Kanada polisi, arxiv şəkli

Torontoda ermənilər iki azərbaycanlıya xəsarət yetirdilər

28
(Yenilənib 18:59 02.08.2020)
Səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək

BAKI, 2 avqust — Sputnik. Avqust ayının 1-dən 2-nə keçən gecə Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək  orada yaşayan iki soydaşımıza qarşı növbəti çirkin təxribat törətmişlər.

Bu barədə Sputnik Azərbaycan-a ölkəmizin Kanadadakı səfirliyindən məlumat daxil olub. Məlumata görə, bir qrup erməninin hücumuna müqavimət göstərən iki soydaşımız müəyyən dərəcəli xəsarətlər alıblar. Soydaşlarımızın vəziyyəti hazırda sabitdir, bir soydaşımız xəstəxanadadır.

Torontoda yaşayan Azərbaycan icmasının verdiyi məlumata əsasən cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis nəfərləri gəliblər. Polis zərər çəkmiş şəxslərdən izahatlar alıb və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətçə erməni şəxslərin yeri müəyyən edilib. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılır və müvafiq tədbirlər həyata keçirilir.

Baş vermiş təxribatla bağlı icma üzvləri dərhal səfirliyi məlumatlandırıblar.

Səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək.

 

28
Əlaqədar
Hikmət Hacıyev: “Ermənistanın təxribatı onun ta məğlubiyyəti ilə başa çatdı”
Azərbaycan XİN-i Zöhrab Mnatsakanyanın cavabını verdi
MN: Ermənistan yenidən təxribatlara əl atarsa Azərbaycan Ordusu layiqlincə cavab verəcək
ABŞ-da Los-Ancelesdəki erməni daşnaklarının vəhşiliyinə dair məqalə dərc olunub
Kanadada azərbaycanlıların izdihamlı dəstək mitinqi - FOTO
Jenevada BMT-nin binası qarşısında bayraqlar, arxiv şəkli

Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı

499
(Yenilənib 09:51 25.09.2020)
İlham Əliyev: Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir.

BAKI, 25 sentyabr - Sputnik. Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. Xüsusilə də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.

Prezident qeyd edib ki, dövlət sərhədindəki toqquşmaların qaynar fazası iyulun 16-da sona çatıb. Növbəti gün - iyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik.

Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq.

499
Əlaqədar
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"

633
(Yenilənib 09:51 25.09.2020)
Azərbaycan Prezidenti İlham Əliyev: "İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır!"

BAKI, 25 sentyabr - Sputnik. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir. Ermənistan isə təqribən 30 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir. İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır. Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda, Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal olunmuş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur.

"Qeyri-qanuni məşkunlaşdırma 1949-cu ilin Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq hüququn ciddi pozulmasıdır. Bu, müharibə cinayətidir. Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz.Bugünkü Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılmış və talan edilmişdir. Ermənistan işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıtmışdır. Məqsəd isə orada azərbaycanlıların bütün izlərini silməkdir", - İlham Əliyev deyib.

O qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz olaraq təbii ehtiyatları istismar edir və süni ekoloji böhran yaratmaq məqsədilə su ehtiyatlarından istifadə edir. Azərbaycanın işğal altında olan ərazilərində qızıl və digər qiymətli metal və minerallar hasil edən Ermənistan onları beynəlxalq bazarlara ixrac edir. Bu, qanunsuz biznes fəaliyyəti və çirkli pulların yuyulması sxemidir.

"Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmadıqları halda onlar hüquqi məsuliyyətlə üzləşəcəklər. Azərbaycan işğal edilmiş ərazilərimizdə təbii ehtiyatlarımızın qanunsuz istismarı ilə məşğul olan şəxs və şirkətlərə qarşı artıq hüquqi addımlar atmağa başlayıb", - Prezident əlavə edib.

633
Teqlər:
Ermənistan, BMT Baş Assambleyası, BMT, Prezident İlham Əliyev
Kişi və uşaq silueti, arxiv şəkli

Uşaq evindən ailələrə - yüksək müavinətlərin sirri açıqlandı

19
(Yenilənib 00:56 25.09.2020)
Deputat: "İstənilən halda uşaq hər şeylə təmin olunsa belə, ailədə böyüyən uşaqla uşaq evində böyüyən uşağın xoşbəxtliyi bir olmur.

BAKI, 25 sentyabr — Sputnik. Övladlığa uşaq götürənlərə müavinət veriləcək. Bununla bağlı olaraq artıq layihə hazırlanıb və müzakirə mərhələsindədir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığagötürülmə ilə bağlı hazırlanan təkliflər qəbul olunarsa, onlar 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək. Valideyn himayəsindən məhrum olan və fiziki məhdudiyyəti olan 0-18 yaş uşaqlara görə 480 manat, 3-18 yaşlı uşaqların övladlığa götürülməsinə görə isə 160 manat müavinətin verilməsi təklif olunur.

Yeni qanun layihəsi ilə bağlı bir sıra məsələlər sual doğurur. Bu müavinətin aidiyyəti üzrə xərclənməsinə necə nəzarət ediləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev Sputnik Azərbaycan-a bildirib ki, ölkə başçısının övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqda 2018-ci ilin 10 dekabr tarixli 393 nömrəli fərmanı var. Bu fərmandan irəli gələn tədbirlərdən biri də valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərin, dəstək mexanizmlərinin hazırlanmasıdır.

Nazirlidə bu fərmandan irəli gələrək övladlığagötürülmə sahəsində bir sıra işlər görülüb, bu ilin fevralında vahid qaydalar müəyyənləşib.

Şahmalıyevin sözlərinə görə, növbəti mərhələ övladlığa götürülməsi çətin hesab edilən uşaqların övladlığa verilməsinin təşviqinin stimullaşdırılması haqdadır. Bu kateqoriyaya valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud 0-18 yaş qrupunda olan uşaqlar daxildir.

"Bu gün övladlığa götürmək istəyən namizədlər demək olar ki, belə uşaqları övladlığa götürmək üçün müraciət etmirlər. Odur ki, bu işi təşviq etmək üçün "Sosial xidmətlər haqqında" qanuna dəyişikliklər paketi hazırlanıb. Dəyişikliklərdən biri budur ki, hansısa bir namizəd 0-18 yaş arası sağlamlıq imkanı məhdud uşaq götürmək istəsə, övladlığa götürmə haqda məhkəmə qətnaməsi verildikdən sonra həmin ailəyə aylıq olaraq 480 manat müavinət təklif olunur", - deyə departament rəhbəri bildirib. 

O əlavə edib ki, övladlığa götürmə üçün müraciət edən və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Vergi Məcəlləsində də bir sıra güzəştlər nəzərdə tutulub. Digər kateqoriya isə 3-18 yaş qrupu uşaqların övladlığa verilməsi haqdadır: 

"Əksər hallarda 0-3 yaşadək uşaqlar övladlığa götürüldüyündən 3 yaşdan yuxarı uşaqların ailə ilə təmin olunması prosesi gecikir. Bu səbəbdən də biz yaşı 3-dən yuxarı uşaqların övladlığa verilməsi üçün həmin ailələrə 160 manatlıq aylıq müavinət təklif olundu. Bundan başqa, belə uşaqlar övladlığa verilərkən də onların dövlət, özəl, ali ixtisas müəssisələrində ödənişli əsaslarla təhsil xərcləri dövlət tərəfindən qarşılanacaq".

Maraqlıdır, indiyədək ölkədə 0-18 yaş qrupunda fiziki məhdudiyyətli uşaqların övladlığa verilməsi təcrübəsi olmadığı halda, 480 manat müavinətin verilməsi hansısa neqativ meyllər, məsələn, sırf bu vəsaitə görə, övladlığa götürmə kimi hallar yaratmayacaq ki? Və bu cür halların müəyyən edilməsi mexanizmi necə nəzərdə tutulur?

