Заседание парламента Азербайджана, фото из архива

Bu gün yeni Baş Nazir təyin ediləcək

583
Bu gün Milli Məclisdə 14 məsələ müzakirə olunacaq. Onlardan ən əsası isə yeni Baş Nazirin seçilməsi olacaq

BAKI, 8 oktyabr — Sputnik. Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.

İlk olaraq Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılacaq.

"Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında", "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında", "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında", "Uşaq hüquqları haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Gənclər siyasəti haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında", "İnsan alverinə qarşı mübarizə haqqında", "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" və "Təhsil haqqında" qanunlarda dəyişikliklərə baxılacaq.

"Məişət zorakılığının qarşısının alınması haqqında", "Sosial xidmət haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" və "Peşə təhsili haqqında" və digər qanunlarda, Cəzaların İcrası, Miqrasiya, İnzibati Xətalar məcəllələrində dəyişikliklər müzakirə ediləcək.

"Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanun layihəsinə ikinci oxunuşda baxılacaq.

583
Teqlər:
Baş nazir, Milli Məclis
Səfir Elin Süleymanov Dövlət Departamentində

ABŞ-dakı səfirimiz: "Ermənistanın son əməlləri danışıqlara zərbə vurur"

7
Səfirin sözlərinə görə, bu gün 30 il sonra məcburi köçkünlər öz evlərinə qayıda bilməyərək hələ də didərgin yaşayırlar.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin nüfuzlu "Newsmax" mətbu orqanında Ermənistanın Azərbaycana qarşı təcavüzü və ABŞ polisinin nifrət zəminində cinayətlər törədən radikal ermənilərlə bağlı araşdırmalarına həsr olunan məqaləsi dərc edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Süleymanov məqaləsində qeyd edib ki, iyul ayında Ermənistanın Azərbaycana qarşı son təxribatları koronavirus pandemiyasının pik dövrü və bir çox dövlətlərin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinə fokuslandığı bir zamanda baş verib.

O qeyd edib ki, Ermənistanın özünün koronavirus böhranı yaşamasına baxmayaraq, bu onu Azərbaycana qarşı beynəlxalq sərhəd boyunca Tovuz rayonu istiqamətində hücuma başlamaqdan çəkindirmədi: "Ermənistanın hücumunun Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xəttindən yüzlərlə mil şimalda olması son təcavüzün arxasında dayanan niyyətlərini açıq şəkildə göstərir. Həlli uzanan Ermənistan-Azərbaycan münaqişəsi böyük Avrasiya regionunda sülhə və təhlükəsizliyə əsas təhdid olaraq qalmaqdadır. Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış ərazisinin 20 faizinin qanunsuz işğal olunması və etnik təmizləməyə məruz qalması bir milyon insanı məcburi köçkün etməklə ağır humanitar böhrana səbəb olub".

Səfirin sözlərinə görə, bu gün 30 il sonra məcburi köçkünlər öz evlərinə qayıda bilməyərək hələ də didərgin yaşayırlar:

"Ermənistan qoşunlarının dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və çoxsaylı digər beynəlxalq sənədlərə baxmayaraq, Ermənistan beynəlxalq hüququn prinsiplərinə və Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun danışıq səylərinə məhəl qoymur. Faktiki olaraq, Ermənistanın son əməlləri və bəyanatları mövcud danışıqlar formatını açıq şəkildə pozur və sülh prosesi üçün real perspektivlərə zərbə vurur. Formal müstəqilliyinə baxmayaraq, Ermənistan qonşu ölkələrlərlə daimi münaqişələr və xarici asılılıq nəticəsində heç zaman tam suverenlik qazanmayıb. Onun sərhədlərinə Rusiya sərhəd keşikçiləri nəzarət edir, ərazisində xarici hərbi baza yerləşir və öz iqtisadiyyatı üzərində minimal nəzarətə malikdir.

Bu gün Ermənistan heç bir strateji dəyərə malik olmayıb, inteqrasiya və inkişafa doğru addımlar atmağa qadir olmayaraq keçmiş Sovet İttifaqının sonuncu qalıqlarındandır. Eləcə də, Ermənistan cəmiyyəti anti-semitizm, nasistlərlə əməkdaşlıq və Yaxın Şərq terrorist qruplaşmaları ilə münasibətlər kimi problemlərlə hələ də üzləşməkdədir. Ölkədən emiqrasiya səviyyəsi yüksək olan Ermənistan son zamanlarda qlobal səviyyədə ən qəzəbli ölkə olaraq qiymətləndirilib. Bəzi hallarda bu qəzəb ölkə sərhədləri xaricində də özünü göstərir.

Son günlərdə Los-Anceles Polisi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında baş verən etiraz aksiyası zamanı kiçik qrup azərbaycanlılara qarşı erməni radikalları tərəfindən şiddətli hücuma görə nifrət zəminində cinayət araşdırmasına başlayıb. Xəritəyə bir baxış Ermənistanın məsuliyyətsiz militarist yanaşmasının fəsadlarının daha geniş olduğunu göstərir.

Cənubi Qafqaz bölgəsi Ermənistan, Azərbaycan və Gürcüstandan ibarət olmaqla dünyanın vacib strateji ərazilərindəndir. Misal üçün, Azərbaycan dünyada Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir və İsrailin vacib dost və tərəfdaşıdır. Bundan əlavə, Azərbaycan Avropa və Asiya arasında əvəzsiz bağlılıq yaradır və paytaxt Bakı şəhəri Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin başlanğıc nöqtəsidir. BTC İsrailin illik neft təchizatının 40 fazini təmin edən və vaxtilə Ceyms Bondun "Dünya yetərli deyil" filmində yer alan neft kəməridir.

Azərbaycandan başlayaraq altı ölkəni, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən Cənub Qaz Dəhlizi də öz başlanğıcını Bakının yaxınlığından götürür. Bu boru kəmərləri, eləcə də Asiyanı Avropa ilə birləşdirən dəmir yolu xəttləri və NATO hava qüvvələri üçün Əfqanıstana uçuş dəhlizi Ermənistan tərəfindən hücum edilmiş ərazinin yaxınlığından keçir.

İnkişaf və əməkdaşlığa heç bir töhfə verməyən Ermənistan bir daha qlobal əhəmiyyət daşıyan enerji infrastrukturu və regional təhlükəsizliyə təhdid yaratmaqla özünü gündəmdə saxlamağa çalışır. Ermənistan hərbi qüvvələri fəaliyyətə başlamasına bir neçə ay qalmış Cənub Qaz Dəhlizindən 15 mil məsafədə yerləşən əraziyə hücum edir.

Ermənistan sərhəd boyunca Azərbaycan ordu hissələrini sərhəd qoşunları ilə əvəz etdiyi əraziyə hücum edib, mülki yaşayış evlərini mərmi atəşinə tutub və nəticədə itki və zərərlərə səbəb olub. Təmas xəttindən uzaqda beynəlxalq sərhəd boyunca hücuma keçən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müqavilə müttəfiqlərinin dəstəyinə ümid edirdi. Lakin Ermənistanın münaqişənin əhatə dairəsini genişləndirmək cəhdi baş tutmadı və ədavətin kimin başlaması aydın olduğundan KTMT Ermənistanın dəstək xahişini rədd etdi.

Ermənistan rəhbərliyi dövlət katibi Pompeonun substantiv sülh danışıqları çağırışlarına məhəl qoysa və Azərbaycanla məzmunlu danışıqlara cəlb olunsaydı, Ermənistan xalqının daha parlaq gələcəyini və bütün Cənubi Qafqaz regionunda davamlı sülhü təmin edərdi. Əksinə, Ermənistan firavanlığın və regionun təhlükəsizlik arxitekturasının vacib elementlərinə təhdid yaratmaqla özünü bir daha destruktiv bir qüvvə kimi göstərdi.

Beynəlxalq ictimaiyyətin nümayəndələri rəsmi Yerevana sülhün dividentlərinin zəngin olmasını və təcavüzün nəticələrinin getdikcə artmasını izah etməklə Ermənistan xalqına kömək olmalıdır".

7

İlham Əliyev Livan Prezidentinə başsağlığı verdi: “Maliyyə yardımı göstərəcəyik”

316
(Yenilənib 16:20 05.08.2020)
Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi. Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm

BAKI, 5 avqust – Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna başsağlığı verib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm”.

