Erməni hərbi qulluqçunun baş geyimi, arxiv şəkli

Azərbaycan XİN erməni diversant barədə iddialara cavab verdi

27
(Yenilənib 14:12 28.08.2020)
"İddialar irəli sürən ölkə 30 ilə yaxındır ki, Azərbaycan Respublikasına qarşı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı və etnik təmizləmə ilə müşaiyət olunmuş hərbi təcavüz aktı törədən Ermənistandır"

BAKI, 28 avqust — Sputnik. Avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd edib. Azərbaycan silahlı qüvvələrinin bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində təxribatın qarşısı alınıb, təxribat qrupunun rəhbəri Ermənistan silahlı qüvvələrinin baş leytenantı Qurgen Alaverdyan zərərsizləşdirilib.

İstintaqa cəlb edilmiş sözügedən şəxs Ermənistan silahlı qüvvələrinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının silahlı qüvvələrinin şəxsi heyətinə və hərbi infrastruktura zərər yetirmək tapşırığı əsasında bir qrup Ermənistan hərbçisi ilə birlikdə Azərbaycan ordusunun mövqelərinə basqın təşkil etmək niyyəti ilə hərəkət etdiklərini etiraf edib.

Sputnik Azərbaycan bildirir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu hadisə barədə Ermənistan tərəfinin iddialarına cavab olaraq bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttinin müxtəlif hissələrində son günlər intensivləşən kəşfiyyat tədbirləri, o cümlədən pilotsuz uçuş aparatlarından istifadənin genişlənməsinin müşahidə edildiyi bir vaxtda, Qurqen Alaverdiyanın rəhbərliyi ilə həyata keçirilən kəşfiyyat-diversiya fəaliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin cəbhə xəttində növbəti hərbi avantüra güddüyünü göstərir və hərbi vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisi kimi qəbul edilməlidir.

Ermənistanın bu mənfur niyyətinin ifşa olunmasından sonra keçirdiyi isteriya və panika vəziyyətində Azərbaycana qarşı əsassız və sərsəm ittihamlar səsləndirməsi beynəlxalq ictimaiyyətin və erməni cəmiyyətinin diqqətini öz hərbi avantürist siyasətinin uğursuzluqlarından yayındırmaq cəhdidir.

Ermənistan tərəfinin Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulması, “ermənifobiya” kimi əsassız ittihamlar ehtiva edən bəyanatlarını qətiyyətlə rədd edirik. Azərbaycan tərəfi əsir götürülən Qurqen Alaverdiyana münasibətdə humanitar hüququn tələblərinə uyğun olaraq davranmışdır.

Bu xüsusda, yada salmaq yerinə düşər ki, Azərbaycana qarşı beynəlxalq humanitar hüququn pozulmasına dair iddialar irəli sürən ölkə 30 ilə yaxındır ki, Azərbaycan Respublikasına qarşı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı və etnik təmizləmə ilə müşaiyət olunmuş hərbi təcavüz aktı törədən Ermənistandır. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 20000 azərbaycanlı qətlə yetirilmiş, 50000 şəxs əlil olmuş, bir milyona yaxın mülki şəxs öz doğma yaşayış yerlərindən zorla vəhşicəsinə qovulmuş, 5364 nəfər itkin düşmüş, əsir və girov götürülərək Ermənistan tərəfindən ağır işgəncə və alçaldıcı rəftara məruz qalmışdır. Bu şəxslərdən 4000-ə yaxın insanın taleyi hələ də məlum deyildir.

Ermənistan hal-hazırda soydaşlarımız, mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevi girovluqda saxlayaraq, onları işgəncəyə məruz qoymuş, qanunsuz olaraq azadlıqdan məhrum etmişdir.

Ermənistan silahlı qüvvələrinin zabitinin əsir götürülməsi kontekstində humanitar hüququ, o cümlədən Cenevrə konvensiyalarını yadına salan Ermənistan, bu ölkənin əvvəlki və hazırkı hakimiyyəti Azərbaycanın beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr tərəfindən dəstəklənən hər iki tərəfdə olan əsir və girovların “hamının hamıya qarşı” prinsipi ilə dəyişdirilməsi təklifinə inadkarcasına etiraz etdiyini unutmamalıdır.

Azərbaycana qarşı sərsəm iddialar irəli sürən Ermənistan insanlığın ən adi dəyərlərini və beynəlxalq humanitar hüququn ən ümdə prinsiplərini heçə sayaraq, münaqişə gedişində həlak olmuş şəxslərin meyitlərini belə siyasi və maddi qazanc obyekti etməkdən çəkinməmiş, meyitlərə münasibətdə onların peşələrinə və ya hərbi rütbələrinə uyğun olaraq “qiymət cədvəli” tətbiq etmiş bir dövlət olaraq, humanizm, tolerantlıq və bu kimi ideyalardan danışmağa mənəvi haqqını çoxdan itirmişdir.