Nazirliyin rəsmisi deyib ki, bu cür halların qarşısının alınması üçün Ailə Məcəlləsinə istinad ediləcək. Məcəlləyə görə isə övladlığagötürmə bir neçə mərhələdə həyata keçirilir. Birinci mərhələdə valideyn namizədlər qeydiyyata alınır. İkinci mərhələ övladlığagötürmədə uşağın mənafeyinin uyğunluğunun müəyyən edilməsidir. Digər mərhələ isə məhkəmə ilə bağlıdır.

"İkinci mərhələ özü bir neçə istiqamətdən ibarətdir. Bura müraciət edən valideyn namizədlərlə müsahibələrin aparılması, maddi-məişət şəraitlərinin yoxlanılması aiddir. Bu mərəhələdə sosial işçilərimiz tərəfindən hər hansı bu tip nöqsan aşkarlanarsa, həmin namizədlər növbəti mərhələyə keçməyəcək. Bundan başqa digər mərhələdə treninq aparılır. Yəni biz bir ay ərzində valideynə həftədə 3 saatdan az olmamaq şərti ilə onlara lazım olacaq bilik və bacarıqları ötürəcəyik. Bu bir ay ərzində həmçinin namizədlərin övladlığa götürmə ilə bağlı həqiqi istək və arzularını da öyrənmiş oluruq. Bu mərhələdən də uğurla keçən, imtahan verən valideynlər artıq uşaqla uyğunlaşma mərhələsinə gəlib çatacaqlar. Bundan sonra isə müəssisədə uşaqlarla görüş mərhələsi başlayacaq. Ayda 40 saatdan az olmayaraq valideyn namizəd övladlığa götürmək istədiyi uşaqla müəssisədə birgə zaman keçirmiş olacaq. Bu zaman bu vəziyyət sosial işçilərimizin nəzarətində olacaq. Hansısa neqativ hal aşkarlanarsa, bu zaman aidiyyəti üzrə addım, övladlığa götürülmənin uşağın mənafeyinə uyğunsuzluğu kimi qiymətləndiriləcək. Bu mərhələ ilə də işlər yekunlaşmayacaq. Sınaq müddəti veriləcək və bu zaman uşaq valideyn namizədin evinə sınaq müddətinə veriləcək. Sınaq müddətində sosial işçilərin birinci həftədə 3 dəfə, növbəti həftələrdə 1 dəfə ailələrə səfəri olur. Neqativ hal aşkarlanarsa, bu zaman övladlığagötürülmə uşağın mənafeyinə uyğun hesab edilməyəcək".

C.Şahmalıyev əlavə edib ki, hazırkı şəraitdə övladlığagötürmə ilə bağlı olan qaydalar müraciət edən namizədlərin həqiqi motivasiyasının nədən qaynaqlandığını üzə çıxarmağa imkan verir. 

Bəs uşaq ailəyə övladlığa verildikdən sonra, vəziyyət necə nəzarətə alınacaq?

Həmsöhbətimiz deyib ki, övladlığaverilmənin uyğunluğu haqda rəy verildikdən sonra məhkəmə həyata keçirilir. Məhkəmə müsbət rəy verərsə, uşaq ailəyə verilir və 18 yaşına çatanadək 1-ci ildə rübdə 1 dəfə, növbəti illərdə ildə bir dəfə olmaqla ailəyə monitorinq səfərləri təşkil olunur. Sosial işçilər tərəfindən uşağın ailədəki yaşam tərzi qiymətləndirilir. Bununla da uşağın ailədəki inkişaf mühiti, inkişaf perspektivləri yaxından izləniləcək.

