İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib

İlham Əliyev Sergey Lavrovla nədən danışıb? Görüşün təfərrüatları

195
(Yenilənib 20:02 21.11.2020)
İlham Əliyev: "Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid edir".

BAKI, 21 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Rusiyanın qurumlararası nümayəndə heyətinə daxil olan Rusiya Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – “Rospotrebnadzor”un rəhbəri Anna Popova, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov da iştirak ediblər.

Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

-Hörmətli Sergey Viktoroviç. Hörmətli nümayəndə heyətinin üzvləri.

Sizi Azərbaycanda salamlamağa, yenidən görməyimə şadam. Şadam ki, ölkəmizə bu cür böyük nümayəndə heyəti ilə gəlirsiniz. Nümayəndə heyətinin tərkibi özlüyündə bugünkü müzakirələrin gündəliyini əks etdirir. Bütövlükdə, bizim münasibətlərimizin gündəliyi yetərincə genişdir, bütün sahələri əhatə edir. Lakin bu gün təbii ki, biz, ilk növbədə, Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın implementasiyası ilə bağlı məsələlər, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələləri barədə danışacağıq.

© Official website of President of Azerbaijan Republic
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Xarici işlər naziri Sergey Lavrov arasında görüş

Regionda yeni, çox ümidverici şərait yaranıb. Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda, Azərbaycan buna hazırdır və biz bu gün regionun inkişafı barədə düşündüklərimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin şəxsi rolunu xüsusi qeyd etmək istərdim. O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır.

Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd etmək istərdim. Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar.

Sizinlə biz nizamlama prosesinin bütün peripetiyalarını yaxşı bilirik. Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünməyə çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik.

Biz həm də ona görə şadıq ki, Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olsa, Bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər.

Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq.

Onu da qeyd etmək istərdim ki, Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra "Dağlıq Qarabağ münaqişəsi" söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik.

Bir daha xoş gəlmisiniz. Sizin gəlişinizə həmişə şadıq. Bu gün konstruktiv işləyəcəyimizə ümid edirik.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:

-Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Sizə Rusiya Federasiyası Prezidentinin ən səmimi salamlarını çatdırıram. Biz buraya idarələrarası nümayəndə heyəti ilə gəlmişik. Onun Sizinlə razılaşdığı kimi, bizim bu səfərimiz kifayət qədər qısa müddətdə həyata keçirilməlidir. Bu, bizim, Rusiya Federasiyasının Prezidentinin 9 noyabr tarixli razılaşmaların reallaşdırılması üzrə səyləri fəal dəstəkləmək və eyni zamanda, Azərbaycan Respublikası ilə bizim tərəfdaşlığımızın xüsusi strateji xarakterini vurğulamaq niyyətini əks etdirir. Bu gün burada bizim qarşılıqlı fəaliyyətimizin bütün istiqamətləri üzrə həmkarlarımızla aparılacaq söhbətlər, əlbəttə, ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə inkişaf etməsinə və çiçəklənməsinə yönələcək.

Biz Azərbaycanın 9 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik. Hörmətli İlham Heydər oğlu, Siz dediyiniz kimi, bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi, onu nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar. Bu isə, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil. Biz xüsusi əhəmiyyət veririk ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu bu regionda barışıq məsələsini daim vurğulayır və biz qəti əminik ki, əgər həqiqətən kənardan gətirilən hansısa maraqlar barədə deyil, insanlar barədə düşünsək, bütün gələcək işlərin mənası bundan ibarətdir.

Biz azərbaycanlı həmkarlarımızla birlikdə erməni tərəfin də iştirakı ilə sülhməramlılarımız vasitəsilə əvvəlki yerlərinə qayıdan insanların mənafeyi naminə humanitar məsələlərin həllinin konkret yollarını fəal surətdə razılaşdırırıq. Buraya mülki infrastrukturun yaradılması, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün bütün zəruri işlərin nizamlanması və əlbəttə, beynəlxalq təşkilatların, Qırmızı Xaç Komitəsinin, BMT-nin qaçqınlar, ərzaq məsələləri, uşaqların problemləri üzrə strukturlarının, bu qədim regionda mədəni, dini irsin qorunub saxlanması məsələləri ilə daha fəal məşğul olmalı olan UNESCO-nun cəlb edilməsi daxildir.

Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir.

Prezident İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

195
Teqlər:
Qarabağ, Rusiya, Vladimir Putin, Putin, Azərbaycan, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya xarici işlər naziri Sergey Lavrov, xarici işlər naziri Sergey Lavrov, Rusiya XİN rəhbəri Sergey Lavrov, Sergey Lavrov, İlham Əliyev
Fransa Senatının binası, arxiv şəkli

Fransada Azərbaycana qarşı növbəti xain addım

121
(Yenilənib 23:40 03.12.2020)
Aşağı palatanın iclasında çıxış edən Fransa XİN rəhbəri Jan İv Le Drian isə Fransanın Dağlıq Qarabağı tanımasının əleyhinə çıxıb.

BAKI, 3 dekabr - Sputnik. Fransanın Milli Şurası (Parlamentin aşağı palatası) ölkə hökumətini Dağlıq Qarabağın "müstəqilliyini" tanımağa çağıran qətnaməni dəstəkləyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, 188 deputat bədnam qətnamənin lehinə, 3-ü əleyhinə səs verib, 16 nəfər bitərəf qalıb.

Milli Şuranın deputatları "sülh prosesini reallaşdırmağın və Qarabağın tanınmağının" vacibliyini qeyd ediblər. 

Aşağı palatanın iclasında çıxış edən Fransa XİN rəhbəri Jan İv Le Drian isə Fransanın Dağlıq Qarabağı tanımasının əleyhinə çıxıb.

"Qətnamə layihəsində izhar olunan məqsədi... yəni Dağlıq Qarabağın tanınmasını dəstəkləmirəm. Çünki bizim erməni dostlarımız bizdən Dağlıq Qarabağın tanınmasını istəmirlər. Və heç onlar özləri də tarix boyu, sərhədlər necə olur-olsun, heç vaxt Dağlıq Qarabağı tanımayıblar", - nazir deyib.

Le Drian qeyd edib ki, Ermənistan tərəfindən səsləndirilən xahişlər noyabrın 9-da atəşkəs barədə razılıqdan sonra Qarabağda sabitlik və təhlükəsizlik, hərbi əməliyyatlar nəticəsində yerdəyişmə etmiş şəxslərin geri qaytarılması ilə bağlıdır.

Xatırladaq ki, noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Azərbaycan və Türkiyənin rəsmi dairələri bu qərara ciddi təpki göstəriblər. Azərbaycanın Milli Məclisi 26 noyabrda Fransaya etiraz bəyanatı ünvanlayıb. Xarici İşlər Nazirliyi isə Fransaya nota verib və Fransa səfirini nazirliyə çağıraraq bu barədə onu bilgiləndirib. 

Fransa Xarici İşlər Nazirliyi də açıqlama verərək bəyan edib ki, Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır.

121
Teqlər:
qətnamə, xain, Fransa, Azərbaycan, Qarabağ
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Ermənistan hökuməti yeni reallıqla barışmalıdır - Azərbaycan XİN

17
(Yenilənib 22:54 03.12.2020)
Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

BAKI, 3 dekabr - Sputnik. Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir. Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir. Ermənistan xarici işlər naziri xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Armenpress” agentliyinə verdiyi müsahibəyə dair şərhində deyilir.

"Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır.

Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

Əsir və girovların, meyitlərin dəyişdirilməsinə gəldikdə isə, Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, məhz Ermənistan tərəfi uzun illər ərzində Azərbaycanın “hamının hamıya” dəyişdirilməsi təşəbbüsünə qarşılıq vermirdi. İndi bu prinsipin Ermənistan tərəfindən qəbul edilməsi elə dəyişən reallığın bir hissəsidir. Azərbaycan isə hər zaman beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi riayət edib, humanizm prinsiplərindən çıxış edərək, hətta hərbi əməliyyatlar davam edən zaman birtərəfli qaydada erməni əsirlərini və cəsədləri qarşı tərəfə təhvil verib.

Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edəcəkdir", - deyə XİN-in şərhində vurğulanır.

17
Teqlər:
Ermənistan XİN, cavab, Azərbaycan XİN, Azərbaycan, Qarabağ
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən uğrunda canlarını əsirgəməyənlərə dövlət verir? Məsələ tək pulda deyil...

