Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev

Sonuncu şərt: İlham Əliyev Paşinyandan son tarix barədə qrafik istədi

592
(Yenilənib 10:10 05.10.2020)
İlham Əliyev: "Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil"

BAKI, 4 oktyabr - Sputnik. "İndiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində səsləndirib.

O qeyd edib ki, Azərbaycan özü bu məsələni həll edir: 

"Mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax budur bunun sonu".

Prezident qeyd edib ki, əgər Ermənistanın baş naziri bizimlə normal danışsaydı, bütün bunlar olmayacaqdı:

"Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!"

İlham Əliyev deyib, nə qədər ki gec deyil, Ermənistan rəhbərliyi yaxşı düşünsün:

"Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu. Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil".

Prezident Paşinyandan Azərbaycan ərazilərindən çıxacağı son tarixlə bağlı qrafik istəyib: 

"Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam".

İlham Əliyev qeyd edib ki, bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır: "Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu".

"Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!", - deyə Ali Baş Komandan müraciətini tamamlayıb. 

592
ABŞ Prezidenti Donald Tramp

Donald Tramp qələbə qazanacağına çox əmindir

16
"Floridada keçirilən seçkiqabağı mitinq ikinci olacaq birinin çıxışı deyildi, düzdür?" - Tramp sual edib.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində liderlik şansını dəyərləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o qarşıdan gələn seçkilərdə qələbə çalacağını dilə gətirib.

"Floridada keçirilən seçkiqabağı mitinq ikinci olan birinin çıxışı deyildi, düzdür?" - Tramp sual edib.

Eyni zamanda Ağ Evin rəhbəri 4 il əvvəlki seçki kampaniyasının indikindən geri qaldığını qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp prezident seçkilərində artıq erkən səs verib.

ABŞ-da prezident seçkiləri noyabrın 3-ü keçiriləcək. Prezident Donald Trampın əsas rəqibi Demokratlar Partiyasından olan keçmiş vitse-prezident Cozef Baydendir.

16
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

16
(Yenilənib 10:50 24.10.2020)
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

16
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

0
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

0