Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayır

Moskva, yoxsa Vaşinqton - Türkiyə kimi seçəcək?

1481
(Yenilənib 19:16 29.08.2019)
Vaşinqton getdikcə Türkiyəni itirməkdədir - ən azından, hərbi sənaye sahəsində bu açıq-aydın görünür

BAKI, 28 avqust — Sputnik. Dünən Moskvanın Jukovski hava limanında start götürmüş "MAKS-2019" aviakosmik sərgisində müxtəlif ölkələrdən gələn qonaqlara ən yeni aviasiya və kosmik texnologiyalar təqdim edilib. 

Tədbirdə həmçinin Rusiyanın beşinci nəsil "Su-57" döyüş təyyarəsi də nümayiş etdirilib. Lakin müasir texnologiyalar ilə yanaşı, sərgini izləyənləri ən çox maraqlandıran bu tədbirin xarici qonaqları, daha dəqiq desək, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və onun başçılıq etdiyi nümayəndə heyəti idi.

O olmasın, bu olsun...

Əslində, sərginin türkiyəli qonaqlarına olan bu maraq səbəbsiz deyildi. Bildiyimiz kimi, iyulun 12-də ABŞ-ın təhdidlərinə baxmayaraq Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükü başlayıb. Vaşinqton isə əvvəlcədən vəd etdiyi kimi, Ankaranın bu kompleksləri alması səbəbindən Türkiyəni beşinci nəsil "F-35" döyüş təyyarəsinə dair proqramdan çıxardığını və ölkəyə bu təyyarələri satmayacağını elan edib. Belə olan halda əvvəlcədən gözlənilə bilərdi ki, "F-35" təyyarəsinin alternativi hesab edilən "Su-57" qırıcısı sərgidə Türkiyə liderinin diqqətini çəkəcək.

Gözlənilən isə baş verib. Sərgi zamanı Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə birlikdə sözügedən qırıcını baxışdan keçiriblər. Baxış zamanı Ərdoğan "Su-57" təyyarəsini almağın mümkün olub-olmadığını soruşub, Putin isə ona: "Ala bilərsiniz", - deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Dövlət Başçısı Vladimir Putin 14-cü MAKS-2019 beynəlxalq hava sərgisində
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Dövlət Başçısı Vladimir Putin 14-cü MAKS-2019 beynəlxalq hava sərgisində

Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev isə jurnalistlərə bildirib ki, Rusiya və Türkiyə "Su-35" və ya "Su-57" qırıcılarının tədarükünü artıq müzakirə edirlər və Ankara bu məsələdə böyük maraq göstərib.

"... "Su-35" və ya "Su-57"lərin gələcək tədarükü üzrə işləyəcəyik, böyük maraq göstərilib, sazişə dair danışıqlardan söz açmaq hələ ki tezdir, hələ heç bir müraciət olmayıb, konsultasiyalar keçirilməlidir", - Şuqayev deyib.

Amerikalıları narahat edən rusları narahat etmir

Əslində "Su-57"nin göstəricilərinə nəzər yetirsək, onun Amerikanın "F-35"nə yaxşı alternativ olduğunu demək olar (bu iki təyyarənin texniki göstəriciləri haqqında infoqrafikamızda məlumat əldə edə bilərsiniz).

Lakin "Su-57" qırıcısının Türkiyəyə tədarükündən danışarkən ilk növbədə bu təyyarənin texniki xüsusiyyətlərini və ABŞ-ın "F-35"ləri nə səbəbdən Türkiyəyə satmadığını nəzərə almaq lazımdır. Məsələ bundadır ki, amerikalılar "F-35" təyyarəsini Ankaraya satmamaqda əsas səbəb kimi, bu qırıcıların "S-400" kompleksləri ilə uyğunsuzluq təşkil etdiyini göstəriblər. Onlar iddia edirlər ki, "F-35" təyyarəsi ilə "S-400" sisteminin Türkiyə tərəfindən birgə istifadəsi nəticəsində təyyarənin gizli saxlanılan texniki göstəriciləri aşkara çıxa bilər.

"Su-57" isə demək olar ki, amerikalıların "F-35" təyyarəsinin alternatividir – yəni Rusiya istehsalı olan bu təyyarə amerikalı rəqibinin etdiyini edir (və hətta iddialara görə, onun göstəriciləri ABŞ təyyarəsindən də üstündür) və onun istehsalında bir sıra yeni (və ola bilsin ki, gizli saxlanılan) texnologiyaların, o cümlədən, radarlardan gizlənməyə imkan verən "stels" (stealth) texnologiyasından istifadə edildiyi bildirilir. Nəzərə alsaq ki, Türkiyə NATO ölkəsidir və Alyansın hava məkanı onun da ərazisinə düşür, ortaya belə bir sual çıxır: bəs Rusiya özünün ən yeni təyyarəsinin NATO-nun hava məkanında uçmasından narahat deyilmi? Amerikalıları narahat edən faktorlar Rusiyanı da narahat etmirmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov Sputnik Azərbaycan-a verdiyi şərhində bildirib ki, bu məsələdə Rusiyanın narahat olması üçün səbəb yoxdur:

"Hər bir halda Rusiya bir qədər başqa modifikasiyada olan təyyarələri ixraca göndərir. Bu, Rusiyaya ziyan gətirməyəcək, heç kəs avadanlığın sirlərini aça bilməyəcək. Bundan başqa, Rusiya hər hansı bir silahı ixrac etməzdən əvvəl özü onu maksimum səviyyədə silahlanmaya qəbul edir və mən hesab edirəm ki, Rusiya hətta bir sıra sistemləri təkmilləşdirəcək ki, heç bir nüans olmasın".

"Təbii ki, bu cür silahların tədarükü qarşılıqlı hörmətə və tərəflərin bu silahları bir-birinə qarşı istifadə etməməsinə dair razılaşmalar əsasında baş verir. Rusiya Federasiyası hər bir halda özünü sığortalayacaq. Hamı bunu başa düşür və mən bunda (təyyarələrin ixracında – red.) qorxulu heç nə görmürəm", - Mixaylov deyib.

Birgə istehsal

Burada həmçinin Türkiyə və Rusiya arasında birgə hərbi texnika istehsalının perspektivlərini də vurğulamaq lazımdır. Belə ki, dünən baş tutmuş Rusiya-Türkiyə danışıqlarından sonra Rusiya lideri mediaya bildirib ki, o və türkiyəli həmkarı "Su-35" qırıcısına dair müzakirələr aparıblar və bir sıra hərbi texnikanın, o cümlədən "Su-57" təyyarəsinin birgə istehsalını müzakirə ediblər.

"Hərbi aviasiya baxımından biz "Su-35" üzrə əməkdaşlıqdan... o cümlədən hətta yeni "Su-57" təyyarəsi üzrə iş barəsində danışdıq. Bizim imkanlarımız çoxdur, biz yeni silah sistemlərini və yeni radioelektron mübarizə sistemlərini nümayiş etdirdik. Fikrimcə, türkiyəli həmkarlarımızı bir çox şey maraqlandırdı – yalnız (texnikanı – red.) almaq baxımından yox, həmçinin birgə istehsal etmək baxımından", - Putin deyib.

Mixaylov deyir ki, silahların digər ölkələrlə birgə istehsalı normal təcrübədir:

"Bizim təyyarələrimiz Hindistanda da lisenziya əsasında istehsal olunur. Rusiya bununla açıqlığını nümayiş etdirir, göstərir ki, o, düşmən deyil. Ümumilikdə, istənilən silahın, ən qüdrətli və ən yeni texnologiyaların tədarükü ilk növbədə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur. Mütəxəssislərimiz türkiyəli hərbçilərə təlimlər keçəcəklər, bu, onilliklərlə davam edən əməkdaşlıqdır. Buna görə də ABŞ narahatdır, yəni Vaşinqton Türkiyəni öz dairəsindən itirdiyini görür. Onların (türklərin – red.) "S-400"ləri almasından müəyyən müddət sonra "S-500"lərin də tədarükü baş tutacaq".

