Azərbayсan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan

Əliyev, Putin Paşinyan mətbuata bəyanatla çıxış ediblər

66
(Yenilənib 21:11 11.01.2021)
"Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir" - İlham Əliyev

BAKI, 11 yanvar - Sputnik. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən bəyanatların mətnini təqdim edir.

Rusiya Prezidenti Vladimir Putinin bəyanatı
-İlk növbədə, həmkarlarıma - həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə bu gün Moskvaya gəlməyə, bizim keçən ilin 9 noyabr tarixli sülh razılaşmamızın şərtlərinin icrası ilə bağlı məsələləri müzakirə etmək üçün görüşməyə razılıq verdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm.

Bu razılaşmanın şərtlərinə ümumilikdə riayət edildiyi, heç bir ciddi insidentin qeydə alınmadığı qənaətinə gəldik.

Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir.

Bugünkü görüşümüzün əvvəlində dediyim kimi, 48 mindən çox köçkün və qaçqın artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır.

Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam.

Bu məqsədlə üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər.

Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək. Sağ olun.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
-Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə, bu dəvətə və bu görüşün keçirilməsi təşəbbüsünüzə görə Sizə təşəkkür etmək istərdim. Mən də Sizin fikrinizə şərikəm ki, bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi.

Atəşkəs elan ediləndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. 

Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.

Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.

Vladimir Vladimiroviç, dəvətə görə Sizə bir daha təşəkkürümü bildirirəm və hesab edirəm ki, görüş çox faydalı və səmərəli olub. Sağ olun.

Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatı
-Hörmətli Vladimir Vladimiroviç.

İlk növbədə, icazə verin, bizim regionda sabitliyin və təhlükəsizliyin bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün göstərdiyiniz səylərə görə Sizə təşəkkür edim. Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir. Əlbəttə, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində, o cümlədən bu məsələyə dair danışıqları davam etdirməyə hazırdır.

 Təəssüf ki, bu günə qədər biz hərbi əsirlər məsələsini həll edə bilməmişik və bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, bu, humanitar məsələdir. Biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəlmişik. Lakin hesab edirik ki, konkret olaraq bizim birgə Bəyanatın 8-ci bəndi, təəssüf ki, tam yerinə yetirilmir. Ümidvaram ki, biz qısa müddətdə konkret qərara gələ biləcəyik. Lakin deməliyəm ki, bizim bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir. Gizlətmirəm, bu bəyanatdakı razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və simasını, sadəcə, dəyişə bilər. İqtisadi yeniliklər təhlükəsizliyin daha etibarlı qarantiyalarına gətirib çıxara bilər və biz, əlbəttə, bu istiqamətdə konstruktiv iş aparmağa hazırıq. Lakin dediyim kimi, təəssüf ki, bütün məsələləri bir görüş ərzində həll etmək mümkün deyil. Ümidvaram ki, biz daha irəli gedəcəyik. Bir daha vurğulamaq istəyirəm, indiki məqamda bizim üçün ən başlıca məsələ humanitar məsələlər - bizim 9, yaxud 10 noyabr tarixli birgə Bəyanatın 8-ci bəndi ilə nəzərdə tutulmuş hərbi əsirlərin dəyişdirilməsi məsələləridir.

Vladimir Putin: Bütövlükdə bugünkü konstruktiv işə görə həmkarlarıma bir daha təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm.

66
Teqlər:
İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan, mətbuat, bəyanat, görüş, Moskva, Kreml
Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü (25)
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Nazirlər Azərbaycan-Fransa münasibətlərinin cari vəziyyətini müzakirə ediblər

11
(Yenilənib 23:33 21.01.2021)
Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Fransanın xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.

BAKI, 21 yanvar - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Naziriliyindən məlumat verilib. 

Nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

11
Aşqabad şəhərindən bir görüntü. Arxiv şəkli

Aşqabadda mühüm görüş

7
(Yenilənib 22:57 21.01.2021)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək görüşüb.

BAKI, 21 yanvar - Sputnik. Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri daxil olmaqla, geniş spektr üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət arasında, eləcə də Xəzər dənizi bölgəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin bariz nümunəsi kimi qeyd olunub. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirdiyi və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Tərəflər, regional əməkdaşlıq, o cümlədən üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu ilin yanvarın 16-da Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin imzalanmasına istinad edilərək, bu xüsusda tədbirlərin icrası məsələləri müzakirə edilib.

Görüşdə tərəflər ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

7

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya