Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda paradda, arxiv şəkli

Ərdoğan Şuşaya gəlir: Bakının səfər gözləntiləri

271
Türkiyə Prezidentinin səfəri bu həftə baş tuta, ya da o, mayın sonunda gələ bilər. Rəsmi olaraq hansı mövzuların səsləndiriləcəyi ehtimallarını Sputnik Azərbaycan-ın siyasi şərhçisi Aleksandra Zuyeva araşdırıb.

Beynəlxalq “Xarı-bülbül” festivalı, demək olar ki, otuz il sonra Şuşa şəhərinə qayıdır. Onun mayın 12-13-də keçiriləcəyi gözlənilir. Festivalın bağlanış mərasimi də Ramazan bayramı ilə üst-üstə düşəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayından sonra Şuşaya gələcəyinə söz vermişdi.

“Ramazan ayından sonra Prezident İlham Əliyevlə Şuşaya gedəcəyik”, - qeyri-formal Türk sammitində çıxışı zamanı Ərdoğan söyləmişdi.

Deməli, ehtimal etmək olar ki, “Xarı-bülbül” festivalının bağlanış mərasimi möhtəşəm olacaq və mötəbər qonaqlar öz gəlişləri ilə onu rövnəqləndirəcəklər. Niyə də olmasın? Azərbaycan xalqı Qarabağın ürəyinə qayıdışını 28 il yarım gözlədi. İndi isə onun bu bayramı qeyd etməyə haqqı var.

Türkiyə liderinin Şuşaya gəlişi isə növbəti dəfə Azərbaycanla Türkiyənin qardaşlığını sübut edəcək.

Münaqişədən sonra Qarabağın gələcəyi

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov da bu fikirdədir. O əmindir ki, Ərdoğanın səfəri çox vacibdir.

“Bu səfər çərçivəsində vacib bəyanatlar səslənəcək, bunlar arasında geosiyasi, münaqişədən sonrakı Qarabağın sonrakı taleyini təyin edəcək mesajlar olacaq”, - ekspert vurğulayıb.

Ancaq digər analitiklər kimi, Hüseynov da hesab edir ki, Ərdoğan Azərbaycana mayın sonuna yaxın gələcək. Ekspertlər düşünürlər ki, həmin səfər mayın 28-i - Azərbaycanın Respublika Gününə təsadüf edəcək. Ancaq onu da istisna etmirlər ki, səfər daha yaxın zamanda baş tuta bilər.

3+3 platformasının perspektivləri

Sonuncu dəfə Ərdoğan Azərbaycana 2020-ci ilin dekabrında gəlmişdi. Türkiyə lideri Bakıda Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsi şərəfinə təşkil olan paradda iştirak etmişdi. O zaman Ərdoğan Prezident İlham Əliyevin altı ölkədən – Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran – ibarət platformanın yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan etmişdi. Düzdür, bu ideya indiyədək gerçəkləşməyib. Maraqlıdır ki, səbəbi də Ermənistan deyil. Rəsmi Tbilisi indiyədək bu platformada Moskva ilə birgə iştiraka razılıq vermir.

Gürcü tərəfi anlayır ki, regional platformadan kənarda qalmalı deyil. Ancaq istəyir ki, orada iştirak edən bütün dövlətlər bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət eləsin.

Ankara və Bakı Tbilisinin 3+3 platforması ilə bağlı şübhələrini anlayışla qarşılayır və Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əməkdaşlığına böyük önəm verir. Üstəlik, hər üç dövlət bu əməkdaşlığın bölgə üçün vacib olduğundan əmindir.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı
© Official website of President of Azerbaijan Republic

Mümkündür ki, Ərdoğanın Azərbaycana növbəti səfəri zamanı postmünaqişə dövründə bölgənin inkişafına yönəlmiş hansısa əlavə təkliflər səslənsin. Müharibənin bitməsindən altı ay keçir və bu müddət ərzində çox iş görülüb, bir çox mətləblər aydın olub və Qarabağın yeni gələcəyinin konturları daha dəqiq sezilir.

Eləcə də oxuyun: 

*  Lavrov "Zəngəzur dəhlizi" barədə: "Razılaşmaların alternativi yoxdur"

"Heç bir yerdə ermənilərə məxsus kütləvi məzarlara rast gələ bilməzsiniz" - Ərdoğan

Bayden və Putinin görüşü: Bakının şansı nə qədərdir?

 

271
Teqlər:
İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan, səfər, Şuşa, Azərbaycan

Türk Şurasının Baş katibi: Şuşa Bəyannaməsi bölgədə sülhə xidmət edəcək

143
(Yenilənib 11:03 19.06.2021)
Ceyhun Bayramov Türk Şurası tərəfindən Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

BAKI, 19 iyun — Sputnik. Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı Bağdad Amreyev Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini yüksək qiymətləndirib. O, Bəyannamənin bölgədə sülh, təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyindən əminliyini vurğulayıb.

Görüş zamanı Türk Şurasının qarşıdan gələn Zirvə görüşünün təfərrüatları, o cümlədən yüksək səviyyəli tədbir çərçivəsində hazırlanacaq sənədlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Türk Şurasının gündəmində olan digər məsələr, habelə növbəti aylarda keçirilməsi nəzərdə tutulan görüşlər barədə müzakirələr aparılıb.

Ceyhun Bayramov Türk Şurası tərəfindən Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Nazir bu sənədin imzalanmasının Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlərin nəticəsi olduğunu və əməkdaşlıq və müttəfiqlik nümunəsi olduğunu vurğulayıb.

Şuşa Bəyannaməsi

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanıb. Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinə prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imza atıblar. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Bəyannamədə qeyd olunur ki, tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər.

Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.

Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.

Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.

Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

143
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə

Azərbaycan haqqında doğru xəbər yayanların hesabları bağlanırdı - Prezidentin köməkçisi

1195
(Yenilənib 23:35 18.06.2021)
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib.

BAKI, 18 iyun - Sputnik. Sosial media saxta xəbərləri böyüdür. Süni intellekt isə bu problemi daha da artırır.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Virtual Dünyada Məlumat Çirkliliyi və Saxta Xəbərlər” adlı sessiyadakı çıxışı zamanı deyib.

“Virtual dünyada saxta xəbərlər” mövzusunda keçirilən paneldə hazırda qlobal problemə çevrilən saxta, uydurma informasiyaların yayılması, onun yaratdığı təhlükələr və vəziyyətdən çıxış yolları müzakirə olunub.

Paneldə münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzinin prezidenti xanım Lulian Cifunun, tanınmış yazıçı, Portuqaliyanın keçmiş Avropa naziri Bruno Macaesin, Qətərin xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin sözçüsü Lolvah Rashid Al-Khaterin çıxışları dilənilib.

Paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizin müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən məqsədli şəkildə yayılan “feyk nyus” hücumlarına məruz qaldığını, hətta bəzi xarici kütləvi informasiya vasitələrinin həqiqətə uyğun olmayan həmin informasiyalara istinad edərək Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdığını bildirib.

Təəssüflə qeyd olunub ki, hətta bəzi hallarda Azərbaycan haqqında həqiqi məlumat yayan şəxslərin sosial media hesablarının bağlanması halları da müşahidə olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, həmçinin səfirlər, deputatlar, digər nüfuzlu şəxslər paneldə iştirak ediblər.

Çıxışlardan sonra suallar cavablandırılıb.

Antalya Diplomatiya Forumu

Bu gün Türkiyənin Antalya şəhərində Antalya Diplomatiya Forumu (ADF) öz işinə başlayıb.

Tədbir iyunun 18-dən 20-dək davam edəcək. Bu gün, forumun birinci günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açılış nitqləri ilə çıxış ediblər.

Tədbirdə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iştirak edirlər.

 

1195
Toyuq əti

Azərbaycana gətirilən 1,2 ton hind quşu dərisi yararsız çıxdı

0
Məhsulda patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1.2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

BAKI, 19 iyun — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı Türkiyədə fəaliyyət göstərən "Briterra Gida İç Ve Dış Ticaret Anonim Şirketi" tərəfindən istehsal olunan və "Ladess Group" MMC tərəfindən ölkəmizə idxal edilən hind quşu dərisi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında patogen mikroorqanizm olan salmonella aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 1,2 ton hind quşu dərisi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.

0