Azərbaycan və Rusiya hərbçiləri Şuşa yaxınlığında, arxiv şəkli

Putin: Qarabağın yekun statusu nizamlanmayıb

223
(Yenilənib 10:12 18.11.2020)
"Bəli, belə problem mövcuddur. Qarabağın yekun statusu nizamlanmayıb, biz bugünkü status-kvonu, mövcud vəziyyəti saxlamaq barədə razılığa gəlmişik", - Putin deyib.

BAKI, 17 noyabr - Sputnik. Qarabağın yekun statusu nizamlanmayıb. Moskva status-kvonu saxlayır. RİA Novosti-nin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rossiya 24" telekanalının efirində söyləyib.

Jurnalistin "Dağlıq Qarabağın statusu problemi varmı?" sualına Putin təsdiq cavabı verib.

"Bəli, belə problem mövcuddur. Qarabağın yekun statusu nizamlanmayıb, biz bugünkü status-kvonu, mövcud vəziyyəti saxlamaq barədə razılığa gəlmişik", - Putin deyib.

"Sonra nə olacaq - bunu gələcəkdə, ya da gələcək rəhbərlər, bu prosesin gələcək iştirakçıları həll etməlidirlər. Lakin, mənim fikrimcə, əgər normal həyat, Azərbaycan və Ermənistan, məişət səviyyəsində insanlar arasında, xüsusən də münaqişə zonasında, münasibətlərin bərpa olunması üçün şərait yaradılsa, bu Qarabağın statusunun müəyyən edilməsi üçün də şərait yaradacaq", - Rusiya Prezidenti əlavə edib.

 

223
Teqlər:
Qarabağ, Rusiya prezidenti, Vladimir Putin
Əfqanıstan bayrağı, arxiv şəkli

Əfqanıstanla əməkdaşlığı necə genişləndirməli - Ceyhun Bayramov əfqan həmkarına zəng edib

11
Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Əfqanıstanın Xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər.

9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından vacibliyini vurğulayıblar.

Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

11
Xankəndi, arxiv şəkli

"Xankəndi necə Stepanakert oldu" dünyanın ən nüfuzlu portallarında

45
(Yenilənib 15:38 26.11.2020)
Nüfuzlu dünya xəbər portalları Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı "Xankəndi necə Stepanakert oldu" sənədli videoçarxının yayımına başlayıb

BAKI, 26 noyabr — Sputnik. Bir sıra nüfuzlu dünya xəbər portalları – Türkiyənin "Alternatiftarih", Misirin "Əl-Vəsilə Nyus", "Asya əl-Yaum", "Nile-Nyus", İraqın "İraq-Nyus", Birləşmiş Ərəb Əmirliklərinin "Səda onlayn", Fələstinin "Bayader", Küveytin "8-press", Əlcəzairin "Alharir.info", Ukraynanın "Kievinform", İspaniyanın "Turaz.es" – Dövlət Tərcümə Mərkəzinin müxtəlif xarici dillərdə hazırladığı "Xankəndi necə Stepanakert oldu" sənədli videoçarxının yayımına başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənədli arxiv materialları əsasında hazırlanmış videoçarx Xankəndinin qədim tarixindən, Rusiya ilə İran arasında bağlanmış Türkmənçay müqaviləsinin şərtlərinə uyğun olaraq Qarabağa köçürülmüş ermənilərin Azərbaycanın qədim şəhəri olan Xankəndidə və ətraf ərazilərdə apardıqları məkrli erməniləşdirilmə siyasətindən, yerli əhaliyə qarşı amansız təqib və vəhşiliklərindən bəhs edir.

45
Teqlər:
video, Qarabağ, Azərbaycan, Xankəndi
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai