İlham Əliyev: "Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir hər kəsə yalvarırlar"

134
"Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir"

BAKI, 7 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də “Euronews” televiziyasına müsahibə verib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.

-İndi Azərbaycan Prezidenti İlham Əliyev bizimlə bağlantıdadır. Vaxt ayırdığınıza görə təşəkkür edirəm. Atəşkəsin əldə olunması və gərginliyin deeskalasiyası ilə bağlı beynəlxalq ictimaiyyətin güclü və davamlı təzyiqi var. Döyüşlər davam edir, hətta daha da gərginləşir. İndi Sizin münaqişədə məqsədiniz nədən ibarətdir?

-Atəşkəs birtərəfli qaydada əldə oluna bilməz. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan bizə hücum etdi, bizim hərbi mövqelərimizə hücum etdi, infrastruktura ziyan vurdu, mülki şəxslərə hücum etdi. İndiyədək demək olar ki, 30 mülki şəxsimiz Ermənistanın hücumu, o cümlədən ballistik mərmi və kasetli bombalarla törədilmiş hücum nəticəsində həlak olub.

Bizim əks-hücumumuz uğurlu oldu. Biz işğal olunmuş ərazilərimizin bir hissəsini azad etməyə müvəffəq olduq. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir. Düşünürəm ki, bundan sonra atəşkəsin əldə olunmasına cəhd göstərilməlidir.

- Sizin qeyd etdiyiniz ölkələr dəfələrlə atəşkəsə çağırış ediblər. Niyə bu baş vermir? Niyə Siz bunun dərhal baş verməsi üçün çalışmırsınız?

- Çünki biz dəfələrlə hücuma məruz qalmışıq. Son üç ayda Azərbaycana üç hücum edilib. Biri iyulda Ermənistan-Azərbaycan sərhədində, Dağlıq Qarabağ regionundan uzaqda olub və Ermənistanın məqsədi Azərbaycanın yeni ərazilərini işğal etmək idi. Onlar bunu etməyə müvəffəq olmadılar. Ordumuz onları məğlub etdi. Sonra avqustun 23-də onlar bizim mülki şəxslərimiz və hərbçilərimizə qarşı terror aktları törətmək üçün diversiya qrupu göndərdilər. Bu da onlar üçün uğursuz oldu. Çünki diversiya qrupunun başçısı saxlanıldı və o, eynilə mənim indi dediklərimə dair ifadələr verir. Sentyabrın sonunda onlar bizim kəndlərimizə və şəhərlərimizə qarşı genişmiqyaslı hücuma keçdilər. Sizə deyə bilərəm ki, bu günə qədər 900 ev tamamilə dağılıb və ya zərər çəkib, mülki şəxslər arasında çox sayda tələfat və yaralı insanlar var. İndi Ermənistan çox acı məğlubiyyətlə üzləşəndə onlar atəşkəs üçün yalvarırlar. Atəşkəsi onlar özləri pozdular, Ermənistan qoşunlarının tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymurlar. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq.

- Cənab Prezident, bu münaqişənin hər iki tərəfində mülki şəxslər qətlə yetirilib. Siz bunu öz məqsədlərinizlə necə uyğunlaşdırırsınız?

- Əlbəttə, biz təəssüflənirik ki, mülki şəxslər qətlə yetirilir. Sözsüz ki, bu hücumu biz törətməmişik, hücumun mənbəyi olmamışıq. Çünki bu, sentyabrın 27-də səhər onların etdiyi ilk iş oldu. Onlar bizim şəhər və kəndlərimizə hücum etdilər və biz cavab verməli olduq. Lakin bizim cavabımız əsasən və başlıca olaraq onların hərbi mövqelərinə, tanklarına və silahlarına oldu. Bizim döyüş meydanında etdiklərimiz internetdə var. Bizim dronlarımız və digər avadanlıqlarımız yalnız işğal olunmuş ərazilərdə hərbi hədəfləri məhv edir. Əfsuslar ki, Ermənistan yerlərdə daha çox adamın olması üçün mülki şəxslərdən istifadə edir. Çünki onların demoqrafik vəziyyəti çox pisdir və bizdə, sadəcə, silahların yanında mülki şəxslərin olması ilə bağlı videolar var və əlbəttə ki, əgər şəxs oradadırsa...

