Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

XİN: Ermənistanın bütün iddialarını qətiyyətlə rədd edirik

94
(Yenilənib 22:32 02.10.2020)
XİN: Silahlı qüvvələrimiz tərəfindən atılan bütün addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsindən irəli gələn hüquqlar çərçivəsində icra edilir.

BAKI, 2 oktyabr — Sputnik. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca dinc sakinləri və mülki infrastrukturu məqsədyönlü şəkildə ağır artilleriyadan istifadə etməklə atəşə tutmasına cavab olaraq, Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatlarında döyüş meydanında bir-birinin ardınca acı məğlubiyyətə uğrayan Ermənistan informasiya məkanında da ard-arda cəfəng iddialar ortaya atmaqla, primitiv yollarla Azərbaycanın haqlı mübarizəsinə kölgə salmaq məqsədi güdür.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması, mülki əhalisinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam əməl etməklə beynəlxalq səviyyədə tanınmış ərazilərimizin daxilində hərbi əməliyyat həyata keçirir.

Azərbaycan ordusunun hədəfi ölkəmizin ərazilərinə beynəlxalq hüquqa zidd olaraq müdaxilə etmiş Ermənistan silahlı qüvvələridir və silahlı qüvvələrimiz işğal edilmiş ərazilərimizdəki legitim hərbi hədəfləri zərərsizləşdirmək istiqamətində tədbirlər görür.

Silahlı qüvvələrimiz tərəfindən qeyd edilən məqsədlə atılan bütün addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsindən irəli gələn hüquqlar çərçivəsində icra edilir.

Silahlı qüvvələrimiz tərəfindən aparılan hərbi əməliyyatlar gedişində Ermənistanın illərdən bəri özünün işğalçı siyasətini ört-basdır etmək məqsədilə beynəlxalq ictimaiyyətə sırımağa çalışdığı guya münaqişənin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni əhalisinin öz müqəddaratını təyin etmə uğrunda mübarizəsi olduğu, Ermənistanın münaqişə tərəfi olmadığı, bu ölkənin Dağlıq Qarabağ əhalisini müdafiə etdiyi kimi qondarma tezislər tamamilə iflasa uğramışdır. Münaqişə zonasında son günlər baş verən hadisələr Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə yaratdığı qanunsuz rejimin irqçilik və etnik ayrıseçkilik əsasında yaradılmış oyuncaq struktur olması əyani şəkildə sübut olunmuşdur.  

Ermənistanın işğalçılıq siyasətini müşayiət etmiş etnik təmizləmə, soyqırımı və digər ağır müharibə və insanlıq əleyhinə cinayətlər nəticəsində 750 mindən çox dinc azərbaycanlının ən sadə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması fonunda Ermənistanın öz təcavüzkar hərəkətlərini insan hüquqlarının müdafiəsi kimi qələmə verməsinə artıq heç kim inana bilməz.  

Ceyhun Bayramov, arxiv şəkli
© Photo : The Ministry of Foreign Affairs of the Russian Federation

Özünün hərbi və informasiya müstəvisində ağır məğlubiyyətlərini kompensasiya etmək məqsədilə Ermənistan Azərbaycana qarşı böhtan xarakterli yeni iddiaları tirajlamağa uğursuz cəhd edir. Bu xüsusda, Azərbaycan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdə mülki insanları və mülki infrastrukturu hədəfə aldığını, Türkiyə silahlı qüvvələrinin Azərbaycan tərəfindən hərbi əməliyyatlarda iştirak etdiyini və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların Azərbaycan tərəfindən Ermənistana qarşı əməliyyatlara cəlb edildiyinə dair əsassız və cəfəng iddialar irəli sürülür.

Ermənistanın Azərbaycanın mülki insanları və infrastrukturu hədəf alması ilə bağlı iddiaları ən azı ona görə saxta və əsassızdır ki, məhz Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində təmas xəttinin qarşı tərəfindən bütün mülki şəxslər öz evlərindən qovulmuşdur və bu ərazilərdə Ermənistanın işğalı davam etdirmək üçün formalaşdırdığı hərbi infrastrukturdan başqa hər hansı bir infrastruktur qalmamışdır.

Bunun əksinə olaraq, təmas xəttinin Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan hissəsində sıx şəkildə məskunlaşmış yaşayış məntəqələri və onları təmin edən mülki infrastruktur yerləşir. Münaqişənin davam etdiyi bütün müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən davamlı olaraq hədəf alınan bu yaşayış məntəqələrinə son 5 gün ərzində ciddi ziyan dəymiş, mülki vətəndaşlar arasında çoxsaylı itkilər və yaralananlar qeydə alınmışdır.

