Azərbaycan XİN: Ermənistanın danışıqların bərpası cəhdlərini müşahidə edirik

11
(Yenilənib 10:31 03.09.2020)
Bu, Azərbaycanın dəyişilməz mövqeyidir və münaqişənin tənzimlənməsi üzrə aparılan istənilən danışıqların məğzini məhz Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması təşkil etməlidir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. "Təcavüzkar Ermənistanın son zamanlar Xarici İşlər naziri səviyyəsində verdiyi açıqlamalarda münaqişənin sülh yolu ilə həlli danışıqlarının bərpa olunması cəhdlərini müşahidə edirik. Hətta bu cəhdləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatlarla əlaqələndirmək istəyi də göz qabağındadır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin ötən gün mətbuat konfransı zamanı səsləndirdiklərini şərh edərkən deyib.

L.Abdullayeva qeyd edib ki, Ceyhun Bayramovun Moskva XİN-də mətbuat brifinqində söylədiklərini, yəqin ki, Ermənistan tərəfi yaxşı dinləyib: "Belə ki, nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların sənəd və qətnamələrinə əsaslandığını və münaqişənin sülh yolu ilə həlli çərçivəsində Azərbaycanın ərazilərinin işğaldan azad olunması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruri olduğunu vurğulayıb. Bu, Azərbaycanın dəyişilməz mövqeyidir və münaqişənin tənzimlənməsi üzrə aparılan istənilən danışıqların məğzini məhz Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması təşkil etməlidir".

XİN rəsmisi bildirib ki, Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf rayonlarından Ermənistanın işğalçı qüvvələri çıxacağı təqdirdə, nə atəşkəsə, nə onun möhkəmləndirilməsinə, nə də araşdırma mexanizminə ehtiyac qalacaq: "Görünən odur ki, Ermənistan yenə də riyakarlıqla məşğuldur. Bir tərəfdən sülh prosesindən danışdığı halda, digər tərəfdən iki ölkənin sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın ardınca təmas xəttində sabotaj aktı törətməyə cəhd göstərmiş, Azərbaycan şəhərlərinin bombalanması hədələri ilə çıxış etmiş və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirməkdədir. Bundan əlavə, Ermənistan Baş nazirinin və Xarici İşlər nazirinin danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməsi və heç bir hüquqi, siyasi əsası olmayan iddialarla çıxış etməsi danışıqların pozulması məqsədi daşıyır.

O ki qaldı Ermənistan XİN-in mətbuat katibinin Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı Azərbaycanın rəsmi mövqeyinə, Azərbaycanın diplomatik potensialına dair fikir bildirilməsinə, qısa şəkildə onu deyə bilərəm ki, Ermənistandan fərqli olaraq, Azərbaycan öz milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və Azərbaycan diplomatları bu siyasəti layiqincə həyata keçirirlər. Tarixən digər dövlətlərin xarici siyasətində bir alət olan, 29 illik müstəqillik dövründə belə müstəqil siyasət yürütməyin nə olduğunu bilməyən Ermənistanın diplomatik potensial əldə etmək üçün ən azı növbəti 29 ilə ehtiyacı var".

11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər

Gürcüstan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası məsələsini qaldırdı

23
(Yenilənib 20:25 24.09.2020)
Gürcüstan Prezidenti Salome Zurabişvili: "Sərhədlərin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir".

BAKI, 24 sentyabr — Sputnik. "Sərhədlərin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir".

Sputnik Azərbaycan Gürcüstan prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.

Bildirib ki, bu məsələnin əhəmiyyəti, Gürcüstan Prezidenti tərəfindən ötən il Bakıda Azərbaycan Prezidenti ilə görüşündə müzakirə edilib.

"Gürcüstan Prezidenti əmindir ki, bu prosesə heç kim və heç nə mane ola bilməz", - deyə Gürcüstan Prezidentinin mətbuat xidmətinin məlumatında vurğulanıb.

Məlumatda qeyd edilib ki, görüş zamanı xarici işlər naziri C.Bayramov Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi güclü dəstəyi bir daha xatırladıb. Gürcüstan Prezidenti isə öz növbəsində, ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Gürcüstan prezidenti ölkəsinin münaqişə tərəflərinin istəyi ilə bölgədə sülh və sabitliyi təşviq etmək üçün bir platforma olmağa hazır olduğunu qeyd edib.

Görüş zamanı Gürcüstan Prezidenti S.Zurabişvili Azərbaycan Prezidentini və vitse-prezidentini Gürcüstana səfərə dəvət edib.

