İlham Əliyev Paşinyan barədə: "O, mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi"

686
"Əgər onlar bunu etmək istəmirlərsə, əgər onlar neçə illər ərzində Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə qarşı çıxırlarsa və danışıqları məhv edirlərsə, bundan sonra nədən danışmaq olar ki? Danışıqlar birtərəfli qaydada aparıla bilməz"

BAKI, 3 oktyabr — Sputnik. "O, mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi. Əgər onlar bunu etmək istəmirlərsə, əgər onlar neçə illər ərzində Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə qarşı çıxırlarsa və danışıqları məhv edirlərsə, bundan sonra nədən danışmaq olar ki?". Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də "Əl-Cəzirə" televiziya kanalına müsahibəsində jurnalistin "Siz Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar masasına getməyi qəbul edərdinizmi?" sualını cavablandırarkən qeyd edib.

"Əslində, danışıqlar dayanıb. Çünki onun "Qarabağ Ermənistandır" ifadəsindən sonra mən danışıqlar üçün heç bir imkanın olmadığını dedim. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin, emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün məndən xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. Mən dedim ki, yaxşı, gəlin cəhd edək. Biz sülh yolunu tapmaq istəyirik, ona görə də biz uzun illərdir ki, gözləyirdik və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi. Bu bəyanatdan sonra mənim Ermənistanın baş naziri ilə görüşüm oldu. Lakin görüşlər tamamilə mənasız idi, rəsmi xarakter daşıyırdı. O, mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi. Əgər onlar bunu etmək istəmirlərsə, əgər onlar neçə illər ərzində Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə qarşı çıxırlarsa və danışıqları məhv edirlərsə, bundan sonra nədən danışmaq olar ki? Danışıqlar birtərəfli qaydada aparıla bilməz. Bizim tərəfdaşımız olmalıdır. Lakin Ermənistanın simasında bizim hələ danışıqlarda tərəfdaşımız yoxdur", - deyə İlham Əliyev qeyd edib.

686
Teqlər:
müsahibə, telekanal, Əl-Cəzirə, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil

9
"Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır"

BAKI, 27 oktyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonunun atəşə tutulması barədə məlumat yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda bildirilir ki, 27 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb.

“Bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir. İki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir.

Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO
Raketin fraqmenti, arxiv şəkli

Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"

17
(Yenilənib 19:10 27.10.2020)
"İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur"

BAKI, 27 oktyabr - Sputnik. “ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb".

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, - deyə H. Hacıyev vurğulayıb.

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur
Qaz kalonkası, arxiv şəkli

Daha bir nazirlikdən əhaliyə müraciət

0
(Yenilənib 18:43 27.10.2020)
Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır.

BAKI, 27 oktyabr — Sputnik. Havaların soyuması ilə əlaqədar olaraq əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:

qaz cihazı saz və standartlara uyğun olmalı;

cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

0