Ermənistanın əvvəlki hərbi-siyasi rəhbərliyinin Azərbaycana və onun mülki vətəndaşlarına qarşı törədilmiş ağır müharibə və insanlıq əleyhinə cinayətlərə görə üzr istəməkdən açıq aydın boyun qaçıran hazırkı Ermənistan rəhbərliyinin humanizm və humanitar hüquqla bağlı Azərbaycana ittiham irəli sürməsi riyakarlığın ən son həddidir.

Azərbaycana qarşı sülhün təsisi üçün əlverişli mühitə zərbə vurmaqla bağlı ittiham irəli sürən Ermənistan cari ilin 12-16 iyul tarixlərində dövlət sərhədinin Tovuz istiqamətində cəhd etdiyi hücum, bunun ardınca cəbhə xəttində vəziyyəti gərginləşdirən, münaqişənin nizama salınması cəhdlərinə zərbə vuran təhrikçi və təxribat xarakterli bəyanat və hərəkətləri ilə yaranmış vəziyyətə görə məsuliyyəti öz boynundan atmağa hədəflənmiş uğursuz cəhd göstərir.

Dünya ictimaiyyəti Tovuz istiqamətində vəziyyətin məqsədyönlü gərginləşməsində Ermənistanın hərbi-siyasi rəhbərliyinin birmənalı məsuliyyət daşıdığını anlayır və bu ölkənin hərbi əsir Qurqen Aleverdiyan ətrafında vəziyyətdən diqqəti yayındırmaq məqsədilə istifadə etmək cəhdi uğursuzluğa məhkumdur.

Azərbaycan tərəfi bir daha Ermənistan tərəfinin ölkəmizə qarşı humanitar hüququn pozulması və ermənifobiya ilə bağlı əsassız ittihamları qətiyyətlə rədd edir, beynəlxalq ictimaiyyəti bu ölkəni bölgədə onsuz da həssas olan vəziyyəti gərginləşdirmək cəhdlərindən çəkindirmək üçün əməli addımlar atmağa çağırır.

27
Əlaqədar
Ermənistan ordusu atəşkəsi 54 dəfə pozdu: Naxçıvan da hədəfdə
Azərbaycan XİN Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
Ermənistana məxsus daha bir PUA məhv edilib
Ceyhun Bayramov: "Həmsədrlər Ermənistana təsir etməlidirlər"
Ermənistan ordusunun Tovuz əhalisinə vurduğu zərəri Azərbaycan hökuməti ödəyir

Tofiq Yaqublu aclığı dayandırdı

0
Həkim Adil Qeybulla bildirib ki, hazırda Tofiq Yaqublunun səhhəti kafidir, vəziyyətinə uyğun olaraq, bu gün və ya sabah evə buraxılacaq.

BAKI, 18 sentyabr — Sputnik. Müsavat Partiyasının fəalı Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yaqublunun həkimi Adil Qeybulla məlumat verib.

Həkim bildirib ki, hazırda Tofiq Yaqublunun səhhəti kafidir. Vəziyyətinə uyğun olaraq, bu gün və ya sabah evə buraxılacaq.

Qeyd edək ki, Penitensiar Xidmət həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb. Sputnik Azərbaycan Pentensiar Xidmətin məlumatına istinadla xəbər verir ki, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina edilib, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülüb.

Eyni zamanda xahişi ilə şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilmiş, A.Qeybulla onun səhhətinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya – "City Hospital"a köçürülməsini xahiş edib.

Bununla əlaqədar T.Yaqublunun səhhətinə qayğı və həssaslıqla yanaşılaraq o, 12.09.2020-ci il tarixdə həmin xəstəxanaya yerləşdirilib.

17.09.2020-ci il tarixdə T.Yaqublu "City Hospital"da TƏBİB-in və Ədliyyə Nazirliyinin Tibb xidmətinin həkimləri tərəfindən birgə müayinə olunub və vəziyyətinin orta ağırlıqda stabil olduğu müəyyən edilib.

Hazırda T.Yaqublunun fizioloji göstəriciləri normal olsa da, o, əsasən yataqdadır, başgicəllənmədən, ümumi halsızlıqdan şikayət edir. Hazırkı durumu onun məhkəmə prosesində iştirakına çətinlik törədir.

T.Yaqublunun müdafiəsini həyata keçirən vəkillərin hökmdən verdikləri apelyasiya şikayətləri və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti Bakı Apelyasiya Məhkəməsinin icraatında olduğundan, Tibb xidməti tərəfindən onun səhhət durumunun nəzərə alınması ilə bağlı məhkəməyə müraciət edilib.

Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində keçirilmiş ilkin baxış zamanı məhkəmə humanistlik göstərərək T.Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

0
Pulemyot atəşi, arxiv şəkli

Kəndlərimiz atəş altında: pulemyotların səsi kəsilmir

4
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub

BAKI, 18 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

4
Teqlər:
Ağdam, Goranboy, Tərtər, Tovuz, iriçaplı pulemyotlar, pulemyot, Qarabağ, Ermənistan, Azərbaycan, Atəşkəsin pozulması, atəşkəs
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə