Xarici İşlər Nazirliyi

Azərbaycan XİN Serbiyadan Ermənistana hərbi yardımla bağlı cavab istədi

144
(Yenilənib 14:27 20.07.2020)
Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib

BAKI, 20 iyul – Sputnik. 20 iyul 2020-ci il tarixində Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə X. Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatın göndərildiyini qarşı tərəfə bildirib.

O, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minomyotlardan istifadə edildiyini, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqelərinin artilleriya və minomyot atəşlərinə məruz qaldığını, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 10 hərbi qulluqçusunun, o cümlədən bir nəfər sərhəd kəndinin sakininin həlak olduğunu qeyd edib.

Nazir müavini Azərbaycan Respublikası və Serbiya Respublikası arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu, bu xüsusda, 2013-cü ildə  iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalandığını Serbiya müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb.

Həmin sənədlərdə Azərbaycan və Serbiyanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığı qeyd olunub.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
© Photo : Foreign Ministry of the Russian Federation
 Serbiya tərəfinin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı  əsasında həllinin tərəfdarı olduğu təsdiq olunub.

Nazir müavini xatırladıb ki, strateji tərəfdaşlıq sənədinə əsasən tərəflər sülhə və sabitliyə təhlükə zamanı adekvat reaksiya vermək məqsədilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı prioritet istiqamətlər kimi müəyyən etmişlər.

X. Xələfov bildirib ki, Azərbaycan Respublikası iki ölkə arasında strateji tərəfdaşlığa sadiq qalaraq çətin vaxtlarda dost Serbiyaya həmişə yardım əlini uzadır və bu Serbiya rəhbərliyi tərəfindən dəfələrlə minnətdarlıqla qeyd edilib. O bildirib ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyünə dəstək məsələsində də hər zaman ardıcıl mövqe nümayiş etdirib.

Nazir müavini, Ermənistana silah göndərilməsi məsələsinin hər zaman,  o cümlədən də ikitərəfli əlaqələrimizin gündəliyində duran  həssas bir mövzu olduğunu vurğulayıb.

Bu xüsusda, Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və  Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib. 

X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb.

Nazir müavini Azərbaycan tərəfinin Ermənistanın Cənubi Qafqaz istiqamətində  vəziyyətin destabilizasiyasına səbəb olan, regiondakı təhlükəsizlik və sabitliyə xələl gətirən hərbi təxribatının məkrli dərin qatlı məqsədlərinə işarə edərək, Serbiya Respublikasından izahat və bu cür hərəkətlərə  gətirib çıxaran səbəblərin aradan qaldırılmasını gözlədiyini bildirib.

Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib, baş vermiş bu hadisələrdən təəssüf hissi keçirdiyini və bu hadisələrin Serbiya-Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu qeyd edib.

144
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1184)
Neft platforması, arxiv şəkli

Niyə məhz indi? Bakı Aşqabadın razılaşması nədən xəbər verir

13
(Yenilənib 13:54 22.01.2021)
"Ola bilər ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması Türkmənistan tərəfində təhlükəsizliklə bağlı müəyyən narahatlıqlar yaradırdı"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Mütəxəssislər Azərbaycan və Türkmənistan arasında ötən gün əldə olunan Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunu tarixi hadisə adlandırırlar. Belə ki, bu anlaşma Xəzər dənizində uzun illərdir Kəpəz/Sərdar yatağı üzrə mübahisələrə son qoymaqla yanaşı, iki ölkə - Azərbaycan və Türkmənistan arasında olan əlaqələri daha üst mərhələyə çıxarmağa imkan verəcək.

Təsadüfi deyil ki, Azərbaycan Prezident İlham Əliyev Anlaşma Memorandumunu tarixi sənəd adlandırıb və qeyd edib ki, bu yataq, həmçinin yataqdakı iş ölkələrimiz və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək.

Sputnik Azərbaycan Anlaşma Memorandumu, onun əhəmiyyəti və bu memorandumun niyə məhz indi imzalanması ilə bağlı "Cənubi Qafqaz" siyasi klubunun rəhbəri, politoloq İlqar Vəlizadə ilə həmsöhbət olub.

Politoloq qeyd edib ki, bu memorandumun indi imzalanması ondan xəbər verir ki, Azərbaycan və Türkmənistan bununla bağlı artıq bir neçə ildir danışıqlar aparıblar. Onun sözlərinə görə, birdən-birə belə bir razılaşma ərsəyə gələ bilməz: "Niyə məhz indi? Yəqin ki, bununla bağlı bir sıra nüanslar var. Ehtimal edirəm ki, onlardan biri də təhlükəsizliklə bağlı məsələlər idi. Ola bilər ki, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmaması Türkmənistan tərəfində təhlükəsizliklə bağlı müəyyən narahatlıqlar yaradırdı. Çünki bu, Kəpəz/Sərdar – indiki adı ilə "Dostluq" yatağının işlənməsi və hasil ediləcək resursların ixracı üçün müəyyən risklər yaradırdı.

Aydındır ki, ixrac üçün ən optimal istiqamət Qərb – Avropadır. Həmçinin bu istiqamət üzrə Azərbaycan və digər ölkələr də daxil olmaqla hazır infrastruktur layihələri var. Yəni yeni bir infrastruktur layihəsinin qurulmasına ehtiyac yoxdur. Ona görə də hazır xammalın xarici bazarlara daşınması üçün yaxşı imkan var. Bu memorandumun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından qısa müddət sonra imzalanması artıq Türkmənistan rəhbərliyinin təhlükəsizliklə bağlı narahatlığının sona çatması kimi də dəyərləndirilə bilər".

"Cənubi Qafqaz" siyasi klubunun rəhbəri qeyd edib ki, rəsmi Bakı hələ on il əvvəl Aşqabada "Dostluq" yatağının birgə işlənməsini təklif edib: "Bu təklifdə yatağın bərabərhüquqlu şəkildə istismarı, hasilatın bərabər bölünməsi yer alır. Üç il bundan əvvəl – 2018-ci ilin martında İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı bu memoranduma bənzər razılaşma - həmsərhəd zonada yerləşən yataqların birgə istismarına dair razılaşma İran tərəfi ilə də imzalanmışdı. Lakin İranla bağlı beynəlxalq proseslərə (ABŞ-ın nüvə razılaşmasından çıxması, İrana qarşı sanksiyaların tətbiqi – red.) görə yataqların işlənməsi istiqamətində heç bir praktiki addımlar atılmayıb. Amma "Dostluq" yatağının istismarı üçün belə maneələr yoxdur".

İlqar Vəlizadə vurğulayıb ki, Azərbaycan və Tükmənistanın əldə etdiyi razılaşmanın başqa bir əhəmiyyəti isə bundan ibarətdir ki, bu yataq Trans-Xəzər qaz layihəsinin həyata keçirilməsi üçün təkan verə bilər: ""Dostluq" yatağında 50-100 milyon ton neft, 30 milyard kub metr qaz ehtiyatları var. Bu, təbii sərvətlərlə kifayət qədər zəngin yataqdır. Bu yataqdan çıxarılan qazın Cənubi Qaz Dəhlizi layihəsi ilə Qərbə - Avropaya tədarükü də realdır. Bu isə Cənub Qaz Dəhlizi layihəsinin, ümumilikdə Avropanın enerji təhlükəsizliyi baxımından Qafqaz regionunun əhəmiyyətini artırır. Bundan əlavə, Azərbaycanı artıq neft-qaz ixracatçısından əlavə, bir enerji habına, tranzit ölkəsinə çevirəcək".

13
Teqlər:
təhlükəsizlik, ekspert, qaz, neft, yataq, qərar, Türkmənistan, Azərbaycan
Manat, arxiv şəkli

Siyasi partiyalar dövlət vəsaitini hara sərf edir? partiya rəsmiləri açıqlayır

29
(Yenilənib 00:33 22.01.2021)
“Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ilə dair gəlirləri və xərclərini açıqlayıb. Ötən il YAP-ın gəlirləri 12 288 708 manat olub. Qeyd edək ki, “Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Bəs dövlət büdcəsindən maliyyələşən partiyalar hesabatlılığa nə qədər önəm verir və vəsaitlər nəyə xərclənir? Sputnik Azərbaycan mövzu ilə bağlı bir neçə partiya rəsmisinin fikirlərini öyrənib.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, təmsil olunduğu partiya “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq hər ilin yekununda maliyyə hesabatını açıqlayır.

O bildirib ki, YAP-ın fəaliyyəti tamamilə şəffafdır:

“Yığılan üzvlük haqları və qəbul edilən vəsaitlər partiyanın saxlanmasına, müxtəlif tədbirlərin keçirilməsinə, eyni zamanda vaxtaşırı təşkil edilən humanitar fəaliyyətlərə sərf olunur. Partiyamızın rəhbəri ölkə başçısıdır və onun fəaliyyətindəki şəffaflıq rəhbərlik etdiyi partiyanın fəaliyyətində də özünü göstərir. YAP ölkəmiz üçün aktual olan bütün məsələlərlə bağlı prinsipial mövqeyini ortaya qoyur. Dövlət quruculuğu, seçkilər və cəmiyyətin maarifləndirilməsində öz üzərinə düşən vəzifələri yerinə yetirir”.

Hazırkı parlamentdə YAP-dan sonra ən çox millət vəkili ilə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə deyib ki, rəhbərlik etdiyi partiya əsasən dövlət büdcəsi hesabına maliyyələşir və əlavə gəlir mənbəyi yoxdur. O bildirib ki, ayrılan vəsait partiyanın icra aparatının saxlanmasına sərf edilir. Sədr qeyd edib ki, partiya yarananda üzvlük haqqı toplamaq ənənəsi olmayıb və indi də yoxdur: “Partiyamızın böyük gəlirləri yoxdur. Bununla belə büdcədən ayrılan vəsaitin hesabına müəyyən humanitar aksiyalarda iştirak edirik. Ehtiyac olsa, partiyamız gəlirlər və xərclərlə bağlı hesabatı açıqlaya bilər”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, sədrlik etdiyi partiyanın hesabatı yaxın müddətdə hazırlanıb, təqdim ediləcək: “Partiyaların hesabatlı olmasına müsbət yanaşırıq. Bizim partiyamız ilkin hesabat təqdim edən partiyalardandır və bununla bağlı hər hansı problem yoxdur”. Vəsaitin yetərliliyi haqqında sualımıza cavabında partiya sədri bildirib ki, dövlət tərəfindən ayrılan vəsait yetərincədir və onu da partiyanın inkişafı üçün sərf edirlər.

“Eyni zamanda partiyamızda üzvlük haqları toplanır ki, bu da partiyamız üçün kifayət edir”, – deyə partiya sədri qeyd edib.

29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, arxiv şəkli

İlham Əliyev yeni agentliyin yaradılması barədə fərman verdi

0
(Yenilənib 14:42 22.01.2021)
Prezident İlham Əliyev sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

BAKI, 22 yanvar — Sputnik. Prezident İlham Əliyev sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Sumqayıt Kimya Sənaye Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

Müşahidə Şurasının 4 (dörd) üzvünü İqtisadiyyat Nazirliyi, 3 (üç) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:

Kənd Təsərrüfatı Nazirliyi;

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti;

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.

Müşahidə Şurasının sədri və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

0