23
Teqlər:
Azərbaycan xarici işlər nazirliyi, Ceyhun Bayramov, Salome Zurabişvili
Sahibə Qafarova

Spikerin Rusiya səfərində baş verib - Milli Məclis açıqladı

29
(Yenilənib 19:59 24.09.2020)
Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə tərəflər arasında danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb

BAKI, 24 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, sentyabrın 21-23-də Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdə olub. Bu, Milli Məclisin Sədri kimi Sahibə Qafarovanın Rusiyaya ilk rəsmi səfəridir.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, səfərin ilk günü Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Moskvadakı səfirliyinə gələrək burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin barelyefi önünə əklil qoyub.

Sentyabrın 22-də spiker Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko ilə görüşüb. Kifayət qədər müsbət əhval-ruhiyyədə və maraqlı müzakirələr şəraitində keçən görüşdə xanım Matviyenko bu səfərin yüksək qiymətləndirildiyini vurğulayıb. Görüşdə ikitərəfli münasibətlərin bir çox vacib aspektləri müzakirə olunub. Parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunub.

Daha sonra görüş nümayəndə heyətinin üzvlərinin iştirakı ilə davam etdirilib. Vurğulanıb ki, bu səfər Rusiya parlamenti ilə Azərbaycan Milli Məclisi arasındakı mövcud sıx münasibətləri davam etdirmək baxımından hörmət əlaməti və çox yaxşı niyyətdir. Federasiya Şurasının Sədri Azərbaycanın Rusiya üçün strateji tərəfdaş olduğunu vurğulayaraq, parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin qurulmasında vacib rol oynadığını qeyd edib. XXI əsr bəşəriyyətin bəlası olan COVID-19-la mübarizədə Azərbaycanın atdığı addımlar yüksək qiymətləndirilərək, bu sahədə ölkəmizin Rusiyaya verdiyi dəstəyə görə təşəkkür ifadə edib.

Milli Məclisin Sədri Sahibə Qafarova çıxış edərək bu səfərin və keçiriləcək görüşlərin iki ölkənin uğurla inkişaf edən parlamentlərarası münasibətlərinə yeni impuls verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, iki ölkə arasındakı hərtərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin siyasi dialoqu və çoxsaylı qarşılıqlı səfərləri mühüm rol oynayır.

İki ölkə arasında humanitar və mədəni sahələrdə münasibətlərdən danışan Sahibə Qafarova qeyd edib ki, bu əlaqələr heç də iqtisadi və siyasi əlaqələrdən az rol oynamır. Milli Məclisin Sədri iki ölkənin humanitar və mədəni sahələrdə əməkdaşlığının inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük töhfələr verdiyini xatırladıb. Bildirib ki, Prezident Vladimir Putin iki ölkə arasındakı humanitar və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyevanı 2019-cu ilin noyabrında "Dostluq" ordeni ilə təltif edib.

Sentyabrın 23-də Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisin Federasiya Şurasının payız sessiyasının açılışında çıxış edib. Qeyd edək ki, ilk dəfədir ki, Azərbaycan Milli Məclisinin Sədri Federal Məclisin Federasiya Şurasında çıxış edib.

Milli Məclisin Sədri çıxışında Azərbaycan-Rusiya münasibətlərinin tarixi köklərindən bəhs edib, iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan ilə Rusiya arasında stabil, mehriban qonşuluq münasibətləri mövcuddur. Ölkələrimiz arasında 200-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası sənəd imzalanıb. Bu sənədlər ən müxtəlif sahələrdə, o cümlədən ticarət-iqtisadi, sosial, humanitar, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir.

Daha sonra Milli Məclisin Sədri Federasiya Şurasının yüksək tribunasından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək diqqətə çatdırıb ki, 1805-ci il mayın 14-də Azərbaycanda, Gəncə şəhərinin yaxınlığında yerləşən Kürəkçay qəsəbəsində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Kürəkçay müqaviləsi imzalanıb. Müqavilə Qarabağ xanı İbrahimxəlil xan və Rusiya imperiyasının generalı Pavel Sisianov tərəfindən imzalanıb. Sonralar 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycanın digər əraziləri də Rusiya imperiyasının tərkibinə keçdi. Rusiya imperiyası süquta uğradıqdan sonra 1918-ci ildə Azərbaycanda Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və 2 il mövcud oldu. 1920-ci ildə isə, məlum olduğu kimi, Azərbaycanda sovet hakimiyyəti quruldu. Bir il sonra isə - 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul edib. Bəzi saxtakar erməni mənbələrinin əsassız olaraq iddia etdiyi kimi "təhvil verilməsi" deyil, "saxlanılması" haqqında. 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə qərar qəbul edib. Burada həyat səviyyəsi ölkənin digər regionlarından daha yüksək idi. Burada heç vaxt heç kəs milli və dini mənsubiyyətinə görə sıxışdırılmamışdı.

 Dövlət Dumasının Sədri Vyaçeslav Volodin
© Photo : The State Duma of the Russian Federation

Milli Məclisin Sədri təəssüflə qeyd edib ki, Ermənistan Dağlıq Qarabağın ələ keçirilməsi cəhdlərindən heç vaxt əl çəkməyib. XX əsrin 80-ci illərində bu, bir daha baş verdi. Həmin vaxt əsrlər boyunca öz tarixi torpaqlarında yaşamış olan yüz minlərlə azərbaycanlı Ermənistandan qovuldu, 700 min etnik azərbaycanlı isə Dağlıq Qarabağ və ətraf 7 rayonda öz daimi yaşayış yerindən didərgin salındı. Etnik təmizləmə nəticəsində dinc əhali çoxsaylı qurbanlar verdi və işğal edilmiş ərazilərdə müasir beynəlxalq humanitar hüquqa baxmayaraq, qeyri-qanuni olaraq demoqrafik vəziyyət dəyişdirildi.

Ən yüksək səviyyədə – BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bu günədək məhəl qoyulmur.

Sahibə Qafarova Ermənistanın son təxribatına diqqət çəkərək bildirib ki, bu hadisə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir.

Parlamentin Sədri bildirib ki, Azərbaycan münaqişənin danışıqlar masası arxasında, sülh yolu ilə həllinin tərəfdarıdır. O, münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasının vacibliyini qeyd edərək Azərbaycan xalqının tarixi torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyini vurğulayıb.

Parlament nümayəndə heyəti həmin gün Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskva şəhərinin "Aleksandr" bağına gələrək burada "Naməlum əsgər" məzarının önünə əklil qoyub.

Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
© Photo : Press service of the Federation Council of the Federal Assembly of the Russian Federation

Milli Məclisin nümayəndə heyəti növbəti görüşünü sentyabrın 23-də Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovla keçirib. Cənab Lavrov Azərbaycan nümayəndə heyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin tarixi, Madrid prinsiplərinin yaradılması üzərində iş, onların mahiyyəti barədə ətraflı məlumat verib. O, eyni zamanda, Rusiya tərəfinin ATƏT-in Minsk qrupunun həmsədri kimi mövqeyini bir daha dilə gətirərək deyib ki, Rusiya münaqişənin sülh yolu ilə danışıqlar vasitəsilə həllini dəstəkləyir. O, ölkəsinin əvvəllər əldə olunmuş razılaşmalar əsasında qarşılıqlı məqbul həll yolunun axtarışını təşviq etməyə davam etdiyini bildirib. Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə tərəflər arasında danışıqların tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. O, həmçinin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.

Görüşdə deputatlarla nazir arasında hərtərəfli fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti daha sonra Rusiya Federasiyası Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb. Cənab Volodin də iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışaraq ölkələrimiz və parlametlərimiz arasında münasibətlərin yüksək səviyyədə olmasını qeyd edib. Görüşdə tərəflər arasında əlaqələrin daha da inkişafı üçün geniş fikir mübadiləsi aparılıb. Milli Məclisin Sədri Sahibə Qafarova Vyaçeslav Volodini Azərbaycana səfərə dəvət edib və bu dəvət qəbul olunub. Həmin səfər zamanı müvafiq yüksək səviyyəli komissiyanın yaradılması barədə razılıq əldə olunub.

Bununla da Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Rusiya Federasiyasına rəsmi səfəri başa çatıb.

29
Əlaqədar
Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"
Rusiya Dumasının sədri Azərbaycana gələcək
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"

Minik maşını sürüyə çırpıldı, 10 baş heyvan tələf oldu

0
(Yenilənib 23:48 24.09.2020)
Qəza zamanı “Vaz 21 010” markalı minik maşını da yararsız hala düşüb. Sürücü hadisədən xəsarətsiz ötüşüb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr - Sputnik. Goranboyda minik maşını qoyun sürüsünə çırpılıb. Hadisə gecə saatlarında Goran-Qızılhacılı yolunun rayonun Boluslu kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı kənd sakini Sulduz Əliyevə məxsus 10 baş xırdabuynuzlu heyvan hadisə yerində tələf olub. Bir neçə heyvan isə yaralanıb.

“Vaz 21-010” markalı avtomobil sürüyə çırpıldıqdan sonra ön hissəsi yararsız hala düşüb. Yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət almayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

0