Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Avropa İttifaqının canfəşanlığı: ikili standartlar keçmişdə qaldı?

1138
(Yenilənib 17:33 16.04.2021)
Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlərinin Ermənistan tərəfindən də tanınmasını, bu ölkənin reallıqları qəbul edərək Azərbaycanla münasibətlərdə normal yanaşma sərgiləməsini gözləyir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter" hesabındakı paylaşımda Ermənistanla Azərbaycan arasında əməkdaşlıq üçün etimadın formalaşmalı olduğunu yazıb. Aİ-nin xüsusi nümayəndəsi tərəflər arasında inam və etimadın formalaşmasının vacib olduğunu qeyd edib.

Bəs Aİ Azərbaycan və Ermənistan arasında etimadın qurulması üçün hansı işləri görə bilər? Sputnik Azərbaycan Aİ-nin post-müharibə dövründəki rolu ilə bağlı Milli Məclisin deputatı Ramil Həsənin və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.

Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Azərbaycan və Aİ arasında milli maraqlarımıza və beynəlxalq hüquqa söykənən əməkdaşlıq platforması mövcuddur:

“Bizim münasibətlərimiz müxtəlif sahələrdə əməkdaşlıqların qurulması ilə davam etdirilir. Eyni zamanda ikitərəfli münasibətlərimizdə təzadlı yanaşmalar və ikili standartların ortaya çıxdığı məqamlar olub. Avropa İttifaqı Azərbaycan torpaqlarının işğalda olduğu dövrdə və 44 günlük Vətən müharibəsində konkret mövqe sərgiləməyib. Biz ölkəmizə yanaşmada ikili standartlar və qərəzli yanaşmalara şahid olmuşuq.

Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlərinin Ermənistan tərəfindən də tanınmasını, bu ölkənin reallıqları qəbul edərək Azərbaycanla münasibətlərdə normal yanaşma sərgiləməsini gözləyir. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Amma gəlin baxaq görək Ermənistan buna hazırdırmı?! Azərbaycan bölgənin bütün ölkələri ilə sülh və əməkdaşlıq şəraitində mehriban qonşuluq siyasəti yürüdür. Azərbaycanın bu münasibəti qarşılığında Ermənistan tərəfindən sərsəm bəyanatlar verilməkdədir. Bu isə Ermənistan tərəfinin etimada söykənən əməkdaşlığa hazır olmadığını və problemlərin günahkarının bu ölkə olduğunu göstərməkdədir. Əgər normal münasibətlərin qurulmasını arzu edirlərsə, üzlərini Ermənistana tutsunlar və bunu onlardan tələb etsinlər”.

Politoloq Tofiq Abbasov isə deyib ki, münaqişənin davam etdiyi müddətdə və bu günə qədər Avropa İttifaqının oynadığı rol səmərəsizdir: “Bu qurum illərdir gəlişigözəl ifadələrlə Azərbaycanı yola gətirməyə çalışırdı. Uzun illərdir deyirdilər ki, sərhədlərin dəyişilməsi məqbuldur, siz onsuz da Avropa İttifaqının üzvü olacaqsınız. Belə yanaşma həm yanlış, həm də təhlükəli idi. Çünki Avropa İttifaqının rəsmiləri bununla Ermənistanın işğalçı siyasətini qidalandırırdılar. Buna görə də belə bir müstəvidə sağlam əməkdaşlıq qurula bilməzdi. Əgər Aİ sülhün və əməkdaşlığın qurulmasını istəyirsə, ilk növbədə Ermənistanla işləməli, lazım gələrsə, bu ölkəyə təzyiq mexanizmlərini işə salmalıdır. Biz post-müharibə dövrünü yaşayırıq və görürük ki, Ermənistan daxilindəki siyasi qüvvələr və qruplar Azərbaycana qarşı təxribatlarını qüvvədə saxlayırlar. Belə bir şəraitdə hansısa etimaddan danışmaq olmaz. Müharibə bitib, amma məğlub ölkə tərəfindən təxribatlar başa çatmır. Əminəm ki, Ermənistan tərəfindəki revanşist meyillər, təxribat planları Aİ-nin nümayəndələrinə də bəllidir. Amma onlar özlərini elə göstərirlər ki, sanki bütün bunlardan xəbərsizdirlər”.

