Təlim, arxiv şəkli

Ermənistan ordusu əsgərlərimizin səbrini tarıma çəkdi

27
(Yenilənib 11:45 27.06.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub

BAKI, 27 iyun — Sputnik. Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, işğal altında olan Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

27
Donald Trampın tərəfdarları Mançesterdə, arxiv şəkli

Qafqazdan ABŞ-dakı prezident seçkisinə reaksiya: "Bəzi şeyləri artıq bilirik"

628
(Yenilənib 22:10 14.08.2020)
"Təssəvvür edin, Bayden kampaniyasında artıq indidən 2000 nəfərlik xarici siyasət, beynəlxalq təhlükəsizlik, kəşfiyyat və hərbi məsələlər üzrə ekspertlərdən ibarət qrup yaradılıb"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. ABŞ-da keçiriləcək prezident seçkiləri hər keçən gün bir qədər də yaxınlaşır. Təbii ki, dünyanın supergüclərindən birində keçiriləcək və öz nəticəsi ilə dünyaya təsir edəcək seçkilərə Azərbaycanda da maraq böyükdür.

Artıq ABŞ prezidentliyi uğrunda əsas mübarizənin Respublikaçılar Partiyasından hazırkı Prezidenti Donald Tramp və Demokratlar Partiyasının namizədi Co Bayden arasında gedəcəyi heç kimə sirr deyil. Yeri gəlmişkən, sonuncu vitse-prezident postuna namizəd olaraq Kamala Harrisin namizədliyini irəli sürüb. Kamala Harris əsas partiyalardan vitse-prezident postuna namizədliyi irəli sürülən ilk qaradərili qadın kimi artıq ABŞ tarixinə düşüb.

Donald Tramp isə onun vitse-prezident postuna namizədliyini mənfi dəyərləndirərək qeyd edib ki, xanım Harris vergilərin artırılmasının, hərbi xərclərin və şist nefti üzrə hasilatın azaldılmasına tərəfdarı və ən liberal senatordur. Düzdür, hazırkı prezident Donald Tramp koronavirus pandemiyası (COVID-19) ilə bağlı seçkilərin müəyyən müddətə qədər təxirə salınmasını təklif edib. Lakin Ağ Evin qərargah rəisi Mark Midouz seçkilərin məhz bu il noyabrın 3-də keçiriləcəyini bəyan edib.

Görünən budur ki, qeyd olunan tarix yaxınlaşdıqca ABŞ-da prezident kürsüsü uğrunda mübarizə daha da kəskinləşəcək. Sayca 59-cu olacaq seçki namizədlərin vədləri ilə yanaşı, ABŞ-da həmin ərəfədə COVID-19-la bağlı durum, həmçinin Black Live Matters (Qaradərililərin həyatı vacibdir) hərəkatının necə inkişaf etməsindən də asılı olacaq. Sputnik Azərbaycan ABŞ siyasi həyatında son durum, seçki prosesinin gedişi və Demokratlar partiyasından vitse-prezident postuna namizəd Kamala Harrisin seçilməsi ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, ABŞ-ın Kolumbiya Universitetinin məzunu Fuad Çıraqovla həmsöhbət olub.

- Fuad müəllim, artıq ABŞ-da prezidentlik kürsüsü uğrunda mübarizə edən cütlüklər (Tramp – Pompeo və Bayden - Kamala Harris) bəllidir. Ümumiyyətlə, Bayden tərəfindən Kamala Harrisin vitse-prezidentliyə namizəd göstərilməsini necə dəyərləndirirsiniz?

- Son bir neçə ay ərzində demokratlar partiyasının daxilində Baydenin qarşıdan gələn prezident seçkilərində vitse-prezident namizədinin kim olacağı və kimi seçəcəyi barəsində müzakirələr və mübarizələr gedirdi. Hələ bu ilin əvvəlində prezident seçkiləri kampaniyasının ilkin mərhələsində Bayden onun vitse-prezidentinin qadın olacağını bildirmişdi. Son illərdə liberallar arasında qaradərili prezidentdən sonra (Barak Obama - red.) ABŞ-da qadın prezidentin olması haqqında arzular və bunun zərurət olması haqqında fikirlər özünə yer alıb. Ötən dəfəki seçkidə namizədliyini verən Hillari Klintonla bu alınmamışdı. Baydenin bu fikrindən sonra bütün diqqət demokratların öndə gedən qadın siyasətçilərinin üzərində cəmlənmişdi.

Mayın sonunda Minnesotada polisin zorakılıqla qaradərili şəxsi qətlə yetirməsi və daha sonrakı etiraz aksiyalarından sonra Bayden onun vitse-prezident namizədinin həm də qaradərili olacağını bildirdi. Və burada C.Baydenin dilinin bəlasına düşdüyünü də deyirlər. Bundan sonra qadın namizəd kimi demokratlar partiyasının daxilində solçuların lideri və böyük nüfuza sahib ağdərili Elizabet Varrenin namizədliyinin ehtimalı aradan qalxdı. Qaradərili qadın vitse-prezident namizədləri kimi Obama administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Syuzan Rayz, Kaliforniyadan olan senator Kamala Harris və Konqresdə Qaradərili konqresmenlər qrupunun lideri Karen Bassın namizədlikləri önə çıxdı. Yəni Baydenin K.Harrisi özünə vitse-prezident seçməsində onun professional keyfiyyətləri deyil, daha çox cinsi və irqi mənsubiyyəti əsas rol oynayıb.

- ABŞ-da seçki öncəsi durumu necə qiymətləndirirsiniz? Fikrinizcə, hansı namizədin seçkidə qalib gəlmək şansı daha çoxdur?

- Artıq 10 ildən çox müddətdir ki, müşahidəçilər və təhlilçilər ABŞ-ın daxili siyasətini kəskin şəkildə qütbləşmə, ziddiyyətlər, ölkənin daxili və xarici siyasət məsələləri ilə bağlı konsensusun itirilməsi, hətta bəzən müəyyən həssas dövlət orqanlarının fəaliyyət imkanlarının itirilməsi kimi qiymətləndirirlər. 2016-cı il prezident seçkilərində, ondan sonrakı dövrdə və hazırki prezident seçkiləri kampaniyası zamanı ziddiyyətlərin xüsusilə kəskinləşdiyini görürük. Koronavirusun ABŞ iqtisadiyyatına vurduğu zərbə Tramp administrasiyasının iqtisadi sahədə əvvəlki dövrlərdə əldə etdiyi bütün uğurları alt-üst etməklə qarşıdan gələn seçkilərdə onun mövqelərinə ciddi zərbə vurdu. Artıq əksər şərhçilər və bütün sosioloji sorğular daha əminliklə Trampın prezident seçilməyəcəyini proqnoz etməyə cürət edirlər. Məsələn, nüfuzlu The Economist jurnalı D.Trampın rəqibi C.Baydenin qalib gəlmə şansını 83% qiymətləndirir. Hətta bu nəticələr iyunda Trampa yaxın FOXtv televiziya şirkətinin keçirdiyi sosioloji sorğuların nəticələrində də öz əksini tapdı. Belə ki, bu televiziya şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, seçicilərin 48%-i Baydeni, 40%-i Trampı dəstəkləyir. Bu sorğunun nəticələrindən Tramp hiddətlənərək öz tvitter səhifəsində "yalançı sorğunu keçirənləri işdən qovmağa çağırdı". Digər sosioloji sorğularda Trampın ənənəvi olaraq respublikaçıların güclü və hakim olduğu bölgələrdə də mövqelərinin zəiflədiyini görürük. Hər halda seçkilərə hələ var, şəxsən hesab edirəm ki, nəticələr barəsində nəsə əminliklə demək çətindir və tezdir.

- Tramp Administrasiyasının Qafqazla, xüsusi ilə Azərbaycanla bağlı siyasəti təxminən bəllidir. Trampın seçkilərdə qalib gələcəyi təqdirdə bu siyasətdə hansısa kəskin dəyişiklikləri gözləyirsinizmi? Bayden-Harris cütlüyü seçkidə qalib gəlsə, onda yeni hökumət Qafqaz regionu, xüsusilə Azərbaycanla bağlı hansı siyasət yürüdə bilər?

