Cavid Osmanov, arxiv şəkli

Cavid Osmanov: "YAP yeni reallıqlara uyğunlaşdırılır"

80
(Yenilənib 20:41 09.03.2021)
"Vətən müharibəsindəki qələbə ilə ərazi bütövlüyümüzün təmin edilməsi  münbit siyasi dialoq mühitinin formalaşmasına rəvac verib".

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Ötən həftə Yeni Azərbaycan Partiyasının VII qurultayı baş tutub. Qurultayda hakim partiyanın idarə heyətinin yeni üzvləri seçilib. Sputnik Azərbaycan YAP-ın qurultayı ilə bağlı maraq doğuran suallara cavab almaq üçün partiyanın İdarə Heyətinin yeni seçilmiş üzvü, millət vəkili Cavid Osmanov ilə həmsöhbət olub.

- Cavid müəllim, YAP-ın VII qurultayı ilə bağlı nələr deyə bilərsiniz? Bu qurultay nəyə hesablanmışdı?

- Ümumilikdə YAP-ın qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisədir. YAP təkcə ölkəmizin deyil, eyni zamanda Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Bu qurultay partiya qarşısında qoyulan hədəflərə çatmaq üçün vacibdir. Partiyamızın budəfəki qurultayında yeni Nizamnamə təsdiq edildi. Bu nizamnaməyə uyğun olaraq həm də yeni idarə heyəti formalaşdı və əvvəlki Siyasi Şura ləğv edildi. Bu addımların atılmasını ölkəmizin bütün sahələrində gedən islahatların tərkib hissəsi kimi qiymətləndirmək olar.

Siyasi Şuranın ləğvi və yeni İdarə Heyətinin formalaşması YAP tərəfindən veriləcək qərarların daha operativ formada həyata keçirilməsi deməkdir. Partiyanın yaşlı üzvlərinin təmsil olunduğu Veteranlar Şurası təsis edildi. Bu, gələcək nəsillərə YAP-ın yarandığı dövrdən bu yana keçdiyi yolun aşılanması nöqteyi-nəzərdən vacib addımdır. Digər məqam isə Mərkəzi Aparatda edilən dəyişikliklərdir. Artıq icra aparatı ləğv edilib və Mərkəzi Aparatın da rəhbəri təyin edilib. Hesab edirəm ki, bundan sonra mərkəzi aparatın özündə də müəyyən struktur dəyişiklikləri olacaq. Bu dəyişikliklərin hamısı ötən il qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra yaranmış yeni reallığa YAP-ın da uyğunlaşdırılması istiqamətində atılmış addımların tərkib hissəsidir.

- YAP-ın qurultayı ölkədəki siyasi dialoq mühitinə necə töhfə verəcək?

- Cənab prezident də partiya qurultayındakı çıxışında qeyd etdi ki, siyasi dialoq vacibdir. Biz siyasi dialoqun məntiqi nəticəsini görürük. Prezident İlham Əliyevin son 17 ildə ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etməsi, nəhəng enerji-nəqliyyat layihələrinin reallaşdırılması üçün göstərdiyi təşəbbüs və onların reallaşdırılması, ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilməsi, xüsusən də Vətən müharibəsindəki qələbə ilə ərazi bütövlüyümüzün təmin edilməsi münbit siyasi dialoq mühitinin formalaşmasına rəvac verib. Bu siyasi dialoqun nəticəsi olaraq 6 siyasi partiya YAP-a birləşməklə bağlı qərar verdi. Hamımız gördük ki, Vətən müharibəsi Azərbaycanda milli birliyin möhkənlənməsinə imkan yaratdı. Bu milli birliyi daha da möhkəmləndirmək və inkişaf etdirmək Prezident İlham Əliyevin qarşıya qoyduğu “güclü və qüdrətli Azərbaycan qurmaq” konsepsiyası naminə vacib məqamdır. Milli birliyin nəticəsi olaraq 30 ilə yaxın müddət ərzində işğal altındakı torpaqlarımıza olan həsrətə 44 gündə son qoyduq. Düşünürəm ki, siyasi dialoq çərçivəsində görülən işlər də milli birliyə böyük töhfə verəcəkdir. YAP siyasi dialoqda ən böyük rolu oynayan təşkilatdır.