“Əgər sülhə hazırlıqdan danışırıqsa, Aİ Ermənistana real situasiyanı anlatmalı və status-kvonun dəyişdiyini izah etməlidir. Ermənistan da anlamalıdır ki, hazırkı status-kvo bir daha onların xeyrinə dəyişilməyəcək. Heç bir havadar qüvvə bu vəziyyəti onların xeyrinə dəyişə bilməyəcək. Çünki Azərbaycan haqq işini başa çatdıraraq, torpaqların gerçək sahibinin özü olduğunu bütün dünyaya göstərdi.

Əgər bizim etimadımızı qazanmaq istəyirlərsə, mina xəritələrini Azərbaycana təqdim etsinlər. Bunu etsələr, əməli işlərə başlamaq üçün mühit yaranmış olacaq. Bu olmasa, hansısa sülhdən, ona hazırlıqdan söhbət gedə bilməz”, – deyə T.Abbasov bildirib.

1138
Teqlər:
ikili standartlar, münasibətlər, münasibət, Ermənistan, Azərbaycan, Avropa İttifaqı

Ceyhun Bayramov Yerevanın sərhəddəki vəziyyətlə bağlı KTMT-yə müraciətinə cavab verdi

93
(Yenilənib 18:25 15.05.2021)
Sərhəddəki son gərginliklə bağlı AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəfin sərhədçiləri ilə danışıqların aparıldığı bildirilib.

BAKI, 15 may - Sputnik. Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı baş tutub.

Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı həmkarına məlumat verərək, Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyini və bu prosesin adi rejimdə və sistematik qaydada icra edildiyini qeyd edib.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri ilə bağlı, bundan öncə də bəzi narazılıqların olduğu, lakin onların üçtərəfli bəyanatı imzalayan tərəflərin iştirakı ilə danışıqlar yolu ilə həll edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Sərhəddəki son gərginliklə bağlı AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəfin sərhədçiləri ilə danışıqların aparıldığı bildirilib.

Nazir Ceyhun Bayramov Ermənistanın bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin heç bir əsasının olmadığını və bunun Ermənistan rəhbər dairələri tərəfindən məsələnin siyasiləşdirmək cəhdindən başqa bir şey olmadığını KTMT-ya hazırda sədrlik edən Tacikistanın xarici işlər nazirinin diqqətinə çatdırıb.

Nazir Ceyhun Bayramov bu kimi gərginliklərin siyasi və danışıqlar yolu ilə həll ediıməli olduğunu vurğulayıb.

93

İlham Əliyev: Siz o kilsələrə gedəcəksiniz

14
(Yenilənib 17:33 15.05.2021)
Azərbaycan Prezidenti: "Biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir".

BAKI, 15 may - Sputnik. “Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz”.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olarkən deyib.

Dövlət başçısı bildirib ki, Laçındakı Ağoğlan kilsəsinə səfərlər bundan sonra da davam edəcək.

“Çünki bu, böyük bir tarixi irsdir, bizim mirasımızdır. Bu günlərdə Şuşada “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış etmişlər və orada sizdən olan nümayəndə də var idi. Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş “Xarıbülbül” festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva mayın 15-də Qəbələ rayonuna səfər ediblər. Onlar Qəbələnin Nic qəsəbəsində 1 saylı orta məktəbdə, Müqəddəs Məryəm Ana Alban kilsəsində və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar.

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva kilsədə şam yandırıblar.

Həmçinin oxuyun:

İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva kilsədə şam yandırdılar

Prezident və ailə üzvləri Qəbələdə: Nicdəki Alban kilsəsini də ziyarət ediblər

14

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

0
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

0
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava