Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı

O əməliyyatdan sonra Ermənistanda hay-küy qalxdı - İlham Əliyev

2118
(Yenilənib 19:24 10.05.2021)
"Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır".

BAKI, 10 may — Sputnik. "Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm. Bu, mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir

"Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur layihəsinin açılışında iştirak etmişəm, o cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında
© Official website of President of Azerbaijan Republic

Bütün şəhərlərin artıq magistral yollarla bir-birinə bağlandığını deyən Prezident bildirib ki, yollar çox keyfiyyətlə tikilir: "Mən bu yolların açılışlarında iştirak etmişəm, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir. İçməli su layihələri bütün şəhərləri əhatə edir. İndi üç şəhərdə bu layihələr icra ediləcək və beləliklə, bu məsələ də tamamilə öz həllini tapacaq".

"Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Bu gün Süni Mayalanma Mərkəzinin açılışında olduq. Bildirməliyəm ki, ölkəmizdə cəmi iki mərkəz var – biri Göygöldə, biri də Naxçıvanda. Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir. Yəni, bütün bunlar inkişafın təzahürüdür.

Eyni zamanda, bu gün “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanış oldum. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır və ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar istifadəyə veriləndən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Ölkəmizdə hazırda DOST mərkəzləri yaradılır. Artıq göstəriş vermişəm ki, Naxçıvanda da DOST Mərkəzi yaradılsın. Bu da sosial təminat və pensiya təminatı sahələrində bizim növbəti uğurlu addımımızdır, milli brendimizdir.

Naxçıvanın çox böyük turizm potensialı var. Bu gün yeni uçuş-enmə zolağının açılışını qeyd etdik və biz turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıyıq. Əlbəttə, pandemiya ilə əlaqədar bütövlükdə turizm sektoru tənəzzülə uğrayıb. Amma əminəm ki, pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq.

Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır", - İlham Əliyev bildirib.

Prezident Naxçıvanda yeni istifadəyə verilən hərbi aerodrom və hərbi hospitalın Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə töhfəsindən də danışıb:

"Əlbəttə, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda, demək olar ki, bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur.

Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika, deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır".

Günnüt əməliyyatı Ermənistanda hay-küyə səbəb oldu

"Günnüt əməliyyatı, biz də dediyim kimi, bunun üstünü vurmaq istəmədik. Amma ondan sonra Ermənistanın artıq devrilmiş hakimiyyətinin jurnalist nümayəndələri gedib bizim yeni postlarımızı çəkib, bunu internetdə qoyubdur, paylaşıbdır və ondan sonra Ermənistanda hay-küy qalxdı. Onda mən dedim ki, daha biz də niyə gizlətməliyik? Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə tapşırıq verdim ki, siz də məlumat verin, çəkiliş qrupu göndərin və çəkiliş qrupu getdi, həmin o yüksəklikləri gördü. Yəni, Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda, mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır", - dövlət başçısı əlavə edib.

Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır

Ordubad dəmir yolu stansiyasında yaradılan şəraitlə tanış olan İlham Əliyev buraya təsadüfən gəlmədiyini vurğulayıb: "Bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır.

Bildiyiniz kimi, 10 noyabr tarixli birgə Bəyanatında bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır.

O ki qaldı Ermənistan ərazisində olan hissəyə, bildiyiniz kimi, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın".

Tarixi Zəfərdən sonra ilk ziyarət

Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyevin doğum günü, Bakıda onun məzarını, Naxçıvanda isə babasının məzarını ziyarət edib və bununla bağlı da təəssüratlarını bölüşüb: "Bilirsiniz, tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi, mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım.

Babam Əlirza Əliyevin məzarını ziyarət etdim. Əlirza Əliyev və mənim nənəm İzzət xanım Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişlər. Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir. Heydər Əliyev həyatda nə əldə edibsə, öz biliyi, bacarığı, zəkası və fədakarlığı nəticəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya ucaldı. Onun rəhbərliyi ilə, bax, burada - Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Çünki mənfur düşmənin niyyətləri də, məhz siyasəti də o idi ki, Naxçıvanı da işğal etsinlər. Bu, artıq onların növbəti işğal planı çərçivəsində idi. Bu təhlükə var idi, bu təhlükə çox ciddi idi. Azərbaycana o vaxt heç kim kömək etmirdi. Azərbaycanın ordusu yox idi, Silahlı Qüvvələri yox idi. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir.

Prezident İlham Əliyev ulu öndərlə bağlı paylaşım edib: "Şuşasız Qarabağ yoxdur”>>

Əlavə olaraq deməliyəm, o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, öz marionetlərini gətirsinlər və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlasınlar. Onlar buna da hazır idilər, təki Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün.

Ancaq Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı bütün bu planları – ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir və Naxçıvanı Heydər Əliyev qorumuşdur, necə ki, ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur.

Bu gün burada olmağımın xüsusi rəmzi mənası var. Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir".

Fransa və Kanadaya xəbərdarlıq

Müxbirin bəzi ölkələr və xarici dairələrin "Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır" kimi bəyanatlarına dair sualına Azərbaycan lideri belə cavab verib: "Mən bir daha demək istəyirəm, müharibədən sonra bunu dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır.

Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini, baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər.

Münaqişə həll olunub, bu, bir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olmuş tərəflər və bu məsələ ilə məşğul olmaq istəyən, - bilmirəm nəyə görə, - ölkələr bunu nəzərə alsınlar. Çünki bəzən buradan dünyanın o başında yerləşən ölkələr bizim münaqişə ilə bağlı, yaxud da ki, Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlar verirlər. Bu, qəbuledilməzdir. Məsələn, mən Kanadanı misal gətirə bilərəm. Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir, biz bilməmişik. Bu, bəlkə, ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun, öz işləri ilə məşğul olsun.

Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirəm. Bu, qəbuledilməzdir. Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun. Yoxsa Fransa Senatının sədri gəlir İrəvana, orada bəyanat verir ki, Fransa Senatı Dağlıq Qarabağı tanıyacaq. Biz Fransanın hökumət orqanlarına bu məsələ ilə müraciət edəndə, öz etirazımızı bildirəndə bizə deyirlər ki, fikir verməyin, bu, qanunvericilik orqanıdır, hakimiyyətin mövqeyini əks etdirmir. Yaxşı, bəs Xarici İşlər Nazirliyi, o da hökumətin mövqeyini əks etdirmir? Bu nə bəyanatlardır? Getsinlər, öz işləri ilə məşğul olsunlar. Bu Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoyulmalıdır. Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm. Jurnalistlərə, xarici jurnalistlərə deməliyəm, xarici siyasətçilərə deməliyəm. Mən deyəcəyəm, mən susmayacağam. Amma onlar da öz işləri ilə məşğul olsunlar. Özləri problemlər içində çabalayırlar. Min cür problemləri var.

Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir. Ona görə bir daha demək istəyirəm ki, əgər bütün ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və bizim münasibətlərimizdə heç bir problem olmayacaq.

O ki qaldı, bəzi siyasətçilər Dağlıq Qarabağın – deməli, olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə-desin. Ona görə məsləhət görürəm ki, bizi əsəbiləşdirməmək və münasibətlərimizi gərginləşdirməmək üçün nə status haqqında, nə münaqişə haqqında hər hansı bir açıqlama verilməsin. Veriləcəksə, cavablarını alacaqlar".

Ermənistandakı revanşistlərə mesaj - Odla oynamasınlar

Mayın 8-də - Şuşanın işğalı günü Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələri Şuşanın qaytarılması ilə bağlı bəyanatlar verdilər və revanşist fikirlər səsləndirdilər. Azərbaycan Prezidenti bununla bağlı sualı da cavablandırıb: "Mənim sözüm yerindədir. Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər dırnağarası “müzəffər və güclü” ordusu ilə öyünürdülər. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir".

Eləcə də oxuyun: 

"Qərbi Zəngəzur bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcək"

Ermənilər İlham Əliyevin Zəngilanda çəkilmiş fotolarını görüb qorxuya düşdülər

Məscidin Bərpası - Əliyev Qarabağda

 

2118
Teqlər:
müsahibə, İlham Əliyev, Zəngəzur, səfər, Naxçıvan
Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olub

Prezidentin Füzuli səfəri: Köndələnçay su anbarı əbədi bizim əlimizdə olacaq - YENİLƏNİB

3656
(Yenilənib 20:19 14.06.2021)
Səfər zamanı Prezident və Birinci Vitse-prezidentə hava limanında görülən işlər barədə məlumat verilib.

BAKI, 14 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə gəliblər. Sputnik Azərbaycan xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verilib.

"AzVirt" MMC-nin baş direktoru Kamil Əliyev: Cənab Prezident, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə yanvar ayında başlanmışdır. Bu plakatda 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı əks olunub. Təyyarələrin enişi iki tərəfdən də təmin olunur. Bu günə biz uçuş-enmə zolağının və perronun tikintisində torpaq işlərini bitirmişik. İndi biz yol geyiminin tikintisi ilə məşğuluq.

Prezident İlham Əliyev: Görürəm yola artıq asfalt vurursunuz.

Kamil Əliyev: Bizim proqramımıza əsasən, sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək. Biz bu tikintini aparmaq üçün burada - Quruçayda iki asfalt zavodu quraşdırmışıq, üç daşqıran qurğu da var.

Prezident İlham Əliyev: Burada olan materiallardan istifadə edirsiniz?

Kamil Əliyev: Həm burada, həm də Zəfər yolunun tikintisində, 17 kilometr yolda istifadə edirik. Perronun ölçüləri 60 min kvadratmetrdir, təxminən 8 ədəd A-320 tipli təyyarə yerləşə bilər. Bir də avtomobil dayanacağı olacaq, 170 avtomobillik.

Prezident İlham Əliyev: Bu, Füzuliyə gedən yolla əlaqələndirilib.

Kamil Əliyev: Füzuliyə gedən yolla birləşməsi bu hissədədir. Həm Zəfər yolu ilə birləşəcək, həm də əsas o dördzolaqlı magistral yolla.
Binanın tikintisində beton işləri demək olar, 80 faiz yekunlaşıb.

Prezident İlham Əliyev: Buradadır?

Kamil Əliyev: Bəli, buradadır. Dam örtüyü İtaliyadan gətirilib və artıq Bakıdadır. Türkiyədən fasad materialları gətirilib.

Prezident İlham Əliyev: Bu aeorovağzal kompleksi təxminən nə vaxt hazır olacaq?

Kamil Əliyev: Aerovağzal kompleksi bu ilin sonuna kimi tam istifadəyə verilə bilər. İşlər bu sürətlə getsə.

Prezident İlham Əliyev: Qüllə də tikilir?

Kamil Əliyev: Bəli, qüllə tikilir, aeronaviqasiya, tikinti işləri aparılır. İşıq-siqnal sistemini türk şirkəti işləyir. Yarımstansiya tikilib, işlər hər istiqamətdə aparılır.
Sonra Prezident İlham Əliyev uçuş enmə zolağında görülmüş işlərlə tanış oldu.

Prezident İlham Əliyev: Böyük hissəsi artıq hazırdır?

Kamil Əliyev: 800 metr. Zəngilanda da artıq torpaq işlərinə başlamışıq.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar

Prezident İlham Əliyev: Orada da başlamısınız?

Kamil Əliyev: Bəli. Bir də Laçın rayonunda aeroportun tikiləcəyi yerə də getdik, layihədə harada yerləşir, onu da müəyyən etdik. Torpaq işi böyük həcmdədir.

Prezident İlham Əliyev: Bilirəm, orada dağlar kəsilməlidir. Bu iş də nəzərdə tutulur. Nə vaxt başlayacaqsınız?

Kamil Əliyev: Biz artıq mobilizasiya olunuruq. Orada ofisimiz var, artıq texnika aparmışıq.

Prezident İlham Əliyev: Çox yaxşı. Avtomobil yolunda işlər necə gedir?

Kamil Əliyev: Cənab Prezident, Füzuli-Şuşa yolunun 17 kilometrlik hissəsidir, bir də bizdə Füzuli-Hadrut yolunun 10 kilometridir. Biz bu yaxınlarda Ağbənd yolunun tikintisi ilə bağlı müqavilə də imzaladı.

Prezident İlham Əliyev: Bəli, onu demişəm. Horadiz-Ağbənd yolunun yarısını siz inşa edirsiniz.
Onu da deyək ki, hazırda Füzuli, Zəngilan və Laçın hava limanlarına uçuşların beynəlxalq standartlara uyğun təmin edilməsi üçün yeni beynəlxalq hava dəhlizlərinin tətbiqi üzrə işlər davam etdirilir.

***

19:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında da olublar. Dövlətimizin başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.
Bildirilib ki, ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 62 min hektar sahəni suvarmağa imkan verirdi. 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.

Prezident İlham Əliyev deyib: "Bura Köndələnçay su anbarıdır. Uzun illər düşmənin əlində idi. Uzun illər biz bu sudan məhrum idik. İkinci Qarabağ müharibəsindən sonra artıq bizim əlimizdədir və bundan sonra Azərbaycan xalqının maraqlarına xidmət edəcək. Bu su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm də Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verilib.

Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanılıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar

Köndələnçay su anbarına mən bir müddət bundan əvvəl bir heyət göndərmişdim. Bu anbarın vəziyyəti araşdırıldı və həyat bu bölgəyə qayıdandan sonra əlbəttə ki, biz bu sudan istifadə edəcəyik. İşğal dövründə mənfur düşmən bizi sudan məhrum etmişdi. Sərsəng su anbarı, Suqovuşan su anbarı düşmənin əlində olduğuna görə 100 min hektar torpaq susuz qalmışdı və bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusu qazılmışdır. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi. Mənə bu yaxınlarda verilən məlumata görə, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır. Eyni zamanda, Ağdam rayonunda Xaçınçay su anbarı da bizim nəzarətimizdədir, işğaldan azad edilib və o su anbarı bu su anbarından həcm baxımından daha böyükdür. Bir daha demək istəyirəm ki, bizim bütün su ehtiyatlarımız araşdırılır, təhlil edilir və gələcəkdə bizə böyük üstünlük verəcəkdir.
Biz doğma torpaqlarımıza qayıtmışıq, Füzuliyə qayıtmışıq, Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq".

***

16:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. Dövlət başçısına tunelin texniki göstəriciləri barədə məlumat verilib.

***

16:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Zəfər yolu üzərində inşa edilən körpüdə görülən işlərlə tanış olub.
Dövlət başçısına körpünün texniki göstəriciləri barədə məlumat verilib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Zəfər yolu üzərində körpünün inşası ilə tanış olub

***

16:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfər ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verilib.

***

16:15

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Dövlət başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar

***

16:08

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub. Dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və Zəfər yolunun tikintisi ilə tanış olub

***

15:43

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən "Füzuli" yarımstansiyasının açılışında iştirak ediblər.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Füzuli” yarımstansiyasının açılışında

Dövlət başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.

3656
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramovla Morton üçtərəfli bəyanat, mina xəritəsi BP ilə anlaşma barədə

742
(Yenilənib 20:07 14.06.2021)
Nazir Ceyhun Bayramov Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinə Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı xətti ilə verdiyi dəstəyi və bu xüsusda ANAMA ilə həyata keçirilən əməkdaşlığı minnətdarlıqla qeyd edib.

BAKI, 14 iyun - Sputnik. 14 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

Bu barədə məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, tərəflər arasında üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Vendi Morton iyunun 12-də Azərbaycan tərəfindən Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməninin qarşı tərəfə təhvil verilməsi ilə bağlı məmnunluq ifadə edib. Dövlət naziri, tərəflər arasında gərginliyin aşağı salınması və etimad quruculuğunun artırılması baxımından bu addımı müsbət qiymətləndirib. V. Morton, həmçinin bu günlərdə mina partlayışından həyatlarını itirən Azərbaycanlı jurnalistlər və mülki şəxslə bağlı təəssüf bildirib və bu xüsusda başsağlığı ifadə edib.

Nazir Ceyhun Bayramov Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinə Birləşmiş Krallığın BMT-nin İnkişaf Proqramı xətti ilə verdiyi dəstəyi və bu xüsusda ANAMA ilə həyata keçirilən əməkdaşlığı minnətdarlıqla qeyd edib.

Tərəflər, habelə bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib və Azərbaycan Respublikası Energetika Nazirliyi ilə BP şirkəti arasında bu xüsusda imzalanmış anlaşma memorandumunu məmnunluqla qeyd ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

742
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
(Yenilənib 01:10 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

0