Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidentini qəbul edib

İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidentini qəbul edib

29
(Yenilənib 13:00 09.04.2021)
Bir daha Azərbaycana gəldiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, siz bu yaxınlarda Türkiyəyə, Vətəninizə səfər etmisiniz və Azərbaycana, yenə də Vətəninizə səfər edirsiniz.

BAKI, 9 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, Volkan Bozkırı salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz. Sizinlə dəfələrlə görüşmüşdük, Bakıda siz dəfələrlə olmusunuz. Amma bu dəfə BMT Baş Assambleyasının prezidenti kimi səfər edirsiniz. Çox gözəl hadisədir. Şadam ki, Azərbaycana səfər edirsiniz. Bildirməliyəm, biz fəxr edirik ki, qardaş ölkənin nümayəndəsi BMT Baş Məclisinin prezidentidir. Bilirəm ki, COVID-ə baxmayaraq, 75-ci sessiya uğurla davam edir və burada sizin böyük səyləriniz vardır.

Eyni zamanda, bizə göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Bilirsiniz ki, biz COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış etdik. Türk Şurasının Zirvə görüşünü, Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirdik və COVID-lə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə də nail olduq və sizin də böyük dəstəyiniz oldu. Hesab edirəm, ondan sonrakı hadisələr göstərdi ki, doğrudan da bu, indi gündəlikdə duran önəmli məsələlərdən biridir. Çünki vaksin millətçiliyi, vaksinlərin ədalətsiz bölüşdürülməsi bu gün artıq dünya gündəmini zəbt edən bir məsələdir. Azərbaycan ilk ölkələrdən idi ki, bu məsələni açıb qaldırdı. Bu gün biz çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq. Eyni zamanda, COVID dönəmində biz 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərmişik və bu fəaliyyəti davam etdirmək əzmindəyik.

BMT qurumları ilə bizim ənənəvi sıx əlaqələrimiz olubdur və bu əlaqələr davam edir. Müharibədən sonrakı dövr ərzində təmaslar daha fəal olub və bu təmaslar davam etdiriləcək və əlbəttə ki, bundan sonra BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır. Mən dəfələrlə bildirmişdim ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdır. İndi isə yeni dövr başlayıb - quruculuq dövrü, bərpa dövrü. Artıq buna da start verilmişdir və BMT-nin bütün qurumları ilə, o cümlədən biz artıq UNESCO ilə sıx təmasdayıq. UNESCO ilə gedən müzakirələr əsnasında missiyanın göndərilməsi nəzərdə tutulur. Əslində biz münaqişə dövründə dəfələrlə UNESCO-ya müraciət etmişdik ki, faktaraşdırıcı missiyanı işğal edilmiş bölgələrə göndərsin. Çünki bizdə olan məlumata görə, orada bizim tarixi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır və biz istəyirdik ki, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə bilavasitə məşğul olan UNESCO gəlsin və bunu təsdiq etsin. Əfsuslar olsun münaqişə dövründə bu təklifimiz cavabsız qalmışdır, ancaq münaqişədən sonra indi missiyanın göndərilməsi gözlənilir. Biz bunu alqışlayırıq. Çünki azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır. Nə qədər çox beynəlxalq təşkilatlar bunu öz gözləri ilə görsələr, münaqişə ilə bağlı, Ermənistanın işğalı ilə bağlı dünya birliyində təsəvvür o qədər də daha geniş olar.

Bir sözlə, hörmətli Volkan bəy, biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Bir daha Azərbaycana gəldiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, siz bu yaxınlarda Türkiyəyə, Vətəninizə səfər etmisiniz və Azərbaycana, yenə də Vətəninizə səfər edirsiniz.

BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır dedi: - Hörmətli cənab Prezident.

Həqiqətən də Azərbaycana BMT Baş Assambleyasının sədri olaraq ilk səfərimi etməkdən böyük məmnunluq və qürur duyuram. Azərbaycan BMT üçün çox önəmli bir ölkədir. Zati-alinizin pandemiya dövründə rəhbərlik etdiyi BMT-nin xüsusi sessiyası həqiqətən tam zamanında və son dərəcə önəmli nəticələr ortaya qoyan bir toplantı oldu. Sizin aylarla sürən səyləriniz, əslində, mənə sədrlik etmək qürurunu bəxş etdi və bu baxımdan Sizə təşəkkür borcluyam.

Həmçinin Qoşulmama Hərəkatına sədrliyi son dərəcə müvəffəqiyyətlə həyata keçirirsiniz. Bu, BMT üçün çox önəmli bir təşkilatdır və onun sədri olmaq da xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan fəaliyyətinizə görə Sizə təşəkkür etmək məqsədilə gəldim.

BMT Baş Assambleyasının bir türk sədri olaraq da Azərbaycana gəlmək mənim üçün xüsusi bir xoşbəxtlik və qürur mənbəyidir. Bəhs etdiyiniz bütün məsələləri həqiqətən Nyu-Yorkdan diqqətlə izləyirik.

29
Ramil Usubov, arxiv şəkli

Keçmiş nazir 10 noyabr bəyanatından danışdı: "Narahatlığa əsas yoxdur"

7
"Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır".

BAKI, 6 may — Sputnik. "Bütün proses nəyi, necə və nə vaxt edəcəyini dəqiq bilən Prezidentin nəzarəti altındadır. Demək, narahatlığa əsas yoxdur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində 10 noyabr Bəyanatının müddəalarının icrasına münasibət bildirərkən deyib.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, Bəyanatın imzalanmasından artıq 6 ay ötür: "Bütün prosesin mükəmməl getdiyini demək hələ tezdir. Prezidentimizin azad edilmiş ərazilərdəki davamlı təhlükəsizliyin təmini ilə bağlı müəyyənləşdirdiyi fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır. Azərbaycan ərazidə dünyanın ən mükəmməl nümunələrindən olan hərbi infrastrukturunu, obyektlərini yaradır. Azərbaycan, Rusiya, Türkiyə prezidentləri arasında bu məsələ ilə bağlı mövcud olan operativ və səmərəli əməkdaşlıq formatı Ağdamdakı monitorinq mərkəzinin fəaliyyətində də davam edir. Lakin görüləcək işlər çoxdur. Vətəndaşlarımız, eləcə də bu vəziyyətə həssaslıqla yanaşan xarici ölkə ictimaiyyəti də tam əmin olsunlar ki, cənab İlham Əliyevin dəmir yumruğu, qətiyyəti bu prosesdə də özünü göstərir. Azərbaycanın milli maraqlarının bir zərrəsi də nə güzəştə gedilir, nə də gözardına qoyulur".

"10 noyabr Bəyanatının 9 müddəası var. Azərbaycan imzasına, üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Cənab Prezidentin daim toxunduğu bir məqam var - bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır. Biz öz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də rifahına töhfə verməyə hazırıq. Prezident İlham Əliyevin unikal liderlik keyfiyyətlərindən biri də məhz budur", - Ramil Usubov bildirib.

7
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili

Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var - Qaribaşvili

20
(Yenilənib 22:11 05.05.2021)
"Bu gün Prezident İlham Əliyev ilə tarixi layihələr barədə danışdıq. Bu layihələr əlaqələrimizin inkişafına böyük töhfələr verir" - Gürcüstanın Baş naziri.

BAKI, 5 may - Sputnik. "Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün isə münasibətlərimiz strateji tərəfdaşlığa çevrilib".

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mayın 5-də keçirilən görüşdə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov deyib.

Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycanın və Gürcüstanın birgə fəaliyyət göstərdikləri meqalayihələr regionun və Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Cənub Qaz Dəhlizi və TAP layihələri çərçivəsində əməkdaşlığımızı yüksək qiymətləndirən Əli Əsədov qeyd edib ki, Azərbaycan Gürcüstan ilə əlaqələrə böyük önəm verir. “Bu gün siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əlaqələrimiz inkişaf edir. İnanırıq ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək. Bir sıra sahələrdə əlaqələrin daha da genişlənməsi üçün böyük potensial var”, - deyə Baş nazir Əli Əsədov əlavə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycana səfərindən böyük şərəf duyduğunu qeyd edərək deyib: “Azərbaycan ilə sıx əlaqələrimiz var. Bu gün Prezident İlham Əliyev ilə tarixi layihələr barədə danışdıq. Bu layihələr əlaqələrimizin inkişafına böyük töhfələr verir. Bizim bəxtimiz gətirib ki, Azərbaycan kimi qonşumuz var”.

20
Teqlər:
baş nazir, Azərbaycan, Gürcüstan
Əkin sahəsini suvarılması, arxiv şəkli

Prezident Meliorasiya Su Təsərrüfatı ASC-yə vəsait ayırdı

0
(Yenilənib 15:42 06.05.2021)
Prezident İlham Əliyevin sərəncamı əsasında 26 ədəd subartezian quyusunun qazılacağı yerlərin siyahısı da açıqlanıb.

BAKI, 6 may — Sputnik. Prezident İlham Əliyev bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

26 ədəd subartezian quyusunun qazılacağı yerlərin siyahısı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz:

https://azertag.az/xeber/Bir_sira_seher_ve_rayonlarda_ekin_sahelerinin_suvarma_suyu_ile_teminatinin_yaxsilasdirilmasina_ve_ehalinin_ichmeli_suya_telebatinin_odenilmesine_dair_elave_tedbirler_haqqinda__Azerbaycan_Respublikasi_Prezidentinin_Serencami-1774821

0