Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramovdan ATƏT dövlətlərinə mesaj: "Öhdəliklərini bir daha təsdiqləməlidirlər"

24
Bu razılaşmanı reallığa çevirmək üçün verdikləri töhfələrə görə Rusiya Federasiyasına və Türkiyə Respublikasına təşəkkür etmək istəyirəm.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. "Bu il biz iştirakçı dövlətlər üçün ümumi təhlükəsizlik təməlini təşkil edən Helsinki Yekun Aktının 45-ci ildönümünü və Yeni Avropa üçün Paris Xartiyasının 30-cu ildönümünü qeyd edirik. Helsinki Yekun Aktında təsbit edilmiş və Paris Xartiyasında bir daha təsdiqlənmiş prinsiplər, xüsusi ilə suveren bərabərlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə əlaqəli olan prinsiplər hər zamankı kimi qüvvədə qalır və münasibətlərimizin əsasını təşkil edir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, regional sülh və təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edən zorakı münaqişələrin əsas səbəblərinin arxasında beynəlxalq hüquqa və ATƏT prinsiplərinə uyğunsuzluq dayanır: "Bu təntənəli tədbirdə iştirakçı dövlətlər hər hansı istisna, ikili standartlar, coğrafi və ya digər üstünlükləri olmadan Helsinki Yekun Aktının prinsiplərinə qeyd-şərtsiz hörməti və onların yerinə yetirilməsini təmin etmək üçün öhdəliklərini bir daha təsdiqləməlidirlər".

Nazir qeyd edib ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat Ermənistanla Azərbaycan arasında təxminən 30 ildir davam edən silahlı münaqişəyə son qoymaq üçün zəmin yaratdı: "Nazirlər Şurasının diqqətinə məmnunluqla çatdırıram ki, bu Sazişin həyata keçirilməsi bütün hərbi əməliyyatların dayandırılmasını, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını təmin etdi.

10 Noyabr bəyanatı, məcburi köçkünlərin və qaçqınların BMT QAK-ın nəzarəti altında evlərinə qayıtması ilə bağlı vacib müddəanı özündə ehtiva edir.

Eyni zamanda, razılaşma bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrində olan maneələrin aradan qaldırılmasını nəzərdə tutur, Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında əlaqə daxil olmaqla, Ermənistan və Azərbaycan arasında hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkətini təmin edir.

Üçtərəfli bəyanata əsasən, Ermənistan və Azərbaycan arasında razılaşmaların həyata keçirilməsinə nəzarət etmək üçün Rusiya Federasiyası və Türkiyənin Birgə Monitorinq Mərkəzi yaradılacaq.

Bu razılaşmanı reallığa çevirmək üçün verdikləri töhfələrə görə Rusiya Federasiyasına və Türkiyə Respublikasına təşəkkür etmək istəyirəm. Bu qonşu dövlətlər Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək razılaşmanın zamini kimi mühüm rol oynayırlar.

Sülh, bərpa və yenidənqurma fəaliyyətinin davam etdirilməsi, qayıdan məcburi köçkünlər və qaçqınlar daxil olmaqla, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi mütləq şəkildə prioritet vəzifə olmalıdır. Bu məqsədlə, Azərbaycan 1991-ci il Birləşmiş Millətlər Təşkilatının humanitar yardım barədə rəhbər prinsiplərinə tam uyğun olaraq bölgədəki sülh və sabitliyə töhfə vermək niyyətində olan BQXK, BMT QAK və BMT-nin digər qurumları, habelə ayrı-ayrı dövlətlər də daxil olmaqla, aidiyyəti beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır".

24
Teqlər:
Ceyhun Bayramov, ATƏT, Türkiyə, Rusiya, Azərbaycan, Qarabağ

Rəsmi Bakı Avropa Parlamentinin qərəzli iddialarını pislədi

22
"Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir"

BAKI, 22 yanvar — Sputnik. "İlk növbədə onu vurğulamaq istərdim ki, bu il yanvarın 20-də Avropa Parlamentinin (AP) qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnaməsi və 2021-ci il üçün yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı şəkildə əks olundu. Bəzi ermənipərəst dairələrin səylərinə baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Azərbaycanın və digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair mövqeyində hər hansı dəyişiklik baş vermədi".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Sənəddə, həmçinin qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat müsbət qarşılanır, gələcək sülh üçün bu razılaşmanın daha yaxşı perspektivlər açacağına ümid ifadə olunur. Burada, mülki əhalinin öldürülməsi, mülki infrastrukturun dağıldılması, kasetli döyüş sursatlarından istifadə pislənir və bu xüsusda həm Ermənistan, həm də Azərbaycana çağırışlar edilir. Sənəddə məcburi köçkünlər və qaçqınların evlərinə geri qayıtması, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi, habelə müharibə cinayətlərinə məsul olanların qanun qarşısında cavab verməsi kimi məsələlər əks olunub.

Bir sözlə, Avropa Parlamenti qətnaməsi Şərq Tərəfdaşlığı ölkərindəki münaqişələrlə bağlı bütün məsələlərin həllini məhz beynəlxalq hüquq əsasında, ilk növbədə isə ŞT ölkələrinin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüklərinin Aİ tərəfindən qətiyyətli dəstəklənməsi əsasında həll edilməsinin vacibliyini son 4 ildə olduğu kimi bir daha vurğulayıb.

O ki qaldı qətnamədə əks olunmuş bəzi əsassız və gecikmiş məqamlara, onlara aydınlıq gətirmək istərdik. İlk növbədə, bölgənin gələcək statusu və Dağlıq Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması məsələsi ilə bağlı mövqeyimiz bəllidir və birmənalı şəkildə dəfələrlə ifadə olunub. Bu mövqe ilə tanış olmayan AP üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb, erməni əhalisinin və irsinin təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan Konstitusiyası ilə təmin olunur, tarixi-mədəni abidələr isə dövlət səviyyəsində qorunur.

Qətnamədə qardaş Türkiyə ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı ölkələrindən biridir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır və bu xüsusda müstəsna rol oynayır", - deyə Leyla Abdullayeva qeyd edib.

22
Co Bayden, arxiv şəkli

Konqresmenlə prezidenti bir tutmayın - Co Baydenin hakimiyyəti Azərbaycana vəd edir?

64
(Yenilənib 15:47 22.01.2021)
"Düzdür, Bayden seçki kampaniyası dönəmində ermənilərlə bağlı onların xoşuna gələcək fikirlər səsləndirirdi. Amma Vaşinqtonda anlayırlar ki, Azərbaycan güclü dövlətdir" - siyasi ekspert

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 20-də Vaşinqtonda Co Bayden ABŞ-ın yeni prezidenti olaraq and içib. Səkkiz il vitse-prezident vəzifəsini icra edən Bayden indi ölkə tarixində ən yaşlı prezident olaraq fəaliyyətə başlayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2016-cı ilin martında ABŞ-da səfərdə olarkən o dövrdə vitse-prezident vəzifəsini icra edən Co Bayden ilə görüşmüşdü.

Bəs Co Baydenin prezident olmasının Azərbaycan üçün hansı siyasi təsirləri olacaq?

Mövzunu Sputnik Azərbaycan-a şərh edən politoloq Fikrət Sadıxov bildirib ki, Bayden ABŞ-ın həm daxili, həm də xarici siyasətində müəyyən düzəlişlər edəcək: “Bununla belə, yeni prezident ABŞ-ın strateji kursunu dəyişməyəcək. Düzdür, Bayden seçki kampaniyası dönəmində ermənilərlə bağlı onların xoşuna gələcək fikirlər səsləndirirdi. Amma Vaşinqtonda anlayırlar ki, Azərbaycan güclü dövlətdir”.

“Ölkəmiz regionda meqalayihələrin ideya müəllifidir, həm də onların həyata keçirilməsində vacib rol oynayır. Ona görə də yeni administrasiya Azərbaycana münasibətdə real və praqmatik mövqedə dayanmalıdır”, – deyə Fikrət Sadıxov əlavə edib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Bayden hələ konqresmen olduğu vaxtlarda erməni diasporu ilə sıx əlaqədə olub və Azərbaycana qarşı olan ədalətsiz 907-ci düzəlişin həmmüəlliflərindən biridir.

Politoloq deyir ki, Baydenin konqresmenlik dövründəki fəaliyyəti ilə prezidentlik vəzifəsini eyniləşdirmək olmaz: “O, artıq ABŞ-ın milli təhlükəsizlik və strateji maraqlarından çıxış etməlidir. Bu maraqlar Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı diktə edir. Amma bu, o demək deyil ki, Baydenin prezidentliyi dönəmində ABŞ-Azərbaycan əməkdaşlığı indikindən daha çox olacaq. Azərbaycan üçün önəmli olan ABŞ-ın onun daxili işlərinə qarışmamasıdır”.

64
Teqlər:
siyasət, prezident, Azərbaycan, Co Bayden

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0