BAKI, 30 mart — Sputnik. Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşüb.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə tərəflər Azərbaycan və Pakistan arasında mövcud olan ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Pakistanın şirkətləri arasında əməkdaşlıq perspektivləri, mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər Azərbaycan ilə Pakistan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu xüsusda hökumətlərarası ticarət və iqtisadiyyat komissiyasının Bakıda keçiriləcək növbəti iclasını vurğulayıblar.
Nazirlər, həmçinin parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 12 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko sabah Azərbaycana rəsmi səfərə gələcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Belarus liderinin ikigünlük proqramı olduqca zəngindir. Belə ki, Aleksandr Lukaşenkonun İlham Əliyevlə iki görüş keçirəcəyi gözlənilir.
Belə ki, ilk görüş Lukaşenkonun Bakıya gəlişindən dərhal sonra baş tutacaq. Qeyri-formal görüşdə Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və strateji əməkdaşlıq məsələlərini müzakirə edəcək.
İkinci danışıqların rəsmi hissəsi çərşənbə günü planlaşdırılır. Görüş həm məhdud tərkibdə, həm də geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək. Tərəflər ticari-iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə xüsusi diqqət ayıracaq.
Tərəflərin danışıqların yekununa dair bir sıra sənədləri imzalayacağı gözlənilir.
BAKI, 12 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib.
Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb.
Dövlət başçısı görüşdə çıxış edib.
BAKI, 12 aprel — Sputnik. Füzuli rayonunda "Araz" qəzetinin redaksiyası bərpa ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Twitter" hesabında yazıb.
"Bura 1931-ci ildə Füzulidə yaradılan "Araz" qəzetinin redaksiyasıdır. O, Ermənistan işğalından əvvəl bölgədəki əsas media orqanı idi. İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Biz onu bərpa edəcəyik", - nazir qeyd edib.