İlham Əliyevlə Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş olub

1222
(Yenilənib 22:58 13.04.2021)
Belarus liderinin ikigünlük proqramı olduqca zəngindir. Aleksandr Lukaşenkonun İlham Əliyevlə iki görüş keçirməsi planlaşdırılıb.

BAKI, 13 aprel - Sputnik. Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Qeyd edək ki, Lukaşenko Bakıya bu gün gəlib. 

Belarus liderinin ikigünlük proqramı olduqca zəngindir. Belə ki, Aleksandr Lukaşenkonun İlham Əliyevlə iki görüş keçirməsi planlaşdırılıb. 

İlk görüş Lukaşenkonun Bakıya gəlişindən dərhal sonra baş tutub. Qeyri-formal görüşdə Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər. 

İkinci danışıqların rəsmi hissəsi çərşənbə günü planlaşdırılır. Görüş həm məhdud tərkibdə, həm də geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək. Tərəflər ticari-iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə xüsusi diqqət ayıracaq.

Tərəflərin danışıqların yekununa dair bir sıra sənədləri imzalayacağı gözlənilir.

1222
Ramil Usubov, arxiv şəkli

Keçmiş nazir 10 noyabr bəyanatından danışdı: "Narahatlığa əsas yoxdur"

7
"Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır".

BAKI, 6 may — Sputnik. "Bütün proses nəyi, necə və nə vaxt edəcəyini dəqiq bilən Prezidentin nəzarəti altındadır. Demək, narahatlığa əsas yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində 10 noyabr Bəyanatının müddəalarının icrasına münasibət bildirərkən deyib.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, Bəyanatın imzalanmasından artıq 6 ay ötür: "Bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir. Prezidentimizin azad edilmiş ərazilərdəki davamlı təhlükəsizliyin təmini ilə bağlı müəyyənləşdirdiyi fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır. Azərbaycan, Rusiya, Türkiyə prezidentləri arasında bu məsələ ilə bağlı mövcud olan operativ və səmərəli əməkdaşlıq formatı Ağdamdakı monitorinq mərkəzinin fəaliyyətində də davam edir. Lakin görüləcək işlər çoxdur. Vətəndaşlarımız, eləcə də bu vəziyyətə həssaslıqla yanaşan xarici ölkə ictimaiyyəti də tam əmin olsunlar ki, cənab İlham Əliyevin dəmir yumruğu, qətiyyəti bu prosesdə də özünü göstərir. Azərbaycanın milli maraqlarının bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur".

"10 noyabr Bəyanatının 9 müddəası var. Azərbaycan imzasına, üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır. Biz öz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də rifahına töhfə verməyə hazırıq. Prezident İlham Əliyevin unikal liderlik keyfiyyətlərindən biri də məhz budur", - Ramil Usubov bildirib.

7
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var - Qaribaşvili

20
(Yenilənib 22:11 05.05.2021)
"Bu gün Prezident İlham Əliyev ilə tarixi layihələr barədə danışdıq. Bu layihələr əlaqələrimizin inkişafına böyük töhfələr verir" - Gürcüstanın Baş naziri.

BAKI, 5 may - Sputnik. "Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün isə münasibətlərimiz strateji tərəfdaşlığa çevrilib".

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mayın 5-də keçirilən görüşdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov deyib.

Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycanın və Gürcüstanın birgə fəaliyyət göstərdikləri meqalayihələr regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Cənub Qaz Dəhlizi və TAP layihələri çərçivəsində əməkdaşlığımızı yüksək qiymətləndirən Əli Əsədov qeyd edib ki, Azərbaycan Gürcüstan ilə əlaqələrə böyük önəm verir. “Bu gün siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əlaqələrimiz inkişaf edir. İnanırıq ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək. Bir sıra sahələrdə əlaqələrin daha da genişlənməsi üçün böyük potensial var”, - deyə Baş nazir Əli Əsədov əlavə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərindən böyük şərəf duyduğunu qeyd edərək deyib: “Azərbaycan ilə sıx əlaqələrimiz var. Bu gün Prezident İlham Əliyev ilə tarixi layihələr barədə danışdıq. Bu layihələr əlaqələrimizin inkişafına böyük töhfələr verir. Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var”.

20
Teqlər:
baş nazir, Azərbaycan, Gürcüstan
Xəzər dənizinin sahilində ölü suiti, arxiv şəkli

Xəzər sahilində 150-dən çox suiti cəsədi aşkar olunub

0
Son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub.

BAKI, 6 may — Sputnik. İki gün ərzində alimlər Xəzər dənizi sahilində 150-dən çox suiti cəsədi aşkar ediblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hələ ki, Xəzər suitilərinin kütləvi qırılmasının səbəbləri məlum deyil.

"Birinci gün təqribən 30 ölü suiti aşkar edilib. Onlar əsasən cavan fərdlər idi və onların da əksəriyyəti dərisiz idi. İkinci gün isə biz başqa mənzərənin şahidi olduq, daha 125 suiti cəsədi aşkar etdik. Onların arasında yaşlı heyvanlar da var. Dəhşətli mənzərədir, hər 50-100 metrdən bir heyvan cəsədi var", - deyə "Dəniz məməliləri" elmi-ekspedisiya mərkəzinin təbiəti mühafizə layihələrinin əlaqələndiricisi Viktor Nikiforov bildirib.

Onun sözlərinə görə, hazırda heyvanların ölümünün dəqiq səbəbini müəyyən etmək mümkün deyil.

"Balıqçılıq, iqlimin çirklənməsi və başqa səbəblər ola bilər. Hazırda ən vacib məsələ suiti populyasiyasının ilboyu monitorinqinin təşkilidir və biz də, tərəfdaşlarımız da buna çalışırıq", - deyə Nikiforov vurğulayıb.

Əlaqələndirici onu da deyib ki, vəziyyət elə miqyas alıb ki, ölən heyvanların sayı arta da bilər, lakin bunu dəqiq demək olmaz.

2020-ci ilin dekabr ayında Xəzər dənizinin Dağıstan sahillərində 300-dən çox ölü suitinin aşkar olunduğu barədə xəbər yayılıb. Alimlərin qənaətinə görə, heyvanların qırılmasının əsas səbəbi təbii təbiət amilləri olub.

Qeyd edək ki, son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub. 2016-cı ilin noyabrında Xəzər dənizində baş verən uzun sürən davamlı fırtınalardan sonra Dağıstan sahillərində suiti cəsədləri aşkar olunub. Həmin hadisə zamanı müxtəlif yaşlı 300 suiti cəsədi aşkar olunub. Heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbi o zaman da müəyyən olunmayıb.

Xəzər suitisi (Pusa caspica Gmelin) Xəzər dənizində yaşayan yeganə məməlidir və dünyada ən kiçik qulaqsız suiti növlərindən biridir. O, yem zəncirinin başında dayanaraq həm də hövzənin ekoloji vəziyyətinin önəmli göstəricisi rolunu oynayır. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox olub. Növbəti yüz il ərzində tənzimlənməyən ov, çirklənmə və digər səbəblərdən rəqəm xeyli azalaraq 1996-cı ildə "IUCN" adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı siyahı"sına vəziyyəti "zəif" statusu ilə daxil olub.

 

0