Əliyev: "Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür"

16
(Yenilənib 21:48 08.04.2021)
"Biz İslam dünyasından olan qardaşlarımızın gəlib onların bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməsini istəyirik" - Azərbaycan Prezidenti

BAKI, 8 aprel - Sputnik. "Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması ilə bağlı Azərbaycana davamlı dəstəyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən söyləyib.

"Bildiyiniz kimi, münaqişə bizim tərəfimizdən birtərəfli qaydada həll olunub. 44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu. İndi əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar.

Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb. Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi", - dövlət başçısı əlavə edib.

İƏT nümayəndələrinin Ağdam və Gəncəyə səfərlərini xatırladan Prezident deyib: "Mən bilirəm ki, səfirlər, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər və bunu öz gözləri ilə görüblər. Onlar açıq bəyanatlar veriblər və biz buna görə çox minnətdarıq. İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı. Biz ədaləti bərpa etdik. Təcavüzkar bizim torpaqlarımızdan qovuldu və indi bərpa vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub, o cümlədən minalardan ölənlər olub. Ermənistan bizə minaların xəritəsini verməyib. Bu, daha bir müharibə cinayətidir. Çünki bunu etmək onların borcudur. Lakin müharibənin artıq aylardır bitməsinə baxmayaraq, onlar azərbaycanlılara qarşı bu siyasəti davam etdirirlər. Lakin biz lazım olan hər şeyi edəcəyik. Minatəmizləmə prosesi gedir. Biz artıq yenidənqurma işlərini planlaşdırırıq. Şəhərlərin, kəndlərin baş planları artıq hazırlanma prosesindədir və əlbəttə ki, biz İslam dünyasından olan qardaşlarımızın gəlib onların bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməsini istəyirik. Sözsüz ki, mən sizi gələcəkdə, biz yenidənqurma prosesinə başlayandan sonra da görməyə şad olardım".

Prezidenti İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl Osaymini qəbul edib
© Official website of President of Azerbaijan Republic

Baş katib Yusif bin Əhməd əl-Osaymin deyib: "Cənab Prezident, əvvəlcə, məni və Təmas Qrupuna daxil olan ölkələrdən nümayəndə heyətini dəvət etdiyinizə, hadisələrin necə cərəyan etdiyini görmək imkanının yaradılması üçün Sizə təşəkkür etmək istəyirəm. Mən Sizinlə olan şəxsi münasibətimizə böyük dəyər verirəm, bu, hər zaman belə olub və belə də davam edəcək.

Cənab Prezident, Sizi təbrik etmək istəyirəm, çünki hər dəfə Bakıya səfərə gələndə, hər tərəfdə yenilik və inkişafın şahidi oluram, şəhər sonuncu dəfə gördüyümdən daha fərqli olur. Əminəm ki, bütün bu inkişafın, tərəqqinin və gərgin işin arxasında Siz dayanmısınız və bu, hər bir azərbaycanlının istəyidir.

Cənab Prezident, bu böyük Qələbə münasibətilə Sizi təbrik edirəm. Bu, yalnız Sizin deyil, bizim də qələbəmizdir və biz çox xoşbəxtik. Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinlə davrandınız, bunun başqa bir ölkədə ola biləcəyinə inanmıram. Sizin məsələniz haqq işi idi – torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi, İslam Əməkdaşlıq Təşkilatı yanınızda idi və onun qətnamələri sizi dəstəkləyirdi. Burada söhbət ölkənizin ərazisinin 20 faizindən, Azərbaycanın böyük bir hissəsindən gedir. Allaha şükürlər olsun ki, Sizin müdrikliyiniz və təmkinliyiniz öz bəhrəsini verdi və məsələ müsbət həll olundu".

16
İlham Əliyev və Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Azərbaycana gəlir İlham Əliyevlə iki dəfə görüşəcək

1308
(Yenilənib 13:49 12.04.2021)
Belarus liderinin ikigünlük proqramı olduqca zəngindir. Belə ki, Aleksandr Lukaşenkonun İlham Əliyevlə iki görüş keçirəcəyi gözlənilir.

BAKI, 12 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko sabah Azərbaycana rəsmi səfərə gələcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Belarus liderinin ikigünlük proqramı olduqca zəngindir. Belə ki, Aleksandr Lukaşenkonun İlham Əliyevlə iki görüş keçirəcəyi gözlənilir.

Belə ki, ilk görüş Lukaşenkonun Bakıya gəlişindən dərhal sonra baş tutacaq. Qeyri-formal görüşdə Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və strateji əməkdaşlıq məsələlərini müzakirə edəcək.

İkinci danışıqların rəsmi hissəsi çərşənbə günü planlaşdırılır. Görüş həm məhdud tərkibdə, həm də geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək. Tərəflər ticari-iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə xüsusi diqqət ayıracaq.

Tərəflərin danışıqların yekununa dair bir sıra sənədləri imzalayacağı gözlənilir.

1308

İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

35
(Yenilənib 12:57 12.04.2021)
Parkla tanışlıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb.

BAKI, 12 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

35
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

0
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

0