BAKI, 5 avqust — Sputnik. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, başsağlığında deyilir: "Hörmətli cənab Prezident. Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.
Bu dəhşətli hadisələr ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.
Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.
Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.
BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.
"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.
BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb.