Azərbaycanı tərk edən səfirə prezidentdən xoş sözlər: "Ürəyimizdə yeriniz var" - FOTO

11
Prezident İlham Əliyev Azərbaycanda fəaliyyəti başa çatan Türkiyə səfiri Erkan Özoralın işini yüksək qiymətləndirib və onu "Dostluq" ordeni ilə təltif edib.

BAKI, 10 aprel — Sputnik. "Hörmətli cənab səfir, sizin fəaliyyət müddətiniz başa çatır, siz Türkiyəyə qayıdırsınız. İlk növbədə, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirmək istəyirəm. Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edərkən söyləyib.

Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyinin özünü təsdiq etdini deyən dövlət başçısı qeyd edib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaq, bizim qəlbimizdə yaşayacaq:

"Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi.

Bizim əlaqələrimiz çoxşaxəlidir. Siz burada fəaliyyət göstərən səfir kimi, əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni, daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Sizin buradakı fəaliyyətiniz həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır. Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz.

Bütün bunları nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilmisiniz və istərdim ki, bu yüksək mükafatı sizə təqdim edim".

Prezident İlham Əliyev “Dostluq” ordenini səfir Erkan Özorala təqdim edib.

"Cənab Prezident, məni bu şərəfə layiq bildiyiniz üçün Sizə çox təşəkkür etmək istəyirəm, minnətdarlığımı bildirirəm. Siz də dediyiniz kimi, mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım. İkisi də mənim Vətənimdir, birinci Vətənim, ikinci Vətənim deyil. İkisi də eyni dərəcədə Vətənimdir. Ankara mənim üçün nə qədər əzizdirsə, Bakı da eynidir mənim üçün. Bu sevginin nəticəsi odur ki, özümü çox bəxtiyar hiss edirəm. Çünki Azərbaycana gəlmiş və gələcək bütün türk səfirləri içində ən gözəl anlara şahidlik edən səfir mən oldum. Bu Vətən müharibəsinə şahidlik etmək mənim üçün çox böyük xoşbəxtlik oldu. Özümü fərqli hiss edirəm.

Mən burada Türkiyə ilə Azərbaycanın bir-birinə daha da yaxınlaşması üçün vəzifəmi yerinə yetirdim. Xalqlarımızın bir-birinə yaxınlaşması üçün çalışdım. Amma bu işi görməyə imkanı təmin edən Sizlər, cənab Prezidentlərimiz bizim üçün açdığınız yol oldu. Bunları onun sayəsində edə bildik. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə bütün qurumlardan, rəsmi şəxslərdən bütün səviyyələrdə başda Siz olmaqla hər zaman dəstək aldım. Hamınıza ayrıca təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqına Sizin şəxsinizdə minnətdarlığımı çatdırmaq istəyirəm. Hər zaman qardaşlığımızı hiss etdim, getdiyim hər yerdə ona şahid oldum. İnşallah, Türkiyə ilə Azərbaycan bundan sonra daha da bir-birinə yaxın olacaq. Çünki Sizin də söylədiyiniz kimi biz birlikdə güclüyük. Çox təşəkkür edirəm, çox sağ olun.", - Erkan Özoral söyləyib.

11
Teqlər:
Prezident İlham Əliyev, Erkan Özoral, Dostluq” ordeni, səfir, Azərbaycan, Türkiyə
Entoni Blinken, arxiv şəkli

Entoni Blinken: "ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir"

9
(Yenilənib 19:45 07.05.2021)
ABŞ mediası Co Bayden administrasiyasının Rusiyaya rəsmi səfər etmədən öncə Blinkenin Ukraynaya göndərilməsinin önəmli məqam olduğundan yazıb.

BAKI, 7 may — Sputnik. ABŞ-ın dövlət katibi Entoni Blinken Ukrayna səfərinin çox məhsuldar keçdiyini bildirərək, "ABŞ-ın Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı mövqeyi birmənalıdır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir" – deyib.

Sputnik Azərbaycan-ın "CNN Türk"-ə istinadla yaydığı xəbərə görə, Blinken bu barədə sosial media hesabında paylaşım edib.

Dünən Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşən dövlət katibi qeyd edib: "Kiyevdə prezident Zelenski və tanış olduğum digər şəxslərlə çox məhsuldar vaxt keçirdim. ABŞ-ın Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı mövqeyi birmənalıdır və Ukraynanın suveren, demokratik və firavan gələcəyini təmin etmək üçün lazım olan islahatlara dəstək verir".

Digər tərəfdən, ABŞ mediası Co Bayden administrasiyasının Rusiyaya rəsmi səfər etmədən öncə Blinkenin Ukraynaya səfər etməsinin önəmli məqam olduğunu yazıb. Yerli qəzetlərdə "Prezident Co Baydenin Blinkeni Kiyevə göndərməsi Ukraynanın ABŞ xarici siyasətində əhəmiyyətli yerə sahib olduğunu göstərir" - şəklində xəbərlər yer alıb.

9
Vladimir Putin və Co Bayden arasında görüş, 2011-ci il

Bayden Putinin görüşü: Bakının şansı qədərdir?

1584
Əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.

BAKI, 7 may — Sputnik. ABŞ və Rusiya Prezidentləri Co BaydenVladimir Putin Azərbaycanın paytaxtı Bakıda görüşə bilər. Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq rəsmi şəxsləri bildiriblər.

Bu ilin aprelində Çexiya Baş nazirinin birinci müavini (həmin vaxt Çexiya XİN-in səlahiyyətlərini icra edirdi) Yan Qamaçek bildirib ki, bu ölkənin Moskva və Vaşinqtondakı səfirlərinə Rusiya – ABŞ sammitinin Praqada keçirilməsini təklif etməyi tapşırıb. Bu bəyanat Çexiya və Rusiya arasında diplomatik böhran baş verməmişdən qabaq səsləndirilib.

ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri bəyan ediblər ki, hər iki prezidentin görüşü Çexiya paytaxtı Praqa, İslandiya paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycan paytaxtı Bakıda da keçirilə bilər.

Nəşr qeyd edir ki, Bakının görüş yeri kimi seçilməsi də gəzinti kimi bir şey olardı, xüsusilə ABŞ tərəfi üçün. Azərbaycanın həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələri olmasına baxmayaraq, bu, qeyri-standart seçim olardı. Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri: Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

"Politico" yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: "Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən "erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".

Bakının üstünlükləri 
Sözsüz ki, əgər bu görüş həqiqətən baş tutacaqsa, tərəflər onun harada keçirilməsi barədə qərarı özləri verəcəklər. Lakin biz, “Politico”dan fərqli olaraq, Bakını görüşün keçirilmə ehtimalı olan yerlər siyahısından silmirik.
Birincisi, ona görə ki, elə bu günlərdə ABŞ prezidentinin administrasiyası “Azadlığa dəstək aktı”na 907-cü düzəlişin dayandırılması müddətini uzadıb. Beləliklə, Bayden Azərbaycana birbaşa yardım etməyə icazə verib.
Özü də bu barədə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə şəxsən telefonla məlumat verib ki, bu da Amerika tərəfinin Bakı ilə münasibətlər qurmaq niyyətindən xəbər verir.
İkincisi, Azərbaycan paytaxtı artıq neçə illərdir ki, ciddi beynəlxalq tədbirlərə ev sahibliyi edir, həmçinin ABŞ və Rusiyadan olan yüksək mənsəb sahiblərinin görüşləri üçün şərait yaradır.


Belə ki, 2017-ci ildə Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov və NATO Hərbi komitəsinin rəhbəri Petr Pavel arasında görüş olub. Daha sonra, 2018-ci ildə Gerasimov iki dəfə Bakıda NATO birləşmiş qüvvələrinin ali baş komandanı Kertis Skaparotti ilə görüşüb. 2019-cu ildə isə Gerasimov bir daha Bakıya gələrək burada NATO Hərbi komitəsinin sədri ilə görüşüb.
2020-ci ilin fevralında, pandemiya ərəfəsində Azərbaycan paytaxtında rusiyalı generalın NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı Tod Uolterslə danışıqları da keçirilib.
Bütün hallarda danışıqlar yüksək səviyyədə keçirilib və tərəflər Azərbaycan hakimiyyətinə tədbirlərin keçirilməsi üçün şərait yaratdığına görə minnətdarlıq ifadə ediblər.
Odur ki, əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.
Həm də ki, hazırda Bakı, bir çox Avropa paytaxtlarından fərqli olaraq, pandemiyadan sonra özünə gəlməyə başlayır. Şəhərdə faktiki olaraq heç bir məhdudiyyət yoxdur və baxmalı yerlər də var. Məsələn, dünyada yeganə olan “Suraxanı tanker-muzeyi”, İçəri Şəhərin Qoşa Qala qapısı yanındakı köhnə hamam, Hərbi Qənimətlər Parkı.

Eləcə də oxuyun: 

* Bayden Azərbaycana hərbi yardıma niyə icazə verir – politoloq şərhi

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

* Gerasimov Bakıda - NATO ilə təkbətək

 

1584
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0