Fransa Senatının binası, arxiv şəkli

"Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görünür"

21
(Yenilənib 15:18 26.11.2020)
Fransa Senatı hətta utanmadan münaqişə bölgəsinə yaxın və oradan kilometrlərlə uzaqda yerləşən kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutan, dinc sakinləri qətlə yetirən, hərbi təxribatlar törədən Ermənistanı qınamaq əvəzinə Azərbaycanı günahlandırır.

BAKI, 26 noyabr — Sputnik. "Son hadisələr Fransanın Minsk Qrupunun həmsədri kimi fəaliyyətinə son qoyulmasını labüd edib. Noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsinin təqdim olunması, noyabrın 25-də müzakirə edilərək qəbul olunması beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulmasıdır. Təcavüzkar ölkənin törətdiyi terror aktlarına, soyqırımına, dinc əhaliyə qarşı amansızlığına, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına olan laqeyd münasibət Fransanın istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramını açıq-aydın ortaya qoydu".

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il səssiz qalan Fransa Senatının son qərəzli mövqeyi bu ölkənin faşizm ideologiyasından qidalanan Ermənistana dəstəyinin növbəti nümayişidir. Ümumiyyətlə, ikili standartlar, beynəlxalq təşkilatlar tərəfindən hər hansı bir sanksiya tətbiq olunmaması hər zaman işğalçı ölkəni daha da azğınlaşdırıb, Ermənistan-Azərbaycan münaqişəsinin 30 il uzanmasına səbəb olub. Nəhayət, sentyabrın 27-dən başlayaraq mənfur qonşular ağır artilleriya qurğularından, ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə ölkəmizə qarşı genişmiqyaslı hücumlara başladı. ATƏT-in Minsk Qrupunun həmsədri - Fransanın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə işğalçı tərəfə təsir göstərməməsi, məsələyə laqeyd münasibəti regionda sülhün, sabitliyin, tərəqqinin bərqərar olmasına maraqlı olmaması illərdir davam edən laqeydliyin səbəbini bir daha ortaya qoydu.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanatdan sonra da Fransanın ciddi şəkildə narahat olması da bu ölkə rəhbərlərinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduqlarını sübut etdi. Münaqişənin həllinə birbaşa cavabdeh olan Fransa ilk gündən qeyri-obyektiv mövqe tutdu, Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsinə qərəzli münasibət sərgiləyərək işğalçı Ermənistana dəstək olduğunu bildirdi. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan Ermənistanı dəstəkləyən Fransa hökuməti Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınmasını belə görməzlikdən gəldi.

Fransa Senatının qəbul etdiyi qətnamədə Azərbaycan və qardaş Türkiyənin ünvanına yer alan saxta ittihamı, Azərbaycanın guya xaricdən muzdlu terrorçuları döyüşlərə cəlb etməsi kimi böhtanları heç bir sübutla təsdiq olunmamış iddialardır. Fransa Senatı hətta utanmadan münaqişə bölgəsinə yaxın və oradan kilometrlərlə uzaqda yerləşən kəndləri, qəsəbələri və şəhərləri raket atəşinə tutan, dinc sakinləri qətlə yetirən, mülki obyektlərə, enerji və nəqliyyat infrastrukturuna ciddi ziyan vuran, hərbi təxribatlar törədən Ermənistanı qınamaq əvəzinə Azərbaycanı günahlandırır.

Bəli, bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. Belə bir Böyük Qələbənin, Zəfərin qarşısında erməni lobbisinin tam nəzarətində olan Fransa Senatının işğalçı ölkəni müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görünür. İşğalçı Ermənistana havadarlıq, himayədarlıq edənlər birdəfəlik bilməlidirlər ki, Azərbaycan prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək. Qarabağ Azərbaycandır!

21
Teqlər:
bəyannamə, etiraz, Senat, Fransa, millət vəkili, Azərbaycan
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Nazirlər Azərbaycan-Fransa münasibətlərinin cari vəziyyətini müzakirə ediblər

12
(Yenilənib 23:33 21.01.2021)
Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Fransanın xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.

BAKI, 21 yanvar - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Naziriliyindən məlumat verilib. 

Nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

12
Aşqabad şəhərindən bir görüntü. Arxiv şəkli

Aşqabadda mühüm görüş

9
(Yenilənib 22:57 21.01.2021)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək görüşüb.

BAKI, 21 yanvar - Sputnik. Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri daxil olmaqla, geniş spektr üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət arasında, eləcə də Xəzər dənizi bölgəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin bariz nümunəsi kimi qeyd olunub. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirdiyi və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Tərəflər, regional əməkdaşlıq, o cümlədən üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu ilin yanvarın 16-da Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin imzalanmasına istinad edilərək, bu xüsusda tədbirlərin icrası məsələləri müzakirə edilib.

Görüşdə tərəflər ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

9
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

0
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

0