Türkiyənin hazırkı hərbi əməliyyatların tərəfi kimi qələmə verməklə, Ermənistan həm Azərbaycan silahlı qüvvələrinə qarşı acizliyini özünün ictimaiyyətinə izah etmək, həm də beynəlxalq ictimai rəydə ənənəvi olaraq “yazıq” imici yaratmaqla, türkofob dairələrdən dəstək ummağa cəhd edir.

Ermənistan tərəfi birmənalı bilməlidir ki, Türkiyə ən yaxın strateji tərəfdaşımız olmaqla, Azərbaycanın haqq işinə özünün birmənalı və sarsılmaz dəstəyini ifadə etmişdir. Bu dəstək yalnız Azərbaycan və Türkiyə arasında qədim tarixə söykənən qardaşlıq münasibətlərinin təzahürü deyildir. Türkiyə Azərbaycanı məhz haqlı olduğuna, işğala məruz qaldığına və işğal edilmiş ərazilərini azad etmək hüququna malik olduğuna görə dəstəkləyir.

Ermənistan tərəfi həm də unutmamalıdır ki, Türkiyə münaqişənin nizama salınmasının həvalə olunduğu ATƏT-in Minsk Qrupunu yaradan və onun daimi üzvü olan dövlətdir. Bu baxımdan Türkiyə tərəfindən münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in əlaqədar sənədlərinə söykənən mövqe nümayiş etdirməsindən Ermənistan və ya hər hansı bir digər tərəf təəccüblənməməlidir. Bu Türkiyənin beynəlxalq ictimaiyyətin nüfuzlu və hörmətə malik olan məsuliyyətli üzvü olmasından irəli gələn bir mövqedir və bütün digər dövlətlər, xüsusilə münaqişənin BMT və ATƏT-in istinad olunan sənədləri çərçivəsində mandat həvalə edilmiş Minsk Qrupunun digər üzvləri üçün nümunə təşkil edir.

Azərbaycan və Türkiyənin çox şaxəli əməkdaşlığı 30 ilə yaxındır ki, Cənubi Qafqaz regionunda inkişafın, tərəqqinin, sabitlik və təhlükəsizliyin təməlini təşkil edir. Bu müddət ərzində regionda həyata keçirilən qitə və qlobal miqyaslı bütün layihə və təşəbbüslər üçün Türkiyə və Azərbaycan əməkdaşlığı lokomotiv rolunu oynamışdır. Ermənistanın isə bundan yararlanan bilməməsi yalnız bu ölkənin özünün seçimidir və buna görə Ermənistan Türkiyə və Azərbaycanı deyil, məhz özünü günahlandırmalıdır.

Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi-texniki sahədə də sıx əməkdaşlıq olduğu da açıq və birmənalıdır.

Hazırda işğalçı Ermənistan ordusuna qarşı həyata keçirilən hərbi əməliyyatlara gəldikdə isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün qarşıya qoyulan məqsədə nail olmağa tam şəkildə qadir olan güclü, peşəkar və ən müasir silah və sursat təmin edilmiş ordusu var və bu işdə digər dövlətin iştirakına ehtiyac yoxdur.

Ermənistanın terrorçu və muzdlu şəxslərin Azərbaycan tərəfindən hərbi əməliyyatlara cəlb edildiyinə dair iddialara cavab olaraq, bir daha qeyd edirik ki, Ermənistan propaqanda maşınının bu iddiaları tamamilə əsassızdır. Hərbi əməliyyatlar hələ başlamamışdan öncə Ermənistan tərəfindən tirajlanan, heç bir fakta əsaslanmayan bu iddialar Ermənistanın 27 sentyabr tarixində həyata keçirdiyi təcavüz aktı ilə bağlı zəruri informasiya fonu yaratmaq məqsədi güdür, bu ölkənin Yaxın Şərqin bir sıra ölkələrindən olan erməni mənşəli terrorçuların mənfur “xidmətlərindən” istifadə etməsindən diqqəti yayındırmaq, Azərbaycanın haqlı mübarizəsinə ləkə salmaq niyyəti ilə apardığı böhtan kampaniyasının bir elementidir.