-Sözünüzü kəsdiyimə görə üzr istəyirəm, cənab Prezident. Ermənistan deyə bilər ki, bu döyüşdə onlar tərəfdən mülki şəxslər qətlə yetirilib və onlar bu zorakılığın niyə yenidən sentyabrın 27-də alovlandığını mübahisə edərlər. İcazə verin, Xarici İşlər nazirinizin ötən il verdiyi vədi qeyd edim. Deyilmişdi ki, xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsi vacibdir. Bizim hazırda gördüklərimiz bunun əksidir. Siz mülki şəxslərin əzablarını necə məhdudlaşdırmağa çalışırsınız?

- Bilirsiniz, biz müharibənin başlanmasına görə məsul deyilik. Dediyim kimi, biz Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan ordusunun fiziki hücumuna məruz qalmışdıq. Bundan əlavə, Ermənistandakı indiki rejim danışıqlar prosesini məhv etmək üçün hər bir şeyi etmişdir. Düz bir il bundan əvvəl Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazisində keçirilən aksiyada “Qarabağ Ermənistandır” bəyan etmişdir. Bu bəyanat faktiki olaraq danışıqlar prosesini məhv etdi. Çünki danışıqlar masasında olan və münaqişənin həlli üçün əsas təşkil edən prinsiplər işğal altındakı ərazilərin Azərbaycana qaytarılmasını tələb edir. Ermənistanın baş naziri Azərbaycana bir santimetr torpağın belə qaytarılmayacağını, “Qarabağ Ermənistandır” deyəndə, onlar Cenevrə Konvensiyasının kobud pozuntusu sayılan əcnəbi şəxslərin işğal olunmuş ərazilərdə məskunlaşmasını təşkil edəndə danışıqlar prosesini məhv edirlər. Bundan sonra bizi buna görə günahlandırmaq üçün onlar bizə üç dəfə - iyul, avqust və sentyabr aylarında hücum edirlər. Biz onları döyüş meydanında məğlub etdikdə onlar Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar. Biz dayanmaq istəyirik, lakin biz işğalın dayanmasını istəyirik. Buna görə Ermənistanın ünvanına əsas mesaj ondan ibarət olmalıdır ki, biz Ermənistanın torpağında deyilik, biz öz torpağımızdayıq. Bizim torpağımız 27 il ərzində...

- Ermənistan Türkiyənin burada ciddi təsir göstərdiyini, o cümlədən hərbi yardım kimi məsələlərdə sizi təchizatla təmin etdiyini deyəcək. Siz Türkiyənin bu münaqişədə ölkənizə nə dərəcə təsir göstərdiyini və hərəkətlərinizi sürətləndirdiyini deyə bilərsiniz?

- Bu, tamamilə yanlış informasiyadır. Türkiyə bizim üçün güclü müttəfiq, tərəfdaş və qardaş ölkədir. Əlbəttə ki, onların verdiyi bəyanatlar onların mövqeyini ifadə edir və biz bu dəstəyə görə Türkiyə hökumətinə, Türkiyə Prezidentinə və Türkiyə xalqına minnətdarıq. Lakin Türkiyə heç bir digər şəkildə bu münaqişəyə cəlb olunmayıb. Ermənistan mediaya belə feyk xəbərlər yaymaqla Azərbaycan Ordusunun bacarığını azaltmaq istəyir. Biz özümüz savaşırıq. Bəli, biz Türkiyədən silahlar alırıq, lakin biz təkcə onlardan almırıq. Bizim əsas silah təchizatçımız Türkiyə deyil. Yəqin, bu barədə hər kəs bilir. Beləliklə, bizim müasir türk avadanlığını, o cümlədən döyüş dronlarını almağımız faktı heç kim üçün problem olmamalıdır. Çünki Ermənistan silahları pulsuz əldə edir. Biz onlara görə pul ödəyirik, Ermənistan pulsuz alır. Türkiyə heç bir digər şəkildə münaqişəyə cəlb olunmayıb.

