Rusiyanın Xəzər donanmasına aid kiçik raket gəmilərinin təlimi, arxiv şəkli

Azərbaycanla Rusiya Xəzər regionunu daha təhlükəsiz edirlər

349
(Yenilənib 20:49 27.11.2019)
Rusiyalı hərbi ekspertin fikrincə, Bakı ilə Moskva arasında iqtisadi, hərbi və hərbi-texniki sahələrdə strateji tərəfdaşlığın, qarşılıqlı əlaqələrin inkişafı Xəzər regionunun, eləcə də Cənubi Qafqazın sabitliyini və təhlükəsizliyini möhkəmləndirir.

Aleksandr Xrolenko, hərbi ekspert

BAKI, 27 noyabr — Sputnik. Bakı ilə Moskva arasında iqtisadi, hərbi və hərbi-texniki sahələrdə strateji tərəfdaşlığın, qarşılıqlı əlaqələrin inkişafı Xəzər regionunun, eləcə də Cənubi Qafqazın sabitliyini və təhlükəsizliyini möhkəmləndirir.

Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu qəbul etdi. Elə həmin gün Gerasimov müdafiə nazirinin birinci müavini, Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovla görüşlər keçirdi. Görüşlər zamanı beynəlxalq və regional təhlükəsizlik problemləri, hərbi və hərbi-texniki əməkdaşlığın aktual problemləri, iki ölkənin Xəzər bölgəsindəki müdafiə idarələrinin qarşılıqlı fəaliyyəti müzakirə edildi. Valeri Gerasimov iyul ayında da Bakıya analoji səfər etmişdi . Bu isə sabit və dinamik təmaslardan xəbər verir.

Azərbaycan-Rusiya əməkdaşlığının müsbət inkişafı, başda Azərbaycan və Rusiya Federasiyası olmaqla beş Xəzəryanı dövlətin başçılarının əldə etdiyi regional gərginliyin azaldılması prosesinə böyük kömək edir. Ötən ilin yayında Xəzərin statusu haqqında Konvensiya imzalanmışdı ki, bu da təbii sərvətlin bölüşdürülməsi (bu ölkələr 20 ildən çoxdur bu istiqamətdə yol gedirdilər) və Xəzəryanı olmayan dövlətlərin silahlı qüvvələrinin Xəzər akvatoriyasında olmaması prinsiplərini müəyyənləşdirdi. Əvvəllər Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasındakı ziddiyyətlər regional turbulentlik yaradan iqtisadi sektorların məhdudlaşdırılması ilə əlaqədar olaraq qalırdı.

Xarici çağırışlar

Konvensiya Xəzəryanı ölkələrin silahların artırılması zərurətini azaltdı və hazırda bölgədəki hərbi-siyasi vəziyyət dinamikliyi ilə fərqlənir. Əfqanıstan və Yaxın Şərqdəki gərginlik ocaqları Azərbaycan və Rusiyanı narahat edir. Bunlar beynəlxalq terrorizm və sərhədyanı cinayətlər (narkotik ticarəti, silah qaçaqmalçılığı, yaraqlıların hərəkəti) təhlükəsini ortaya qoyurlar. Buna görə Bakı ilə Moskva ikitərəfli və MDB Terrorla Mübarizə Mərkəzi çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Sahil hissəsində hər hansı bir terror təzahürünün qarşısını almaq üçün sərhəd xidmətləri, xüsusi xidmətlər vasitəsilə məlumat mübadiləsi də aparılır. Son məqsəd inam yaratmaq və Xəzər bölgəsində insidentlərin qarşısını almaqdır.

Rusiya və Azərbaycan iyun ayında hərbi-sənaye sahəsində əməkdaşlıq haqqında memorandum imzaladılar. Rusiya Azərbaycanın silah və digər hərbi təyinatlı məhsullar aldığı ölkələr arasında çoxdan lider mövqeləri tutur. İl ərzində Bakı ilə Moskva arasındakı dövriyyə 20% artaraq 2,5 milyard dollara çatıb. Bu məbləğdə əhəmiyyətli yeri hərbi-texniki əməkdaşlıq müqavilələri tutur.

Rusiya Azərbaycana T-72 və T-90S tanklarını, ZTR-80 zirehli transportyorları, yaylım atəşi reaktiv sistemləri, çoxməqsədli helikopterlər, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri və döyüş sursatları verib. "Rusiya Helikopterləri" Holdinqi 2016-cı ildə Silk Way Helicopter Services şirkəti ilə Rusiyanın Mi-8/17 helikopterlərinə xidmət göstərmək və onları təmir etmək məqsədilə Azərbaycan ərazisində müştərək müəssisə yaratmaq barədə müqavilə imzalaıy.b Gələcəkdə Azərbaycan Rusiyanın əlavə Mi-35 hücum helikopterləri, "Pantsir" zenit kompleksləri və bir sıra digər silahlar ala bilər.

İki ölkə arasında hərbi-texniki əməkdaşlıq 2003-cü ildən etibarən, Azərbaycan və Rusiya hərbi idarələrinin rəhbərləri hərbi-texniki əməkdaşlıq haqqında hökumətlərarası sazişi imzaladıqdan sonra dinamik inkişaf edir. Azərbaycanın Rusiyadan əldə etdiyi hərbi təyinatlı məhsulların həcmi 5 milyard dollar qiymətləndirilir.

2015-ci ildə Rusiya və Azərbaycan ilk dəfə Xəzərdə birgə dəniz təlimləri keçiriblər. Bundan əlavə, Azərbaycanın dəniz akvatoriyasında bütün beş sahil dövlətinin hərbi gəmilərinin iştirakı ilə dəniz manevrləri həyata keçirilir.

Qarabağ nizamlanması

Hərbi-texniki və iqtisadi əməkdaşlıqla yanaşı, Bakı ilə Moskvanın birgə səy göstərdiyi xüsusi qeyd edilməyə dəyər başqa bir istiqamət də var - Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması. Hesab olunur ki, Rusiyanın Azərbaycanla Ermənistan arasındakı münasibətləri normallaşdırmağa kömək etmək üçün geniş imkanları var. Bunu təsdiq edən çox sayda amillər var.

Vladimir Putinin vasitəçiliyi ilə Moskvada, futbol üzrə Dünya Çempionatının açılışında İlham Əliyev və Nikol Paşinyan şəxsən tanış olublar. Münaqişənin həllinin yalnız siyasi yolla əldə oluna biləcəyini təsdiqləyən 2008-ci il Moskva Bəyannaməsini (bu, hələlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Azərbaycan və Ermənista rəhbərlərinin imzaladığı ilk və yeganə sənəddir) dəyərləndirmək də qeyri-mümkündür. Rusiyanın köməyi ilə 1994-cü ildə hazırkı atəşkəsin əsasını təşkil edən atəşkəs haqqında sazişi bağlanıb. Qeyd edək ki, Avropa İttifaqı və NATO uzaqdadır, Rusiya isə daim yaxındadır.

İqtisadiyyat sabitliyin təməlidir

Ballistik raketin buraxılması, arxiv şəkli
© Ministry of Defence of the Russian Federation

Azərbaycan Rusiyanın MDB ölkələri ilə xarici ticarətində Belarus, Qazaxıstan, Ukrayna və Özbəkistandan sonra beşinci yeri tutur. Rusiya Federasiyası isə Azərbaycanın əsas mal təminatçısıdır.

Bakı və Moskva Xəzərdə yeni inteqrasiya konfiqurasiyası - Azərbaycan-İran-Rusiya çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu qarşılıqlı əlaqənin əsasını Hindistan, İran, Fars körfəzi ölkələrindən tranzit malların Azərbaycan, Rusiya Federasiyası ərazisinə və daha sonra Şimali və Qərbi Avropaya daşınması üçün nəzərdə tutulmuş ümumi uzunluğu 7200 km olan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi təşkil edir. Xəzərdə bu yaxınlarda müəyyənləşdirilmiş oyun qaydaları Moskva ilə Bakı arasında karbohidrogenlərlə zəngin olan bölgədə qarşılıqlı fəaliyyət üçün yeni imkanlar açır. Konvensiya xarici investorları Xəzərin enerji ehtiyatlarının istismarında iştiraka cəlb etməyə imkan verir.

349