UNESCO-nun loqosu, arxiv şəkli

XİN: UNESCO Azərbaycanın çağırışlarına laqeyd yanaşıb

17
(Yenilənib 12:26 22.12.2020)
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı mədəni irsimizin dağıdılması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ökəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərin araşdırılması çağırışlarımıza UNESCO laqeyd yanaşıb.

BAKI, 22 dekabr — Sputnik. Azərbaycan tərəfi UNESCO ilə əməkdaşlığa, tərəf çıxdığı konvensiyalardan irəli gələn vəzifələrin icrasına və xüsusilə də mədəni irsin qorunması ilə bağlı öhdəliklərinə hər zaman sadiqlik nümayiş etdirib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Ölkəmiz uzun illər ərzində həm Azərbaycanda, həm də qlobal miqyasda mədəni irsin bərpası və qorunması istiqamətində təşkilatın fəaliyyətinə ciddi töhfələr verib. Azərbaycanda mədəni irsin qorunması dövlət siyasətinin vacib istiqamətlərindən biridir. Ölkəmizin Ümumdünya İrs Komitəsinin ötən il keçirilən sonuncu sessiyasına uğurla ev sahibliyi etməsi mədəni irsin qorunmasına Azərbaycanın verdiyi əhəmiyyətin, eyni zamanda üzv dövlətlərin Azərbaycana inam və etibarının yüksək ifadəsidir. Azərbaycan Respublikasının təşəbbüsü və dəstəyi ilə UNESCO tərəfindən ilk dəfə olaraq "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması ilə bağlı Hərbi Bələdçi" adlı nəşrin ərsəyə gəlməsi ölkəmizin UNESCO-nun dəyərlərinə sadiqliyinin bariz nümunəsidir.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, 30 il ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın işğalı zamanı mədəni irsimizin dağıdılması, mənimsənilməsi, mahiyyətinin dəyişdirilməsi, mədəni sərvətlərin ökəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərin araşdırılması məqsədilə UNESCO-ya çağırışlarımıza laqeyd yanaşılıb və bu məsələ ilə bağlı UNESCO Katibliyi qətiyyətlilik nümayiş etdirməmişdir.

UNESCO tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına missiyanın göndərilməsi təklifinin Azərbaycan tərəfindən nəzərdən keçirilməsi barədə təşkilata dəfələrlə məlumat verilib. Məsələ ilə bağlı vurğulanmalıdır ki, mədəni mülkiyyətimizə vurulmuş zərərin dəyərləndirilməsinə dair bölgəyə UNESCO missiyasının təşkili zamanı bir sıra amillər, o cümlədən ərazidə təhlükəsizliyin təmin olunması, hava və çətin relyef şəraiti də nəzərə alınmalıdır. Məlum olduğu kimi, Azərbaycan əraziləri Ermənistan tərəfindən həm işğal müddətində minalanıb (hərbi əməliyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli bəyanatdan etibarən 6 mülki şəxs və 6 hərbçi minaya düşərək həyatını itirib, 7 mülki şəxs və 14 hərbçi isə xəsarət alıb), həm də Ermənistan ordusu işğal edilmiş ərazilərimizdən geri çəkilərkən tarix və mədəniyyət abidələrinin ətrafını da minalayaraq ərazini təhlükəli bölgəyə çevirib.

İşğaldan azad edilən Azərbaycan torpaqlarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən mədəni irsin ilkin monitorinqinə başlanılıb və ilkin monitorinqin nəticələri UNESCO-ya rəsmi şəkildə təqdim olunub. Monitorinqin hesabatında, həmçinin vaxtilə Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərimizdə bütün dini və mədəni abidələrimizin dağıdılması, o cümlədən məscidlərimizin təhqir edilməsini əks etdirən fotolar da yer alıb. Ümid edirik ki, sözügedən monitorinqin hesabatında əks olunan hərbi cinayətlərə UNESCO səssiz qalmayacaq.

Hesab edirik ki, UNESCO öz missiyasını müstəqil və obyektiv şəkildə yerinə yetirməli və mədəni irsin qorunması məsələsinin siyasiləşdirilməsinə yol verməməlidir. UNESCO tərəfindən bu cür mətbuat açıqlamalarının verilməsi Azərbaycan ilə UNESCO arasında mövcud olan əməkdaşlığın ruhuna uyğun gəlmir.

Azərbaycan missiyanın təşkilinin təfərrüatlarını UNESCO ilə müzakirə etmək üçün konstruktiv dialoqa açıqdır və UNESCO ilə üzv dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanan əməkdaşlığa hazır olduğunu bir daha bəyan edir", - deyə XİN-in yaydığı məlumatda bildirilir.

17
Teqlər:
Azərbaycan XİN, UNESCO, Qarabağın işğalı
Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Lavrov: "Rusiyanın Qarabağı öz ərazisinə qatmaq fikri yoxdur"

59
"Biz ondan çıxış edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr – ilk növbədə Azərbaycan və Ermənistan tərəfindən həll edilməlidir. Moskva bütövlükdə bölgədə sülh və sabitliyi təmin edəcək bir həll tapmağa kömək edəcək".

BAKI, 18 yanvar — Sputnik. Rusiyanın Qarabağı öz ərazisinə qatmaq fikri yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən qeyd edib.

"Qarabağın müstəqilliyi Ermənistan Respublikası da daxil olmaqla heç kim tərəfindən tanınmayıb. Bizim də belə bir fikrimiz yoxdur. Biz ondan çıxış edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr – ilk növbədə Azərbaycan və Ermənistan tərəfindən həll edilməlidir. Moskva bütövlükdə bölgədə sülh və sabitliyi təmin edəcək bir həll tapmağa kömək edəcək", - deyə Lavrov qeyd edib.

Lavrov, həmçinin qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatının heç bir gizli müddəaları yoxdur.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

59
Co Bayden, arxiv şəkli

Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı

132
(Yenilənib 20:27 17.01.2021)
Əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

BAKI, 17 yanvar - Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden andiçmə mərasimindən sonra ilk və ya ikinci xarici səfərini Böyük Britaniyaya edə bilər.

“Report”un məlumatına görə, bu barədə “The Daily Telegraph” siyasətçinin ətrafındakı şəxslərə istinadən xəbər verib.

Bu səfər böyük ehtimalla Britaniyada keçiriləcək Böyük Yeddiliyin (G7) zirvə toplantısına təsadüf edəcək. Bundan əlavə, Bayden, payızda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak etmək üçün bu ölkəyə səfər etmək niyyətindədir.

Qəzetin yazdığına görə, əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

132
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0