- Biz burada silahlar və döyüş barədə danışmağa davam edirik. Diplomatiya Sizin üçün hələ də bir seçim yoludurmu? Bu münaqişədən fərqli çıxış yolunu tapmaq üçün Siz Ermənistanın baş naziri ilə bir araya gəlib danışıqları apararsınızmı?

- Sizə deyə bilərəm ki, prezidentlik müddətimdə Ermənistanın iki sabiq prezidenti və indiki baş naziri ilə bəlkə də onlarca danışıq aparmışam. Əvvəlki debatlar ərzində biz danışıqlar masasında əsaslı irəliləyişə nail olmuşduq. Biz bugünkü münaqişənin həlli üçün prinsipləri işləyib hazırlamışdıq. Biz konstruktiv idik. Danışıqlar 1992-ci ildən bəri davam edirdi. Təsəvvür edirsiniz? Demək olar ki, 30 il müddətində biz ümidlərlə yaşayırdıq. Vasitəçilər bizə “bir az gözləyin, Ermənistan tərəfindən daha konstruktiv yanaşma olmalıdır” deyirdilər. Lakin iki il bundan əvvəl dövlət çevrilişi nəticəsində bu baş nazir hakimiyyətə gələndən sonra danışıqlar prosesini tamamilə məhv etdi. Mənim onunla dəfələrlə görüşlərim olmuşdur, lakin bu görüşlər tamamilə mənasız idi. O, mənə əraziləri geri qaytarmayacaqlarını dedi, onlar Dağlıq Qarabağın Ermənistana birləşməli olduğunu deyirdi. Beləliklə, bunlar mənim üçün tamamilə qəbuledilməz tələblər idi və onlar vasitəçilər üçün də qəbuledilməz idi. Ermənistan hökuməti mövqeyini dəyişməlidir, maksimalist mövqeyindən çəkinməlidir, “Qarabağ Ermənistandır” deməyi dayandırmalıdır. Çünki bu, həqiqət deyil, danışıqlar prosesini məhv edir və əlbəttə ki, biz geriləyirik. Yeri gəlmişkən, sabah bizim Xarici İşlər nazirimiz Minsk qrupunun səfirləri ilə görüşmək üçün Cenevrədə olacaq. Mən bildiyim qədər, Ermənistanın xarici işlər naziri oraya ayın əvvəlində getməli idi, lakin o, buna məhəl qoymadı. O, orada deyil. Bizim Xarici İşlər nazirimiz oradadır. Bu, kimin danışıqlar aparmaq istədiyini, kiminsə, sadəcə, Azərbaycanı günahlandırmaq istədiyini nümayiş etdirir.

-Prezident İlham Əliyev, “Euronews”un xüsusi buraxılışında bizə qoşulduğunuz üçün Sizə təşəkkür edirəm. Bizə vaxt ayırdığınız üçün çox sağ olun.

-Təşəkkür edirəm.

134
Teqlər:
erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, status-kvo, müsahibə, Euronews, Prezident İlham Əliyev
 Smerç raketin fraqmetləri

Ermənistanın atdığı raketlərin buraxılışı peykdən müşahidə edilir

41
Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər

BAKI, 31 oktyabr — Sputnik. "Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq".

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib. Dövlət başçısı jurnalistin "Bu müharibə nə qədər davam edəcək?" sualına belə cavab verib:

"Bu, Ermənistandan asılıdır. Mən bunu dəfələrlə demişəm. Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur.

Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar. Yəqin ki, siz bunun səbəb olduğu dağıntıları görmüsünüz və 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər.

İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Üçüncü dəfə isə onlar dünən Tərtər şəhərinə kasetli raket atanda bunu etdilər. Dörd nəfər öldürülmüşdür, onların arasında yeddi yaşlı bir qız var.

