Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

Leyla Abdullayeva radikal ermənilərin təhdidlərini şərh elədi

23
XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyir ki, xarici ölkələrdəki radikal erməni ünsürləri nə Ermənistanın, nə də erməni xalqının gələcək rifahını düşünürlər.

BAKI, 31 yanvar - Sputnik. "Təəssüflə qeyd etmək istərdik ki, ilk dəfə deyil ki, erməni radikal ünsürlərinin azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməlləri ilə üzləşirik. Ötən ilin iyul ayında xarici ölkələrdə, o cümlədən ABŞ-da dinc azərbaycanlı nümayişçilərə, eləcə də diplomatik nümayəndəliklərimizə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyini xatırlatmaq istərdim".

Sputnik Azərbaycan bildirir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva radikal erməni qüvvələrinin Azərbaycanın ABŞ-dakı səfirliyini və səfir Elin Süleymanovu hədəfə alaraq, nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlamasına münasibət bildirərkən deyib.

"Biz əlbəttə, bu kimi əməlləri qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik.

Məlum olduğu kimi, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən, diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.

Vurğulamaq istərdim ki, xarici ölkələrdəki radikal ermənilərin bu kimi əməlləri onu nümayiş etdirir ki, bu insanlar bölgəmizdə sülh və əmin-amanlığın bərqərar olmasında, xalqların birgə yaşayışınında maraqlı deyillər. Onların bu əməlləri yalnız xalqlararası ədavət və düşmənçiliyin qızışdırılmasına xidmət edir. Bu isə bir daha onu göstərir ki, xarici ölkələrdəki bu kimi erməni ünsürləri nə Ermənistanın, nə də erməni xalqının gələcək rifahını düşünürlər".

23

Ermənistan payızda referenduma gedir - Paşinyan

43
Ermənistan Respublikası cəmi üç ildir qüvvədə olan parlament üsul-idarəsindən imtina etməyə hazırlaşır.

BAKI, 1 mart - Sputnik. “Bu ilin oktyabr ayında ölkədə yeni Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək”. 

Sputnik Ermənistan bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Respublika Meydanında keçirilən mitinqdə deyib.

Paşinyan bəyan edib ki, 2015-ci ildə qəbul edilən və 2018-ci ildə qüvvəyə minən Konstitusiyada çoxlu çatışmazlıqlar var və ali qanunda böhranlı vəziyyət yaranması üçün risklər mövcuddur: “Hesab edirik ki, yarı-prezident üsul-idarəsinə keçmək ən yaxşı variantlardan biridir. İnanırıq ki, ən yaxşı seçimi edəcəyik. Bu proses parlament, hökumət, siyasi qüvvələr, prezident və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilməlidir”.

"Referendumdan əvvəl parlament Konstitusiyanın səsvermə tələb etməyən bəzi maddələrini dəyişdirə biləcək", - Paşinyan əlavə edib. 

43
 Donald Tramp, arxiv şəkli

Tramp Baydenin siyasətini sərt tənqid etdi

15
(Yenilənib 08:35 01.03.2021)
Donald Tramp bildirib ki, ABŞ birinci yerdə olmaqdan Co Baydenin siyasəti nəticəsində sonuncu yerdə qərar tutub.

 

BAKI, 1 mart - Sputnik. ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp Co Baydenin prezident olduğu ilk ayda yürütdüyü siyasəti kəskin tənqid edib.

“Report”un məlumatına görə, Tramp sələfini ABŞ tarixinin ən pis prezidenti adlandırıb:

“O, artıq işlərə, ailələrə, sərhədlərə, enerjiyə, qadınlara və biliklərə qarşı olduğunu göstərdi. Biz hamımız Bayden rəhbərliyinin pis olacağını bilirdik, amma heç kim bu qədər pis olacağını bilmirdi”.

Onun sözlərinə görə, Amerika ilk yerdə olmaq əvəzinə Baydenin siyasəti nəticəsində son yerdə qərarlaşıb.

Bundan əlavə, Tramp Baydenin dünya problemlərinə çoxtərəfli yanaşma ilə bağlı açıqlamalarına müsbət yanaşmayıb. Eks-prezident deyib ki, Amerika bütün dünyanın problemləri ilə məşğul ola bilməz.

15
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0