0
(Yenilənib 00:31 04.12.2020)
"Heç bir Qarabağ müharibəsi qazisinə və şəhidinə fərq qoymaq olmaz! Onlara eyni qaydada bütün sosial müdafiə tədbirləri həyata keçirilməlidir" - millət vəkili

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Torpaqlarımızın bütövlüyü uğrunda başlanan Vətən müharibəsində yaralanaraq qazi olan əsgər və zabitlərimizin sosial təminatı son günlər geniş müzakirə mövzusuna çevrilib. Ən çox müzakirə olunan məsələ isə qazilərimizə ödəniləcək aylıq təqaüdün məbləğidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanların sosial təminatı ilə bağlı yaydığı məlumatdan sonra bu məbləğ müxtəlif rəqəmlərlə göstərilir. Hətta qazilərimizə ödəniləcək aylıq təqaüdün məbləğinin real yaşayış minimumundan dəfələrlə az olduğu geniş qınaq obyektinə çevrilib. Digər yaranmış narazılıq isə öz sağlamlığını Vətən yolunda itirmiş qazilərimizə dövlət tərəfindən ödənilən müavinətin məbləğinin fərqli olmasıdır. 

Sputnik Azərbaycan Vətən uğrunda döyüşlərdə sağlamlığını itirmiş qazilərimizə, eləcə də şəhid ailələrinə ödənilən müavinətlərin məbləğini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri məlumatsızlıqdan irəli gəlir. Nazirlik sözçüsü bildirir ki, onlar digər sosial ödənişlərlə - pensiya, müavinət və sosial proqramlarla da əhatə olunurlar. F.Talıblı deyir ki, bu gün Azərbaycanda şəhidin vərəsələrinə 11 min manat sığorta ödənişi verilir: “Müharibə əlillərinə ödənilən sığorta ödənişinin məbləği I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat təşkil edir. Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir ki, burada da orta məbləğ 400 manatdır. Onların əmək pensiyasının sığorta hissəsinə əlavə 55-110 manat ödənilir. Bundan əlavə, onlara 210-300 manat prezidentin aylıq təqaüdü verilir. Bütün bunlarla yanaşı, haqqında danışdığımız kateqoriya üçün bir sıra güzəştlər də tətbiq edilir. Məsələn, şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunurlar. Onlar protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün dövlət və özəl sektorda məcburi kvota müəyyən edilib”.

F.Talıblı bildirir ki, şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub:

“Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dək avtomobil verilib. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır”.

Bəs görəsən, qazilərimizə verilən müavinətlərin məbləği ilə bağlı yaranmış narazılıq nədən qaynaqlanır?

“Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Qarabağ müharibəsi veteranlarına ödənilən müavinətlərin azlığı və fərqli olması barədə səslənən fikirlərdə həqiqət payı var. Həmsöhbətimiz deyir ki, bu gün Qarabağ qazilərinin heç də hamısı yüksək məbləğdə təqaüd almır: “Nazirliyin dünən açıqladığı rəqəmlər illərdir qazilərə ödənilən pensiya, müavinət və prezident təqaüdü ilə bağlıdır. Qarabağ əlillərinə pensiyalar müxtəlif cür hesablandığından birmənalı şəkildə demək olmaz ki, 1-ci, 2-ci və 3-cü qrup Qarabağ əlilləri bu məbləğdə pensiya alırlar. Çünki sovet dövründə xidmət keçən və Qarabağda müharibə başladıqda Azərbaycanda gəlib döyüşən Qarabağ əlillərinin pensiyası fərqli hesablanır. Sovet dövründə xidmət keçən Qarabağ əlillərinin müharibədə iştirakı ikinci xidmət sayıldığından, onlar müddətdən artıq hərbi qulluqçu hesab olunurlar. Məsələn, gizir 600 manat maaş alırsa, bu statusda olan 1-ci qrup Qarabağ əlili bu məbləğin 100 faizini, 2-ci qrup 80 faizini, 3-cü qrup isə 50 faizini alır.

İkinci hesablama isə  sovet dövründə yox, məhz Azərbaycan ordusunda xidmət keçmiş şəxslərlə bağlıdır. Azərbaycan ordusunda xidmət edərək müharibədə yaralanan qazilərin pensiyası 1-ci qrup 240, 2-ci qrup 200, 3-cü qrup 190 manata yaxındır. Bu sadaladığım şəxslər eyni zamanda prezident təqaüdü də alırlar.

3-cü kateqoriya isə 18-20 yaş arasında döyüşdə yaralanan və heç bir iş stajı olmayan şəxslərdir ki, onlara heç bir pensiya verilmir. Onlar ancaq müavinət alırlar. Onlara verilən müavinətin məbləği 1-ci qrupa 150, 2-ci qrupa 130, 3-cü qrupa 110 manatdır. Bunun üzərinə prezidentin aylıq təqaüdü də daxildir. 4-cü kateqoriya hərbçilərimizdir. Hansı ki, onların pensiyaları vəzifəyə görə aldıqları maaşa görə hesablanır. Tutaq ki, briqada komandiri 2000 manat maaş alırsa, onun 100, 80 və 50 faizi məbləğində pensiya alır. Onlar vətənin müdafiəsi zamanı yaralanıblarsa, bu zaman onlara prezident təqaüdü də ödənilir”.

R.Kərimoğlu müharibəyə könüllü qatılan və qazi olan şəxslərə ödənilən pensiya məbləğinə də aydınlıq gətirib. O, bildirir ki, Azərbaycanda könüllü anlayışı hərbi komissarlığa gedənə qədərdir: “Bu anlayış 1991-1992-ci ilə qədər idi. Onlar müddətdən artıq hərbi qulluqçu kimi təqaüd alacaqdır”. 

Bu gün qazilərimizə verilən pensiya məbləğinin fərqli olmasını isə qazi belə izah edir: “Bizim arzumuz odur ki, əlillik qrupundan asılı olaraq Qarabağ qaziləri minimum 2000 manat məbləğində pensiya alsınlar. Bu, yaşayış üçün normal məbləğ sayıla bilər. Qazi və şəhid ailələrinin bu ölkədə normal insan kimi yaşamaq haqqı var.

Şəhid ailələrinə gəlincə, R.Kərimoğlu qeyd edir ki, şəhid ailələrinə ödənilən prezident təqaüdünün məbləği 300 manatdır: “Şəhid ailələrinə 300 manat prezident təqaüdü verilir. Üstəlik övladları 18 yaşına çatanadək müəyyən pensiya ödənilir. Bu məbləğ də aşağıdır. Biz hesab edirik ki, bu məbləğ də artırırlmalıdır”.

R.Kərimoğlu iddia edir ki, Azərbaycanda şəhid və qazilərin pensiyasını artırmaq üçün kifayət qədər resurslar var: “2001-ci ilə qədər qazilərimiz üçün əlavə dolanışıq imkanları yaradılırdı. Onlara ticarət köşkləri verilirdi ki, oradan gələn gəlirlə ailələrini dolandırsınlar. İndi bütün bu imkanlar ancaq varlılar üçündür. Bizim bu gün ən ciddi problemimiz bu insanların qapılarda qalmasıdır. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizim üçün qanunda nə nəzərdə tutulubsa onu yerinə yetirir. Amma bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi ilə bağlı qanunlarda boşluqlar var. İki ayağını itirmiş gənc oğlanın 150 manat pensiya alması sosial ədalətsizlikdir. Bu gün gərək Milli Məclisin deputatları bu boşluqların aradan qaldırılması məsələsini qaldırsınlar. Amma təəssüf ki, parlamentdə 3-5 nəfər xalqını sevən vətənpərvər deputat var. Qalanları bu millətə yaddır. Onların heç birinin övladı bu gün Qarabağ qazilərinin yerində deyil, onlar kimi aşağı pensiya almır. Onların hansının balası gedib müharibədə iki ayağından olsa, onlar pula ehtiyacları olmasa belə, Milli Məclisi dağıdarlar. Biz dəfələrlə parlamentə bununla bağlı müraciət etmişik ki, müvafiq qanunlar qəbul olunsun.