Münaqişənin davam etdiyi bütün müddət ərzində məhz Ermənistan terrorçu dəstələrdən Azərbaycanlı dinc əhaliyə qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsində intensiv şəkildə istifadə etmiş, xüsusi qəddarlığı ilə seçilmiş terrorçuları bu gün də Ermənistanda milli qəhrəman statusu daşıyır, Azərbaycana qarşı təcavüzkar müharibədə iştiraka məcbur edilən ermənilər üçün nümunə kimi şöhrətləndirilir və qəhrəmanlaşdırılır.

Ermənistan tərəfindən Yaxın Şərq ölkələrindən terrorçu etnik erməni ünsürləri kütləvi və sistemli şəkildə işğal edilmiş ərazilərimizdə yerləşdirilməsinə dair saysız hesabsız faktlar davamlı şəkildə beynəlxalq ictimaiyyətin, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin diqqətinə çatdırılmışdır.

Hazırda işğal edilmiş ərazilərimizə qanunsuz yerləşdirilmiş bu terrorçu ünsürlər Azərbaycana və onun mülki əhalisinə qarşı təcavüzkar müharibədə iştirak edir. Bu terrorçu dəstələrin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərindən çıxarılmasına dair beynəlxalq ictimaiyyətə olan çağırışlarımız öz nəticəsini vermədiyi şəraitdə, beynəlxalq və regional sülh və təhlükəsizlik üçün ciddi hədə olan bu problemin həlli yalnız Azərbaycan silahlı qüvvələri tərəfindən ərazilərimizin işğalına son qoyulması ilə mümkün olacaqdır.

Erməni propaqandasının Azərbaycana qarşı böhtan kampaniyasının etnik və dini mövzuları məsuliyyətsiz şəkildə sui-istifadə etməklə mümkün ola biləcək ən aşağı səviyyəyə endiyi, Ermənistanın özünün işğalçı siyasətini “səlib yürüşü” “demokratiya uğrunda mübarizə” kimi cəfəng şüarlarla beynəlxalq ictimaiyyətə sırımağa çalışdığı bir vəziyyətdə onun əsassız iddialarını qətiyyətlə rədd edirik.

94
Teqlər:
Qarabağın işğalı, işğalçı, işğal, Dağlıq Qarabağ, Ermənistan, Azərbaycan XİN, XİN
Əlaqədar
XİN Şəmkir və Bərdəyə hücumlar barədə: Ermənistanın həmlələrinə adekvat cavab verəcəyik
XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam riayət edir
XİN Avropa Məhkəməsinin döyüşlərlə bağlı qərarına münasibət bildirib
Azərbaycan XİN muzdlular barədə iddialara cavab verdi
XİN Minsk Qrupunun həmsədr ölkələri rəhbərlərinin bəyanatına münasibət bildirib

İlham Əliyev: "Ermənistan ərazisinə keçmək fikrimiz olsaydı, bunu çoxdan edərdik"

14
(Yenilənib 21:31 25.10.2020)
Ali Baş Komandan: "Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur".

BAKI, 25 oktyabr - Sputnik. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə deyib.

"Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox", - deyə Prezident bildirib.

İlham Əliyev bəyan edib ki, Azərbaycan öz torpaqlarında vuruşur və Ermənistan ərazisinə keçməyib:

"Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil".

Xatırladaq ki, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

14
Əlaqədar
Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirilib
Prezident Azərbaycan xalqını əmin etdi: "Haqq yolumuzdan dönməyəcəyik!"

Prezident Azərbaycan xalqını əmin etdi: "Haqq yolumuzdan dönməyəcəyik!"

50
(Yenilənib 21:15 25.10.2020)
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

BAKI, 25 oktyabr - Sputnik. Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib:

-Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır.

İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir.

Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim.

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində
© Official website of President of Azerbaijan Republic

Təklif edirəm ki, döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin. Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfa diləyirəm.

Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki, Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir.

İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir.

1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var - Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz.

Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik.

İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir.

Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var.

Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına!

Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik.

Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək.

Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur.

Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

50
Azərbaycan hərbçiləri, arxiv şəkli

Nur içində yat, Dmitri!

0
(Yenilənib 21:46 25.10.2020)
Dmitri Aleksandroviç Solnsev torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın cəsur vətəndaşı idi.

BAKI, 25 oktyabr — Sputnik. "Azərbaycanın igid oğlu - əsgər Solnsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun 25 yaşı var idi. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın cəsur vətəndaşı idi.

Nur içində yat, Dmitri!".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

0