Ekspert qeyd edib ki, yüksək texnologiyaların ixracı ilk növbədə ölkələr və liderlər arasında xüsusi etimadın göstəricisidir.

Yəni Türkiyənin "F-35" təyyarələrinin istehsalı üzrə proqramdan çıxarılmasından sonra ölkə nəinki onlara alternativ təyyarələr ala, hətta bu təyyarələri istehsal da edə bilər. Elə görünür ki, Vaşinqton getdikcə Türkiyəni itirməkdədir - ən azından, hərbi sənaye sahəsində bu açıq-aydın görünür və "F-35" məsələsində Türkiyə heç də uduzan tərəf olmayacaq.

1481
Teqlər:
istehsal, razılaşma, "F-35" qırıcı təyyarəsi, S-400, Su-57 qırıcı təyyarəsi, Vaşinqton, Ankara, Moskva
Əlaqədar
"F-35"lər əlindən çıxan Türkiyə qərarını verdi
Ərdoğan Rusiyaya getdi
Putin Ərdoğana "F-35"lərin alternativini göstərdi
Ərdoğan və Putinin görüşü: Birgə təyyarə istehsalı, kosmos və Suriya
Azərbaycan XİN-in binası, arxiv şəkli

XİN: "Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını uçuruma sürükləyir"

9
Humanitar atəşkəs razılaşdırıldıqdan sonra atəşin dayandırılması rejimini kobud şəkildə pozan Ermənistanın əsl niyyətinin sülhə nail olmaq deyil, yeni işğala əl atmaq olduğu Baş nazirinin verdiyi bu açıqlamada aydın şəkildə görünür

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həlli yoxdur deyə açıqlama ilə çıxış edərək, Ermənistanın işğalçı siyasətini davam etdirdiyini və bu ölkənin hazırkı rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etiraf etmiş oldu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Baş nazirinin münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlamasında deyilir.

Vurğulanır ki, Ermənistanın Azərbaycana qarşı yeni hücumuna cavab olaraq Azərbaycanın başladığı əks-həmlə tədbirləri və on illərdir ki, işğal altında olan ərazilərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi ilə bağlı davamlı olaraq atəşkəs üçün yalvaran, iki dəfə humanitar atəşkəs razılaşdırıldıqdan sonra atəşin dayandırılması rejimini kobud şəkildə pozan Ermənistanın əsl niyyətinin sülhə nail olmaq deyil, yeni işğala əl atmaq olduğu Baş nazirinin verdiyi bu açıqlamada aydın şəkildə görünür.

Humanitar atəşkəsə riayət olunması üçün vasitəçi ölkələrin səylərini heçə sayan Ermənistan rəhbərliyinin, Moskvada xarici işlər nazirləri ilə həyata keçirilən məsləhətləşmələr, habelə Vaşınqtonda qarşıdan gələn görüşlər ərəfəsində diplomatik səylərə xələl gətirən bu bəyanatı uzun illərdir ki, işğalçı Ermənistan tərəfindən münaqişənin həll olunmaması ilə bağlı sərgilədiyi dağıdıcı mövqeyin növbəti bariz nümunəsidir.

Azərbaycan tərəfi, öz növbəsində xoş niyyət və konstruktivlik nümayiş etdirərək humanitar atəşkəsə iki dəfə razılıq verib və münaqişənin BMT TŞ-nin qətnamələri əsasında danışıqlar yolu ilə həllini dəstəklədiyini bəyan edib. Belə olduğu təqdirdə, bir tərəfdən, işğalçı və münaqişənin diplomatik həllində maraqlı olmayan Ermənistan, digər tərəfdən isə əraziləri 30 ilə yaxın müddətdə işğal altında olan və beynəlxalq hüquq normaları çərçivəsində və BMT qətnamələri əsasında münaqişənin siyasi həllini dəstəkləyən Azərbaycana münasibətdə eyni yanaşma nümayiş etdirən dövlətləri müvafiq nəticə çıxarmağa dəvət edirik.

