Co Bayden, arxiv şəkli

"Bayden Ermənistanı mina xəritələrini təqdim etməyə məcbur etməlidir"

19
(Yenilənib 11:49 24.04.2021)
Beynəlxalq ictimaiyyətin susqunluğu Ermənistana insan və tank əleyhinə minaların xəritələrini gizli saxlamağa şərait yaradıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun ABŞ-ın "Defense One" mətbu orqanında Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsindən bəhs edən məqaləsi dərc edilib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məqalədə bildirilir ki, Azərbaycan və Ermənistanın Vətən Müharibəsindən sonra razılıq əldə etməsindən aylar keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad olunmuş ərazilərimizdə yerləşdirdiyi minalararın xəritəsini təqdim etməkdən boyun qaçırmaqla baş verən ölüm hallarında günahsız vətəndaşları ittiham etməyə davam edir.

Qeyd olunub ki, ötən ilin noyabr ayından etibarən 20 Azərbaycan mülki və xidmət əməkdaşı Dağlıq Qarabağda baş verən mina partlayışı nəticəsində həlak olub, 85 nəfər isə yaralanıb.

E.Süleymanov Ermənistan tərəfinin böhranı diplomatik yolla həll etməkdən boyun qaçırmasına diqqət çəkir: "Ölkə Prezidentinin qeyd etdiyi kimi, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələrək sözügedən xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir. Azərbaycan, həmçinin BMT və ATƏT kimi təşkilatlarda da öz etiraz səsini ucaldıb. 24 fevral tarixində BMT Baş Katibinə ünvanlanmış məktubunda xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfinin müvafiq addım atmamasının bu ölkənin Azərbaycanla münasibətləri normallaşdırmaq istəyini sual altına qoyduğunu qeyd edib. Nazir minalar nəticəsində insan həyatının məhv olmasını müharibə cinayəti adlandırır. Səfir ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də səmərəli minadan təmizləmənin həyata keçirilməsi üçün məlumat mübadiləsinin aparılmasının irəli sürüldüyünü qeyd edir".

E.Süleymanov bildirir ki, beynəlxalq ictimaiyyətin susqunluğu Ermənistanı insanlara və tank əleyhinə minaların xəritələrini gizli saxlamağa şərait yaradıb. Bu xüsusda ABŞ Prezidenti Co Bayden və onun administrasiyası Ermənistanın siyasi və hərbi rəhbərliyini işğaldan azad edilmiş ərazilərdəki minaların xəritələrini təqdim etməyə vadar etməlidir. Mülki şəxlərin həyatına olan təhlükə iqtisadi inkişaf, davamlı sülh və qaçqınların geri dönməsinə əngəl törədir.

Məqalənin original versiyası ilə https://www.defenseone.com/ideas/2021/04/biden-must-press-armenia-hand-over-minefield-maps/173573/ internet səhifəsindən tanış olmaq mümkündür.

19
Ramil Usubov, arxiv şəkli

Keçmiş nazir 10 noyabr bəyanatından danışdı: "Narahatlığa əsas yoxdur"

11
"Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır".

BAKI, 6 may — Sputnik. "Bütün proses nəyi, necə və nə vaxt edəcəyini dəqiq bilən Prezidentin nəzarəti altındadır. Demək, narahatlığa əsas yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində 10 noyabr Bəyanatının müddəalarının icrasına münasibət bildirərkən deyib.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, Bəyanatın imzalanmasından artıq 6 ay ötür: "Bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir. Prezidentimizin azad edilmiş ərazilərdəki davamlı təhlükəsizliyin təmini ilə bağlı müəyyənləşdirdiyi fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır. Azərbaycan, Rusiya, Türkiyə prezidentləri arasında bu məsələ ilə bağlı mövcud olan operativ və səmərəli əməkdaşlıq formatı Ağdamdakı monitorinq mərkəzinin fəaliyyətində də davam edir. Lakin görüləcək işlər çoxdur. Vətəndaşlarımız, eləcə də bu vəziyyətə həssaslıqla yanaşan xarici ölkə ictimaiyyəti də tam əmin olsunlar ki, cənab İlham Əliyevin dəmir yumruğu, qətiyyəti bu prosesdə də özünü göstərir. Azərbaycanın milli maraqlarının bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur".

"10 noyabr Bəyanatının 9 müddəası var. Azərbaycan imzasına, üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır. Biz öz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də rifahına töhfə verməyə hazırıq. Prezident İlham Əliyevin unikal liderlik keyfiyyətlərindən biri də məhz budur", - Ramil Usubov bildirib.

11
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var - Qaribaşvili

23
(Yenilənib 22:11 05.05.2021)
"Bu gün Prezident İlham Əliyev ilə tarixi layihələr barədə danışdıq. Bu layihələr əlaqələrimizin inkişafına böyük töhfələr verir" - Gürcüstanın Baş naziri.

BAKI, 5 may - Sputnik. "Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün isə münasibətlərimiz strateji tərəfdaşlığa çevrilib".

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mayın 5-də keçirilən görüşdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov deyib.

Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycanın və Gürcüstanın birgə fəaliyyət göstərdikləri meqalayihələr regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Cənub Qaz Dəhlizi və TAP layihələri çərçivəsində əməkdaşlığımızı yüksək qiymətləndirən Əli Əsədov qeyd edib ki, Azərbaycan Gürcüstan ilə əlaqələrə böyük önəm verir. “Bu gün siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əlaqələrimiz inkişaf edir. İnanırıq ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək. Bir sıra sahələrdə əlaqələrin daha da genişlənməsi üçün böyük potensial var”, - deyə Baş nazir Əli Əsədov əlavə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərindən böyük şərəf duyduğunu qeyd edərək deyib: “Azərbaycan ilə sıx əlaqələrimiz var. Bu gün Prezident İlham Əliyev ilə tarixi layihələr barədə danışdıq. Bu layihələr əlaqələrimizin inkişafına böyük töhfələr verir. Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var”.

23
Teqlər:
baş nazir, Azərbaycan, Gürcüstan
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Mövlud Çavuşoğlu: "O boyda Avropa İttifaqı bir kresloya görə dava etməməlidir"

0
(Yenilənib 16:25 06.05.2021)
"Biz protokol qaydalarının nə olduğunu bilirik. Bu günə kimi heç vaxt bu cür problemlə qarşılaşmamışıq. Türk qonaqpərvərliyi hamıya yaxşı məlumdur. O mənzərə bizim ucbatımızdan yaranmamışdı".

BAKI, 6 may — Sputnik. Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla keçirdiyi birgə mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula Von der Lyayenin Türkiyəyə səfəri zamanı yaşanan protokol böhranına da toxunub. Sputnik Azərbaycan xəbər verir ki, mətbuat konfransı hər iki ölkənin nümayəndə heyətlərinin iclasından sonra baş tutub.

"Biz protokol qaydalarının nə olduğunu bilirik. Bu günə kimi heç vaxt belə bir problemlə qarşılaşmamışıq. Türk qonaqpərvərliyi hamıya yaxşı məlumdur. O mənzərə bizim ucbatımızdan yaranmayıb. Bu, Avropa Komissiyası ilə Avropa İttifaqı arasındakı rəqabət və mübahisələrdən doğan problemdir. O boyda Avropa İttifaqı bir kresloya görə davam etməməlidir. Öz aralarındakı problemləri Türkiyəyə sirayət etdirməsinlər", - Çavuşoğlu deyib.

Qeyd edək ki, Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula Von der Lyayen Türkiyə səfərindən sonra "qadın olduğum için mənə kreslo vermədilər" – deyə şikayət etmiş və məsələ protokol böhranı səviyyəsinə gəlib çatmışdı.

 

0