ATƏT avtomobilləri təmas xəttində, arxiv şəkli

Həmsədrlər məmnundur: Atəşkəslə bağlı birgə bəyanatı alqışlayırıq

98
(Yenilənib 22:47 10.10.2020)
Həmsədrlər: "Biz tərəfləri təcili olaraq bütün lazımi təhlükəsizlik və lojistik təminatları təmin etməyə çağırırıq.

BAKI, 10 oktyabr - Sputnik. Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyası - İqor Popov, Fransa - Stefan Viskonti və Amerika Birləşmiş Ştatları - Endryu) Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan və Rusiya Xarici İşlər naziri Sergey Lavrovun humanitar atəşkəslə bağlı birgə bəyanatını alqışlayır və tərəfləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatında bildirilib.

Orada qeyd olunub ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə cəsədlərin və əsirlərin geri qaytarılması üsulları, həmçinin maddi-texniki məsələlərlə bağlı intensiv müzakirələr aparır:

"Biz tərəfləri təcili olaraq bütün lazımi təhlükəsizlik və lojistik təminatları təmin etməyə çağırırıq.

Həmsədrlər, atəşkəsin konkret parametrləri barədə razılığa gəlmək üçün göstərilən səylərə vasitəçilik etmək və razılaşdırılmış prinsiplər və format əsasında həll yoluna çatmaq üçün intensiv substantiv danışıqların aparılması üçün tərəflərlə fəal təmasdadır", - deyə bəyanatda bildirilir. 

 

98
Əlaqədar
Ceyhun Bayramov atəşkəsin pozulması barədə:"Sonrakı gedişi izləyib proqnoz verəcəyik"
Ceyhun Bayramov türkiyəli həmkarına atəşkəsin müvəqqəti olduğunu deyib
Atəşkəsin müddəti və Ermənistanın ərazilərimizdən çıxması cədvəli sənəddə əksini tapmayıb
Atəşkəsin ilk mülki qurbanı: Ermənistan ordusu dinc Ağdam sakinini öldürüb
Atəşkəs başladı
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “Azərbaycan qərbi tanıdıqca üstünlüyünü artırdı”

3
(Yenilənib 01:18 27.01.2021)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, Avropa Şurasına üzvlük qərbi və onun dəyərlərini tanımağa imkan verdi
Mübariz Əhmədoğlu: “Vətən müharibəsində Azərbaycana olan hücumları gördük”

2021-ci il 25 yanvar tarixində Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 20 ilinin tamam olması münasibətilə Strasburqda, ölkəmizin bu təşkilat yanında daimi nümayəndəliyində tədbir keçirilib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, SSRİ dağıldıqdan sonra onun Avropaya düşən hissəsindəki ölkələr Avropa Şurasına qəbul edildilər: “Azərbaycan və Ermənistan üzv qəbul edilərkən onların qarşısına şərt qoyuldu ki, aralarındakı münaqişə sülh yolu ilə həllini tapsın. Biz Vətən müharibəsi davam edərkən də Avropa ölkələrinin Azərbaycanın üzərinə hücumlarını gördük. Prezident İlham Əliyev beynəlxalq aləmi tanıdığına görə bu hücumları dəf etdi. Şuraya üzvlük bizə imkan verdi ki, qərbi və onun dəyərlərini tanıyaq. Avropa Şurasına üzvlükdən sonra ölkəmizin xeyrinə qətnamələr qəbul etdirə bildik. Azərbaycan qərbi tanıdıqca üstünlüyünü artırdı”.

Qeyd edək ki, Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb. Belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. 17 yanvar 2001-ci ildə AŞ Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3
Teqlər:
Azərbaycan, Strasburq, Avropa Şurası
AŞPA-da plenar iclas, arxiv şəkli

Ermənistanın düzəlişlərini AŞPA rədd edib - Azərbaycan XİN

19
AŞPA-dakı Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib

BAKI, 27 yanvar - Sputnik. Bu il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib. Hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, qətnamənin 5-ci bəndində komitənin “27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb:
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.

​Qeyd olunmalıdır ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.

​Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.

"​Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-nin səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib", - XİN-in məlumatında deyilir.

19
SES

Ərəblər Azərbaycanda küləyə 300 milyon dollar verəcəklər

0
(Yenilənib 12:14 27.01.2021)
Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.

BAKI, 27 yanvar — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün sərmayədarlarla müzakirələr aparılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat və Energetika nazirliklərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, Azərbaycanın elektroenergetika, o cümlədən bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli sərmayədarların marağı artır. "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin mühüm istiqamətlərindən biri elektroenergetika sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsidir. Energetika Nazirliyi tərəfindən ilkin layihəsi hazırlanmış 2050-ci ilədək dövrü əhatə edən energetika sektorunun uzunmüddətli inkişaf strategiyası məhz özəl investisiyalara istiqamətlənən inkişaf modelinə əsaslanır.

Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir. Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəf olaraq müəyyənləşdirilib. Bununla əlaqədar olaraq, 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.

Beynəlxalq tələblərə cavab verən qanunvericilik bazasının mövcudluğu sərmayədarları maraqlandıran başlıca şərtlərdəndir. Qeyd olunan Sərəncama əsasən, "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq üçün təqdim edilib. Qanunun qəbulundan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə enerji mənbələrindən istifadə sahəsində özəl investisiya hesabına kiçikhəcmli layihələrin həyata keçirilməsinə başlanılacaq.

Bununla yanaşı, bu sahədə pilot layihələr də həyata keçirilir. Ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının "ACWA POWER" şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin həyata keçirilməsinə ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması həmçinin müasir istehsal və xidmət sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına töhfə verəcək. 2020-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliyinin "Masdar" şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Hazırda şirkətlə müzakirələr davam edir və mart ayında digər müqavilələrin imzalanması gözlənilir.

Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün sərmayədarlarla müzakirələr aparılır. Bunlarla yanaşı, ənənəvi enerji resurslarından elektrik enerjisi istehsalı sahəsinə də özəl investisiyaların cəlb olunması istiqamətində işlər davam etdirilir.

Müasir yanaşmalara əsaslanan "Elektroenergetika haqqında" qanun layihəsinin qəbul edilməsi bu sahədə rəqabət mühitinin formalaşmasını təmin edəcək. İnvestisiyaları həm mövcud stansiyaların özəlləşdirilməsi, həm də yeni özəl elektrik stansiyalarının tikintisi yolu ilə cəlb etmək nəzərdə tutulur. Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Eyni zamanda, nazirliklər yeni qaz-turbin elektrik stansiyasının tikintisi üçün investisiya şirkətləri ilə danışıqları davam etdirir və bir çox beynəlxalq şirkətlər layihədə iştiraka marağını ifadə edib.

0