Sandcat zirehli avtomobili, arxiv şəkli

Azİz rəhbəri: Azərbaycan dostlarını düzgün seçməlidir

1538
(Yenilənib 18:20 22.04.2021)
Yeganə Salman əmindir ki, İsrail erməni işğalı zamanı, demək olar ki, tamamilə dağıdılmış Qarabağın bərpası işində etibarlı tərəfdaş ola bilər.

BAKI, 22 aprel — Sputnik, Aygül Tağıyeva. İkinci Qarabağ savaşının nəticələrində Azərbaycanın iqtisadi və hərbi gücü həlledici rol oynayıb. Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində Azərbaycan – İsrail (Azİz) Beynəlxalq Assosiasiyasının Azərbaycan mədəniyyət mərkəzinin direktoru Yeganə Salman deyib.

Onun sözlərinə görə, bu gücü qoruyub saxlamaq və daha da artırmaq üçün Azərbaycan dostlarını düzgün seçməli və çətin vaxtlarda sədaqət nümayiş etdirmiş dövlətlərlə dostluğu davam etdirməlidir.

Qurum rəhbərinin qənaətinə görə, İsrail Bakının, o cümlədən Ermənistan SQ tərəfindən işğalı zamanı, demək olar ki, tamamilə dağıdılmış Qarabağın bərpası işində də etibarlı tərəfdaşı ola bilər.

"Bizim ölkələrimiz arasında bir çox sahələrdə qarşılıqlı faydalı münasibətlər ənənəsinin əsası qoyulub və hər iki tərəf üçün bu ənənəni qoruyub saxlamaq sərfəlidir. Çünki bizim bu kövrək dünyada dostluq və qarşılıqlı faydalı əməkdaşlıq kimi məfhumlar xüsusilə böyük qiymət kəsb edir", - deyə Azİz direktoru bildirib.

Salmanın sözlərinə görə, II Qarabağ müharibəsi Azərbaycanı dəstəkləyən hər bir sözün, hər bir jestin, hər bir hərəkətin nə dərəcədə vacib olduğunu göstərib. Həmin dövrdə kimin düz, kimin yanlış mövqedə olması deyil, təəssüf ki, sənin bütün qalan dünyanın gözündə necə görünməyinin daha vacib olduğu aşkara çıxıb.

"Bu, çox vacibdir. Belə ki, parlamentlərin qəbul etdiyi bu və ya digər qərara ictimai rəyin təsiri çox vacibdir. Parlamentarilər isə, məlum olduğu kimi, birbaşa öz seçicilərindən asılıdırlar. Ona görə də belə çıxır ki, kim özünü daha yaxşı və effektiv reklam edə bilirsə, öz həqiqətini təbliğ edə bilir və bununla ətrafdakıların simpatiyası və təəssübkeşliyini öz tərəfinə çəkə bilirsə, düzgün danışan da odur. Əlbəttə, güc də az rol oynamır. Hər halda, İsrail kimi tərəfdaşın etibarlılığına şübhə etmək üçün səbəb yoxdur. Axı İsrail özü də heç "ümumi məhəbbət" obyekti deyil. Lakin bu, artıq başqa mövzudur", - deyə Salman bildirib.

"Mən artıq otuz ilə yaxındır ki, İsraildə yaşayıram və mənim müşahidələrimə görə, bütün bu dövr ərzində İsrail və Azərbaycan arasında müsbət dinamika üstünlük təşkil edib", - deyə agentliyin müsahibi bildirib.

Azİz rəhbəri qeyd edib ki, bütün dövrlərdə ölkələr arasında münasibətlərin inkişafının əsas şərti iqtisadi maraqlar olub. Konkret olaraq İsrail və Azərbaycan arasında isə bu cür maraqlar var. Azərbaycan İsrailə neft nəql edir və ölkənin bu enerji ehtiyatının yarısını ödəyir. Azərbaycan isə, öz növbəsində İsraildən hərbi texnika alır və beləliklə öz ordusunu müharibənin bitməsinə rəğmən Qafqaz regionunda mövcud gərgin vəziyyətlə əlaqədar olaraq vacib olan ən müasir silahlarla təchiz edir.

Salman onu da qeyd edib ki, yarandığı 2007-ci ildən etibarən Azərbaycan – İsrail Beynəlxalq Assosiasiyası (Azİz) İsraildə Azərbaycanın tanıdılması üçün nəhəng iş görüb.

