Fransanın Azərbaycandakı səfiri Zakari Qros, arxiv şəkli

"Fransa Qarabağın müstəqilliyini tanımır" - Səfir

32
(Yenilənib 13:16 04.12.2020)
Fransanın Azərbaycandakı səfiri Zakari Qros Fransa Milli Assambleyasının qəbul etdiyi "Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması" adlı qətnaməni şərh edib.

BAKI, 4 dekabr — Sputnik. Fransanın Azərbaycandakı səfiri Zakari Qros Fransa Milli Assambleyasının qəbul etdiyi "Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması" adlı qətnaməni şərh edib.

"Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti öz parlamentinin müstəqilliyini tanıyır. O, Qarabağın müstəqilliyini tanımır", - deyə səfir öz "Twitter" səhifəsində qeyd edib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyası tərəfindən qəbul edilən "Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının qorunması" adlı qətnaməni Fransa Parlamentinin növbəti tamamilə əsassız, qeyri-dost və təxribatçı fəaliyyəti kimi xarakterizə edib. 

Bildirilib ki, Senatın ardınca Aşağı Palatanın qərəzli qətnamə qəbul etməsi Azərbaycana qarşı aparılan davamlı kampaniyadan xəbər verir.

"Qətnamənin adından da göründüyü kimi, reallıqla heç bir əlaqəsi olmayan, məsələyə dini çalarlar qatmaq istəyən Milli Assambleya üzvləri ermənipərəst mövqelərini süni əsaslandırma ilə təqdim etməyə çalışır. Azərbaycan müxtəlif dini etiqad və etnik mənsubiyyətə malik insanların harmoniya və sülh şəraitində bir ailə kimi yaşadığı çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Biz Ermənistan-Azərbaycan münaqişəsini dinlərarası və sivilizasiyalarası toqquşma kimi qələmə vermək cəhdlərini rədd edir, sülh və təhlükəsizlik üçün ciddi təhdid olan bu cür yanaşmanı qətiyyətlə pisləyirik" - XİN qeyd edib. 

Nazirlik həmçinin bəyan edib ki, Milli Assambleya tərəfindən Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatının müddəaları ilə tam ziddiyyət təşkil edən yanaşmanın sərgilənməsi həm bölgədə həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin təmin edilməsi səylərinə ciddi xələl gətirir.

Milli Assambleyanın əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq və Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq.

32
Teqlər:
Qarabağ, XİN, Fransa

Rəsmi Bakı Avropa Parlamentinin qərəzli iddialarını pislədi

22
"Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir"

BAKI, 22 yanvar — Sputnik. "İlk növbədə onu vurğulamaq istərdim ki, bu il yanvarın 20-də Avropa Parlamentinin (AP) qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnaməsi və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı şəkildə əks olundu. Bəzi ermənipərəst dairələrin səylərinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Azərbaycanın və digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair mövqeyində hər hansı dəyişiklik baş vermədi".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Sənəddə, həmçinin qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat müsbət qarşılanır, gələcək sülh üçün bu razılaşmanın daha yaxşı perspektivlər açacağına ümid ifadə olunur. Burada, mülki əhalinin öldürülməsi, mülki infrastrukturun dağıldılması, kasetli döyüş sursatlarından istifadə pislənir və bu xüsusda həm Ermənistan, həm də Azərbaycana çağırışlar edilir. Sənəddə məcburi köçkünlər və qaçqınların evlərinə geri qayıtması, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, habelə müharibə cinayətlərinə məsul olanların qanun qarşısında cavab verməsi kimi məsələlər əks olunub.

Bir sözlə, Avropa Parlamenti qətnaməsi Şərq Tərəfdaşlığı ölkərindəki münaqişələrlə bağlı bütün məsələlərin həllini məhz beynəlxalq hüquq əsasında, ilk növbədə isə ŞT ölkələrinin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüklərinin Aİ tərəfindən qətiyyətli dəstəklənməsi əsasında həll edilməsinin vacibliyini son 4 ildə olduğu kimi bir daha vurğulayıb.

O ki qaldı qətnamədə əks olunmuş bəzi əsassız və gecikmiş məqamlara, onlara aydınlıq gətirmək istərdik. İlk növbədə, bölgənin gələcək statusu və Dağlıq Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı mövqeyimiz bəllidir və birmənalı şəkildə dəfələrlə ifadə olunub. Bu mövqe ilə tanış olmayan AP üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb, erməni əhalisinin və irsinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan Konstitusiyası ilə təmin olunur, tarixi-mədəni abidələr isə dövlət səviyyəsində qorunur.

Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu xüsusda müstəsna rol oynayır", - deyə Leyla Abdullayeva qeyd edib.

22
Co Bayden, arxiv şəkli

Konqresmenlə prezidenti bir tutmayın - Co Baydenin hakimiyyəti Azərbaycana vəd edir?

64
(Yenilənib 15:47 22.01.2021)
"Düzdür, Bayden seçki kampaniyası dönəmində ermənilərlə bağlı onların xoşuna gələcək fikirlər səsləndirirdi. Amma Vaşinqtonda anlayırlar ki, Azərbaycan güclü dövlətdir" - siyasi ekspert

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 20-də Vaşinqtonda Co Bayden ABŞ-ın yeni prezidenti olaraq and içib. Səkkiz il vitse-prezident vəzifəsini icra edən Bayden indi ölkə tarixində ən yaşlı prezident olaraq fəaliyyətə başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı ilin martında ABŞ-da səfərdə olarkən o dövrdə vitse-prezident vəzifəsini icra edən Co Bayden ilə görüşmüşdü.

Bəs Co Baydenin prezident olmasının Azərbaycan üçün hansı siyasi təsirləri olacaq?

Mövzunu Sputnik Azərbaycan-a şərh edən politoloq Fikrət Sadıxov bildirib ki, Bayden ABŞ-ın həm daxili, həm də xarici siyasətində müəyyən düzəlişlər edəcək: “Bununla belə, yeni prezident ABŞ-ın strateji kursunu dəyişməyəcək. Düzdür, Bayden seçki kampaniyası dönəmində ermənilərlə bağlı onların xoşuna gələcək fikirlər səsləndirirdi. Amma Vaşinqtonda anlayırlar ki, Azərbaycan güclü dövlətdir”.

“Ölkəmiz regionda meqalayihələrin ideya müəllifidir, həm də onların həyata keçirilməsində vacib rol oynayır. Ona görə də yeni administrasiya Azərbaycana münasibətdə real və praqmatik mövqedə dayanmalıdır”, – deyə Fikrət Sadıxov əlavə edib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Bayden hələ konqresmen olduğu vaxtlarda erməni diasporu ilə sıx əlaqədə olub və Azərbaycana qarşı olan ədalətsiz 907-ci düzəlişin həmmüəlliflərindən biridir.

Politoloq deyir ki, Baydenin konqresmenlik dövründəki fəaliyyəti ilə prezidentlik vəzifəsini eyniləşdirmək olmaz: “O, artıq ABŞ-ın milli təhlükəsizlik və strateji maraqlarından çıxış etməlidir. Bu maraqlar Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı diktə edir. Amma bu, o demək deyil ki, Baydenin prezidentliyi dönəmində ABŞ-Azərbaycan əməkdaşlığı indikindən daha çox olacaq. Azərbaycan üçün önəmli olan ABŞ-ın onun daxili işlərinə qarışmamasıdır”.

64
Teqlər:
siyasət, prezident, Azərbaycan, Co Bayden

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0