BAKI, 9 fevral — Sputnik. Fransa ATƏT-in Ermənistan və Azərbaycana silah ixracına tətbiq etdiyi çoxdankı məhdudiyyət tədbirlərinə hörmət edir.
Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross bir sıra erməni KİV-lərində Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə yer alan məlumatları şərh edərkən deyib.
O bildirib ki, qeyd olunan məlumat düzgün deyil və aldadıcıdır:
"Fransa ATƏT-in Ermənistan və Azərbaycana silah ixracına tətbiq etdiyi çoxdankı məhdudiyyət tədbirlərinə hörmət edir. Ermənistan da, Azərbaycan da xarici hərbi məhsul tədarükçülərini müəyyən edib. Bu tədarükçülər hər kəsə məlumdur. Ermənistanın və Azərbaycanın həm də region dövlətləri ilə müdafiə sazişləri mövcuddur. Fransanın nə Ermənistanla, nə də Azərbaycanla bu cür razılaşması yoxdur. Bu, Fransanın regiondakı təhlükəsizliyə qərəzsiz yanaşmasına uyğundur.
Fransa ATƏT-in Minsk qrupunun həmsədri qismində mandatının icra olunmasında tamamilə qərəzsizdir. Fransa Ermənistanla Azərbaycan arasında baş vermiş müharibədən və insan ölümlərindən təəssüflənir və atəşkəs rejiminə ciddi əməl etməyə, dayanıqlı sülhə, barışığa və əməkdaşlığa çağırır".
BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.
BAKI, 6 mart — Sputnik. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borel Cənubi Kipr və Şimali Kipr liderləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərlə bağlı açıqlama verib.
Diplomat kiprli liderlərlə görüşdən sonra bildirib ki, gediləcək çətin uzun bir yol var, amma həll yolu tapa bilər. Diplomat qeyd edib ki, Avropa Birliyi həll prosesinin BMT himayəsi altında ən qısa vaxtda yenidən başalamasını dəstəkləyir.
“BMT-nin formalaşdırdığı hazır bir çərçivə palnı var. Bu, asan olmayacaq, ancaq bütün kiprlilərin, Avropanın və bölgənin sabitliyi üçün bunu etmək mümkündür. Avropa Birliyi Kiprli tərəflərlə yanaşı təminatçı ölkə olaraq Türkiyə, Yunanıstan və İngiltərənin də iştirak edəcəyi 5+1 qeyri-rəsmi iclasında müşahidəçi kimi qatılmaq istəyir”.
Qeyd edək ki, Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 8 mart — Sputnik. Hər gün sübh tezdən yuxudan oyanır. Həyət-bacada işlərini sahmana salıb, tarlaya yollanır. Texnikanın hər tərəfini yoxlayır, sazlığına əmin olandan sonra kombaynı işə salır. Düz otuz ildən çoxdur ki, kombaynçı işləyən pambıqçı-mexanizator Gülsurə İbadovanın günü belə başlayır. 16 yaşından kombayn sürücüsü işləyən bu qadın 60 yaşı olmasına baxmayaraq, bu gün də işinin başındadır. Sputnik Azərbaycan bir çox kişinin bacarmadığı ağır işin ödəsindən ustalıqla gələn zərif cinsin nümayəndəsini oxucularına təqdim edir.
Sabirabad rayonunun Kürkəndə kəndindən olan Gülsurə İbadova 8-ci sinfi bitirib bir il Texniki Peşə məktəbində təhsil aldıqdan sonra pambıqçılıq sahəsində işə başlayır. Ona köməkçi kimi işləmək tövsiyə olunsa da, G.İbadova Sevil Qazıyevanın başına gələnlərdən sonra buna razı olmur. Özünün dediyinə görə, pambıq sahəsində işə becərmədən başlayır. Sonra ona sürmək üçün traktor verirlər. Elə həmin ilin avqust ayında yeni pambıqdərən kombayn idarə edir. Sovet dövründə qabaqcıl sürücü-mexanik kimi dəfələrlə mükafatlara layiq görülür. Hətta Ulu öndər Heydər Əliyevlə də görüşərək ondan mükafat alır. Həmin illəri xatırlayan Gülsurə İbadova Heydər Əliyevin onun saçına sığal çəkərək tövsiyə verdiyini də unutmayıb: "Mənim uzun saçım vardı. Heydər Əliyev saçıma sığal çəkib mənə dedi ki, pambıq yığanda mütləq saçımı yığım. O mənə Sevil Qazıyevanın başına gələnləri xatırlatdı".
Sovetlər Birliyi dağıldıqdan sonra bir müddət bələdiyyədə çalışan G.İbadova 2019-cu ildən yenidən sevimli peşəsini davam etdirir. Həmsöhbətimiz deyir ki, Şirvan Şəhər Kənd Təsərrüfatı İdarəsi ona rayona gələn yeni kombaynı sürməyi təklif edir. G.İbadova Kənd təsərrüfatı naziri İnam Kərimovla görüşdə bu istəyini səsləndirir. Nazirin tapşırığı ilə ona yeni gətirilən pambıqdərən kombaynı idarə etmək həvalə olunur. G.İbadova nazirin kənd təsərrüfatı sahəsində çalışanlara qayğısından da ağızdolusu danışır.
Yeni pambıqdərən kombaynın sovet dövründəki kombayndan fərqli olduğunu söyləyən G.İbadova çətin olsa da, bu işin də öhdəsindən gəlir:
"Yeni kombaynı idarə etmək üçün sürücülük vəsiqəm köhnə idi. Bu kombaynı sürmək üçün imtahandan keçib 5 kateqoriyalı sürücülük vəsiqəsi aldım. Kombaynı Şirvandan sürüb Sabirabada gətirdim. Əlbəttə ki, bu texnika müasir olduğundan, sovet dövründəki kombayndan çox fərqlənir. Bu texnikanın 17 ton ağırlığı var. 500 min manat qiyməti olan texnikanı idarə edəndə əvvəlcə ehtiyat edirdim. Hətta iki gün idi işə çıxmışdım ki, kombaynda şlanq partladı.
Yoldaşım çilingər olduğundan mayenin axmaması üçün "salnik" (kipgəc) qoydu. Kombaynı sürüb Məmişlər kəndinə getdim. Oraya çatmışdım, yenə problem yarandı. Texniki dəstək üçün mühəndisə müraciət etdim. O bildirdi ki, xamutu açıb boşaltmaq lazımdır. Bundan sonra bəzi xırda detalları özüm bağlamağı öyrəndim. Amma sovet kombaynını sıfırdan - mühərrikinə qədər - özüm yığa bilirdim. Bu kombayn bahalı olduğu üçün problem olanda əlimi vurmağa çəkinirəm. Problem yarananda servisə zəng edirik, gəlib həll edir. Amma yeni kombaynlarda hələ ki ciddi problem yaranmayıb".
Həmsöhbətimiz deyir ki, sovet dövründəki kombaynlarda yerə şeh düşən kimi pambıqdərənin "şpindeli" (oxu) tutulurdu: "Amma yeni kombaynlar şampunla özü yuyub-təmizlədiyi üçün problem yaranmır".
İşinin incəliklərindən danışan G.İbadova bununla belə, şeh olanda pambıq yığımının çətin olduğunu söyləyir: "Sentyabrın sonuna qədər şeh olmur. Biz o vaxtdan səmərəli istifadə edirik. Elə vaxt olub ki, bir həftə evə getməmişəm. Gecə-gündüz pambıq yığmışam. Elə şam yeməyimizi də sahədə yemişik. Yuxusuz işləmək çətin olsa da, pambıq mövsümündə bu əziyyətə qatlaşmalısan. Çünki sentyabrın sonunda bəzən yağışlar yağmağa başlayır. İnsanların əməyi itməsin deyə biz çalışırıq ki, sahələrdə məhsulu yağış yağanadək yığıb qurtaraq".
Çox məhsul yığımının onların qazancına da təsir etdiyini söyləyən G.İbadova sentyabrın 13-dən noyabrın sonuna qədər 380 hektardan pambıq yığdığını, 2600 manata qədər pul qazandığını söyləyir: "Pambıq əsasən yayda yığılır. Saat 6-da yuxudan durub, evdə işləri sahmana salıb, "VAZ 2106" ilə "Aqroservis"ə gedirəm. Pambıqdərənin yağına, mühərrikinə baxıb, avtoyuyucuda aparatını yuyub-təmizləyirəm. Sonra hansı sahəyə göndərirlərsə, oraya gedirəm. Son illər pambıq istehsalında məhsuldarlıq artıb. Elə vaxt olub ki, 80 hektar sahədən 300 ton pambıq yığmışıq. Bir həftə ərzində bu işə üç kombayn cəlb olunub. Məhsulun çoxluğu həm də bizim qazancımıza təsir edir".
G.İbadova bildirir ki, pambıq yığımından qazandığı pulu ailəsinə xərcləyir. Üç qız, üç oğul anası olan G.İbadovaya həyat yoldaşı və ailəsi də dəstək olur. On yeddi yaşında ailə quran müsahibimiz bildirir ki, həyat yoldaşı indiyədək heç vaxt işdən evə gec gəldiyinə görə ona irad bildirməyib: "Yoldaşım narşərab zavodunda çilingər işləyirdi. Qohumluğumuz olsa da sevib ailə qurmuşuq. Hər ikimiz torpağa bağlı, zəhmətsevər insanlarıq. Övladlarımızı da belə tərbiyə etmişik".
G.İbadova 60 yaşında kombayn sürməyin heç də çətin olmadığını söyləyir. Onun sözlərinə görə, əksinə, bu yaşda işləmək ona zövq verir. "İş adamı gümrah saxlayır. Bəlkə, elə mənim gümrah qalmağımın səbəbi işimdir", - deyir kombaynçı müsahibimiz.