"Nə gizlədək? Burada heç də hamı bizim vətənimizin hətta adını da düz deyə bilmir. Onlar üçün bizi "qafqazlı" adlandırmaq daha rahatdır. Ona görə də Azərbaycanın adı və təbii ki, tarixi, mədəniyyəti, xüsusilə də Azərbaycanın problemləri təkcə İsraildə deyil, düşünürəm ki, dünyanın bir çox ölkələrində az-az insanları maraqlandırır. Xüsusən də söhbət Qarabağ problemindən düşəndə. Onlar bu münaqişə haqqında heç nə bilmirlər, biz izah etməli oluruq və bu zaman problemin mahiyyətinin dərk edilməsi yolunda yeni bir maneə ortaya çıxır. Məsələ bundadır ki, bütün dünyada, xüsusilə də İsraildə müsəlman obrazı terrorizmlə bağlı fikirlər yaradır. İsrail dövləti yarandığı gündən müsəlman ölkələri ilə münaqişə şəraitindədir və inanın ki, müsəlmanların hökmən yəhudilərin düşməni olması barədə stereotipi qırmaq çox çətindir", - deyə Salman bildirib.

Onun sözlərinə görə, eyni zamanda dünyada ümumi qəbul olunmuş erməni obrazı daim təbliğ olunan qondarma genosidlə bağlıdır və bununla əlaqədar olaraq İsraillilərin təsəvvüründə ermənilər haqqında hansısa bədbəxt, yəhudilər kimi müsəlmanlar tərəfindən əziyyət görmüş çox məzlum xalq obrazı möhkəmlənib.

"İndi özünüz düşünün, biz nə qədər işləməliyik ki, şüurlarda bərkimiş bu stereotipi qıra bilməsək belə, heç olmazsa, bizi eşitsinlər və anlasınlar?! 2008-ci ildən etibarən biz daim Xocalı faciəsi ilə bağlı tədbirlər keçiririk və hətta Prezident ormanında "Xocalı-613" adlı tala da salmışıq. Biz 1990-cı ilin yanvar hadisələri ilə bağlı xatirə gecələri, sənədli foto-sərgilər, sənədli filmlərin nümayişini, elmi-praktik konfranslar və digər tədbirlər keçiririk ki, israilliləri Qarabağ münaqişəsinin yaranma səbəbləri və nəticələri ilə tanış edək", - deyə Salman bildirib.

Onun sözlərinə görə, Azİz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsi dövründə də fəal iş aparıb.

"Biz mətbuatda çıxış edir, mitinqlər və onlayn görüşlər keçirərək həmin tədbirlərə İsrail şəhər bələdiyyələrinin nümayəndələrini, siyasətçiləri və ictimai xadimləri dəvət edirdik. Ümumiyyətlə, işimiz həddən artıq çoxdur və əlimizdən gələni edirik ki, İsrail ictimaiyyəti Azərbaycan, onun problemləri və nailiyyətləri barədə məlumatlı olsun", - deyə Salman fikrini yekunlaşdırıb.

1538
Teqlər:
əməkdaşlıq, Qarabağ, Azərbaycan, İsrail

Sahibə Qafarova: "Mina xəritələrinin verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir"

9
Spiker diqqətə çatdırıb ki, Azərbaycan 30 illik işğala son qoyub və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edib.

BAKI, 18 may - Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən Romada səfərdədir.

Milli Məclisin Sədri səfər çərçivəsində mayın 18-də Qustiniani sarayında İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.

İtaliya Senatının Sədri Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətini salamlayaraq İtaliyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. 2018-ci ildə Bakıya səfərini xatırladan M.Kasellati iki ölkə arasında həm hökumətlərarası, həm də parlamentlərarası münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.

İtaliya Senatının Sədri xüsusi olaraq vurğulayıb ki, COVID-19 pandemiyasının dünyadakı təhlükəli fəsadlarına baxmayaraq, İtaliya-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir.

Azərbaycanın sabit və davamlı inkişaf etdiyini vurğulayan M.Kasellati xüsusi olaraq iqtisadiyyat sahəsində əldə olunan nailiyyətləri təqdir edib.

Azərbaycan tərəfindən həyata keçirilən layihələrin, xüsusilə TAP-ın əhəmiyyətini qeyd edən M.Kasellati, bu layihəni Avropaya açılan qapı kimi qiymətləndirib. Senatın Sədri neft və qazla zəngin ölkə olan Azərbaycanda iqtisadiyyatın şaxələndirilmiş formada inkişaf etdiyini və 2018-ci ildə ölkəmizə səfəri zamanı bunun bir daha şahidi olduğunu söyləyib.

M.Kasellati Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun gördüyü işləri xüsusilə alqışladığını bildirib. O, mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, mədəniyyəti xalqlar arasında körpü kimi qiymətləndirib.

Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə və rəsmi səfərə dəvətə görə Senatın Sədrinə təşəkkürünü bildirib, qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Sahibə Qafarova hazırda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirərək, 2018-ci və 2020-ci illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin dinamik inkişafında mühüm rolunu diqqətə çatdırıb.

Milli Məclisin Sədri ölkələrimiz arasında münasibətlərin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolundan söz açıb, 2020-ci ilin İtaliyada “Azərbaycan mədəniyyət ili” elan olunmasının, film festivalları keçirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra parlamentlərarası münasibətlərə toxunan Milli Məclisin Sədri qeyd edib ki, hazırda ölkələrimizin parlamentləri arasında münasibətlər yüksək səviyyədədir, dostluq qrupları arasında əlaqələr qənaətbəxşdir.

44 günlük Vətən müharibəsi barədə danışan Milli Məclisin Sədri Qarabağ münaqişəsinin artıq həll olunduğunu və tarixə çevrildiyini vurğulayıb. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan 30 illik işğala son qoyub və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edib. Hazırda isə Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasını həyata keçirir.

Milli Məclisin Sədri Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı və artıq azad olunmuş torpaqlarımızda törətdiyi dağıntılar, şəhərləri yerlə-yeksan etməsi, mədəni, tarixi abidələri məhv etməsi faktlarını qeyd edib. S.Qafarova Ermənistanın növbəti təxribatını – minalanmış ərazilərin xəritəsini vermək istəmədiyini də diqqətə çatdıraraq bildirib ki, bunun nəticəsində həm mülki şəxslər, həm də hərbçilər həlak olurlar.

Milli Məclisin Sədri qeyd edib ki, beynəlxalq ictimaiyyət bununla bağlı Ermənistana təzyiq göstərməlidir. Çünki minalanmış ərazilərin xəritələrinin verilməməsi, bundan imtina edilməsi beynəlxalq hüququn bütün normalarına görə hərbi cinayətdir.

Söhbət zamanı Sahibə Qafarova ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən danışaraq, Azərbaycanın bu sahədə nümunə olduğunu vurğulayıb.

Ermənistan tərəfindən terrorçuların hərbi əsirlər kimi təqdim olunması cəhdlərinə də toxunan Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycanda hərbi əsirlər yoxdur, bütün hərbi əsirlər təhvil verilib. Azərbaycanda saxlanılan şəxslər isə terrorçulardır, çünki onlar 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə təxribat məqsədilə göndəriliblər.

Söhbət zamanı Milli Məclisin Sədri Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən İtaliya parlamentinin nümayəndələrinə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

 

9
Nikol Paşinyan, arxiv şəkli

Niyə Paşinyana Azərbaycanla sərhəddə gərginlik sərf edir - Rəy

44
(Yenilənib 20:38 18.05.2021)
"Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Sputnik-in studiyasında gündəmdəki suallara cavab verib.

BAKI, 18 may — Sputnik. Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan faktiki olaraq öz seçki kampaniyasının aktiv mərhələsinin startındadır, ona görə də onun Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı KTMT-yə müraciəti sırf siyasi qərardır. "Milli Müdafiə" ("Национальная оборона") jurnalının baş readktoru İqor Korotçenko Sputnik-ə eksklüziv müsahibəsində belə bir bəyanatla çıxış edib.

"Bir tərəfdən, Paşinyan nümayiş etdirmək istəyir ki, erməni maraqlarının keşiyində dayanıb, digər tərəfdən fəal şəkildə ona hücum edən siyasi rəqiblərinin əllərindən onların üstün mövqelərini almaq istəyir", - analitik deyib.

Korotçenko xatırladıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra, o cümlədən Qarabağ üzrə üçtərəfli bəyanatla nəzərdə tutulmuş vacib məsələlərdən biri sərhədlərin demarkasiyasıdır. Onun sözlərinə görə, əsas olaraq SSRİ SQ Baş qərargahının topoqrafik xəritələri götürülür, həmin xəritələrdə Azərbaycan SSR və Ermənistan SSR arasındakı inzibati sərhəddin xətləri kifayət qədər aydın göstərilib.

Ekspert hesab edir ki, bu gün bu proses ətrafında qaldırılmış hay-küy yersiz siyasiləşdirmədir.

Azərbaycanın bu günlərdə keçirdiyi hərbi təlimlərin Ermənistanla sərhəddəki vəziyyətlə əlaqəlidirmi və KTMT XİNŞ-in sabah keçiriləcək iclası baş verənlərə necə təsir edəcək - bu suallara cavab tapmaq üçün Sputnik-in YouTube kanalındakı müsahibəyə baxın.

44

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

36
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

36