BAKI, 14 yanvar - Sputnik. Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko ABŞ və Fransanın Moskvadakı səfirləri Con Sallivan və Pyer Levini qəbul edib və onları bazar ertəsi Dağlıq Qarabağ üzrə aparılmış danışıqlar barədə məlumatlandırıb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"Səfirlər Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın yanvarın 11-də keçirdikləri üçtərəfli görüş barədə məlumatlandırıldılar. Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) gələcək birgə səyləri barədə fikir mübadiləsi də aparılıb", - məlumatda deyilir.
Qeyd edək ki, yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri Kremldə görüşərək Qarabağın sonrakı inkişafına dair birgə bəyannamə imzalayıblar.
BAKI, 15 yanvar - Sputnik. Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsinin Azərbaycan Respublikası Prezidentinin ICESCO Baş direktoru ilə görüşü zamanı çıxışına dair bəyanatını şərh edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, Leyla Abdullayeva şərhində bildirib: “Azərbaycan Respublikasının Prezidenti bu il yanvarın 13-də ICESCO-nun Baş katibi ilə keçirdiyi görüş zamanı çıxışında ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən onilliklər ərzində həyata keçirilən, Azərbaycanın tarixi, maddi-mədəni irsinin məhv edilməsinə hədəflənən məqsədyönlü siyasəti növbəti dəfə ifşa etdi.
Bu ərazilərdə Azərbaycan xalqına məxsus hər bir şeyi məhv edərək, azərbaycanlıların öz evlərinə geri qayıtmasına imkan verməmək məqsədini güdən Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında qalan ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, onların mənşəyinin dəyişdirilməsi istiqamətində fəaliyyət hərbi cinayətlərə bərabərdir. Əlbəttə, bu cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır və beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.
Qədim erməni dini və dünyəvi abidələrinə gəldikdə, Qafqaz etnoslarına aid olmayan və Qafqaza kütləvi şəkildə XIX əsrdə köçürülən ermənilərin bu kimi abidələri bəlkə də haradasa mövcuddur. Bizim bölgəyə aidiyyəti olmadığı üçün bu məsələni şərh etməzdim.
O ki, qaldı Ermənistan XİN-in guya Azərbaycanın beynəlxalq təşkilatların, xüsusilə də UNESCO-nun əraziyə səfər etməyə icazə verməməsinə dair əsassız ittihamlarına, Ermənistan XİN-in yadına salırıq ki, son onilliklər ərzində məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsinə maneçilik törədib. Bu fakt hətta UNESCO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Belə ki, hesabatda Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərdə mədəni irsin mühafizəsi ilə bağlı narahatlığını ifadə edərək bu ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti etdiyi, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı göstərilir.
Azərbaycan tərəfi UNESCO missiyasının təşkili ilə bağlı cavabını qarşı tərəfin diqqətinə çatdırıb. Ümumiyyətlə, Azərbaycanla UNESCO arasındakı dialoq prosesinə heç bir üçüncü tərəf müdaxilə edə bilməz.
Əminik ki, UNESCO/ICESCO missiyası Ermənistanın 30 illik işğal dövründə törətdiyi vandalizm əməllərini obyektiv əsaslarla və real faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün əlverişli imkan olacaqdır.
Azərbaycan multikultural ölkədir və Qarabağdakı bütün müsəlman və xristian-alban abidələri Azərbaycan xalqının tarixi, mədəni və dini irsinə məxsusdur. Azərbaycan ərazisindəki bütün abidələr dövlət səviyyəsində qorunur. Ölkəmizin zəngin irsinin mühafizəsi bundan sonra da yüksək səviyyədə təmin ediləcək, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki abidələrin bərpası, təmiri və yenidən qurulması işləri həyata keçiriləcək.
BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.
"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.
BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.
Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.