316
Калькулятор и ручка, фото из архива

Həyəcan təbili - Gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq, əgər...

2
(Yenilənib 19:28 06.08.2020)
Professor: "Büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 avqust — Sputnik. "Büdcə siyasəti ilə bağlı bu gün bir çox suallar yaranır, çünki dünya iqtisadiyyatında vəziyyət olduqca mürəkkəbdir. Bu proseslər yalnız pandemiya ilə bağlı deyil, dünya iqtisadiyyatı çox dərin tənəzzül dövrünə daxil olub. Bu, uzun müddətli olacaq. O baxımdan Azərbaycanda iqtisadi idarəetmə siyasəti, o cümlədən büdcə siyasəti kəskin şəkildə islahatlara məruz qalmalı, dərin islahatlar aparılmalıdır".

Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a büdcəyə edilən dəyişiklikdən danışarkən deyib.

Ekspert bildirib ki, bu ilin sonunadək iqtisadiyyatda dayanıqlılıq qoruna biləcək: "Çünki ehtiyatlar buna imkan verir, digər tərəfdən neft qiymətləri tarazlaşıb, 6 ayda fiskal yığımlar təmin olunub. Eyni zamanda valyuta bazarında da sabit vəziyyət var və ona görə də ilin sonunadək ciddi problemlər gözlənilmir. Amma uzun müddətli dövrdə milli iqtisadiyyatımızda da ciddi problemlər gözlənilir. Bu problemlərin qarşısı indidən alınmalıdır, o cümlədən də büdcə siyasəti ilə".

"Bu il büdcə xərclərinin artımına ehtiyac var idi və o baxımdan da büdcə xərclərinin artırılması başa düşüləndir, izah olunandır. Amma büdcə xərclərinin artırılması büdcə kəsirinin də artırılması deməkdir. Büdcə kəsirinin artırılması isə düzgün idarə olunmalıdır. Bu gün bizim dövlət büdcəsinin kəsir göstəricisi təxminən 5 faizdir. Bu, böyük rəqəm deyil, yəni, yolveriləndir" - deyə o qeyd edib.

O bildirib ki, bu ilin ilk 6 ayının nəticələri onu deməyə əsas verir ki, iqtisadiyyata kapital qoyuluşları azalıb: "Bu, təhlükəli tendensiyadır. Əgər biz büdcə kəsirinin idarə olunmasını, büdcə kəsirinin maliyyələşməsini Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlarla təmin edəcəyiksə, bu, iqtisadiyyatda kapital qoyuluşlarının bir qədər də azalmasına səbəb olacaq. Hesab edirəm ki, biz büdcə kəsirinin maliyyələşməsini Mərkəzi Bank tərəfindən pul emissiyası hesabına etməliyik. Yəni, Mərkəzi Bank pul çap edərək iqtisadiyyatda canlanmanı təmin etməlidir. Bu yanaşma olmasa, ilin sonuna kimi ÜDM-in azalmasının şahidi ola bilərik".

"Əgər biz bu il ərzində investisiyaların azalmasına getsək, onda gələn il iqtisadi göstəricilərimiz ürəkaçan olmayacaq. Biz investisiyaların azalmasına yol verməməliyik. Əks halda iqtisadiyyatımız daralacaq, inflyasiya ilə bağlı problemlər kəskinləşəcək. Məsələyə sistemli yanaşmaq lazımdır. İdxalın əvəzolunması, yerli istehsalın formalaşması prosesi getməlidir. İxracatda qeyri-neft sektorunun payı artmalıdır. Digər tərəfdən, qeyri-neft ixracımızda ilk 3 yeri qızıl, pomidor və fındıq tutur. Bunların üçü də xammaldır, lakin biz emal etməliyik" - deyə professor əlavə edib.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirlərinin 24 milyard 124 milyon manat, xərclərinin 27 milyard 492 milyon 200 min manat olacağı gözlənilir.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur. Bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəyi gözlənilir. Bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur.

Xatırladaq ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik ilə bağlı parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, COVİD-19-un dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub: "İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. İqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb".

2