Beləliklə, bunu onlar ediblər. Bunu bizim etdiyimizə dair heç bir sübut yoxdur. Bizim etdiyimiz bunun əksidir. Mən demişdim ki, biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik".

41
Əlaqədar
İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
Prezident:"Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs ondan uzaqda durmalıdır"
İlham Əliyev: Erməni tərəfi cəsədlərin və hərbi əsirlərin dəyişdirilməsindən imtina edib
İlham Əliyev: "Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər"

Hikmət Hacıyev: "Bu Azərbaycan üçün dözülməzdir!"

73
(Yenilənib 14:38 31.10.2020)
Prezidentin köməkçisi deyib ki, Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır.

BAKI, 31 oktyabr — Sputnik. "Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Respublikasının Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur. Azərbaycan Ordusu Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O deyib ki, Ermənistan ərazisindən və işğal olunmuş ərazilərdən beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları tərəfindən bəyan edildiyi kimi ballistik, qadağan edilmiş kasetli reaktiv raketlər və ağır artilleriya ilə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Naftalan, Daşkəsən Qəbələ, Kürdəmir, Siyəzən, Xızı və digər şəhər və rayonlarının dinc sakinləri və mülki obyektlər bombardman edilib:

"Bu raket hücumları nəticəsində sıralarında 11 azyaşlı uşaq, 27 qadın olmaqla, 91 nəfər mülki insan həlak olmuş, 400-dən artıq mülki şəxs yaralanmışdır. Eyni zamanda, Ermənistan ərazisindən ağır artilleriya, ballistik və reaktiv raketlər, kasetli bombalar və digər atıcı silahlardan istifadə edərək Azərbaycan Ordusunun mövqelərinə davamlı olaraq atəşlər açılır. Bu dözülməzdir".

73
Əlaqədar
Ermənilər Xocavənd istiqamətinə fosfor tərkibli yük gətiriblər
Ağcəbədi atəş altında: Evlər dağınıq, şüşələr paramparça, təsərrüfatlar viran – video
Prezident:"Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs ondan uzaqda durmalıdır"
Ermənistan silahlı qüvvələri qəsdən Şuşa meşələrində yanğın törədir - PA
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstanda mandat yarışı: "Gürcü arzusu" liderdir, Saakaşvili isə qalib "VMH"-dir deyir

0
(Yenilənib 23:18 31.10.2020)
Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

BAKI, 31 oktyabr - Sputnik. Gürcüstanda parlament seçkiləri yekunlaşıb. İlkin məlumatlara əsasən, bugünkü parlament seçkilərində seçici fəallığı 56,11% təşkil edib.

Sputnik Gürcüstan-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze səsverməyə 1 970 540 seçicinin qatıldığını deyib. 

Ən yüksək seçici fəallığı 63,8% olmaqla Raça-Leçxumi və Svaneti, ən aşağı fəallıq isə 51% olmaqla azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində qeydə alınıb.

Gürcüstanın hakim "Gürcü arzusu" Partiyası bu gün keçirilən parlament seçkilərində qələbə qazandığını bildirib. Partiya Tbilisidəki qərargahı qarşısında qələbəni qeyd edir.

İştirakçılar qarşısında çıxış edən partiyanın rəhbəri Bidzina İvanişvili bildirib ki, Gürcüstan bu gün layiqli seçim edib. O, seçicilərə minnətdarlıq ifadə edib.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili "Mtavari" telekanalına müsahibəsində "Gürcü arzusu"nun parlament seçkilərini uduzduğunu deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər.

"Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək", deyə Saakaşvili bildirib.

VMH-nin liderləri və tərəfdarları Tbilisidə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

0
Teqlər:
"Gürcü arzusu", Gürcü arzusu partiyası, Bidzina İvanişvili, Parlament seçkiləri, seçkilər, Mixeil Saakaşvili, Gürcüstan
Əlaqədar
Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”
Gürcüstanda parlament seçkiləri: Giorgi Qaxaria "ölkənin demokratik inkişafına" səs verib