Əli Əhmədov, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini

Əli Əhmədov: “YAP qərara gəldi ki, islahatlar qanunverici hakimiyyətdə əksini tapsın”

400
(Yenilənib 16:05 28.11.2019)
"Parlamentdə YAP-ı təmsil edən deputatlar qərara gəldilər ki, Milli Məclisə müraciət ünvanlansın. Güman edirəm ki, parlament rəhbərliyi bunu nəzərə alıb, Milli Məclisin plenar iclasında məsələni müzakirəyə çıxaracaq”

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 28 noyabr – Sputnik. “Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan dövləti və cəmiyyəti üçün mühüm qərar qəbul edib”. Sputnik Azərbaycan xəbər verir ki, bunu YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov deyib.

O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mühüm islahatlar aparılır. Əli Əhmədovun sözlərinə görə, 2019-cu il ərzində Prezidentin təşəbbüsü və imzaladığı sərəncamlarla əhəmiyyətli sosial layihələr həyata keçirilib.

Onun fikrincə, cəmiyyət ölkə başçısının həyata keçirdiyi islahatları müsbət qarşılayıb.

Əli Əhmədov vurğulayıb ki, Azərbaycanda hakimiyyətin iki qolunda - icra hakimiyyətində və məhkəmə hakimiyyətində mühüm islahatlar keçirilib. Onun sözlərinə görə, YAP üzvləri belə qərara gəliblər ki, Prezidentin islahatları qanunverici hakimiyyətdə də əksini tapsın: “YAP-ın Siyasi Şurası qərara aldı ki, Azərbaycan parlamentinin də yenilənməsi, müasirləşməsi islahatlar prosesinə aid edilsin. Buna görə də parlamentin buraxılmasına dair Prezidentə müraciət ünvanlanıb. Parlamentdə YAP-ı təmsil edən deputatlar qərara gəldilər ki, Milli Məclisə müraciət ünvanlansın. Güman edirəm ki, parlament rəhbərliyi bunu nəzərə alıb, Milli Məclisin plenar iclasında məsələni müzakirəyə çıxaracaq”.

400