İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

19
(Yenilənib 15:32 25.01.2021)
"Bildiyiniz kimi, mən Xudafərin ərazisinə səfər edərkən həmin sərhədi dostluq sərhədi adlandırdım. Bu, məhz dost və qardaş xalqların sərhədidir"

BAKI, 25 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev dedi:

-Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz.

Məhəmməd Cavad Zərif:

-Təşəkkür edirəm, cənab Prezident. Mən Prezident Ruhaninin ən xoş arzularını və salamlarını çatdırıram.

Prezident İlham Əliyev: Çox sağ olun. Mənim də ən səmimi salamlarımı və yeni ildə ən xoş arzularımı cənab Prezidentə çatdırın. İl artıq başlayıb və mən planlarımızı müzakirə etmək, görülmüş işlərə yenidən nəzər salmaq üçün sizi Azərbaycanda qəbul etməyə şadam. Biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Bildiyiniz kimi, biz çoxsaylı – prezidentlər səviyyəsində 10-dan çox, eləcə də digər yüksək rütbəli rəsmilər səviyyəsində görüşlər keçirmişik. Bu görüşlərin hamısı çox səmərəli olub. Bu yaxınlarda ölkənizdə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev mənə aparılan müzakirələr və razılaşmalar barədə hesabat verdi. Biz planlaşdırdığımız bütün işləri həyata keçirmişik. Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük. Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir. Baxmayaraq ki, onu tam şəkildə başa çatdırmamışıq, biz bu istiqamətdə hərəkət edirik.

Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır.

Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər.

Bizim müzakirə edəcəyimiz çox məsələlər var. Mən, ilk növbədə, ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var. Beləliklə, cənab Nazir, bir daha xoş gəlmisiniz.

Məhəmməd Cavad Zərif:

-Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin "3+3" əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur.

Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.

Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır. Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik.

Prezident İlham Əliyev:

-Əlbəttə. Bildiyiniz kimi, mən Xudafərin ərazisinə səfər edərkən həmin sərhədi dostluq sərhədi adlandırdım. Bu, məhz dost və qardaş xalqların sərhədidir.

19
Yeni Azərbaycan Partiyasının loqotipi, arxiv şəkli

Altı partiya YAP-a qoşuldu, Siyasi Şura ləğv olundu

11
Azərbaycanda altı siyasi partiya hakim Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub. YAP-ın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb

BAKI, 5 mart — Sputnik. Azərbaycanda 6 siyasi partiya hakim Yeni Azərbaycan Partiyasına (YAP) qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə YAP-ın bu gün keçirilən VII qurultayında qərar qəbul edilib.

YAP-a qoşulan partiyalar bunlardır: Azərbaycan Xalq Demokratik Partiyası; Azərbaycan Kəndli Partiyası; Milli Qurtuluş Partiyası; Azərbaycan Yurddaş Partiyası; Azərbaycan Milli Hərəkat Partiyası; Azərbaycan Demokratik Sahibkarlar Partiyası.

Həmçinin YAP-ın Siyasi Şurası ləğv olunub. YAP-ın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb.

Partiyada Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib. 

11
Teqlər:
Siyasi Şura, YAP, partiya
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Hikmət Hacıyev İsrailə təşəkkür etdi: "Bir həyatı xilas edən bütün dünyanı xilas edir"

6
(Yenilənib 12:15 05.03.2021)
Yaralı əsgər və hərbçilərimizə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə biz İsrail həkim komandası və İsrailin Azərbaycandakı səfirliyinə minnətdarıq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. "Necə gözəl hekayə. Yaralı əsgər və hərbçilərimizə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə biz İsrail həkim komandası və İsrailin Azərbaycandakı səfirliyinə minnətdarıq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

"Bir həyatı xilas edən bütün dünyanı xilas edir", - deyə Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, ötən gün İsrailin Azərbaycandakı səfiri Corc Dik Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə baş çəkib.

"Bu gün mənim üçün həyəcanlı bir gündür. Səkkiz nəfər israilli həkim, tibb bacıları, texniklər və ağ geyimli mələklərin Azərbaycana gələrək 150-dən çox azərbaycanlını müalicə etdikləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya mərkəzini ziyarətimi bitirdim. Bu gün tanış olduğum insanlar, bəziləri on doqquz və daha böyük fərqli yaşlarda olan insanlar mümkün olan ən yaxşı müalicəni alırlar.

İsrail həkimlərindən biri ilə danışdım. O dedi ki, dörd gün ərzində burada İsrail klinikalarında 6 ayda icra etdiyi əməliyyatlardan daha çox əməliyyat keçirib. Məhz bu bizim işbirliyimizin ruhudur. Bu, İsrail ilə Azərbaycan arasındakı dostluğun ruhudur.

Azərbaycandakı bu insanların sağlamlıqlarını bərpa etmələrinə, özlərinə inamın, qabiliyyətlərinin geri qayıtmasına və Azərbaycanda - öz vətənlərində yaxşı, normal və layiq olduqları həyat yaşamalarına kömək etmək istəyirik. İnanıram ki, bu ölkələrimiz arasında dostluğun əlamətidir. İnanıram ki, dostluğumuz gələcəkdə daha da inkişaf edəcək və daha da çiçəklənəcək", - deyə Corc Dik vurğulayıb.

6
Teqlər:
təşəkkür, Hikmət Hacıyev, Həkimlər, İsrail, Corc Dik, Azərbaycan
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Poliklinikalarda sıxlıq yaranıb - hörmət edib geri qaytara bilmirlər...

0
(Yenilənib 13:49 05.03.2021)
Tibb müəssisələrinin əməkdaşları növbədənkənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.

BAKI, 5 mart — Sputnik. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi vaksinasiyada sıxlıqla bağlı açıqlama yayıblar. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq hazırda 50 yaş və daha yuxarı şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər.

Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Tibb müəssisələrinin əməkdaşları növbədənkənar müraciət edən yaşlı nəslin nümayəndələrini hörmət əlaməti olaraq geri qaytarmamaq üçün onlara da xidmət göstərməli olurlar.

Peyvənd məntəqələrində sıxlığın yaranmasına digər bir səbəb onlayn növbə xidmətindən istifadə edən bəzi şəxslərin qeyd olunan randevu vaxtından tez və ya gec müəssisəyə gəlməsi olur.

Qurumlar bu cür halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş ediblər ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.

Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər isə ərazi üzrə poliklinikaya zəng edə bilərlər. Bu zaman onlara qeydiyyatçılar tərəfindən onlayn növbənin götürülməsi üçün dəstək göstərilir.

0
Teqlər:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, İTSDA, Səhiyyə Nazirliyi, sıxlıq, poliklinika, vaksinasiya, vaksin