Müdafiə naziri, general-polkovnik Zakir Həsənov

Müdafiə naziri: "Azərbaycan ilə NATO arasında 25 illik dayanıqlı tərəfdaşlıq mövcuddur"

67
(Yenilənib 10:13 03.05.2019)
Zakir Həsənov: "Avropa ilə Asiya arasında yerləşən Cənubi Qafqaz, xüsusilə Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır"

BAKI, 3 may — Sputnik. "NATO ilə tərəfdaşlığımızın 25-ci ildönümünün qeyd edilməsi bizim əməkdaşlıqda qazandığımız nailiyyətlərimizin təcəssümüdür. Bu uğur Azərbaycanın 25 il əvvəl çətin bir zaman kəsiyində qərar verdiyi istiqamətlər üzrə həyata keçirdiyi kompleks fəaliyyətlərin nəticəsidir". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov deyib. Daha sonra o bildirib:

"Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin may ayının 4-də Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə Azərbaycan SNT proqramına qoşulub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu proqram NATO ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında səmərəli hərbi əməkdaşlığın və uyarlığın təmin olunmasında ən uğurlu mexanizmlərdən biri kimi özünü doğruldub.

NATO ilə qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Ordusunun hərbi əməkdaşlığının əsas prioritet istiqamətlərindən biridir. Azərbaycan ilə NATO arasında qurulmuş tərəfdaşlıq və müxtəlif sülhməramlı missiyalarda birgə fəaliyyət ölkəmizin Avro-Atlantik məkanda təhlükəsizliyi və sabitliyi təmin etmək üçün göstərdiyi səylərin və xoşməramlı niyyətimizin bariz nümunəsidir.

Azərbaycan üzləşdiyi çağırışlara baxmayaraq, ilk günlərdən etibarən Kosovoda və Əfqanıstanda NATO-nun başçılığı altında həyata keçirilən əməliyyatlara qatılaraq beynəlxalq sabitliyə nail olmaq üçün töhfəsini verib. Əfqanıstan İslam Respublikasında həyata keçirilən Qətiyyətli Dəstək missiyasının bu ölkənin təhlükəsizliyi və davamlı inkişafı, o cümlədən regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətini bilərək biz 2018-ci ildən etibarən Əfqanıstandakı hərbi kontingentimizin sayını 30 faiz artırmışıq. Göstərilən hərbi dəstəyə əlavə olaraq Azərbaycanın Əfqanıstana töhfəsi siyasi, maddi-texniki dəstək, quru-hava tranziti, həmçinin müxtəlif treninqlər, minadan təmizləmə və maliyyə dəstəyi kimi digər qeyri-hərbi yardımları da ehtiva edir.

Biz çox yaxşı dərk edirik ki, qloballaşan dünyada hər bir böhran və ya münaqişə digər ölkələrə təsirsiz ötüşmür və bu kontekstdə Azərbaycan Avro-Atlantik məkanda sülhə və təhlükəsizliyə nail olmaq üçün NATO ilə əməkdaşlıq edir və bundan sonra da edəcək.

Təsadüfi deyil ki, Azərbaycan Planlaşdırma və Analiz Prosesinə qoşulan ilk ölkələrdən biridir. Praktiki əməkdaşlığın təməlini təşkil edən bu mexanizm müasir ordu quruculuğunun əsaslarına söykənən müdafiə islahatlarının həyata keçirilməsinə, zəruri əməliyyat uyarlığının təmin edilməsinə və Silahlı Qüvvələrin transformasiyasına töhfə verir.

Xüsusi ilə qeyd etmək istərdim ki, Azərbaycan Ordusu əməliyyat uyarlığına nail olmaq üçün NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramından səmərəli istifadə edir. Azərbaycan Ordusu 2004-cü ildə proqrama bir bölüklə qoşulmuş, bu gün isə bütün qoşun növlərindən olan bölmələr bu proqrama cəlb edilmişdir. Hərbçilərimiz qazandıqları təcrübə ilə təkcə respublika daxilində deyil, həm də digər tərəfdaş ölkələrlə bölüşərək proqramın inkişafına töhfə verirlər.

Təbii ki, hərbi sahədə müvəffəqiyyətə nail olunması əməliyyat uyarlığı səviyyəsi ilə düz mütənasibdir. Lakin dayanıqlı tərəfdaşlığın əldə edilməsi insan uyarlığının və həmfikirliyin əldə olunması ilə bağlı olan danılmaz bir faktdır. Bu kontekstdə mən NATO-nun Tərəfdaşlığın Qərargah Vəzifəsi proqramını xüsusi ilə qeyd etmək istərdim.

2002-ci ildən bu günədək Azərbaycan Ordusunun ümumilikdə 24 zabiti bu proqram çərçivəsində NATO-nun müxtəlif struktur və qərargahlarında xidmət edib. Hazırda da NATO qərargahlarında 8 zabitimiz xidmət edir. Bu müddət ərzində beynəlxalq mühitdə əldə olunmuş təcrübə zabitlərimizin ölkəyə qayıtdıqdan sonra milli vəzifələrdəki xidmətlərinə müsbət təsirini göstərir. Çoxmillətli strukturlarda əldə edilmiş bilik və bacarıqlar milli təcrübəyə inteqrasiya olunaraq Ordumuzun döyüş qabiliyyətinin daha da inkişaf etdirilməsinə töhfəsini verir.

Bizim NATO ilə substantiv əməkdaşlığımız Alyansın təhsil və təlim standartlarının peşəkar hərbi təhsil sistemimizə inteqrasiya edilməsini də əhatə edir. On ildən artıqdır ki, Azərbaycan NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi" proqramı çərçivəsində yeni çağırışlara, mürəkkəb və dinamik strateji mühitdə bütün növ təhdidlərə cavab verə biləcək liderlərin hazırlanmasını həyata keçirir.

NATO-nun müxtəlif əməkdaşlıq proqramları müsbət dəyişikliklər istiqamətində təsirli vasitə kimi özünü göstərir. Düşünürük ki, Avro-Atlantik məkanının ümumi sabitliyi və təhlükəsizliyi regional ölkələrin apardığı daxili islahatlardan və beynəlxalq əməkdaşlıqdan asılıdır. Bizim yaxından iştirak etdiyimiz NATO-nun tərəfdaşlıq mexanizmləri və əməkdaşlıq proqramları Azərbaycanın, eləcə də bütün regionun müdafiə və təhlükəsizlik sahəsində islahatlar üçün çərçivənin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır və regional, o cümlədən Avro-Atlantik məkanın təhlükəsizliyini möhkəmləndirir.

Qeyd etmək lazımdır ki, üzvlərinin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması baxımından Alyansın tarixi müvəffəqiyyətləri, SNT ölkələri də daxil olmaqla müxtəlif tərəfdaş dövlətlərin NATO ilə əməkdaşlığının başlıca amillərindən biridir. Alyans təkcə bu prinsipləri dəstəkləməklə kifayətlənmir, həm də Avro-Atlantik təhlükəsizliyin əsası kimi onları siyasi cəhətdən müdafiə edir. Bu kontekstdə Cənubi Qafqazdakı münaqişələrin həll edilməsi istiqamətində NATO-nun nümayiş etdirdiyi qəti mövqe təqdirəlayiqdir. Azərbaycan da ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya minnətdardır.

Avropa ilə Asiya arasında yerləşən Cənubi Qafqaz, xüsusilə Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Cənubi Qafqaz Avropanın enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli bir regiondur. Bölgədəki həll olunmamış münaqişələrin mövcudluğu Avropanın təkcə enerji təhlükəsizliyinə deyil, həmçinin sabitliyinə də böyük təhdid təşkil edir. Bu baxımdan, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsinin tələblərinə uyğun həll edilməsi beynəlxalq ictimaiyyətin marağındadır.

Ölkəmiz hər zaman sülh ideyalarına sadiqliyini nümayiş etdirir və müvafiq siyasəti həyata keçirməklə regional və qlobal miqyasda sabitliyin saxlanılmasını hər vəchlə dəstəkləyir. 25 illik çoxşaxəli əməkdaşlığımız, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhə verdiyimiz töhfə və Avro-Atlantik məkanda sülhə nail olmaq istiqamətində həyata keçirdiyimiz uğurlu layihələr müvəffəqiyyətli tərəfdaşlığımızın təzahürüdür. İnanıram ki, bu günədək əməkdaşlıqda qazanılmış nailiyyətlər gələcək uğurlarımızın carçısıdır.

Əminəm ki, biz bu strateji əhəmiyyətli tərəfdaşlığı inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyik".

67
Teqlər:
Zakir Həsənov, müdafiə naziri, fəaliyyət, Alyans, əməkdaşlıq, tərəfdaşlıq, Azərbaycan, NATO
Əlaqədar
Azərbaycan NATO-nun Kodifikasiya Sisteminə qoşulub
Türkiyə XİN başçısı Dağlıq Qarabağ münaqişəsini NATO üçün təhlükə adlandırıb
“S-400” qalmalı və NATO – Türkiyə seçim qarşısında qoyulur
Armen Sarkisyan, arxiv şəkli

Ermənistan prezidenti Paşinyana qarşı çıxdı Qarşıdurmanın yeni mərhələsi başlayır

12
(Yenilənib 19:11 26.02.2021)
Fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib.

BAKI, 26 fevral — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Jurnalistlərin əldə etdiyi məlumata görə, bu müxalifət nümayəndələrinin Sarkisyanla görüşündən sonra məlum olub.

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

12
Azərbaycan Prezidenti İlham Əliyev videoformatda mətbuat konfransı

İlham Əliyevdən iranlı jurnalistə irad: "Təəssüf edirəm ki, dost ölkənin jurnalisti..."

58
"Kimisə ittiham etmək asandır, siz onu sual formasında verə bilərsiniz, amma dediyinizin arxasında durmalısınız" - İlham Əliyev.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İranın "Mehr" agentliyinin jurnalistinə irad bildirib. Sputnik Azərbaycan-ın məlumatına əsasən, dövlət başçısının keçirdiyi mətbuat konfransında iranlı jurnalistin İkinci Qarabağ Müharibəsində terrorçu qrupların regionda olması barədə fikir bildirib.

İlham Əliyevin cavabı belə olub: "Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Siz terrorçu qruplardan danışdınız, hansı məlumatlara istinad edirsiniz, hansı ölkələrdən alınmış məlumatlardan söhbət gedir?".

Jurnalist çətin vəziyyətə düşərək deyib: "Müxtəlif ölkələrin xəbər agentlikləri bu barədə yazırdılar. İcazənizlə onların adını sadalamayım".

Prezident isə qeyd edib: "Sizin sualınız ittiham formasındadır. Hər hansı məlumat haqqında danışarkən mənbə qeyd edilməlidir. Siz mənə dəqiq məlumat verə bilmirsiniz. Kimisə ittiham etmək asandır, siz onu sual formasında verə bilərsiniz, amma dediyinizin arxasında durmalısınız".

Jurnalist daha da çətin duruma düşüb və "gəlin ikinci sualıma cavaba keçək".

İlham Əliyev isə deyib: "Mən hesab edirəm ki, siz özünüz birinci sualınıza cavab verdiniz. Elə hesabatlar, məlumatlar yoxdur ki, müharibə zamanı hər hansı terrorçu qrup iştirak edib. Bunlar uydurulmuş məlumatlardır. Təəssüf edirəm ki, dost ölkənin jurnalisti belə suallar verir. Bizim Ordumuz torpaqlarımızı işğaldan azad edib".

58
Teqlər:
Mehri, İran, Prezident İlham Əliyev, İlham Əliyev
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0