- Görünən odur ki, Bayden prezident seçiləcəyi təqdirdə xarici siyasət məsələlərinə indidən çox ciddi şəkildə hazırlaşmaqdadır. Bu da təbiidir. Çünki ABŞ son illərdə öz mövqelərini dünyada itirməkdədir, bəzi bölgələrdən çəkilməkdədir, eyni zamanda hələ də onun strateji maraqları üçün bir sıra ciddi təhdidlərin və çağırışları necə idarə etməyin lazım olması yollarını tapa bilmir. Həmin çağırışların və təhdidlərin idarə edilməsi haqqında ölkənin ekspert və ictimai rəyində ekspert icması haqqında bütöv və ortaq konseptual yanaşma yoxdur. Həmin mövzular ətrafında müzakirələr və mübahisələr ortaq məxrəclərə və həll yollarının tapılmasına gətirib çıxarmır. Təsəvvür edin, Bayden kampaniyasında artıq indidən 2000 nəfərlik xarici siyasət, beynəlxalq təhlükəsizlik, kəşfiyyat və hərbi məsələlər üzrə ekspertlərdən ibarət qrup yaradılıb. Konkret olaraq Baydenin seçiləcəyi təqdirdə Qafqaz siyasətinə gəldikdə, bu barədə hələ nəsə dəqiq demək çətindir. Dəqiq nəsə demək üçün hələ bir çox şeylər bilinmir. İlk növbədə xarici siyasət və milli təhlükəsizliklə bağlı mühüm postlara məhz kimlərin təyin olunacağı, dünyaya və regiona baxışlarının necə olacağını bilmək lazımdır.

Bayden "Facebook"a tələb irəli sürdü: Tramp "dezinformasiya" yaya bilməsin>>

Bundan əlavə, bəzi şeyləri də artıq bilirik: ilk növbədə Baydenin artıq vitse-prezident kimi xarici siyasət və regionla bağlı müəyyən təcrübəsi formalaşıb. Bu təcrübə və regionla bağlı müəyyən təsəvvürlər Obama administrasiyasının sonuncu iki ilində formalaşmışdı. Ona görə də Bayden administrasiyasının xarici siyasətində müəyyən ardıcıllığın da olacağını deyə bilərik. Digər tərəfdən, Bayden administrasiyasının regionla bağlı siyasəti ABŞ-Rusiya, ABŞ-Çin, ABŞ-İran və ABŞ-Türkiyə münasibətlərinin necə olmasından asılı olacaq və ya bu koordinatların kəsişməsində olacaqdır. Baydenin zamanında ABŞ-Rusiya münasibətləri hamar olmayacaq, 2016-cı il prezident seçkilərindən sonra Rusiya demokratlar partiyası üçün xarici siyasətdə ən böyük təhdidə və təhlükə obyektinə çevrildi. Digər tərəfdən, sosioloji sorğular Çinin bu ölkədə ən böyük təhdid kimi qəbul edildiyini göstərir - həm respublikaçılar, həm də demokratlar arasında. Bu məqam da mühüm faktor olacaq. İranla demokratlar yenidən nüvə sazişinə qayıtmağın tərəfdarı kimi çıxış edirlər. Yəni Baydenin prezidentliyi dövründə gərginlik regionda aşağı düşə bilər.

628
Əlaqədar
Tramp Baydenin seçimini təhlükəli adlandırıb
Trampdan bahalı əməliyyat: bunun üçün pul tökmək günah deyil
Qərar verilib: Çini on ölkə boğacaq. Rusiyanı da dəvət edəcəklər?
Trampdan tarixi etiraf: ABŞ-ın ən böyük səhvini açıqladı
Tramp Çin şirkətindən “dolya” istəyir

Məhkəmə sabiq səfir Eldar Həsənov barədə qərar verdi

24
Hakim Azər Tağıyevin sədrliyi ilə keçən məhkəmədə Eldar Həsənov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib

BAKI, 14 avqust - Sputnik. Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçən məhkəmədə Eldar Həsənov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Həsənova qarşı AR Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

24

Prezidentin köməkçisi vətəndaşlara müraciət etdi

0
"Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər"

BAKI, 15 avqust - Sputnik. “Dünya üzrə koronavirusa yoluxma sayı 21 milyondan çoxdur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Azərbaycanda son günlər ərzində rəqəmlərdəki müsbət dinamika hər birimizi sevindirir. Bu rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışı və karantin qaydalarına əməl etməsi nəticəsində əldə olunub. Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər”, - o bildirib.

0