərpasına kömək edirlər. İnsanlar hiss etməlidirlər ki, bu proses artıq gedir, torpaqda real yaxşılaşma baş verir. Üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri həmin ölkələrin liderləri tərəfindən yaradılmış işçi qrupu çərçivəsində müntəzəm olaraq görüşür, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası barədə liderlərin razılaşmaları ilə əlaqədar praktiki aspektləri nəzərdən keçirir. Əlbəttə, bu, müxtəlif marşrutların çox müfəssəl müqayisəsi ilə bağlıdır. Lakin biz şübhə etmirik ki, bütün Cənubi Qafqaz dövlətlərinin və onların qonşularının maraqlarının balansına nail olmaq zərurəti nəzərə alınsa, - bu isə potensial baxımdan çox ciddi nəqliyyat habıdır, onun əhəmiyyəti regional çərçivələri aşır, - onda biz müasir, qlobal iqtisadiyyatda və logistik zəncirdə öz ortaq mövqelərimizi əhəmiyyətli dərəcədə möhkəmləndirə bilərik.

Əlbəttə, bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk. Hesab edirik ki, vaxtilə uzadılmış münaqişədən çıxmağın iqtisadi aspektləri üzərində diqqətin cəmləşdirilməsi üçün birgə işlər bundan ötrü optimal çərçivələr yaradır. Əlbəttə ki, bu sözlər müharibənin humanitar nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərə də aiddir. Siz hərbi əsirləri, tarixi irs ilə, dini irs ilə bağlı hər hansı sui-istifadə hallarına yol verilməməsini xatırlatdınız. Biz bütün bu məsələlərin maksimum konstruktiv şəkildə həllinə kömək etməyi çox istəyirik. Beynəlxalq mədəni irsin qorunub saxlanmasına cavabdeh olan təşkilat kimi UNESCO da bu səylərdə iştirak etməkdə maraqlıdır. Biz bunu mümkün edəcək şəraitin yaradılmasına kömək etməyə hazırıq. Kömək etməyə hazır olan başqa beynəlxalq təşkilatlar da var. Təbii ki, biz bununla əlaqədar razılaşmalarda maraqlı tərəflərin mövqeyini nəzərə almalıyıq. Münasibətlərin ümumi kontekstini əsas götürsək, Sizinlə tamamilə razıyam ki, indi bu mərhələdə, yəqin, hər hansı başqa münaqişəli şəraitdə, münaqişədən sonrakı vəziyyətdə olduğu kimi baş verən bütün hadisələrin daxili siyasi prosesə proyeksiyası ilə bağlı aspektlər var. Lakin, hörmətli İlham Heydər oğlu, Sizinlə yüz faiz həmrəyəm ki, bu cür qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir. Biz də öz töhfəmizi verməyə çalışacağıq ki, haqqında söhbət gedən, iki ölkənin prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin.

Ümidvaram ki, bu gün və sabah Xarici İşlər Nazirliyində aparılacaq danışıqlarda biz Rusiya Federasiyasının Prezidenti ilə Sizin razılaşmalarınızın maksimum vicdanlı və dəqiq şəkildə yerinə yetirilməsi üçün ikitərəfli münasibətlərimiz çərçivəsində yaranan bütün məsələləri ətraflı müzakirə edə biləcəyik, Dağlıq Qarabağda və onun ətrafında münaqişədən sonrakı vəziyyətin nizamlanması prosesləri barədə fikir mübadiləsi aparacağıq. Yeri gəlmişkən, bərpa işlərində, planlaşdırılmış proqramlarda bizim şirkətlərin iştirakını hərtərəfli təşviq etməyə hazır olacağıq. Əlbəttə, daha geniş regional məsələlər, Xəzərin hüquqi statusu barədə Konvensiyanı imzalamağa imkan vermiş qərarlar əsasında Xəzər problemləri barədə fikir mübadiləsi aparacağıq. Bundan əlavə, bizim BMT-də, ATƏT-də, Avropa Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında birgə fəaliyyətimiz çox genişdir. Qorxuram, nəyisə unudum, amma Sizə, hazırda Qoşulmama Hərəkatında sədrlik edən dövlətin başçısı kimi bizim bu qurumda müşahidəçi statusu almaq barədə sifarişimizi dəstəklədiyinizə görə ayrıca minnətdarlığımı bildirmək istərdim.

Prezident İlham Əliyev dedi:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda paradda, arxiv şəkli
© Murat Cetinmuhurdar / Presidential Press Office / Handout via REUTERS

- Çox sağ olun, Sergey Viktoroviç, yalnız bunu əlavə etmək istərdim ki, Azərbaycana “Sputnik V” vaksininin tədarük edilməsi məsələsinin Vladimir Vladimiroviç ilə danışdığımız kimi operativ həllinə görə təşəkkürümü bildirmək istərdim, bütün müddətlərə əməl edilib, sözünüzün üstündə durmusunuz. Bu yaxında həmin vaksinin qarşılanması mərasimi keçirilib, cənab səfir iştirak edib. Bu gün dünyada populyarlığı get-gedə artan belə gözəl vaksinə görə sizi bir daha təbrik etmək istərdim. Onun bizim üçün əlçatan olması, əlbəttə, buna şərait yaradacaq ki, biz bu bəlanın öhdəsindən tezliklə gələcəyik. Qoşulmama Hərəkatında Rusiyanın müşahidəçi statusu mövzusuna da toxunmaq istərdim. Mənim fikrimcə, tamamilə təbii olardı ki, Rusiya bu statusu bizim sədrliyimiz dövründə alsın. Biz də öz tərəfimizdən nə mümkündürsə edəcəyik ki, məhz belə olsun. Buna görə bir daha sağ olun.

 

---------------

10.05.2021

22:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

© Official website of President of Azerbaijan Republic
Prezidenti İlham Əliyev və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş

-------

20:09

Rusiya Xarici işlər naziri Sergey Lavrov Bakıya rəsmi səfərə gəlib.

Mayın 11-dək davam edəcək səfər çərçivəsində Lavrov Azərbaycan rəhbərliyi ilə ikitərəfli və regional məsələləri müzakirə edəcək.

Danışıqlar əsnasında prioritet mövzular Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də verdikləri bəyanatların reallaşdırılmasının təcrübi aspektləri olacaq. 

Sergey Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramovla görüşləri planlaşdırılır.

RF XİN başçısı sonuncu dəfə Azərbaycana 2020-ci ilin noyabrında, İkinci Qarabağ müharibəsinin bitməsindən dərhal sonra gəlmişdi.

Xatırladaq ki, mayın 5-6-da Sergey Lavrov Ermənistana rəsmi səfər etmişdi.

Eləcə də oxuyun: 

Lavrovun Yerevana niyə getdiyi məlum oldu

* Lavrov Qarabağda hələ də kiçik insidentlərin olduğunu etiraf edib

 

164
Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olub

Prezidentin Füzuli səfəri: Köndələnçay su anbarı əbədi bizim əlimizdə olacaq - YENİLƏNİB

3718
(Yenilənib 20:19 14.06.2021)
Səfər zamanı Prezident və Birinci Vitse-prezidentə hava limanında görülən işlər barədə məlumat verilib.

BAKI, 14 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə gəliblər. Sputnik Azərbaycan xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verilib.

"AzVirt" MMC-nin baş direktoru Kamil Əliyev: Cənab Prezident, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə yanvar ayında başlanmışdır. Bu plakatda 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı əks olunub. Təyyarələrin enişi iki tərəfdən də təmin olunur. Bu günə biz uçuş-enmə zolağının və perronun tikintisində torpaq işlərini bitirmişik. İndi biz yol geyiminin tikintisi ilə məşğuluq.

Prezident İlham Əliyev: Görürəm yola artıq asfalt vurursunuz.

Kamil Əliyev: Bizim proqramımıza əsasən, sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək. Biz bu tikintini aparmaq üçün burada - Quruçayda iki asfalt zavodu quraşdırmışıq, üç daşqıran qurğu da var.

Prezident İlham Əliyev: Burada olan materiallardan istifadə edirsiniz?

Kamil Əliyev: Həm burada, həm də Zəfər yolunun tikintisində, 17 kilometr yolda istifadə edirik. Perronun ölçüləri 60 min kvadratmetrdir, təxminən 8 ədəd A-320 tipli təyyarə yerləşə bilər. Bir də avtomobil dayanacağı olacaq, 170 avtomobillik.

Prezident İlham Əliyev: Bu, Füzuliyə gedən yolla əlaqələndirilib.

Kamil Əliyev: Füzuliyə gedən yolla birləşməsi bu hissədədir. Həm Zəfər yolu ilə birləşəcək, həm də əsas o dördzolaqlı magistral yolla.
Binanın tikintisində beton işləri demək olar, 80 faiz yekunlaşıb.

Prezident İlham Əliyev: Buradadır?

Kamil Əliyev: Bəli, buradadır. Dam örtüyü İtaliyadan gətirilib və artıq Bakıdadır. Türkiyədən fasad materialları gətirilib.

Prezident İlham Əliyev: Bu aeorovağzal kompleksi təxminən nə vaxt hazır olacaq?

Kamil Əliyev: Aerovağzal kompleksi bu ilin sonuna kimi tam istifadəyə verilə bilər. İşlər bu sürətlə getsə.

Prezident İlham Əliyev: Qüllə də tikilir?

Kamil Əliyev: Bəli, qüllə tikilir, aeronaviqasiya, tikinti işləri aparılır. İşıq-siqnal sistemini türk şirkəti işləyir. Yarımstansiya tikilib, işlər hər istiqamətdə aparılır.
Sonra Prezident İlham Əliyev uçuş enmə zolağında görülmüş işlərlə tanış oldu.

Prezident İlham Əliyev: Böyük hissəsi artıq hazırdır?

Kamil Əliyev: 800 metr. Zəngilanda da artıq torpaq işlərinə başlamışıq.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar

Prezident İlham Əliyev: Orada da başlamısınız?

Kamil Əliyev: Bəli. Bir də Laçın rayonunda aeroportun tikiləcəyi yerə də getdik, layihədə harada yerləşir, onu da müəyyən etdik. Torpaq işi böyük həcmdədir.

Prezident İlham Əliyev: Bilirəm, orada dağlar kəsilməlidir. Bu iş də nəzərdə tutulur. Nə vaxt başlayacaqsınız?

Kamil Əliyev: Biz artıq mobilizasiya olunuruq. Orada ofisimiz var, artıq texnika aparmışıq.

Prezident İlham Əliyev: Çox yaxşı. Avtomobil yolunda işlər necə gedir?

Kamil Əliyev: Cənab Prezident, Füzuli-Şuşa yolunun 17 kilometrlik hissəsidir, bir də bizdə Füzuli-Hadrut yolunun 10 kilometridir. Biz bu yaxınlarda Ağbənd yolunun tikintisi ilə bağlı müqavilə də imzaladı.

Prezident İlham Əliyev: Bəli, onu demişəm. Horadiz-Ağbənd yolunun yarısını siz inşa edirsiniz.
Onu da deyək ki, hazırda Füzuli, Zəngilan və Laçın hava limanlarına uçuşların beynəlxalq standartlara uyğun təmin edilməsi üçün yeni beynəlxalq hava dəhlizlərinin tətbiqi üzrə işlər davam etdirilir.

***

19:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında da olublar. Dövlətimizin başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.
Bildirilib ki, ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 62 min hektar sahəni suvarmağa imkan verirdi. 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.

Prezident İlham Əliyev deyib: "Bura Köndələnçay su anbarıdır. Uzun illər düşmənin əlində idi. Uzun illər biz bu sudan məhrum idik. İkinci Qarabağ müharibəsindən sonra artıq bizim əlimizdədir və bundan sonra Azərbaycan xalqının maraqlarına xidmət edəcək. Bu su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm də Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verilib.

Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanılıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar

Köndələnçay su anbarına mən bir müddət bundan əvvəl bir heyət göndərmişdim. Bu anbarın vəziyyəti araşdırıldı və həyat bu bölgəyə qayıdandan sonra əlbəttə ki, biz bu sudan istifadə edəcəyik. İşğal dövründə mənfur düşmən bizi sudan məhrum etmişdi. Sərsəng su anbarı, Suqovuşan su anbarı düşmənin əlində olduğuna görə 100 min hektar torpaq susuz qalmışdı və bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusu qazılmışdır. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi. Mənə bu yaxınlarda verilən məlumata görə, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır. Eyni zamanda, Ağdam rayonunda Xaçınçay su anbarı da bizim nəzarətimizdədir, işğaldan azad edilib və o su anbarı bu su anbarından həcm baxımından daha böyükdür. Bir daha demək istəyirəm ki, bizim bütün su ehtiyatlarımız araşdırılır, təhlil edilir və gələcəkdə bizə böyük üstünlük verəcəkdir.
Biz doğma torpaqlarımıza qayıtmışıq, Füzuliyə qayıtmışıq, Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq".

***

16:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. Dövlət başçısına tunelin texniki göstəriciləri barədə məlumat verilib.

***

16:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub.
Dövlət başçısına körpünün texniki göstəriciləri barədə məlumat verilib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Zəfər yolu üzərində körpünün inşası ilə tanış olub

***

16:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfər ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verilib.

***

16:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Dövlət başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar

***

16:08

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub. Dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və Zəfər yolunun tikintisi ilə tanış olub

***

15:43

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən "Füzuli" yarımstansiyasının açılışında iştirak ediblər.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Füzuli” yarımstansiyasının açılışında

Dövlət başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.

3718
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramovla Morton üçtərəfli bəyanat, mina xəritəsi BP ilə anlaşma barədə

816
(Yenilənib 20:07 14.06.2021)
Nazir Ceyhun Bayramov Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinə Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı xətti ilə verdiyi dəstəyi və bu xüsusda ANAMA ilə həyata keçirilən əməkdaşlığı minnətdarlıqla qeyd edib.

BAKI, 14 iyun - Sputnik. 14 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

Bu barədə məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, tərəflər arasında üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Vendi Morton iyunun 12-də Azərbaycan tərəfindən Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməninin qarşı tərəfə təhvil verilməsi ilə bağlı məmnunluq ifadə edib. Dövlət naziri, tərəflər arasında gərginliyin aşağı salınması və etimad quruculuğunun artırılması baxımından bu addımı müsbət qiymətləndirib. V. Morton, həmçinin bu günlərdə mina partlayışından həyatlarını itirən Azərbaycanlı jurnalistlər və mülki şəxslə bağlı təəssüf bildirib və bu xüsusda başsağlığı ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinə Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı xətti ilə verdiyi dəstəyi və bu xüsusda ANAMA ilə həyata keçirilən əməkdaşlığı minnətdarlıqla qeyd edib.

Tərəflər, habelə bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə BP şirkəti arasında bu xüsusda imzalanmış anlaşma memorandumunu məmnunluqla qeyd ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

816
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
(Yenilənib 01:10 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

0