Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq adlı konfransda

İlham Əliyev: "Ermənistan Azərbaycanın addımlarını qiymətləndirmir"

57
(Yenilənib 10:48 13.04.2021)
"Biz indi də Rusiya sülhməramlıları ilə birgə bu axtarış əməliyyatlarında iştirak edirik. Mən sizə deyə bilərəm ki, birinci Qarabağ müharibəsində bizim dörd minə yaxın Azərbaycan hərbçisi itkin düşüb. Onlardan heç biri geri qaytarılmayıb. Onlardan heç biri".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Ermənistan Azərbaycanın addımlarını qiymətləndirmir. Bu, hadisələrin çox uğursuz inkişafının göstəricisidir. Əgər biz postmünaqişə dövründən danışırıqsa, biz gələcək barışığa gətirəcək elementlərə diqqət ayırmalıyıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.

"Biz 1500-dən çox Ermənistan əsgərinin cəsədini qaytarmışıq. Biz indi də Rusiya sülhməramlıları ilə birgə bu axtarış əməliyyatlarında iştirak edirik. Mən sizə deyə bilərəm ki, Birinci Qarabağ müharibəsində bizim dörd minə yaxın Azərbaycan hərbçisi itkin düşüb. Onlardan heç biri geri qaytarılmayıb. Onlardan heç biri. Bax, fərq bundadır.

Biz Rusiya sülhməramlılarına öz dəmiryolu vasitələrimizlə logistik dəstək veririk. Onlar öz vasitələrini dəmiryolu vasitəsilə Bərdəyə gətirirlər ki, bu da Yerevana uçub, oradan da 5-6 saat Laçın dəhlizi ilə getməkdən daha asan və ucuzdur. Mən digər elementləri də nümunə gətirə bilərəm. Biz Rusiyanın "Qazprom" şirkətinə maye qazı Azərbaycan ərazisindən Ermənistana nəql etməyə icazə verdik. Çünki Rusiya ərazisində təmir işləri aparılırdı. Biz yox deyə bilərdik. Lakin biz hə dedik.

Bu başqa bir göstərici, başqa bir jestdir. Biz Ermənistana bizim Zəngilan, Qubadlı rayonlarımızdan keçən 21 kilometrlik yolu istifadə etməyə imkan verdik. Biz buna icazə verdik, blok etmədik. Onlar bizə müharibə zamanı işğal etdikləri ərazilərə bir metr yaxınlaşamağa imkan verdilər? Yox. Bütün bunlar birtərəfli addımlardır. Bu, sadəcə jest deyil, bu müharibə səhifəsini çevirmək üçün düşünülmüş siyasətdir. Açılış nitqimdə dediyim kimi, biz heç nəyi unutmayacağıq, lakin eyni zamanda biz gələcəyə də baxmalıyıq", - deyə İlham Əliyev bildirib.

57
Teqlər:
Qarabağ, sülhməramlı, Rusiya, Ermənistan, Azərbaycan, İlham Əliyev
Ramil Usubov, arxiv şəkli

Keçmiş nazir 10 noyabr bəyanatından danışdı: "Narahatlığa əsas yoxdur"

7
"Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır".

BAKI, 6 may — Sputnik. "Bütün proses nəyi, necə və nə vaxt edəcəyini dəqiq bilən Prezidentin nəzarəti altındadır. Demək, narahatlığa əsas yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində 10 noyabr Bəyanatının müddəalarının icrasına münasibət bildirərkən deyib.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, Bəyanatın imzalanmasından artıq 6 ay ötür: "Bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir. Prezidentimizin azad edilmiş ərazilərdəki davamlı təhlükəsizliyin təmini ilə bağlı müəyyənləşdirdiyi fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır. Azərbaycan, Rusiya, Türkiyə prezidentləri arasında bu məsələ ilə bağlı mövcud olan operativ və səmərəli əməkdaşlıq formatı Ağdamdakı monitorinq mərkəzinin fəaliyyətində də davam edir. Lakin görüləcək işlər çoxdur. Vətəndaşlarımız, eləcə də bu vəziyyətə həssaslıqla yanaşan xarici ölkə ictimaiyyəti də tam əmin olsunlar ki, cənab İlham Əliyevin dəmir yumruğu, qətiyyəti bu prosesdə də özünü göstərir. Azərbaycanın milli maraqlarının bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur".

"10 noyabr Bəyanatının 9 müddəası var. Azərbaycan imzasına, üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır. Biz öz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də rifahına töhfə verməyə hazırıq. Prezident İlham Əliyevin unikal liderlik keyfiyyətlərindən biri də məhz budur", - Ramil Usubov bildirib.

7
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var - Qaribaşvili

20
(Yenilənib 22:11 05.05.2021)
"Bu gün Prezident İlham Əliyev ilə tarixi layihələr barədə danışdıq. Bu layihələr əlaqələrimizin inkişafına böyük töhfələr verir" - Gürcüstanın Baş naziri.

BAKI, 5 may - Sputnik. "Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün isə münasibətlərimiz strateji tərəfdaşlığa çevrilib".

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mayın 5-də keçirilən görüşdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov deyib.

Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycanın və Gürcüstanın birgə fəaliyyət göstərdikləri meqalayihələr regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Cənub Qaz Dəhlizi və TAP layihələri çərçivəsində əməkdaşlığımızı yüksək qiymətləndirən Əli Əsədov qeyd edib ki, Azərbaycan Gürcüstan ilə əlaqələrə böyük önəm verir. “Bu gün siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əlaqələrimiz inkişaf edir. İnanırıq ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək. Bir sıra sahələrdə əlaqələrin daha da genişlənməsi üçün böyük potensial var”, - deyə Baş nazir Əli Əsədov əlavə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərindən böyük şərəf duyduğunu qeyd edərək deyib: “Azərbaycan ilə sıx əlaqələrimiz var. Bu gün Prezident İlham Əliyev ilə tarixi layihələr barədə danışdıq. Bu layihələr əlaqələrimizin inkişafına böyük töhfələr verir. Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var”.

20
Teqlər:
baş nazir, Azərbaycan, Gürcüstan
Yerevan mənzərəsi, arxiv şəkli

Rusiyalı veteranlar Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edir

0
Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

BAKI, 6 may — Sputnik. Rusiyalı veteranlar erməni Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Moskva vilayətindəki Dolqprudnı Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları İctimai Birliyi Njdenin abidəsinin qoyulmasını "faşizm tərəfdarlarının vəsfi" olduğunu bəyan edib.

Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

Veteranlar məsələ ilə bağlı Rusiya xarici işlər və müdafiə nazirliklərinə müraciət ünvanlayıblar və bunu heykəlin olduğu ərazinin rusiyalı sülhməramlıların məsuliyyət daşıdığı ərazidə olması ilə əsaslandırıblar.

Mayın 4-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizlik şurasının katibi Vitali Balasanyan da heykəlin sökülməsinin tərəfdarı olduğunu bildirib. Lakin yerli "deputat"lardan imtina cavabı alıb.

"Əgər aydın səbəb, aydın şərt yoxdursa, biz abidəni sökməyəcəyik", - deyə "Martuni" rayonunun Ağsaqqallar şurasının üzvü Artak Mkrtçyan bildirib.

Xatırladaq ki, Njdenin abidəsi Azərbaycanın Xocavənd rayonunda 2021-ci ilin yanvarında, müharibə zonasında rusiyalı sülhməramlıların xidmətə başlamasından sonra quraşdırılıb.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.

 

0