BAKI, 17 sentyabr — Sputnik. Milli Məclisin payız sessiyası müddətində müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Beynəlxalq İnsan Hüquqları Gününə (10 dekabr) həsr olunmuş ictimai dinləmə keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, parlamentin İnsan hüquqları komitəsinin payız üçün İş planı layihəsində əksini tapıb.
İş planının layihəsinə əfv etmə – amnistiya aktının insan hüquqlarının təminatı institutu kimi reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin keçirilməsi də daxil edilib.
İş planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.
İclasda həmçinin komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı dinləniləcək, 2020-ci ilin payız sessiyası üçün 20 bənddən ibarət iş planının layihəsi təqdim olunacaq.
Komitə üzvləri, habelə Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və "Uşaq hüquqları haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsini (birinci oxunuş) də müzakirə edəcəklər.
BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir.
"Nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də 11 yanvar 2021-ci il tarixində Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər", - deyə məlumatda bildirilir.
BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.
"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.
Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.
Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:
“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.
Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.
BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.