Departament rəhbəri deyilənlərin hələ layihə şəklində və müzakirə mərhələsində olduğunu vurğulayıb. Qeyd edib ki, sözügedən müavinətlər yaşayış minimumuna bağlanılsın. Yəni yaşayış minimumunda artım olduqca, bu məbləğlər də artırıla bilər. 

C.Şahmalıyevin sözlərinə görə, valideynlər adətən 3+ yaşda olan uşaqları övladlığa götürməmələrinin səbəbini onların xərclərinin çox olması ilə izah edirlər: "Onlar belə uşaqların geyim, təhsil və sağlamlıq xərclərinin çox olduğunu deyirlər. Bu amillər nəzərə alınaraq ailəyə dəstək, təşviq məqsədilə belə uşaqlar üçün 160 manat müavinətin verilməsi təklif olunur. Amma etiraf edək ki, 160 manat müavinətə görə kimsə gəlib uşaq götürməyəcək. Burada məqsəd, 3+ yaşda olan uşaqları övladlığa götürmək istəyən, lakin maddi çətinlikləri olan ailələrə dəstək verməkdir. Biz müavinətə görə müraciət edən ailələrə də uşaq verməyəcəyik".

Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev Sputnik Azərbaycan-a bildirib ki, Milli Məclisdə "Sosial müavinətlər haqqında" qanuna əlavə və dəyişikliklərin olması təklif olunub. Bu dəyişikliklərə görə, valideyn himayəsindən məhrum edilmiş 3-18 yaşlı uşaqlara görə onları övladlığa götürənlərə ayda 190, fiziki məhdudiyyəti olan 0-18 yaşlı uşaqların övladlığa verilməsi üçün 480 manat müavinətin verilməsi nəzərdə tutulur. Məqsəd uşaqların övladlığa götürülməsini stimullaşdırmaq, belə ailələrə dövlətin maddi dəstəyini göstərməkdən ibarətdir.

"İstənilən halda uşaq hər şeylə təmin olunsa belə, ailədə böyüyən uşaqla uşaq evində böyüyən uşağın xoşbəxtliyi bir olmur. Ailədə uşaq daha çox sosiallaşır, qaynayıb-qarışır, özünü daha çox güvəndə hiss edir. Bununla həm də övladı olmayan, yaxud da övladı olub digər uşağı övladlığa götürən şəxslər üçün də bir mənəvi, psixoloji stimul yaranır. Dövlətin əsas siyasəti ondan ibarətdir ki, uşaqlar daha çox ailələrdə böyüsün", - deyə millət vəkili bildirib.

M.Quliyev qeyd edib ki, xəstəliyi və fiziki məhdudiyyəti olan uşaqlar əksər hallarda övladlığa götürülmür və onlar adətən dövlətin himayəsində böyüyürlər: "Bəzən əcnəbilər bu uşaqları övladlığa götürürlər. Bizim də məqsədimiz ondan ibarətdir ki, uşaqlar Azərbaycanda böyüsünlər. Bu səbəbdən yəqin ki, ayın 30-da bu məsələyə baxılacaq. Düşünürəm ki, bu, müsbət və pozitiv bir qanun layihəsidir".

Millət vəkilinin fikrincə, gələcəkdə yəqin ki, müavinətlərlə bağlı vəsaitlər artırılacaq: "Biz parlamentdə qanunun birinci oxunuşunda da təklif edəcəyik ki, yaşayış minimumu artdıqca, bu məbləğlər də artırılsın".

M.Quliyev bu cür uşaqların ali təhsil imkanlarının da dövlət tərəfindən qarşılanacağını vurğulayıb.

19
Əlaqədar
Övladlığa götürülən uşaqların sayı açıqlandı
Övladlığa verilmə ilə bağlı yeni qaydalar
Xəstə uşaqları övladlığa götürənlərə ciddi məbləğdə müavinət veriləcək
Övladlığa götürülən uşaqların sayı məlum oldu
Övladlığa götürülən uşağa görə müavinətlərin məbləği açıqlanıb