Şəhid ailələri, Qarabağ qaziləri və veteranların problemlərinin həlli ilə məşğul olan dövlət qurumunun yaradılmasına çox ciddi ehtiyac var. Bizim qurum çalışır ki, bu kateqoriyadan olan şəxslərin problemlərinin həllinə dəstək olaq. Amma problemin həlli üçün bir dövlət qurumu yaradılmalıdır. Bu gün icra hakimiyyətləri və digər qurumlarda şəhid ailələrinin, qazilərin problemləri ilə bağlı müraciət edəndə ƏƏSMN-ə yönəldirlər. Amma nəzərə almaq lazımdır ki, bu nazirliyin sözügedən kateroriya ilə bağlı iş görmək üçün bir-iki səlahiyyəti var. Səhiyyə Nazirliyi ilə bağlı şəhid və qazinin problemini ƏƏSMN həll edə bilməz. Biz illərlə bu problemin içindəyik”.

Həmsöhbətimiz deyir ki, müharibə əlillərinə ödənilən sığorta ödənişinin məbləği də bü gün qonşu ölkələrlə müqayisədə aşağıdır: “Müharibədə qalib gəldiyimiz Ermənistanda müharibədə həlak olan şəxslərin ailələrinə ödənilən birdəfəlik sığorta haqqı 21 min ABŞ dollarıdır. Ukraynada 70 min ABŞ dolları, Türkiyədə bu məbləğ 700 min TL civarındadır. Rusiya və Ukraynada müharibə əlillərinə kommunal, nəqliyyat və səhiyyə güzəştləri var. Türkiyədə qazilərə 15 il hər ay pensiyadan əlavə dövlət tərəfindən ayrıca vəsait ödənilir”.

R. Kərimoğlu bu gün şəhid ailələri və müharibə əlilləri ilə bağlı problemlərin təkcə pensiyanın azlığı ilə bağlı olmadığını söyləyir: “Bu gün qazilərə avtomobillərin və mənzillərin verilməsində problemlər var. Məsələn, başından travma alan, bir gözü, bir əli olmayanlara avtomobil verilmir. NK-nın bu təlimatında ciddi qüsurlar var. Amma iki gözü olmayana avtomobil verilir ki, ailə üzvlərindən biri idarə edə bilər. Biz illərdir ki, bürokratik məmurların ucbatından bu qaydanı dəyişdirə bilmirik”.

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi – video
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

R.Kərimoğlu həmçinin bildirir ki, dövlət qulluğunda işə qəbulda şəhid, qazi ailələrinin nümayəndələrinə heç bir güzəşt edilmir: “Qazi balaları yaxşı təhsil alır, dövlət qulluğuna qəbul üçün imtahan verir, amma müsabiqədən kim rüşvət veribsə, kimin həmin qurumda qohumu, tanışı varsa, o keçir. Bu ədalətsizliklər mütləq şəkildə aradan qaldırılmalıdır”, - deyə R. Kərimoğlu bildirir.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün qazilərə prezident təqaüdü verilir. Deputat deyir ki, hazırda əsas diqqət göstərilməli məsələ gənc yaşdan əlil olan insanların məşğulluğunun təmin olunması, onların özünüməşğulluq proqramlarında iştirakını təmin etməkdir: “Əlbəttə ki, gələcəkdə onlara ödənilən pensiya məbləği də artırılmalıdır. Əlavə pensiya və müavinət növü də fikirləşmək olar. Heç bir Qarabağ müharibəsi qazisinə və şəhidinə fərq qoymaq olmaz! Onlara eyni qaydada bütün sosial müdafiə tədbirləri həyata keçirilməlidir. Pensiyaların verilməsi büdcəyə bağlı məsələlərdir. Gələcəkdə bunlara mütləq baxılmalı, yeni məbləğlər müəyyənləşdirilməlidir. 

Bu, müzakirə mövzusu ola bilər və olmalıdır da. Ölkə üzrə orta aylıq əmək haqqı artdıqca bu pensiya və müavinətlərin də məbləği artacaq. Mən təklif etmişəm ki, şəhid ailələri üzvlərinə dövlət qulluğuna qəbulda güzəştlər olsun. Bu da çox vacib məqamdır”, - deyə deputat bildirir.
0
Teqlər:
məşğulluq, avtomobil, mənzil, pensiya, müavinət, Azərbaycan, Qarabağ, şəhid, qazi