80
Teqlər:
CAvid Osmanov, millət vəkili, qurultay, YAP

Azərbaycanın Baş naziri Moskvaya dəvət olundu

13
Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

BAKI, 20 aprel - Sputnik. Bu gün Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında deyilir. Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

13
Teqlər:
rəsmi səfər, dəvət, Əli Əsədov, Mixail Mişustin, Azərbaycan, Rusiya

Azərbaycan Prezidenti: Ermənistan istəməsə, zorla edəcəyik

734
(Yenilənib 20:35 20.04.2021)
Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik.

BAKI, 20 aprel - Sputnik. "Hacıqabul rayonunda həyata keçirdiyimiz işlərin nəticələrini görürük. Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Bu proqram çərçivəsində, o cümlədən Hacıqabul rayonunda böyük işlər görülmüşdür. 

Bütün ölkə üzrə böyük işlər görülmüşdür. Hacıqabulda bu işlər artıq son mərhələdədir. İnfrastruktur layihələrinə gəldikdə, deyə bilərəm ki, Hacıqabulda qazlaşdırmanın səviyyəsi yüz faizə çatıbdır. Rayon tam qazlaşdırılıb. Elektrik enerjisi ilə təchizat xeyli yaxşılaşıb və bu gün artıq yeni yarımstansiyanın açılışı da bunu göstərir. Çünki tələbat artıb. İçməli su layihəsi hələ 2013-cü ildə icra edilmişdir və Hacıqabul şəhəri içməli su ilə təmin olundu. Kənd yollarının çəkilişinə gəldikdə isə, bu yolların 75 faizi yenidən çəkilib. Eyni zamanda, rayonda bir çox sosial layihələr icra edilmişdir. Xəstəxana, mədəniyyət obyektləri, 22 məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Yəni, bütün bunlar insanlar üçün gözəl şərait yaradır. İnsanların yaşayış səviyyəsi yaxşılaşıb. Biznes üçün şərait yaxşılaşıb. Bütövlükdə bu gün açılışında iştirak etdiyim obyektlər rayonun gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir".

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib. 

Prezident fəaliyyəti ilə tanış olduğu iki aqroparkın fəaliyyəti və onların qeyri-neft sektorunun inkişafında rolunu dəyərləndirib: "Bu, əlbəttə ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatların tərkib hissəsidir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Təbii ki, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir.

Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur.

Hacıqabul rayonu əhali baxımından o qədər də böyük rayon deyil, 77 min əhalisi var. Ancaq burada iki böyük aqropark fəaliyyət göstərir və yüzlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilibdir. Misal üçün, torpağın münbitliyi baxımından Hacıqabul ölkəmizin ən qabaqcıl rayonu deyil. Torpağın keyfiyyəti digər rayonlarla müqayisədə daha aşağıdır. Ancaq, buna baxmayaraq, məhz Hacıqabulda bu aqroparkların yaradılması bizim siyasətimizin uğurlu olmasından xəbər verir. Çünki ən ağır yerlərdən biri də Hacıqabuldur. Mənə bu gün hər iki aqroparkda verilən məlumata görə, suvarılan sahələrdə minlərlə hektar pivot altındadır. Burada taxılçılıqdan məhsuldarlıq hektardan 60 sentnerdir, yəni, altı ton. Müqayisə üçün deyə bilərəm ki, Hacıqabul rayonunda məhsuldarlıq hektardan otuz sentnerdir. Ölkə üzrə təqribən otuz sentnerdən bir qədər çoxdur. Ancaq iri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerdir, iki dəfə çoxdur. Əgər bu yanaşma bizim bütün böyük təsərrüfatlarımızda və eyni zamanda, kiçik fermer təsərrüfatlarında tətbiq olunarsa, onda biz ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərimizi tamamlamış olacağıq.

İlham Əliyev: "Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər" - FOTO>>

Burada, eyni zamanda, digər məhsullar da yetişdirilir. Bu təsərrüfatda, bu aqroparkda, eyni zamanda, heyvandarlıq da inkişaf etdirilir. İki min baş cins inək gətirilibdir. Onların sayı getdikcə beş minə çatacaq. Burada sağılan süd yaxınlıqda yerləşən Kürdəmir süd zavoduna göndərilir. Beləliklə, südlə daxili təminat daha yüksək faizlərə çatacaq və ümid edirəm ki, yaxın bir neçə il ərzində Azərbaycan özünü südlə tam təmin edəcək.

Bütövlükdə əlliyə yaxın aqroparkın yaradılması nəzərdə tutulur. Onlardan bir çoxu artıq fəaliyyətdədir. Ümumi investisiya qoyuluşu iki milyard manatdan çoxdur. Əgər biz bu işləri özəl sektorla birlikdə görməsəydik, bu investisiyaları heç kim qoymazdı. Çünki dövlət həm güzəştli şərtlərlə müəyyən məbləğdə kreditlər verir, eyni zamanda, infrastruktur layihələri həyata keçirir və özəl sektor üçün şərait yaradır. Özəl sektor isə bu vəsaiti təşkil edir. Son bir neçə il ərzində kənd təsərrüfatına qoyulan iki milyard manat vəsait çox böyük vəsaitdir. Bu aqroparklar - “Aqro Dairy” və “Azərsun” aqroparkları son 4-5 il ərzində yaradılmışdır. Bütün ölkə üzrə aqroparklarda çalışanların sayı yeddi mini ötüb. Bunlar kəndlərdə yaşayan insanlar üçün iş yerləridir.

Biz daxili istehsalı və qeyri-neft sektorunu stimullaşdırırıq. Mən həm “Aqro Dairy”da, həm də burada - “Azərsun” aqroparkında onları idarə edən şəxslərə tövsiyə etmişəm ki, azad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın və bu istiqamətdə ilkin addımlar atılmaqdadır.

Bu gün Hacıqabul rayonunda, eyni zamanda, Hacıqabul Sənaye Məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər verilib. Əlavə beş müəssisə yaradılacaq. 2017-ci ildə mənim Sərəncamımla yaradılmış bu Sənaye Məhəlləsi artıq beş müəssisəyə sahibdir. Onların açılışı bu gün olub. Bu müəssisələrə də on milyonlarla manat sərmayə qoyulub. Bu da dövlət tərəfindən irəli sürülmüş təşəbbüsdür. Biz sahəni müəyyən etdik, infrastruktur layihələri icra etdik, bütün kommunikasiyaları çəkdik, hətta anqarları da dövlət hesabına inşa etdik. Sahibkar da gəlib burada öz sərmayəsini qoyub və müasir səviyyəli məhsullar istehsal olunur. Bu məhsullar da daxili tələbatı təmin edəcək.

Bu müəssisələrin arasında ən böyüyü, əlbəttə ki, avtomobil zavodudur. Artıq avtomobil sənayesi Azərbaycanda inkişaf edir və biz bu sahədə bir neçə ölkə ilə bərabər çalışırıq. Növbəti mərhələdə lokallaşmanı daha da artırmaq gündəlikdə duran məsələlərdən biridir və biz buna da nail olacağıq.

Baxın, əhali baxımından o qədər də böyük olmayan Hacıqabul rayonunda həm sənaye, həm kənd təsərrüfatı müasir üsullarla inkişaf edir, məhsuldarlıq yüksəlir, insanlar işlə təmin edilir. Beləliklə, bizim gördüyümüz işlər öz praktiki nəticələrini verməkdədir".

"Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil" - İlham Əliyev>>

Azərbaycan lideri işğaldan azad olunan ərazilərdə aqroparkların yaradılacağı barədə də fikirlərini bölüşüb: "İndiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir. Müharibə başa çatandan sonra mina xəritələri verilmədiyi üçün 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub. Bu istiqamətdə işlər davam etdiriləcək. Yeni avadanlıq alınır, Minatəmizləmə Agentliyinin ştat vahidlərinin artırılması ilə bağlı Sərəncam verilib. Çalışacağıq, bütün güclərimizi maksimum səfərbər edək ki, minatəmizləmə işləri sürətlə getsin. Eyni zamanda, həm Türkiyədən, həm Rusiyadan bu sahədə kömək göstərən hərbçilər də bu işlərlə məşğuldurlar. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyində bir neçə istehkamçı tabor yaradılıb ki, onlar da bu işlərdə fəal iştirak edirlər və bu günə qədər ən böyük sahəni məhz Müdafiə Nazirliyi təmizləyib.

Bununla paralel olaraq, əsas infrastruktur layihələrinə start verildi. Bu haqda mən dəfələrlə Azərbaycan ictimaiyyətini məlumatlandırmışam. Azad edilmiş ərazinin elektrik təchizatı hesab edirəm ki, bu ilin sonuna qədər başa çatacaq. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. Bu, çox ağır bir işdir. Çünki bu infrastruktur layihəsi Murov dağlarından keçməlidir. Orada dağların hündürlüyü 3500 metrə çatır və hələ ki, hava şəraiti o qədər də münasib deyil, qar əriməyib.

Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir.

Bu işlərlə paralel olaraq, vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. Bildiyiniz kimi, bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Xarici tərəfdaşlar artıq bu işlərə cəlb olunublar.

Bildiyiniz kimi, birinci pilot layihə Zəngilan rayonunda icra ediləcək - “Ağıllı kənd” layihəsi. Bu layihə üç kəndi – 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək və yəqin ki, yaxın gələcəkdə bu layihənin təməli də qoyulacaq. Zəngilanda olarkən mənə bu layihə ilə bağlı məruzə edildi və indi təməlqoyma mərasimi üçün hazırlıq işləri aparılır. Ümid edirəm ki, gələn il artıq bu ilk pilot layihə icra ediləcək və beləliklə, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz doğma torpaqlarına qayıdacaqlar.

Bütün şəhərlərin baş planları hazırlanır. Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və əlbəttə ki, ondan sonra, o cümlədən Ağdam rayonunun ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək. Digər şəhərlərimizin də baş planları hazırlanır.

Kəndlərin bərpasına gəldikdə, burada da biz işlərimizi mərhələlərə bölməliyik. İlk növbədə, biz mövcud infrastruktura yaxın olan kəndləri bərpa etməliyik. Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu, daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.

Xaricdən bir çox təkliflər gəlməkdədir, bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Biz də, əlbəttə ki, bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın.

Bildiyiniz kimi, Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. Bu, bir qədər sonra baş verəcək. O bölgədə hələ ki, qar əriməyib. Hava limanı üçün nəzərdə tutulan yerdə indi praktiki işlərin görülməsi mümkünsüzdür. Gözləyirik, yəqin ki, may-iyun aylarında artıq bu istiqamətdə də işlərə start veriləcək.

Yəni, gördüyünüz kimi, biz bütün istiqamətlər üzrə dərhal bu işlərə başlamışıq. Müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildi. Çox böyük həcmli bir işdir. Çünki mən demişəm, bir daha demək istəyirəm, azad edilmiş torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Yəni, hesab edirəm ki, bu, təsəvvür üçün, kifayət qədər aydın mənzərədir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb. İndi bunu bütün xarici qonaqlar da görürlər. Öz gözləri ilə erməni vəhşiliyini görürlər. Bu, misli görünməmiş vəhşilikdir. Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Bütün bunları biz yaxşı bilirik. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir. Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Bu gün Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq.

Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.

Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır".

734
Manat, arxiv şəkli

Ünvanlı dövlət sosial yardımın ödəniləcəyi tarixi açıqlandı

0
(Yenilənib 10:31 21.04.2021)
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb

BAKI, 21 aprel — Sputnik. Aprel ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənilməsi vaxtı məlum olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, aprelin 23-də ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.

0