Üzərində hər hansı təzyiq hiss etməyən və Azərbaycana qarşı təcavüz siyasəti çərçivəsində bu günədək törətdiyi çoxsaylı müxtəlif cinayət əməllərinə görə hüquqi məsuliyyətə cəlb edilməyən Ermənistan rəhbərliyi verdiyi məsuliyyətsiz bəyanatları və törətdiyi əməlləri ilə öz xalqını uçuruma sürükləyir.

Münaqişənin davamlı həllinin və bölgədə gərginliyin aradan qaldırılmasının yeganə yolu beynəlxalq hüququn aliliyi, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı və onlara hörmətin təmin edilməsi ilə mümkündür. 

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyandan etiraf: Azərbaycan bizim kapitulyasiyamızdan başqa heç nəyə razı deyil
İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər

Ermənistan döyüşlərə ASALA üzvlərini cəlb edir

19
(Yenilənib 18:59 21.10.2020)
Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin ASALA terror təşkilatının üzvlərinin də iştirak etmələri müəyyən edilib

BAKI, 21 oktyabr - Sputnik. Oktyabrın 21-də Baş Prokuror Kamran Əliyev Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç ilə görüşüb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, K.Əliyev sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri cinayət əməlləri barədə məlumat verərək bildirib ki, Türkiyə Respublikasının rəhbərliyi və xalqı hadisələrin ilk anından başlayaraq ölkəmizə öz mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya göstərib.

Qeyd edilib ki, Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə  4, 11 və 17 oktyabr tarixlərində mülki əhalinin sıx yaşadığı Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhəri beynəlxalq səviyyədə qadağan edilmiş “Skad” raket qurğusundan atəşə tutulub və nəticədə ümumilikdə 63 nəfər həlak olub, onlardan 18-i qadın, 8-i uşaq olub, 292 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-i uşaq olub, 1981 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 386 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılan döyüş əməliyyatlarına  xarici ölkələrin muzdlu döyüşçülərinin cəlb edilməsi, həmçinin dünya terror tarixində həmişə ön sırada olan ASALA terror təşkilatının üzvlərinin də iştirak etmələri müəyyən edilib.

Eyni zamanda, işğal olunmuş ərazilərimizdə bir neçə xarici şirkətlərin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən edilməklə, bu və digər qeyd edilən cinayət faktları ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işləri başlanmış və müvafiq sənədləşdirmə aparılmaqla təqsirkar şəxslərin beynəlxalq müstəvidə ifşa edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə bütün mümkün olan tədbirlər görülməkdədir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Şərəf Malkoç Ermənistanın təxribat xarakterli əməllər törədərək dinc əhalinin sıx yaşadığı məntəqələrin qəsdən və hədəfli şəkildə atəşə tutulması ilə bağlı törədilən cinayət əməllərinin dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədar bəyanatla Birləşmiş Millətlər Təşkilatı və insan hüquqlarının müdafiəsi üzrə  beynəlxalq təşkilatlar qarşısında çıxış edəcəyini xüsusi vurğulayıb.

Şərəf Malkoç bir millət, iki dövlət olaraq Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirib və onun haqq işini hər zaman olduğu kimi dəstəklədiyini qeyd edib.         

Görüşdə maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə faydalı fikir mübadiləsi aparılıb.

Görüşdə Ombudsman Səbinə Əliyeva da iştirak edib.

19
Teqlər:
ombudsman, Türkiyə, Kamran Əliyev, Baş prokuror, erməni terror təşkilatı ASALA, döyüş, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik
Paşinyandan etiraf: Azərbaycan bizim kapitulyasiyamızdan başqa heç nəyə razı deyil
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb