Aşqabad şəhərindən bir görüntü. Arxiv şəkli

Aşqabadda mühüm görüş

13
(Yenilənib 22:57 21.01.2021)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək görüşüb.

BAKI, 21 yanvar - Sputnik. Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri daxil olmaqla, geniş spektr üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət arasında, eləcə də Xəzər dənizi bölgəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin bariz nümunəsi kimi qeyd olunub. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirdiyi və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Tərəflər, regional əməkdaşlıq, o cümlədən üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu ilin yanvarın 16-da Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin imzalanmasına istinad edilərək, bu xüsusda tədbirlərin icrası məsələləri müzakirə edilib.

Görüşdə tərəflər ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

13

"Heç filmdə görməzsən" - azərbaycanlıların mühəndis işləri erməniləri vəlvələyə saldı

28
(Yenilənib 22:03 03.03.2021)
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Bu gün Şahverdilərdə başlanan mühəndis işləri erməniləri təşvişə salıb

BAKI, 3 mart - Sputnik. Azərbaycan Şahverdilər kəndində mühəndis işlərinin icrasına başlayıb. 

Sputnik Ermənistan bildirir ki, bu barədə Gorusun meri İrina Yolyan Facebook səhifəsində yazıb. 

"Bizim snayperlərimiz parlamentdə yerlərini alıb silahı xalqa tuşladıqları vaxt düşmən (azərbaycanlıları nəzərdə tutur - red.) bu gün Vorotanda (Şahverdiləri nəzərdə tutur - red.) mühəndis işlərinə başlayıb. Yəqin ki, az vaxtdan sonra görəcəyik ki, Vorotandan Şurnuxunun mərkəzinəcən səngər qazıblar. İşlər bütün perimetr boyu aparılır", - Yolyan yazıb və fotolar əlavə edib.

Onun sözlərinə görə, bu işlər barədə, çox güman ki, səlahiyyətli orqanlara və şəxslərə məlumat verilib, amma onlar susurlar. 

"Sakinlərin dinc həyatı təhlükə altındadır, kimsə də Süniyin iqtisadi inkişafından danışır. Nə deyəsən, ekstremal turizm üçün bütün şərait var: kəndin ortasında səngərlər və silahlı düşmən (azərbaycanlıları nəzərdə tutur - red.), beləsini heç filmdə də görməzsən", - Gorus meri yazıb.

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Ermənistanın qanunsuz olaraq öz ərazisinə qatdığı ərazilərin bir qismi Azərbaycana qaytarıldığından orada yerləşdirilən əhali narazılıq edir.

28
Teqlər:
səngər, mühəndis təminatı, Şurnuxu kəndi, Azərbaycan, Ermənistan
Qarabağda Rusiya sülhməramlıları, arxiv şəkli

Sosial şəbəkədə yayılan memorandum mətni Ermənistanı qarışdırıb: hökumət cavabdan yayınır

102
(Yenilənib 20:38 03.03.2021)
Sosial şəbəkələrdə Gorus - Davud bəy və Qafan - Çakaten ("Azərbaycana xoş gəlmisiniz!" lövhəsinin quraşdırıldığı kənd - red.) yolunda təhlükəsiz hərəkətin təşkil olunması barədə memorandumun qeyri-rəsmi mətni yayılıb

BAKI, 3 mart — Sputnik. Ermənistan baş nazirinin müşaviri Tiqran Avinyan növbəti dəfə Sünik vilayətinin sərhədləri barədə Azərbaycanla imzalanmış memorandum barədə sualdan yayınıb. 

Bu barədə Sputnik Ermənistan yazır. 

Sosial şəbəkədə paylaşılan memorandumun mətni barədə suala cavab verən Avinyan deyib ki, hələ 2020-ci il dekabrın 19-da Ermənistanın Müdafiə Nazirliyi Sünik vilayətinin təhlükəsizliyinin təminatı barədə məlumat yayıb.

"Biz daim təkrarlayırıq ki, bu razılaşma hələ 2020-ci ilin dekabrında əldə edilib. Rusiya tərəfi Azərbaycanla razılaşdırıb. Mən də bu tribunadan bu barədə məlumat vermişəm, dekabrın 19-da bəyan olunan məlumatı təsdiqləmişəm. Əlavə izaha ehtiyac yoxdur", - Avinyan söyləyib. 

"Maariflənmiş Ermənistan" fraksiyasının deputatı Taron Simonyan Avinyana belə bir sənədin imzalanması barədə, ona kimin qol çəkməsi və bu sənədin təzyiq altında imzalanıb-imzalanmaması barədə yenidən sual verib. Simonyan vurğulayıb ki, bu cür sənəd yalnız parlamentin ratifikasiyasından keçəndən sonra həyata keçirilə bilərdi, bu isə olmayıb. 

"Əgər hökumət hər şeyi müstəqil surətdə təşkil edib, özü də bu sənədə riayət edirsə, deməli, ölkədə hökumət qəsb edilib", - Simonyan deyib.

Avinyan isə suallara cavab verməyərək bircə onu bildirib ki, "bu sualla bağlı heç bir hüquqi problem yoxdur və olmayacaq".

Sosial şəbəkələrdə Gorus - Davud bəy və Qafan - Çakaten ("Azərbaycana xoş gəlmisiniz!" lövhəsinin quraşdırıldığı kənd - red.) yolunda təhlükəsiz hərəkətin təşkil olunması barədə memorandumun qeyri-rəsmi mətni yayılıb. 

Ermənistanın Müdafiə Nazirliyi hələ ötən ilin dekabrında aşağıdakı məzmunda məlumat yaydığına diqqət çəkib: "Əldə edilən razılaşmalara uyğun olaraq, fasiləsiz hərəkətin təminatı məqsədilə Gorus-Davud bəy yolunda Rusiya sərhəd qoşunlarının əsgərləri yerləşdirilir. Gorus-Qafan yolunun problemli ərazilərdən keçən, uzunluğu 21 km olan hissəsinin təhlükəsizliyini rus sərhədçiləri təmin edəcəklər. Təmas xətti boyunca qarşı-qarşıya Ermənistan və Azərbaycan orduları yerləşəcəklər. Yolun göstərilən hissəsinin təhlükəsizliyini təmin etmək üçün əlavə kompleks tədbirlər nəzərdə tutulur".

Sosial şəbəkədə yayılan memorandumun mətnində isə qeyd olunur ki: "2020-ci il dekabrın 18-də erməni tərəfi silahlı birləşmələrini Azərbaycan Respublikasının Zəngilan və Qubadlı rayonlarından çıxarır".

 

102
Nazirlər Kabineti

Nazirlər Kabineti 8 Marta görə qərarında dəyişiklik etdi

9
Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

BAKI, 3 mart - Sputnik. Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür.

9
Teqlər:
ictimai nəqliyyat, 8 Mart Beynəlxalq Qadınlar Günü, karantin, qərar, Nazirlər Kabineti