Azərbaycan XİN-nin binası, arxiv şəkli

XİN Minsk Qrupunun həmsədr ölkələri rəhbərlərinin bəyanatına münasibət bildirib

65
(Yenilənib 21:37 02.10.2020)
1 oktyabr 2020-ci il tarixinə olan məlumata əsasən, Azərbaycanın 19 mülki şəxsi qətlə yetirilib, 55 nəfər yaralanıb və 200-dən çox ev və mülki obyektlər dağıdılıb.

BAKI, 2 oktyabr - Sputnik. Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb.

Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktı Ermənistanın son aylar ərzində sərgilədiyi təxribatçı fəaliyyətin, o cümlədən 12-16 iyul Tovuz istiqamətində hücum cəhdi, 23 avqust Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və fəaliyyətinin davamıdır.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrdə çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata hazırlaşdığı ilə bağlı xəbərdarlıq etmişdir.

Qeyd etmək istərdik ki, Ermənistan rəhbərliyi tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin “inaqurasiyasında” iştirak üçün Şuşa şəhərinə getməsi, işğal olunmuş Xankəndi şəhərində təhrikçi xarakterli “Qarabağ Ermənistandır” bəyanatını səsləndirməsi, işğalçı ölkənin “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürməsi, münaqişənin həlli danışıqlarda 7 qeyd şərt irəli sürməsi, eləcə də danışıqların formatını dəyişdirmək cəhdləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan münaqişənin həlli prosesinə zərbə vurub.

Azərbaycana qarşı növbəti hərbi təcavüzü çərçivəsində Ermənistan Silahlı Qüvvələri ənənəvi şəkildə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə atəşə tutur, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədir.

1 oktyabr 2020-ci il tarixinə olan məlumata əsasən, Azərbaycanın 19 mülki şəxsi qətlə yetirilib, 55 nəfər yaralanıb və 200-dən çox ev və mülki obyektlər dağıdılıb.

Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir.

ATƏT-in Minsk Qrupu bu günədək verdiyi çoxsaylı bəyanatlarda status quo vəziyyətinin qəbuledilməz olduğunu vurğulayıb. Ermənistan isə buna rəğmən işğala əsaslanan status quo rejiminin möhkəmləndirilməsi məqsədini güdür. Görünən odur ki, Ermənistan münaqişəni danışıqlar yolu ilə həllində maraqlı deyil və işğal etdiyi ərazilərin ilhaqına çalışır.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərarların Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərində çıxarılması ilə əlaqədar tələbləri bu günədək Ermənistan tərəfindən yerinə yetirilmir. Əksinə cəzasızlıq mühitində Ermənistan Azərbaycana qarşı yeni təcavüz aktlarına əl atır.

Bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyin üzərinə düşür.

65
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

"Lavrovun Qarabağla bağlı sözləri fikir ayrılıqlarının olduğunu göstərir"

120
(Yenilənib 15:01 19.01.2021)
Bu məsələdə Lavrovun cavabı reallığı əks etdirir, ancaq, eyni zamanda, Rusiyanın bölgədəki varlığını və sülhməramlılar vasitəsilə əhəmiyyətli təsir qüvvəsinə sahib olan bir siyasi aktor kimi çıxış etdiyini də inkar etmək olmaz.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bir sıra məsələlərə toxunub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan – Azərbaycan sülh prosesi barəsində bəzi bəyanatlar səsləndirib və 44 günlük müharibədən sonra müzakirə edilən bir çox məsələyə toxunub. Rusiyalı nazir Ermənistan rəsmilərinin Qarabağ səfərlərinə reaksiya verərək onları siyasiləşmiş bəyanatlardan çəkinməyə çağırıb, bu cür bəyanatların gərginlik yaratdığını da xüsusilə vurğulayıb. Lavrov bununla da Yerevana mesaj göndərib. Bundan əlavə, Rusiya xarici işlər naziri öz çıxışında Qarabağın statusu, sülhməramlıların mandatı, həmçinin erməni diversantların taleyi kimi məsələlərə də toxunub.

Sputnik Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovla Rusiya xarici işlər nazirinin fikirləri barədə həmsöhbət olub.

© Sputnik
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovl

Ekspert qeyd edib ki, Lavrovun çıxışında ən çox maraq doğuran məqamlardan biri keçmiş Dağlıq Qarabağ bölgəsinin statusu məsələsinə aid verilən suala cavabı olub: "Onu deyim ki, müharibənin başa çatmasından sonra noyabrın 12-də açıqlama verən Lavrov bildirmişdi ki, "indi müharibədən sonrakı siyasi prosesin əsas mövzusu Dağlıq Qarabağın statusudur". Dünən baş tutan mətbuat konfransında isə bunun əksinə olaraq bildirdi ki, "hal-hazırda status məsələsini prioritet kimi irəli sürmək üçün yaxşı vaxt deyil. Bu məsələ gələcəkdə həll olunmalıdır". Lavrovun keçən 2 ay ərzindəki bəyanatlarında belə bir dəyişikliyin baş verməsi tərəflər arasında fikir ayrılığının olduğunu göstərməklə yanaşı, status məsələsinin gündəmdə saxlanılmasına cəhd kimi də dəyərləndirilə bilər".

Vasif Hüseynovun sözlərinə görə, Lavrovun bəyanatında digər diqqətçəkən məqam Rusiyanın Qarabağa iddialarına dair şayiələrlə bağlı idi. Belə ki, Rusiyanın Qarabağı ilhaq etmək niyyətinə aid sualı "ekzotik" adlandıran Lavrov Rusiyanın belə bir planının olmadığını bildirdi:

"Düşünürəm ki, bu məsələdə Lavrovun cavabı reallığı əks etdirir, ancaq, eyni zamanda, Rusiyanın bölgədəki varlığını və sülhməramlılar vasitəsilə əhəmiyyətli təsir qüvvəsinə sahib olan bir siyasi aktor kimi çıxış etdiyini də inkar etmək olmaz. İndi tərəflər arasında müzakirə mövzularından biri məhz sülhməramlıların mandatının hazırlanması və onların fəaliyyətinin müəyyən edilmiş və razılaşdırılmış çərçivəyə salınmasıdır. Lavrov da bu məsələnin müzakirə edildiyini təsdiq etdi".

BMTM-in eksperti vurğulayıb ki, Lavrovun 44 günlük müharibədən sonra Azərbaycana qarşı təxribat göstərmiş və həbs olunmuş diversant qruplarının taleyi haqqındakı açıqlaması da Rusiyanın prosesə yanaşması haqqında bəzi nüansları ortaya çıxarıb: "Yanvarın 11-dəki üçtərəfli sammitdə Rusiya Prezidenti Vladimir Putinin söylədiyini təkrar edən Lavrov bəyan etdi ki, 9 noyabra qədər əsir götürülmüş hərbçilərin geri qaytarılması başa çatıb. O, müharibədən sonrakı dövrdə Azərbaycan tərəfindən həbs edilmiş diversant qrupların taleyi ilə bağlı danışıqlar getdiyini bildirdi. Baxmayaraq ki, Lavrov bu məsələnin 11 yanvar görüşündə də müzakirə edildiyini söylədi, həmin görüşdən sonra Prezident Putinin mətbuata açıqlamasında bu mövzuya toxunulmadı. Nə də Azərbaycan Prezidenti bu haqda hər hansı bir fikir dedi. Belə görünür ki, bu məsələni qabardan və müzakirə masasına gətirən yalnız Ermənistan tərəfidir, lakin təxribatın müharibədən sonra baş verməsi və bunun üçtərəfli bəyanatla əhatə olunmaması Yerevanın imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır".

120
Teqlər:
bəyanat, rus, sülhməramlılar, Dağlıq Qarabağ, Sergey Lavrov
Prezident İlham Əliev, arxiv şəkli

Azərbaycan Prezidenti indoneziyalı həmkarına başsağlığı verib

3
Yanvarın 15-də İndoneziyanın Sulavesi adasında 6,2 manqitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb.

BAKI, 19 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Zati-aliləri Coko Vidodoya başsağlığı məktubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident, Sulavesi adasında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"

Qeyd edək ki, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında 6,2 manqitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb. Təbii hadisə zamanı daha 844 nəfər xəsarət alıb.

3

Azərbaycan bir dəqiqəlik sükuta qərq oldu.

0
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 31-ci ildönümündə bütün ölkə o məşum gecə qətlə yetirilmiş günahsız insanların xatirəsini 1 dəqiqəlik sükutla yad edib.

BAKI, 20 yanvar - Sputnik. Azərbaycan bu gün saat 12.00-da bir dəqiqəlik sükuta qərq olub. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 31-ci ildönümündə bütün ölkə o məşum gecə qətlə yetirilmiş günahsız insanların xatirəsini 1 dəqiqəlik sükutla yad edib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib.

O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

 

Read more: https://sputnik.az/azerbaijan/20210120/426003916/20-Yanvar-facisindn-31-il-tr.html

0