BAKI, 29 sentyabr - Sputnik. Bu gün Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.
Söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə edilib. Qətər dövlətinin Əmiri və Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda, Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyə dair məsələləri də müzakirə ediblər. Bu baxımdan Qətər dövlətinin Əmiri vəziyyəti sakitləşdirməyə, hər iki ölkənin və xalqın maraqlarının qorunması yolu ilə dialoq və diplomatik vasitələrlə iki ölkə arasında olan mübahisənin həlli üzərində işləməyə çağırıb.
Prezident İlham Əliyev bildirib ki, sentyabrın 27-də Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törədib. Ermənistanın təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi və hərbi birləşmələrimizi ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub. Azərbaycan ordusu düşmənə layiqli cavab verərək uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.
BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.
Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.
Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.
BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.
"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.
BAKI, 16 yanvar - Sputnik. Tanınmış rus hıkim və teleaparıcı Aleksandr Myasnikov deyib ki, dünya özü də bilmədən başqa bir epidemiyanın əlində əsirdir. Bu, koronavirusdan daha təhlükəli olan piylənmədir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Myasnikov "Rossiya-1" telekanalının efrində deyib.
"İl ərzində COVID-19-un ömrünə son qoyduğu 1,5 milyon insanla yanaşı, 10 milyon adam da aclıqdan ölüb. Daha maraqlısı budur ki, piylənmənin yaratdığı problemlərdən ölənlərin sayı 20 milyondan çoxdur", - mütəxəssis deyib.
Həkimin sözlərinə görə, dünya əhalisinin 40%-dən çoxu artıq çəkidən əziyyət çəkir.
Myasnikov vurğulayıb ki, piylənmə sonradan diabet, infarkt, insult və onkoloji xəstəliklərə səbəb olur. Koronavirusla müqayisədə, həkimin fikrincə, piylənmənin ölüm göstəricisi daha yüksəkdir.
Köklüyə meyllilik valideynlərdən də qaynaqlana bilər. Myasnikov deyir ki, əgər ailədə valideynlərdən birində bu cür problem varsa, o zaman uşaq ömrü boyu kökəlməyə meylli olacaq. Daha bir amil anada diabetin olmasıdır.