İlham Əliyev İsveçrənin Kantonlar Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev İsveçrənin Kantonlar Şurası sədrini qəbul edib

22
(Yenilənib 17:08 09.10.2019)
"Son 10 il ərzində hər il İsveçrə və Azərbaycan prezidentləri görüşür və ikitərəfli əməkdaşlıq haqqında fikir mübadiləsi aparırlar"

BAKI, 9 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Xoş gəlmisiniz. Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz İsveçrə-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli addım olacaqdır.

Bildiyiniz kimi, bizim əlaqələrimiz uğurla inkişaf edir, bir çox sahələri əhatə edir. İlk növbədə, siyasi əlaqələr haqqında demək istərdim.

Son 10 il ərzində hər il İsveçrə və Azərbaycan prezidentləri görüşür və ikitərəfli əməkdaşlıq haqqında fikir mübadiləsi aparırlar. Davos Dünya İqtisadi Forumunun burada, əlbəttə ki, xüsusi rolu vardır. Çünki Forum çərçivəsində bu görüşlər baş verir və bu il də istisna olmamışdır. Bu ilin yanvar ayında İsveçrə Prezidenti ilə görüşümü xatırlayıram. İkitərəfli əlaqələrimizin müxtəlif aspektləri geniş müzakirə edilmişdir və əlaqələrimizə yeni təkan verilmişdir.

Eyni zamanda, deməliyəm ki, dövlət səfərləri də təşkil edilmişdir. Mən İsveçrədə dövlət səfərində olmuşam və İsveçrə prezidentləri Azərbaycanda dövlət səfərlərində olmuşlar.

Şadam ki, əlaqələrimiz təkcə siyasi dialoqla məhdudlaşmır, iqtisadi sahədə və sərmayə qoyuluşu sahəsində də yaxşı nəticələr vardır. İsveçrə şirkəti "Holcim" Azərbaycana yüz milyonlarla ölçülən sərmayə qoymuşdur. Həmçinin Azərbaycan şirkətləri də ölkənizə sərmayə qoyurlar və bu proses qarşılıqlı xarakter daşıyır.

Beynəlxalq maliyyə qurumları çərçivəsində də əməkdaşlığımızın xüsusi mənası vardır.

Əlbəttə, münasibətlərimizin ümumi kontekstində parlamentlərarası əlaqələr də önəmli yer tutur və əminəm ki, bu əlaqələrin inkişafı ilə əlaqədar sizin səfəriniz çərçivəsində növbəti addımlar atılacaqdır.

Bir daha sizi salamlayıram və "Xoş gəlmisiniz!" deyirəm.

x x x

İsveçrə Kantonlar Şurasının sədri Jan-Rene FURNİYE dedi:

-Çox sağ olun, cənab Prezident. Əvvəla, biz Sizin ölkənizə minnətdarıq ki, bizi və nümayəndə heyətimizi səmimiyyətlə qəbul edir. Əlbəttə ki, bu gün səhər-səhər Sizin tərəfinizdən qəbul olunmaqdan böyük şərəf hissi duyuruq. Həmçinin hesab edirik ki, bu, aramızda olan əməkdaşlığı dərinləşdirmək üçün yaxşı bir fürsətdir.

Əlbəttə ki, mənim səfərimin məqsədinin digər bir hissəsi bizim Azərbaycan parlamenti ilə olan əlaqələrimizin daha da təkmilləşdirilməsi və gücləndirilməsindən ibarətdir.

Əslində hesab edirik ki, bu, həmçinin iki xalq arasında da böyük bir yaxınlaşmanın əlamətidir. Çünki bilirik ki, hazırda Azərbaycan öz Dövlət Neft Şirkəti vasitəsilə biz isveçrəlilərin gündəlik həyatında daha yaxından iştirak etməyə başlayıb.

x x x

Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşdüyünü, dövlətimizin qaçqın və köçkünlərin sosial problemlərinin həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini qeyd etdi.

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye Azərbaycana səfərindən məmnunluğunu və ölkəmizdə inkişaf etmiş infrastrukturun şahidi olduğunu bildirdi.

Görüşdə Azərbaycanla İsveçrə arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlar, beynəlxalq maliyyə təsisatları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu, dövlət idarəçiliyinin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi aparılmasının vacibliyi qeyd olundu.

22
Səfir Elin Süleymanov, arxiv şəkli

Səfir: Ermənistan tərəfi son dövrdə artıq neçənci dəfədir ki, təxribata əl atır

12
(Yenilənib 11:38 15.07.2020)
O, son gərginliyin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf ərazilərdə olan təmas xəttində deyil, Azərbaycanın Ermənistan ilə beynəlxalq sərhəddində baş verməsinə diqqət çəkir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. ABŞ-da yayımlanan geniş izləyici auditoriyası və nüfuza malik Con Batçelor Şou radio proqramında səfir Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şefferlə müsahibə baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, müsahibədə junalist C.Batçelor Ermənistan Azərbaycan münaqişəsi barədə məlumat verərək, ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu qeyd edir. C. Batçelor Azərbaycana səfəri zamanı cəbhə bölgəsinə səfər etdiyini qeyd edir. Jurnalist Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən sitat gətirərək, Ermənistanın tərəfinin son dövrlərdə artıq neçənci dəfədir ki, təxribata əl atmasından, Azərbaycan hərbi qulluqçularının və mülki əhalisinin həlak olmasından bəhs edir. O, artan gərginliyin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına təsirini sorğu edir.

Səfir E.Süleymanov həlak olan şəhidlərimizin ailələrinə başsağlığı verərək, yaralıların tezliklə sağalmağını dilədi. O, münaqişənin regionda sülhə təhlükə olduğunu qeyd edərək, son gərginliyin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf ərazilərdə olan təmas xəttində deyil, Azərbaycanın Ermənistan ilə beynəlxalq sərhəddində baş verməsinə diqqət çəkir. Ermənistanın təxribata əl ataraq, Azərbaycan silahlı qüvvələrinə və mülki əhalisinə hücum etməsindən bəhs edir. Səfir Ermənistan tərəfinin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına zərbə vurduğunu, öz əməlləri ilə sülh prosesində maraqlı olmadığını sübut etdiyini bildirir. E. Süleymanov qeyd edir ki, ölkəmizin işğal olunmuş ərazilərində yaratdığı qondarma rejimin danışıqlara tərəf olmasını iddia edən Ermənistan törətdiyi təxribatla münaqişənin əsas tərəfi özü olduğunu bir daha ortaya qoydu. Ermənistan tərəfinin əslində daha çox itkilər verdiyini bildirən səfir ölkə rəhbərliyinin bu faktları gizlətməyə çalışmasını qeyri ciddi adlandırır. Ermənistanın Azərbaycanın beynəlxalq sərhəddinə hücum etməkdə məqsədinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatını məsələyə cəlb etmək olduğunu bildirən səfir, qarşı tərəfin sülh əvəzinə münaqişənin daha da genişlənməsi yolunu tutduğunu bildirir. Səfir Ermənistan müdafiə nazirliyinin öz rəsmi Twitter hesabında müdafiə nazirinə istinad edərək Ermənistanın lazım gələrsə daha çox ərazi "işğal edəcəyini" bildirməsini kəskin qınayır.

Tovuz istiqamətində təxribat törədən Ermənistanın, həmçinin bu ölkə ilə sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikasının mövqelərini atəşə tutmasına diqqət çəkən professor Şeffer, iki ölkənin beynəlxalq sərhəddində baş verən silahlı toqquşmanın regionda gərginliyin artmasının göstəricisi olduğunu bildirdi.

Səfir Süleymanov ölkə Prezidenti İlham Əliyevdən sitat gətirərək, Ermənistanın bu davranışlarının tam məntiqsiz və anlaşılmaz olduğunu vəziyyətin daha da gərginləşməsinə xidmət etdiyini, ilk öncə Ermənistanın özünə ziyan verdiyini bildirdi.

Müsahibənin tam versiyası ilə https://audioboom.com/posts/7632056-catastrophic-firefight-erupts-along-the-azerbaijan-armenia-international-border-elinsuleymanov internet səhifəsindən tanış olmaq mümkündür.

12
İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif

İrandan Azərbaycana dəstək

871
Nazir Məhəmməd Cavad Zərif İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı məlum mövqeyini təkrar edib.

 

BAKI, 14 iyul — Sputnik. 14 iyul 2020-ci il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı baş tutub. Bu barədə Sputnik Azərbaycan AR XİN Mətbuat xidməti idarəsinə istinadən məlumat verir.

Nazir Elmar Məmmədyarov İranlı həmkarını Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat, hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik və mövcud vəziyyət barədə məlumatlandırıb. Ermənistan təcavüzünün bölgədə əsas təhlükə mənbəyi olduğu qarşı tərəfin diqqətinə çatdıran nazir Elmar Məmmədyarov işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarından çıxarılmasının zəruriliyini vurğulayıb.

Nazir Məhəmməd Cavad Zərif İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı məlum mövqeyini təkrar edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasının İran İslam Respublikasının regional strategiyası olduğunu bildirib. O, münaqişənin həllinin irəlilədilməsi üçün İranın dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib.

871

Şəhid olmuş mayorumuz Masallıda son mənzilə yola salınıb

0
(Yenilənib 11:55 15.07.2020)
Ötən gün axşam saatlarında Azərbaycan Ordusunun şəhid olan mayoru Anar Gülverdi oğlu Novruzov doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsində dəfn olunub.

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində şiddətli döyüşlər baş tutub.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin mayoru 1976-ci il təvəllüdlü Anar  Gülverdi oğlu  Novruzov qəhrəmancasına şəhid olub. Şəhid Anar Novruzovun  cənazəsi  doğulduğu Masallı rayonu Ərkivan qəsəbəsinə gətirilib. Şəhidin cənazəsini qarşılamaq üçün rayon sakinləri küçələrə axışaraq ehtiramlarını bildiriblər.

Şəhidin tabutuna bükülən Azərbaycanın üç rəngli bayrağı övladına təhvil verilib. Şəhid Anar Novruzov iki övlad atası idi.

0