Vladimir Putin, arxiv şəkli

Putin düz edir, heç kimin Rusiyadan ərazi qoparmaq haqqı yoxdur - azərbaycanlı deputatlar

52
(Yenilənib 13:06 17.02.2020)
"Belə çıxır ki, Rusiyadan heç kəs, heç vaxt, heç bir şəraitdə nə referendumla, nə də başqa yolla ayrıla bilməz, ancaq ona qoşula bilər"

BAKI, 17 fevral — Sputnik, Aleksandra Zuyeva. Putinin bu gün bəhs etdiyi Rusiya torpaqlarının özgəninkiləşdirilməsinə qoyulan qadağa da ərazi bütövlüyü məsələsidir. Bunu Sputnik Azərbaycan-a hakim Yeni Azərbaycan Partiyası İcra Katibliyinin şöbə müdiri, beşinci çağırış Milli Məclisin deputatı, parlament seçkilərində lider namizəd Aydın Mirzəzadə deyib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 13-də Konstitusiyaya dəyişikliklərlə bağlı təkliflərin hazırlanması üzrə işçi qrupu ilə görüşüb.

Söhbət əsnasında aktyor və rejissor Vladimir Maşkov tərəfindən vacib bir təşəbbüs səsləndirilib. Onun sözlərinə görə, ölkə daxilində gəzərkən Putin prezidentlik postundan gedəndən sonra Rusiya torpaqlarının mümkün özgəninkiləşdirilməsi ilə bağlı təhlükələr barədə eşidib.

Aktyor Konstitusiyada Rusiya ərazilərinin özgəninkiləşdirilməsinə qadağa qoyulmasını təklif edib. Putin bu fikri dəstəkləyərək hüquq xidmətlərinə bunu rəsmiləşdirməyi həvalə edib.

Mirzəzadə hesab edir ki, Rusiya üçün Kuril adaları və ya Kalininqrad kimi torpaqların özgəninkiləşdirilməsi ərazi bütövlüyü məsələsidir və heç bir ərazi ondan götürülə bilməz.

"Ərazi bütövlüyü məsələsi Azərbaycan Konstitusiyasında da aydın şəkildə ifadə edilib. Bu məsələ referenduma çıxarıla və hər hansı formada müzakirə edilə bilməz", - deyə siyasətçi bildirib.

Onun fikrincə, bu məqamı Konstitusiyada necə yazmaq Rusiyanın öz hüququdur. Azərbaycan Rusiyanın ərazi bütövlüyünə hörmətlə yanaşır.

"Bəli, Krım məsələsində bizim mövqeyimiz fərqlidir. Moskvaya da bu çox yaxşı məlumdur", - deyə siyasətçi sözünə yekun vurub.

Beşinci çağırış Milli Məclisin deputatı, parlament seçkilərində lider namizəd Rasim Musabəyov da öz növbəsində deyib ki, Putin hər şeyi düzgün edir, çünki istənilən dövlətin birbaşa vəzifəsi öz ərazi bütövlüyünü təmin etməkdir.

"Bu, istənilən dövlət tərəfindən düzgün yanaşmadır, onların əsas vəzifəsi sərhədlərin toxunulmazlığını və ərazi bütövlüyünü təmin etməkdir", - Musabəyov deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyanın bu cür münasibətini alqışlayır, ancaq bu, yalnız istisna hal kimi Rusiyanın özünə şamil edilməməlidir.

"Bundan əlavə, bildiyimə görə, Rusiya Federasiyasının Konstitusiyası arzu edən hər kəsin (hansısa ərazilərin - red.) Rusiyaya qoşulmasına imkan verir. Belə olan təqdirdə, bu yanaşma o qədər də balanslı bir yanaşma deyil. Belə çıxır ki, Rusiyadan heç kəs, heç vaxt, heç bir şəraitdə nə referendumla, nə də başqa yolla ayrıla bilməz, ancaq ona qoşula bilər", - deyən siyasətçi əlavə edib ki, bu halda hüquq məntiqində bəzi pozulmalar görür.
52